Lerik: uğurlar az deyil, görüləsi
işlər də çoxdur
Respublikamızın sosial-iqtisadi tərəqqisi getdikcə sürətlənir,
həyata keçirilən mühüm dövlət proqramları, məqsədyönlü
islahatlar davamlı və tarazlı inkişafa
imkan yaradır. Aprelin
12-də Nazirlər Kabinetində cari ilin ilk
rübünün yekunlarına
həsr olunmuş yığıncaqda Prezident
İlham Əliyev bu barədə ətraflı danışaraq
qarşıda duran vəzifələri
diqqətə
çatdırmışdır.
Lerik
rayonu da tarixinin böyük inkişaf mərhələsini
yaşayır. Burada keçirilən rüblük hesabat
yığıncağında da qeyd olunduğu kimi, son
dövrlərdə rayonun siması tanınmaz dərəcədə
dəyişmiş, ərazilərdə quruculuq-abadlıq
işləri geniş vüsət almışdır.
Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov məruzəsində bildirdi ki, 2011-ci ilin birinci rübündə 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artmış, adambaşına düşən gəlir 2010-cu ilə nisbətən 8,73 manat yüksələrək 204,2 manata çatmışdır. Ümumi məhsul buraxılışının həcmi 7 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 5,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 19 faiz, pullu xidmət 6,6 faiz və təmir-tikinti işləri 11 faiz çoxalmışdır. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı 9,8 faiz artaraq 254,5 manata çatmışdır.
Rayonda tikinti-abadlıq
işləri nəzərdə tutulan tədbirlər planına uyğun olaraq davam etdirilmişdir. Lakin qışın əvvəlki
illərə nisbətən daha sərt keçməsi bir sıra işlərə
başlamağı çətinləşdirmişdir. Həmin
işlərin icrasına yalnız mart ayından start verilmişdir. Nazirlər Kabinetinin 4 mart 2011-ci il tarixli qərarı
ilə dağ ərazilərində selə
qarşı tədbirlərin həyata keçirilməsi ilə
bağlı dövlət büdcəsindən vəsait
ayrılmışdır. Lerik şəhərində bərpa
ediləcək və yeni yaradılacaq
suaxarlar müəyyənləşdirilmiş
və artıq bu işlərə
başlanmışdır.
Sonra məruzəçi dedi:
-2010-cu il rayonumuz üçün uğurlu olmuşdur. Ölkə başçısının üçüncü dəfə burada olması, tikinti-abadlıq işlərinə böyük qiymət verməsi hər bir leriklinin qəlbini iftixar hissi ilə döyündürmüş, daha yaxşı işləməyə zəmin yaratmışdır. İyunun 25-də açılışında Prezident İlham Əliyevin iştirak etdiyi Heydər Əliyev Mərkəzi, ulu öndərin möhtəşəm abidəsi, Heydər Əliyev parkı, Bayraq Meydanı, "Uzunömürlülər" muzeyi, əsaslı təmir edilmiş rayon mədəniyyət evi, mərkəzi xəstəxana rayon sakinlərinə gözəl töhfələrdir.
Sahibkarlığa göstərilən diqqət və qayğı, yaranmış dayanıqlı siyasi sabitlik nəticəsində turizm geniş vüsət almış, diqqəti cəlb edən gözəl obyektlər yaradılmışdır. Bu sahənin daha da inkişaf etdirilməsi və Azərbaycanın beynəlxalq aləmdə daha yaxşı tanınmasına nail olmaq üçün 2011-ci il "Turizm ili" elan olunmuşdur.
Turizmin Lerikdə yeni sahə olmasına baxmayaraq, qısa vaxtda bu sahədə bir sıra uğurlara imza atılmışdır. Artıq rayonda 9 turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə eyni vaxtda 700-dən artıq turistin qalması üçün müasir standartlara uyğun şərait yaradılmışdır. Cari ilin birinci rübündə 803 nəfər, yəni keçən ilə nisbətən 36 nəfər çox turistin rayona gəlməsi qeydə alınmışdır.
