Sabunçu rayonu
inkişafın yeni mərhələsinə qədəm
qoymuşdur
Bu yaxınlarda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
keçirilmişdir. Dövlət başçısı
müşavirəni giriş nitqi ilə açaraq cari ilin
birinci rübündə də ölkə
iqtisadiyyatının uğurla inkişaf etdiyini bildirmişdir.
O qeyd etmişdir ki, bu ilin əvvəlində əldə
edilmiş nəticələri düzgün təhlil etmək
üçün biz bundan əvvəlki illərdə Azərbaycanda
mövcud olan iqtisadi inkişafı mütləq nəzərə
almalıyıq. Son 7 il ərzində ümumdaxili məhsul təxminən
3 dəfə, hətta böhranlı 2009 və 2010-cu illərdə
iqtisadiyyat 14 faiz artmışdır. Bu yüksək baza üzərində
cari ilin I rübündə də artım müşahidə
olunmuşdur.
Sabunçu rayonunda da bu inkişaf davam etmişdir. Sabunçu
Rayon İcra Hakimiyyətinin 2011- ci ilin birinci
rübünün yekunlarına həsr olunmuş
yığıncağında bu barədə ətraflı bəhs
olundu. Yığıncağı giriş
sözü ilə açan rayon icra hakimiyyətinin başçısı
Əlibaba Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin
həyata keçirdiyi siyasətin uğurlarından, ölkədə
aparılan davamlı islahatlardan danışdı. Sonra rayonun ilin birinci rübündə sosial - iqtisadi
inkişafının yekunları ilə bağlı icra
başçısının birinci müavini Qəzənfər
Həsənov məruzə etdi. O bildirdi ki, cari ilin
birinci rübündə Sabunçu rayonunda qəsəbələrin
inkişafına xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə mart ayının 9-da Prezident
İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər
İcra Hakimiyyətində müşavirə
keçirilmiş, yerlərdəki mövcud problemlərin həlli
üzrə xüsusi proqram hazırlanması
tapşırılmışdır. Qeyd edilməlidir ki,
Bakı şəhərinin digər rayonlarında olduğu
kimi, Sabunçu rayonunda da qısa müddət ərzində
ayrı-ayrı qəsəbələrdəki mövcud problemlər
bir daha öyrənilərək 2011-2013-cü illər
üçün sosial-iqtisadi inkişaf proqramı layihəsi
hazırlanmış, rayonun aidiyyətı idarə, təşkilat
rəhbərləri, qəsəbə nümayəndələri,
bələdiyyələr və ictimaiyət nümayəndələrinin
iştirakı ilə geniş müzakirələrdən sonra
növbəti Dövlət Proqramında öz əksini tapmaq
üçün Prezident Administrasiyasına, İqtisadi
İnkişaf Nazirliyinə və Bakı Şəhər
İcra Hakimiyyətinə təqdim olunmuşdur. Ancaq vaxt itirməmək
üçün cənab Prezident ehtiyat fondundan Bakı Şəhər
İcra Hakimiyyətinə 10 milyon manat vəsait
ayırmışdır ki, onun da xeyli hissəsi Sabunçu
rayonundakı bir sıra küçə və yolların təmirinə
yönəldilmişdir. O da qeyd edilməlidir ki, ölkə
Prezidenti bu ilin mart ayında 2 dəfə rayonumuzda olmuş,
martın 3-də Zabrat qəsəbəsindəki
"Cihazqayırma" zavodunun yeni istehsal sahələrinin
açılışında iştirak etmiş, martın 31-də
isə istilik kombinatı adlanan yaşayış məntəqəsində
aparılan tikinti-abadlıq işləri ilə tanış
olaraq sakinlərlə görüşmüşdür. Gələcəkdə şəhərdə və
rayonumuzda görüləcək işlərlə
bağlı öz tapşırıq və tövsiyələrini
vermişdir.
Natiq
bildirmişdir ki, cari ilin birinci rübündə rayonun sənaye
müəssisələri və idarələri tərəfindən
məhsul istehsalı 22,6 faiz artaraq 35,5
milyon manat, pərakəndə əmtəə dövriyyəsi
162,6 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 1 faiz artaraq 45,2 milyon manat, əsas kapitala yönəldilən
investisiyaların həcmi təxminən 3 dəfə artaraq
17,1 milyon manat, öz gücləri ilə yerinə yetirilən
podrat işlərinin həcmi 84 faiz artaraq 10,2 milyon manat təşkil
etmişdir. Rayon üzrə orta aylıq əmək haqqı
ötən ilin müvafiq dövründəkinə nisbətən
24,3 faiz artaraq 342,5 manat olmuş, 3 ay ərzində 207 yeni daimi
iş yeri yaradılmışdır ki, bunlarda rayonun həm
iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf
etdiyini göstərir.
