Heydər Əliyev
milli mədəniyyətimizin böyük hamisi idi
Ulu öndər Heydər Əliyevin elm və sənət
sahələrinə, o cümlədən çoxəsrlik ədəbiyyatımıza,
mədəniyyət və incəsənətimizə aid nəzəri-estetik
görüşləri fundamental elmi-tədqiqat əsərləri
üçün zəngin material verir. Heydər Əliyev
peşəkar teatrşünas idi, peşəkar
kinoşünas idi, peşəkar rəssam idi, peşəkar
musiqiçi idi, peşəkar dilçi-natiq idi, peşəkar
yazıçı, tənqidçi idi. O, mədəniyyət
və incəsənətimizin ayrı-ayrı sahələrindən
bəhs edərkən bütün bunlara dövlətçilik
nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfi
kontekstindən yanaşmışdır. Heydər Əliyevin
Azərbaycan naminə gördüyü titanik fəaliyyəti
barədə cild-cild kitablar yazılıb və zaman
keçdikcə bu cildlərin sayı və sanbalı da
artacaq.
Tanınmış
sənətşünas alim, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, əməkdar
incəsənət xadimi, filologiya elmləri doktoru, professor
Timuçin Əfəndiyevin "Heydər Əliyev və
milli-mənəvi dəyərlərimiz " (Bakı, "Zərdabi
LTD," 2001) monoqrafiyası ümummilli liderimiz, müstəqil
Azərbaycanın yaradıcısı və qurucusu Heydər Əliyevin
çoxşaxəli mədəniyyət nəzəriyyəsinin
tədqiqinə həsr olunmuşdur. Müəllif ulu öndərə
həsr etdiyi kitabının birinci fəslində Azərbaycan
mədəniyyətinin hərtərəfli inkişafında və
zəngin mənəvi-mədəni irsinin dünyaya
çatdırılmasında Heydər Əliyevin böyük
rolundan bəhs edir. Qeyd edilir ki, Azərbaycanın milli-mənəvi
və əxlaqi dəyərlərinin ümumbəşəri
ideallarla zənginləşməsində onun misilsiz xidmətləri
olmuşdur. O, Azərbaycan xalqının tarixi
keçmişinə, zəngin mənəvi dəyərlərinə,
maddi-mənəvi irsinə, incəsənətinə
qayğı ilə yanaşmış və milli ədəbiyyatımızın,
mədəniyyətimizin böyük dostu və hamisi
olmuşdur. Ədəbiyyatımızın xalqımıza
etdiyi xidməti yüksək qiymətləndirən müdrik
rəhbər yazırdı: "... Bu gün, ümumiyyətlə,
müstəqillikdən danışarkən ədəbiyyatımızın
xalqımız üçün nə qədər zəngin sərvət
olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız,
mədəniyyətimiz xalqımızın milli sərvətidir
və intellektual mülkiyyətidir".
Bu
bir həqiqətdir ki, Azərbaycan teatrının tarixi
mürəkkəb, çətin və eyni zamanda, önəmli
bir yol keçmişdir. Azərbaycan teatrı xalqın mədəni
intibahında və milli istiqlal mücadiləsində
böyük rol oynamışdır. Milli teatrımızın
keçdiyi tarixi yol çətin və kəşməkeşli
olsa da, həm də şərəfli olmuşdur. "Teatrımızın
böyük tarixi, böyük ənənələri, gözəl
nümunələri var və bu teatr bu gün də, gələcəkdə
də yaşayacaqdır!" - deyən dünya miqyaslı
siyasətçi "Azərbaycan dünyəvi, peşəkar
teatrının yaradılmasının 125 illiyi
haqqıında" 27 avqust 1998 ci il tarixli, 763 saylı fərman
imzaladı. Bu fərman əsasında yubiley tədbirlərinin
hazırlanması və keçirilməsi üzrə təşkilat
komitəsinin tədbirlər planı hazırlandı və həyata
keçirildi. Azərbaycan teatrının 100 illiyinə həsr
olunmuş təntənəli yığıncaqda ulu öndər
demişdir: "Teatr tamaşası həmişə bir
bayramdır. Elə bir insan çətin tapılar ki,səhnə
sənəti onun taleyində,
dünyagörüşünün, estetik zövqünün
formalaşmasında böyük rol oynamasın. Bizim bir
çox yaxşı xatirələrimiz, təəssüratlarımız,
ürək çırpıntılarımız ecazkar sənət
ustalarının nəfəsini duymaqda, sevimli qəhrəmanların
səsini eşitməkdə, bir növ onların sevinc və
kədərinə şərik olmaqda bizə imkan verən
teatrla, səhnə ilə bağlıdır".