Hazırda təkcə bir istirahət mərkəzində tikinti-abadlıq işləri və xidmət sahəsində 300-dən çox adam çalışır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram"nın təsdiq edilməsi haqqında Prezident fərmanı Lerik rayonunda icrası nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsi üçün əsas stimula çevrilmişdir. Lakin təssüf ki, rayonda Proqramın icrasında ləngimələr, bir neçə tədbir üzrə isə heç bir işin görülməməsi müşahidə edilir. Rayondaxili yolların bərpa edilməməsi, qaz, su, istilik, elektrik təminatının yaxşılaşdırılmaması və sair əhalini narahat edən problemlərdir. Rayonda mədəniyyət müəssisələrinin, Lerik şəhərində avtovağzalın, bazarın, kəndlərdə yeni rabitə şöbələrinin, elektron ATS-lərin tikintisi, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, İrana sadələşdirilmiş keçid məntəqəsinin tikintisi ilə bağlı müraciətlər cavabsız qalmışdır. Kənd yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən yollardan istifadə çətinləşmişdir. İcra hakimiyyətinin başçısı bildirdi ki, Prezidentin tapşırığına əsasən əhalinin daha sıx yaşadığı məntəqələri Lerik şəhəri və Lənkəran-Lerik magistral yolu ilə birləşdirən kəndlərarası yollarının əsaslı təmiri və asfaltlaşdırılması üçün tələb olunan bütün sənədlər təqdim edilmişdir. Hökumət tərəfindən müvafiq qərar qəbul edildikdən sonra bu yolların tikintisinə başlanılacaq. Lakin bunadək rayon icra hakimiyyətinin yaxından köməyi ilə Lerik-Kəlvəz yolunda cari təmir işləri aparılmış, 50-ci kilometr - Xanagah yolunun təmiri üçün hazırlıq işlərinə, kənd sakinlərinin maliyyə dəstəyi ilə isə Nücü ərazisindəki kəndlərarası yolda əsaslı təmir işlərinə başlanmışdır.
İkinci Dövlət Proqramına uyğun olaraq keçən vaxt ərzində rayonda 1238, o cümlədən ötən il 729 yeni iş yeri açılmışdır. Əsasən rayonda aparılan tikinti-abadlıq işlərinə cəlb olunmuş vətəndaşlardan 460 nəfəri daimi işlə təmin edilmişdir. Ümumilikdə isə 2004 - 2011-ci illər ərzində 5990 iş yeri açılmışdır.
Çoxsaylı müraciətlərdən sonra mart ayından başlayaraq rayonun Cəngəmiran, Perzəkücə, Lüləkəran, Osnağakücə, Xəlifəkücə, Blaband kəndlərinə, Lənkəran rayonundan isə Piran və Vizəzəmin ərazisinə orta təzyiqli qaz xəttinin çəkilməsinə başlanmışdır. Yaxın günlərdə şəhərətrafı kəndlər mavi yanacaqla təmin ediləcək. İl ərzində qaz xətti üzərində yerləşən daha bir neçə kəndin qazla təmin edilməsi nəzərdə tutulmuşdur.
Ötən il təhsil müəssisələrinin təmiri və tikintisi sahəsində müəyyən işlər görülmüşdür. Lerik şəhər 2 saylı, Günəşli, Anbu, Nisli, Əvilə, Ağqışlaq, Molalan, Gendov, Boykəndil, Noda, Babagil, Kıncıvo, Zəriküməco, Anzolu, Babakücə, Küsəkəran, Vıyaker, Sorsçay kənd məktəblərində əsaslı təmir aparılmışdır. Tikinti işləri 2011-ci ilin birinci rübündə də davam etdirilmişdir. Təhsil Nazirliyinin vəsaiti hesabına Hamarmeşə və Veri kəndlərində məktəb tikintisinə başlanılmışdır. Daha üç məktəbin tikintisi üçün ilkin sənədlər hazırlanmışdır. Ölkəmizdə qəza vəziyyətində olan bütün məktəblərin 2011-2013-cü illər ərzində tikilməsinin başa çatdırılması Prezident İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanılır. Məsələ ilə bağlı Nazirlər Kabinetinin tapşırığına əsasən Lerikdə qəza vəziyyətində olan, fiziki köhnəlməyə məruz qalmış 24 məktəbə Fövqəladə Hallar və Təhsil nazirliklərinin mütəxəssisləri tərəfindən baxış keçirilərək müvafiq aktlar tərtib edilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi tikilmişdir. Orand, Perzəkücə, Hamarmeşə, Bürsülüm kəndlərində yaşayan müharibə əlilləri üçün 4 fərdi yaşayış evi inşa edilmiş, 2 yaşayış evinin tikintisi davam etdirilir. Cari ildə də bu işlərin davamı nəzərdə tutulmuşdur. Ərazilərdə daha 5 müharibə əlili üçün fərdi yaşayış evlərinin, Lerik şəhərində 16 mənzilli kommunal binanın tikintisi ilə bağlı iş aparılır.
Rayon ərazisində şəhərsalma və tikinti işlərinin milli memarlıq ənənələrinə və müasir tələblərə uyğun aparılması məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən Lerik şəhərinin yeni Baş Planı (2009-2029-cu illər) işlənmişdir.
