Nəsillərə
örnək olan qəhrəmanlıq nümunələri
Azərbaycan xalqı torpaqlarımıza təcavüz
etmiş Ermənistana qarşı qanlı döyüşlərdə
minlərlə şəhid verib. Onların adları bu gün
hər bir vətəndaş tərəfindən ehtiramla yad
edilir, xatirələri əziz tutulur. Tarixi torpaqlarımıza
iddia edən, ərazi bütövlüyümüzü pozan
erməni qəsbkarlarına qarşı döyüşlərdə
qəhrəmanlıqlar göstərmiş belə
oğullarımızdan biri də Şahin Səmədovdur.
Şahin 1970-ci il dekabrın 27-də Bakının Əhmədli qəsəbəsində anadan olub. 1992-ci ildə, erməni təcavüzünün genişləndiyi bir zamanda könüllü olaraq Milli Ordumuzun sıralarına yazılıb. Döyüş yolu əsasən Füzuli rayonundan keçib, Qacar, Divanalılar, Aşağı Veysəlli, Qərvənd və digər kəndlər uğurunda döyüşlərdə igidlik nümunələri göstərib, düşmənə qan uddurub. Məhz bu döyüşlərdə göstərdiyi fədakarlığı və şücaəti nəzərə alaraq hərbi hissə komandanlığı Şahini zabit kurslarına göndərib. Bir müddət sonra qorxmaz döyüşçü cəbhəyə leytenant hərbi rütbəsində qayıdıb və artıq komandir kimi tabeliyində olan əsgərlərlə birgə şanlı döyüş səhifələri yazmağa başlayıb.
Keçmiş döyüşçü dostlarından zabit Şəmsəddin Ağayev, çavuş Elxan Adışov və başqalarının xatirələrindən öyrənirik ki, Şahin Səmədov özünün hərbi bölüyü ilə Füzuli rayonunun Horadiz qəsəbəsi (sonradan şəhər statusu alıb) uğrunda çarpışmalarda böyük qəhrəmanlıqlar göstərib və bu döyüşlər son nəticədə Horadizin düşməndən azad edilməsi ilə nəticələnib. Ancaq qəsəbəni azad etmək üçün əvvəlcə Füzulinin 10 kəndini düşməndən təmizləmək lazım gəlib. Şükürbəylinin və Aşağı Seyidəhmədlinin azad edilməsi uğrunda döyüşlər isə Şahinin döyüş taleyində xüsusi qəhrəmanıq səhifələridir. Şükürbəyli ətrafında döyüşlərdə Şahinin bölüyü Ermənistanın hərbi qüvvələrinə sarsıdıcı zərbələr endirərək düşməni çıxılmaz vəziyyətə salıb. Həmin döyüşdə ermənilər çoxlu əsgər və zabitini itirib və döyüş meydanından qaçmağa məcbur olub. Şahin Səmədovun cəsur döyüşçüləri düşmənin atıb qaçdığı saysız-hesabsız silah-sursatı, bir neçə zirehli texnikanı qənimət götürüb, çoxlu erməni əsir düşüb.
Şükürbəyli qələbəsindən ruhlanan döyüşçülərimiz Aşağı Seydəhmədli kəndi uğrunda döyüşlərə də qələbə əzmi ilə atılıblar. Şahinin başçılıq etdiyi bölük qəfildən düşmənin yenilməz taborlarından biri hesab edilən erməni hərbi hissəsi üzərinə hücuma keçib. Gərgin döyüş iki saatdan artıq davam edib. Ordu hissələrimizin Horadizi azad etməsində müstəsna əhəmiyyəti olan bu döyüşdə Şahinin bir-birinin ardınca əks-hücumlar təşkil etməsi düşmənə qüvvələrini cəmləşdirməyə imkan verməyib. Kəndi əldən vermək istəməyən ermənilər bir neçə dəfə döyüşlərə əlavə qüvvələr cəlb etməyə çalışıblar. Lakin hər dəfə Şahin Səmədovun bölüyü onları pərən-pərən salıb. Bununla da digər ordu hissələrimizin Horadizə girməsi və onu düşməndən azad etməsi baş tutub. Ermənilər Aşağı Seyidəhmədli döyüşündə həddən artıq canlı qüvvə, bir neçə tank və top itirib, xeyli hərbi sursatı, bir neçə radiostansiyanı, avtomat və pulemyotları döyüş meydanında qoyaraq qaçıb.
Lakin bu qanlı döyüş Azərbaycan döyüşçüləri üçün də itkisiz ötüşməyib. Lap son anlarda geri çəkilmək haqqında əmr alsa da, ön mövqedə döyüşü davam etdirən Şahin Səmədov da qəhrəmancasına həlak olub. Məhz Şahin kimi vətənpərvər oğullarımızın fədakarlığının nəticəsidir ki, bu gün sozügedən kəndlərimiz və Horadiz şəhəri azad nəfəs alır, Azərbaycanın çiçəklənən, inkişaf edən bölgələrinə çevrilib.
Şahin Səmədov ölümündən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 11 oktyabr 1994-cü il tarixli sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Doğulub boya-başa çatdığı Əhmədli qəsəbəsindəki küçələrdən birinə də Şahinin adı verilib.
Şahin 1994-cü il aprelin 21-də Füzuli cəbhəsində qəhrəmancasına həlak olub. Bu günlərdə redaksiyamıza gələn anası Əsmət xanım həmin gün ərəfəsində oğlunun xatirəsinin qəzetimizin səhifəsində yad edilməsini istədiyini bildirdi. Biz də, təbii ki, şəhid anasının istəyini məmnuniyyətlə yerinə yetirdik. Eyni zamanda, hesab edirik ki, Şahin Səmədov kimi qəhrəmanlarımızı hələ torpaqlarımızın azadlığı uğrunda döyüşəcək gənc nəsillərimiz də yaxından tanımalı, onlardan örnək götürməlidirlər.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 21 aprel.- S. 7.