T.Əfəndiyev
kitabında diqqəti ən çox Heydər Əliyevin
milli-mənəvi sərvətlərimizə verdiyi dəyərə,
göstərdiyi diqqət və qayğıya yönəldir. Müdrik
rəhbərin dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illik yubileylərinin şəxsi təşəbbüsü
və böyük səyləri nəticəsində həyata
keçirilməsini mədəniyyət tariximizdə onun
müstəsna tarixi xidmətinin nəticəsi kimi qiymətləndirir.
Mövzu müəllifə imkan verir ki, o, ulu öndərin
çoxşaxəli fəaliyyətini, mədəniyyətlə
ilgili ədəbi-sənət görüşlərini
müxtəlif rakurslardan işıqlandırsın, onları
maraqlı yanaşma yönlərindən
strukturlaşdırsın. Mədəniyyətimizin elə bir
sahəsi olmamışdır ki, Heydər Əliyev
qayğısından bəhrələnməsin. Heydər Əliyev
Azərbaycan mədəniyyətinin inkişafında yeni bir
dövrün əsasını qoydu və milli-mənəvi dəyərlərimizi
beynəlxalq aləmdə tanıtdı.
Monoqrafiyanın
ikinci fəsli ümummilli liderin ədəbi irs təliminə
həsr olunub. T.Əfəndiyev bu fəsildə ulu öndərin
ədəbi-nəzəri görüşlərini dörd əsas
istiqamətlər üzrə təsnif edir.
Müəllif
qeyd edir ki, Heydər Əliyevin ədəbiyyat siyasəti onun
ümümdövlət siyasətinin əsas inkişaf istiqamətlərindən
biri olmuşdur. Heydər Əliyevin ədəbiyyat
konsepsiyası, mədəniyət nəzəriyyəsi və
ana dili haqqındakı nəzəri görüşlərini
azərbaycançılıq fəlsəfi kontekstində izah
edən professor yazır: "Heydər Əliyev təkcə
bütövlükdə ədəbiyyata, ədəbi-bədii
irsə deyil, müasiri olduğu hər bir istedadlı sənətkara
bir azərbaycançı kimi, sənətkar və vətəndaş
kimi baxırdı. Onun XX əsrin yazıçıları
haqqında fikirlərini oxuyanda XIX əsrin böyük rus
şairi, "Sovremennik"in baş redaktoru Nekrasovun məşhur
kəlamı yada düşür: " Sən şair olmaya
bilərsən, lakin vətəndaş olmağa borclusan." Vətəndaş
və yazıçı! Heydər Əliyevin müasir ədəbi
proses konsepsiyasında bu müddəa başlıca yer tutur. Müəllif
bütün bu məsələlərlə bağlı öz
fikirlərini tarixi dəqiqliklə, ulu öndərin mənalı
deyimləri ilə sonuclayır: məsələn, Məmməd
Arazın 60 illiyi münasibəti ilə deyilən:
"Qırx ildən çoxdur ki, dərin fəlsəfi
lirikanız çağdaş Azərbaycan poeziyasını zənginləşdirməkdədir",
xalq yazıçısı İlyas Əfəndiyevə 80
illiyi münasibəti ilə söylənilən "Dünya
mədəniyyətinə ölməz dühalar bəxş
etmiş qədim Odlar Diyarında xalqın məhəbbətini
qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca çətin
və şərəflidir. Siz fədakar əməyiniz sayəsində
bu şərəfə nail olmusunuz," xalq
yazıçısı İsmayıl Şıxlıya 75
illiyi münasibəti ilə ünvanlanan "Siz istedadlı
yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş
kimi xalqın qəlbində əbədi məskən
salmısınız" - ifadələri qədrşünaslıq
nümunəsi idi. Azərbaycan folkloruna, istedadlı el sənətkarlarına,
ustad aşıqların yaradıcılığına həssas
və qayğıkeş münasibət göstərən
Heydər Əliyev Aşıq Ələsgərin 150 illik
(1972), Aşıq Alının 180 illik (1981) yubileylərinin təntənəli
şəkildə, ümumxalq bayramı səviyyəsində
qeyd edilməsi, onların əsərlərinin çap olunub
xalqa çatdırılması onun aşıq sənətimizə,
folklor irsimizə olan qayğısının misilsiz təzahürü
idi. Milli ədəbiyyatımıza tükənməz məhəbbət
Heydər Əliyev siyasətinin ən dəyərli tərkib
hissələrindən biri idi. Sovet dönəmində
S.Rüstəm, R.Rza, M.İbrahimov, S.Rəhimov kimi
yazıçılara o zaman üçün ən yüksək
fəxri adlardan olan Sosialist Əməyi Qəhrəmanı
adının verilməsi Heydər Əliyevin Azərbaycan
yazıçısına ən böyük qayğısı
idi. İstiqlal dövründə də o, Azərbaycan
yazıçılarının əməyini yüksək
qiymətləndirərək İ.Əfəndiyev, B.Vahabzadə,
X.Rza, M.Araz, M.Dilbazi, İ.Şıxlı, H.Abbaszadə, Qabil
kimi yazıçı və şairləri ölkənin ən
yüksək mükafatları - "İstiqlal" və
"Şöhrət" ordenləri ilə təltif etdi. Müəllifə
görə Heydər Əliyevin ədəbiyyat haqqında
dedikləri Azərbaycan bədii mədəniyyətinin tarixi
rolunu müəyyənləşdirən nəzəri-metodoloji
sərvətdir.
"Azərbaycan
teatrının böyük hamisi" adlanan
üçüncü fəsildə Heydər Əliyevin teatr
sənətinə, teatr xadimlərinə və
ayrı-ayrı sənət adamlarına göstərdiyi
qayğılara xüsüsi diqqət yetirən T.Əfəndiyev
yazır: "...Mən onun İlyas Əfəndiyevə
göstərdiyi böyük diqqətinin şahidi kimi deyə
bilərəm ki, Heydər Əliyev qayğısı sayəsində
insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev
Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona
baş çəkməsi, qayğı göstərməsi bu
günə qədər bizim xatirimizdədir və biz həmişə
ulu öndərimizi şükranlıqla xatırlayırıq
. Bu qayğı təkcə İlyas Əfəndiyevlə
bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə
İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova,
Hökümə Bülluriyə, Yusif Səmədoğluna
göstərdiyi qayğı xalqımızın
yaddaşındadır. Bu gün Heydər Əliyev
ideyalarının layiqli davamçısı möhtərəm
Prezidentimiz İlham Əliyev cənabları Azərbaycan
teatrının inkişafı üçün əlindən
gələni əsirgəmir. Bunun ən parlaq nümunəsi
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 may tarixdə
imzaladığı "Azərbaycan teatrı 2009-2010- cu illərdə"
adlı Dövlət Proqramıdır. Və heç
şübhəsiz Dövlət Proqramı milli
teatrımızın dünyanın qabaqcıl teatrları
sırasına çıxmasına ümidli təminat verir.