Cari ilin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf
planına uyğun olaraq rayon ərazisində respublikanın və
şəhərin müvafiq mərkəzi dövlət
orqanları, eləcə də rayonun daxili imkanları
hesabına xeyli sosial əhəmiyyətli tədbirlərin,
obyektlərin, qurğuların tikinti-quraşdırma və
abadlıq işlərinin aparılması təmin
edilmişdir.
Belə ki, Pirşağı qəsəbəsində yerləşən
köhnə ambulatoriya binasında yenidənqurma, əsaslı
təmir işləri aparılaraq onun nəzdində 36
saylı müasir tipli şəhər poliklinikası və təcili
tibbi yardım stansiyası yaradılaraq cari ilin fevral
ayının 25-də Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyevanının iştirakı ilə
sakinlərin istifadəsinə verilmişdir. Zabrat qəsəbəsi
ərazisində ötən ilin dekabrında istifadəyə
verilmiş 9 mərtəbəli yaşayış
binasının yanında Qarabağ əlilləri və şəhid
ailələri üçün yeni 9 mərtəbəli 81 mənzilli
yaşayış binasının inşasına
başlanmış daha bir binanın tikintisinə isə
hazırlıq işləri aparılır. Maştağa
qəsəbəsində Milli Təhlükəsizlik Nazirlyinin
Sabunçu rayonu idarəsinin Maştağa bölməsi
üçün ikimərtəbəli binanın tikintisi
başa çatdırılmış, hazırda burada tamamlama
işləri aparılır. Bakıxanov qəsəbəsində
Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
üçün 3 mərtəbəli inzibati binanın
tikintisi də başa çatdırılmışdır və
yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Eyni zamanda, qəsəbədə Dövlət Sosial
Müdafiə Fondunun Sabunçu rayon şöbəsi
üçün 2 mərtəbəli inzibati binanın tikinisi
başa çatdırılmış, hazırda tamamlama
işləri aparılır.
Bakıxanov qəsəbəsində Dövət Xəzinədarlığı
Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsi
üçün 2 mərtəbəli inzibati binanın
tikintisinə başlanmışdır. Hazırda
binanın 2-ci mərtəbəsində işlər davam
etdirilir. Bu qəsəbənin ərazisində
daha bir binanın - Sabunçu Rayon Mühafizə İdarəsi
üçün inzibati binanın tikintisi nəzərdə
tutulmuşdur.
Bundan başqa, həmin qəsəbədə Y.Əliyev
küçəsində A.Bakıxanovun heykəli qoyulacaq
parkda təmir-tikinti, abadlıq işləri davam etdirilir. Qəsəbədə
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən
Sabunçu Rayon Polis İdarəsi üçün yeni 4 mərtəbəli
inzibati bina tikilərək mart ayında istifadəyə
verilmişdir. Digər qəsəbələrdə
də tikinti quruculuq işləri davam etdirilmişdir.
Nardaran qəsəbəsində yerləşən 130 saylı
məktəbin dam örtüyü əsaslı təmir
olunmuş, Sabunçu qəsəbəsində yerləşən
3 saylı uşaq bağçasında Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Naziriyinə
ayrılmış vəsait hesabına əsaslı təmir
işləri aparılmışdır. Hazırda
bağçanın həyətində abadlıq işləri
aparılır.
Əhalinin elektrik təchizatının yaxşılaşdırılması
məqsədilə 2011-ci ilin birinci rübündə
Pirşağı qəsəbəsində 400 KVA-lıq, Zabrat
qəsəbəsi ərazisində və Sabunçu qəsəbəsinin
Böyük Şor yaşayış məntəqəsində
hər biri 630 KVA-lıq yeni trasformator məntəqələri
quraşdırılmışdır.
