Nəsimi rayonunda ilin birinci
rübünə yekun vuruldu
Nəsimi
rayonunda 2011-ci ilin birinci rübünün sosial - iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclas
keçirilmişdir.
Tədbiri
açan rayon icra hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev bildirmişdir ki, Azərbaycanda bu ilin
birinci rübü də sosial - iqtisadi sahələrdə
böyük inkişafla yadda qalmışdır. Bu dövr ərzində
iqtisadi artım 1,6 faiz olmuş, əhalinin pul gəlirləri
16 faiz çoxalmışdır. Ölkədə 17 min yeni
iş yeri yaradılmış, orta əmək haqqı 340
manata çatmışdır. Ölkəmizdə sosial
proqramların həyata keçirilməsi ilə bağlı
genişmiqyaslı işlər görülür. Sosial-iqtisadi
sahədə əldə edilən uğurlar dövlət
başçısı cənab İlham Əliyevin Azərbaycanın
hərtərəfli inkişafına yönəlmiş
müdrik siyasətinin nəticəsidir. N.Məhəməliyev
bildirmişdir ki, 2011-ci ilin birinci rübündə Nəsimi
rayonunda da sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər
əldə edilmişdir.
Rayon icra
hakimiyyəti başçısının müavini Ayaz Əsgərov
məruzə ilə çıxış etmişdir. Natiq
bildirmişdir ki, bu ilin birinci rübündə rayonda 64,4
milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və
xidmətlər göstərilmişdir. Bu, keçən illə
müqayisədə 2,1 dəfə çoxdur. Hesabat
dövründə əhaliyə 308,5 milyon manatlıq istehlak
malları satılmış və pullu xidmətlər
göstərilmişdir.
Bu ilin
birinci rübündə rabitə müəssisələri tərəfindən
9,4 milyon manatlıq xidmət göstərilib ki, bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə
çoxdur. Rüb ərzində rayonda 308 yeni iş yerləri
açılmışdır.
İlin
birinci rübündə Nəsimi Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzi tərəfindən 2013 ailəyə
ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər
ailəyə düşən yardımın orta aylıq məbləği
130 manat təşkil etmişdir. 362 nəfər ahıl və
əlilə evlərdə sosial-məişət xidməti
göstərilmişdir.
Hesabat
dövründə Ə.Qarayev adına Respublika Uşaq Xəstəxanası
əsaslı təmirdən sonra fəaliyyətini tam bərpa
etmişdir. Tibb Universitetinin Cərrahiyyə korpusunda
tikinti-quraşdırma işləri davam etdirilir. 76 saylı
körpələr evi - uşaq bağçası əsaslı
təmirdən sonra istifadəyə verilib.
Bu dövrdə
Nəsimi Rayon Qaz İstismar İdarəsi tərəfindən
istehlakçılara 3,8 milyon manatlıq qaz satılıb.
Ümumi satışın 87,4 faizi ödənilib. Keçən
ilin eyni dövrü ilə müqayisədə
yığım 21,6 faiz artmışdır. 2011- ci ilin 3
ayı ərzində elektrik enerjisinin dəyərinin ödənilməsi
keçən ilin eyni dövrü ilə müqayisədə
99 faizə yüksəlmişdir.
Hazırda
ölkənin hər yerində olduğu kimi, Nəsimi rayonunda
da genişmiqyaslı abadlıq və yenidənqurma işləri
həyata keçirilir. İlin 3 ayı ərzində
S.Vurğun, Cavadxan, C.Məmmədquluzadə və sair
küçələrdə, ümumilikdə 12200 kvadratmetr
asfalt örtüyü vurulmuş, R.Behbudov küçəsinə
1500 kvadratmetr tamet döşənmişdir. Ş.Bədəlbəyli
küçəsi, 106 saylı binada 300 kvadratmetr fasad və 12
eyvan təmir edilmişdir. Azadlıq prospekti, Ş.Bədəlbəyli
və R.Behlbudov küçələrindəki bir sıra
binaların fasad və girişlərində elektrik xətləri
təmir olunmuşdur.
Hesabat dövründə "Zabitlər" parkının "Bakı Elektrik Şəbəkə" ASC-nin inzibati binasının və 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı keçidin açılışı mərasimləri olmuşdur. Bu tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Rayon ərazisində dağ yəhudiləri icması sinaqoqunun tikintisi başa çatmışdır. Hacı Əjdərbəy məscidinin (Göy məscid) yeni binasının inşasına hazırlıq işləri başa çatdırılıb. A.Bakıxanov küçəsində Nəsimi Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.
Rayon ərazisində istehsal edilən və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Bu istiqamətdə görülən işlər barədə rayon icra hakimiyyəti başçısına məlumat verilir. Rayondakı "Təzə Bazar" MMC və 3-cü mikrorayondakı "Kəndli yarmarkası" ərazisində hər həftə kənd təsərrüfatı yarmarkaları təşkil edilir. Burada bazar qiymətlərindən aşağı müxtəlif çeşidli 40-50 ton məhsul satılır.
Sakinlərin rayon rəhbərliyinə ünvanlanan müraciət və təkliflərinin hər birinə baxılır və vətəndaşların problemlərinin həll edilməsi üçün lazımi tədbirlər görülür.
Sonra rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Arif Məmmədov, 15 saylı İstilik Sistemlərinin İstismarı Sahəsinin rəisi Qadir Əliyev, Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsinin sədri Məmməd Nuriyev və başqaları çıxış etdilər. Onlar görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışdılar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev iclasa yekun vurdu.
Ayaz HƏMİDOĞLU
Xalq
qəzeti.- 2011.- 20 aprel.- S. 5.