Kitabın "Milli kino sənətimizə tükənməz qayğı" adlanan dördüncü fəslində Heydər Əliyevin milli kinematoqrafiyanın tərəqqisinə və mədəniyyət xadimlərinə diqqət və qayğısı sərgilənir. Dünya siyasət tarixinə adı əbədi həkk olunmuş ümummilli lider Heydər Əliyev istər müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə, istər də ötən əsrin 70-80 -ci illərində ölkəmizin rəhbəri olduğu illərdə milli kino sənətimizin inkişafı üçün böyük işlər görmüşdür. "Uzaq sahillərdə " filminin meydana çıxması, məhz ulu öndərin xidməti sayəsində olmuşdur. "Babək " filminin ekrana vəsiqə alması, "Bir cənub şəhərində ", "İstintaq" filmlərinin ekran taleyi də, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir" - deyən müdrik rəhbərin ictimai fəaliyyətində kino sənətinə və kino xadimlərinə diqqət və qayğısından bəhs edən müəllif təkzibedilməz faktlarla isbatlayır ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra kinonun imkanlarından səmərəli istifadə etməyə başladı. Professor haqlı qeyd edir ki, müdrik rəhbər dəfələrlə Bakıda keçirilən və Azərbaycanın sivil bir ölkə, qədim mədəniyyət beşiyi kimi nüfüzunu beynəlxalq aləmdə artıran möhtəşəm bir tədbirin - beynəlxalq "Şərq-Qərb" kinofestivalının ənənəvi dostluq və kino bayramına çevrilməsində də böyük rol oynamışdır. Ulu öndərin 18 dekabr 2000 -ci il tarixli sərəncamı ilə Azərbaycanda ilk kinosüjetin çəkilməsi, eləcə də kino işçilərinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri nəzərə alınaraq avqustun 2-si Azərbaycan kinosu günü, kino işçilərinin professional bayramı elan olunmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyevin kino sahəsində gördüyü işləri uğurla həyata keçirir. Bunun ən bariz nümunəsi Azərbaycan Respublikası Prezidentinin 2008 -ci il 4 avqust tarixli "Azərbaycan kinosunun 2008-2018 -ci illər üzrə inkişafına dair Dövlət Proqramı" dır.
"Rəssam duyumlu müdrik insan- Heydər Əliyev" adlanan beşinci fəsildə T.Əfəndiyev müdrik rəhbərin Azərbaycan rəssamlığına və ayrı-ayrı rəssamların yaradıcılığına verdiyi yüksək qiyməti sənətşünaslıq kontekstində təhlil obyektinə gətirir. Heydər Əliyevin nəzəri-estetik görüşlərini dərindən araşdıran professor düzgün olaraq belə nəticəyə gəlir ki, "yüksək nəzəri intellektual səviyyə, dərin fəlsəfi məzmun, zəngin müşahidə və ən əsası, rəssamlıq sənətinin sirlərinə bələd olmaq Heydər Əliyevin sənət konsepsiyasını səciyyələndirir". Heydər Əliyev Səttar Bəhlulzadə yaradıcılığına yüksək qiymət verərək yazırdı: "...XX əsrdə mədəniyyətimiz bütün sahələrdə sürətlə inkişaf edib, dünya mədəniyyətinə böyük simalar bəxş edib. Onların arasında rəssamlıq sahəsində Səttar Bəhlulzadənin xüsusi yeri var. O, nəinki Azərbaycan, həm də bütün dünya mədəniyyəti üçün, dünya rəssamlıq sənəti üçün görkəmli bir rəssamdır və böyük mədəni irs qoymuşdur. Azərbaycan xalqı belə bir şəxsiyyəti ilə, belə bir insanla fəxr edir və bundan sonra da fəxr edəcəkdir." T.Əfəndiyev xüsusi qeyd edir ki, ulu öndər heç bir zaman sənətkarın yaradıcılığını şəxsiyyətindən ayırmırdı. Şəxsiyyətlə yaradıcılığın vəhdəti sənətin tükənməz enerji mənbəyidir. Ulu öndər fenomenal fəaliyyətində zaman -zaman milli rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığı haqqında dəyərli fikirlər söyləmiş, onlarla görüşüb ünsiyyət saxlamışdır. Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə və başqa yaradıcı insanlar onun sənətkar kimi yüksək qiymətləndirdiyi şəxsiyyətlər idi.