Maştağa
şəbəkəsi üzrə yenidənqurma işlərinin
həyata keçirilməsi məqsədi ilə 0,4 KV-luq
şəbəkədə "ÖİN"
(özünü idarə edən) kabellərinin çəkilişi
ilə əlaqədar olaraq 2137 ədəd dayaq
basdırılmış, 56789 metr kabel çəkilmiş və
42 ədəd TM və KTM-də "ÖİN" kabelləşmə
işləri aparılaraq istismara verilmişdir.
Su təchizatını
yaxşılaşdırmaq məqsədilə 1500 metr müxtəlif
diametrli su boruları dəyişdirilmiş, 1 ədəd su
nasosu təmir edilmiş, 230 ünvanda su xətləri bərpa
edilmişdir.
Qaz İstehsalat İdarəsinin daxili imkanları
hesabına bir sıra işlər yerinə yetirilmişdir. Belə ki,
Zabrat, Maştağa, Ramana, Kürdəxanı,
Pirşağı, Bilgəh qəsəbələrinə qaz
verilişi xeyli təkmilləşdirilmişdir.
Natiq qeyd etdi ki, Sabunçu Telefon
Qovşağının Sabunçu rayon xidməti ərazisində
olan ATS-lərdə nömrələrin sayı 3248 ədəd
artmışdır.
Mənzil
Kommunal Təsərrüfatı tərəfindən 2011-ci ilin
birinci rübündə Bakıxanov, Sabunçu qəsəbələrində
1000 kvadratmetrə yaxın dam örtüyündə cari təmir
işləri aparılmış, Sabunçu və Zabrat qəsəbələrində
850 kvadratmetrə yaxın məhəllədaxili yollara asfalt
vurulmuş, 18 ədəd sərnişin lifti təmir
edilmişdir.
Cari ilin birinci rübü ərzində rayonun bir sıra
qəsəbələrinin yolları təmir edilərək
asfaltla örtülmüşdür. Belə ki, Zabrat qəsəbəsinin
Göyüşov, N.Nərimanov, R.Axundov, Oktyabr küçələrində,
Balaxanı qəsəbəsinin Sabunçu şosesindən II
mədən ərazisi ilə Binəqədi rayonuna qədər
yolda təmir işləri aparılaraq asfalt vurulmuşdur.
2011-ci ilin birinci rübündə rayon icra hakimiyyəti
tərəfindən sanitar-təmizlik işlərinin
aparılmasına, küçə və meydanların, istirahət
parklarının, məhəllədaxili ərazilərin
süpürülüb təmizlənməsinə, zibil
meydançalarının vaxtlı-vaxtında
daşınmasına diqqət artırılmışdır.
Məruzəçi
bildirmişdir ki, respublika rəhbərliyinin göstərişinə
əsasən, digər rayonlarda olduğu kimi, hazırda Sabunçu
rayonu üzrə də ötən əsrin 50-ci illərindən
indiyədək inşa edilmiş sənədsiz evlərin, eləcə
də mühəndis qurğularının (elektrik, qaz, rabitə,
su, kanalizasiya və s.) mühafizə zolaqlarındakı və
neft-mədən sahələrindəki tikililərin
inventarizasiyası işlərinə
başlanmışdır.
Rayon ərazisində
50 müxtəlif binada məskunlaşmış 2100 məcburi
köçkün ailələrinin məişət-kommunal
şəraitinin yaxşılaşdırılması, binalarda
müəyyən təmir-bərpa işlərinin
aparılmasına kömək edilmiş, onlara enerji, su təchizatı,
digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə
saxlanmışdır. Novruz bayramı ərəfəsində
ərazidə məskunlaşmış məcburi
köçkün, Qarabağ əlilləri, şəhid ailələri
və digər aztəminatlı 2300 ailəyə ərzaq
bağlamaları verilmişdir.
Yığıncaqda
Dövlət Sosial Müdafiə Fondu Sabunçu rayon
şöbəsinin müdiri Məhərrəm Məhərrəmov,
icra hakimiyyəti başçısının Maştağa qəsəbəsi
üzrə nümayəndəsi Rasim Ağayev, Mənzil
Kommunal Təsərrüfat Birliyinin rəis müavini Bəxtiyar
Qasımov çıxış edərək cari ilin birinci
rübündə rayonda görülən işlərdən
danışmışlar.
Sonda rayon icra hakimiyyətinin başçısı
çıxış edərək qarşıda duran vəzifələrdən
söz açmışdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 22 aprel.- S. 6