Şəhərin H.Heydər küçəsində təmir-bərpa işləri davam etdirilir. Bu küçədə yerləşən bulaq təmir edilmişdir. E.Qarayev küçəsində şəhərin ümumi görünüşünə, estetik baxımına, baş planına ciddi maneçilik törədən orta təzyiqli qaz xətlərinin dəyişdirilməsi, yeni səkilərin salınması, hasarların memarlıq ənənələrinə uyğub tikilməsi və işıqlanma sisteminin təzələnməsi üçün ilkin işlərə başlanmışdır.
Piran kəndində iş adamları tərəfindən broyler fabrikinin tikintisinə start verilmişdir. Tikintidə 70 nəfərdən çox rayon sakini müvəqqəti işlərə cəlb edilmişdir.
Dövlət Proqramı üzrə rayonda 110 min kilovoltluq yeni elektrik hava xəttinin çəkilməsi sürətlənməlidir. Elektrik təsərrüfatlarında uzun illər təmir-bərpa işləri aparılmadığından təsərrüfatın istismarı mümkünsüz olmuşdur. Külək əsəndə bəzi ərazilərdə günlərlə işıq kəsilir. Doğrudur, Lerik şəhərinin, Mastayıl və Hıramo kəndlərinin daxili elektrik hava xətləri dəyişdirilmiş, sipp kabellərlə əvəzlənmiş, abonentlər üçün smart kartlı sayğaclar quraşdırılmışdır. Cari ilin birinci rübündə rayondaxili hava xətlərində təmir-bərpa işləri aparılmış, istismar müddətini bitirmiş, yanmış 5 transformator daha güclüsü ilə əvəzlənmişdir. 2011-ci il üçün Lerik şəhərində 17 meqavatlıq elektrik stansiyasının tikintisi üçün 5 hektar torpaq sahəsi ayrılmışdır, tikinti ilə əlaqədar hazırlıq işləri aparılır.
Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yaradılması da vacib məsələlərdir. Bununla bağlı ilkin layihə sənədlərinin hazırlanması üçün Dünya Bankı rayonda işlərə başlamışdır.
Birinci rübdə rayonun 10 inzibati ərazi dairəsində icra hakimiyyəti başçısı hüquq-mühafizə orqanları və idarə-müəssisə rəhbərləri llə birlikdə səyyar qəbullar, görüşlər keçirilmişdir. Səyyar qəbullarda 1235 nəfər iştirak etmiş, 142 vətəndaş fərdi qaydada qəbul edilmişdir. Müraciətlərin bir çoxu yerindəcə operativ həll edilmiş və ya həlli üçün əlaqədar təşkilatlara konkret tapşırıqlar verilmiş, müəyyən məsələlər barədə yuxarı dövlət orqanları qarşısında vəsadət qaldırılmışdır.
Keçən vaxt ərzində rayon icra hakimiyyətinə 455 yazılı müraciət daxil olmuş, 301 nəfər icra hakimiyyəti başçısının qəbulunda qeydiyyata alınmışdır. Vətəndaşlaın müraciətlərinə baxılması, səyyar qəbulların təşkili vəziyyəti geniş şura iclasında müzakirə edilmişdir. Əlaqədar təşkilat rəhbərlərinə, ərazi icra nümayəndələrinə, bələdiyyə qurumlarının rəhbərlərinə vətəndaşların müraciətlərinə həssaslıqla baxılması, onların qəbulunun günün tələbləri səviyyəsində qurulması üçün ciddi tapşırıqlar verilmişdir.
Daha sonra Rövşən Bağırov qarşıda duran vəzifələr barəsində ətraflı danışdı, rayonun bütün potensialının hərəkətə gətirilməsi, qüvvələrin Lerikin daha da abad və gözəl olması üzrə səylərə yönəldilməsi, təşəbbüslərin dəstəklənməsi, hər bir işdə məhz insan amilinə üstünlük verilməsi zərurətini önə çəkdi.
Məruzə ətrafında müzakirələrdə DSMF-nun rayon şöbəsinin müdiri Təzəxan Məmiyev, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, statistika idarəsinin rəisi Ədail Məmmədov, "Kapitalbank"ın rayon şöbəsinin müdiri İlham Dadiyev, Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Vəligülla Alışov iştirak etdilər. Onlar 2011-ci ilin birinci rübündə rayon iqtisadiyyatının ayrı-ayrı sahələrində əldə edilmiş nailiyyətlərdən söz açdılar. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərlə bağlı məlumat verdilər.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 21 aprel.- S. 6.