Kitabın sonuncu - altıncı fəsli "Musiqi aləmindən dünyaya baxış" adlanır. Musiqi sənətimizdə Heydər Əliyev dövrünü bütövlükdə yüksəliş və tərəqqi dövrü kimi dəyərləndirən müəllif qeyd edir ki, hazırda ulu öndərin adını daşıyan Heydər Əliyev Sarayı, Ş.Məmmədova adına Opera Studiyası, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Mahnı Teatrı, Yaşıl Teatr, bölgələrdə yaranan yeni mədəniyyət evləri, yeni uşaq musiqi və incəsənət məktəbləri, musiqi texnikumları, Azərbaycan Dövlət Filarmoniyasının rekonstruksiyası və həyata keçirilən onlarla bu cür layihələr Heydər Əliyevin musiqi mədəniyyətinin inkişafı sahəsində qayğısının ilkin təzahürü idi. Onun səyi və dəstəyi ilə neçə-neçə bəstəkarımız SSRİ xalq artisti adına layiq görüldü, SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olundular. Zəmanəmizin üç dahi bəstəkarı - Qara Qarayev, Niyazi, Fikrət Əmirov ən mötəbər fəxri adlardan birinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Müəllif fikrini yekunlayaraq belə nəticəyə gəlir ki, Heydər Əliyev ənənələri bu gün onun layiqli davamçısı, dövlət başçımız Prezident İlham Əliyev tərəfindən şərəflə davam etdirilir.
2007 -ci ildə cənab İlham Əliyevin "Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" sərəncamı musiqi aləmində böyük əks-sədaya səbəb oldu. Həmin sərəncamda öz əksini tapan məsələlər - Azərbaycan Bəstəkarlar İttifaqı üçün müvafiq binanın ayrılması və onun əsaslı təmir olunması, yaradıcılıq evinin tikilməsi, bəstəkarların əsərlərinin nəşri və elektron daşıyıcılar vasitəsi ilə yayımlanmasının təmin olunması, gənc və yaşlı bəstəkarlara təqaüdlərin verilməsi haqqında maddələr ulu öndərin ənənələrinin davamının bariz nümunəsi kimi qarşılandı.
Uzun illər sənətşünaslıq, kulturologiya, ədəbiyyat və mədəniyyətin aktual problemlərinə həsr edilmiş bir sıra dəyərli monoqrafiya, dərslik və dərs vəsaitləri, onlarla kitab və yüzdən yuxarı elmi-publisistik məqalələr yazmış əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" monoqrafiyası dahi liderin nəzəri- estetik irsinin tədqiqi və təbliği sahəsində fundamental elmi tədqiqat əsəridir. Monoqrafiyanın bütün fəsillərində ulu öndərin mədəni irs nəzəriyyəsi konseptual şəkildə qoyulur və tarixilik prinsipi əsasında dəyərləndirilir. T.Əfəndiyevin elmi səriştə ilə apardığı dərin tədqiqat zamanı ortaya qoyduğu çeşidli faktlar, yürütdüyü mülahizələr demək olar ki, yenidir. Müəllif ulu öndərin çoxşaxəli mədəni irsini dərindən tədqiq etmiş, onu əxz etmiş və əhatəli təhlillər əsasında konseptual elmi nəticələrə nail olmuşdur. Elmi ictimaiyyət, mədəniyyətşünaslar, sənətşünaslar, sosioloqlar, tarixçilər, filoloqlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab professor Timuçin Əfəndiyevin planetar miqyaslı ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88 -ci ildönümünə sonsuz ehtiramın ifadəsi olan orijinal elmi-tədqiqat əsəridir.
Vəfa XANOĞLAN,
filologiya üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 21 aprel.- S. 6.