Tarixi faktlar
qondarma "erməni soyqırımı"nı rədd edir
XX əsrin əvvəllərində
Anadolu türklərinin ermənilər tərəfindən
soyqırımına məruz qalması tarixi həqiqətdir
Hər il 24 aprel ərəfəsində erməni
lobbisi dünyanın müxtəlif ölkələrində
antitürk kampaniyasını daha da genişləndirir. Təbii
ki, burada məqsəd müxtəlif ölkələrin
parlamentləri tərəfindən qondarma "erməni
soyqırımı"nın tanınmasına
çalışmaq, Türkiyəni dünya ictimaiyyəti
qarşısında nüfuzdan salmaq, dünya
sivilizasiyasına əvəzsiz töhfələr vermiş
türkləri beynəlxalq ictimaiyyətə qəddar xalq kimi
təqdim etməkdir. Təəssüflər olsun ki, ermənilərin
bu çirkin fəaliyyəti bəzən, az da olsa, nəticə
verir. Ona görə də hər il bu günlərdə
dünyanın müxtəlif ölkələri ilə
Türkiyə arasında, sözün əsl mənasında,
gərginlik yaşanır. 2010-cu ilin mart ayında ABŞ
Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr
Komitəsində qondarma "erməni soyqırımı"
ilə bağlı qərar qəbul olunduqdan sonra iki müttəfiq
dövlət arasında yaşanan gərginliyi hər halda
çoxlarımız unutmamışıq.
Bu
gün isə ABŞ-dakı Azərbaycan və türk diaspor
təşkilatları Prezident Barak Obama və Ağ Evə
yüzlərlə məktub göndərərək ölkə
rəhbərliyini 1915-ci il 24 aprel hadisələrindən
danışarkən "soyqırımı"
sözünü işlətməməyə
çağırıblar. "Prezident Obama
"soyqırımı" sözünü işlətməyin"
adlı kampaniyanı sadə amerikalılar, tarixçilər
və ölkədəki bir sıra çoxsaylı sağlam
qüvvələr də dəstəkləyirlər. Fransa
Senatında isə müsbət bir hal baş verib. Senatın
Konstitusiya Komissiyası "erməni
soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını
nəzərdə tutan qanun layihəsini rədd edib. Yəni bu
o deməkdir ki, qanun layihəsi hətta qəbul edilsə belə,
hüquqi qüvvəsi olmayacaq və Konstitusiya Komissiyası məsələnin
mübahisəli hal olduğunu əsas gətirərək məhkəməyə
müraciət edə biləcək.
Bütün bunlara rəğmən hələ də dünya ictimaiyyəti qondarma "erməni soyqırımı" məsələsinə tam aydınlıq gətirilməsi üçün Türkiyə və Ermənistan arxivlərinin qarşılıqlı olaraq tarixçilərin üzünə açılması barədə qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildən bəri etdiyi çağırışa biganə qalır. Ermənistan Respublikası rəhbərliyi başqa məsələlərdə dil-dil ötsə də, bu məsələdə susmağa üstünlük verir. Nəyə görə? Çünki əgər arxivlər açılarsa, onda həqiqətlər üzə çıxa bilər və qondarma "soyqırımı" yalanı birdəfəlik tarixin arxivinə göndərilər. O da məlum olar ki, əslində, türklər erməniləri yox, ermənilər türkləri soyqırımına məruz qoyub.
Əslində, Ermənistan arxivlərini açmasa belə, dünya tarixçiləri Türkiyənin, Rusiyanın, Britaniyanın, ABŞ-ın, Azərbaycanın və digər ölkələrin arxivlərində bu barədə kifayət qədər sənəd aşkara çıxarıblar. İstanbul şəhərində məzuniyyətdə olarkən Türkiyə Cümhuriyyətinin Dövlət Arxiv İdarəsində apardığım araşdırmalarda bir sıra əsaslı faktlarla qarşılaşdım. Həmin sənədlər də erməni yalanlarını ifşa etməyə imkan verir.
Tarixi faktlardan belə məlum olur ki, "erməni məsələsi"nin iki əsrlik tarixi var. Belə ki, 1856-cı ildə Osmanlı dövləti ciddi islahatlara başlayıb. Ermənilər bu məqsədlə imzalanan "İslahat fərmanı"ndan məharətlə istifadə ediblər. 1877-1878-ci illər Osmanlı-rus müharibəsi və müharibədən sonrakı Ayastefanos (Yeşilköy) və Berlin konfranslarında imzalanan müqavilələrdən "narazı qalan" (müqavilənin altıncı maddəsində ermənilərin yaşadıqları bölgələrdə onların xeyrinə islahatlar tələb olunurdu) ermənilər iğtişaşlar törətməyə başlayıblar.
Digər tarixi sənədlərdən isə belə nəticə çıxarmaq olar ki, Türkiyədə erməni probleminin kökləri bir az da dərinə - 1820-ci illərə gedib çıxır. Həmin dövrdə Çar Rusyası bölgədə söz sahibi olmağa başlamışdı və sərhədlərini genişləndirmək üçün Osmanlı imperiyasının şərq bölgələrini işğal etmək niyyətinə düşmüşdü. Bunun üçün Rusiyanın iki planı vardı. Birinci, Osmanlıda yaşayan azsaylı xristian əhalinin himayəçisi qismində çıxış etmək, ikincisi, Osmanlı imperiyasının parçalanması yolu ilə onun daxilində özünə yeni dost dövlətlər qurmaq. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə Yunanistanın Osmanlıdan ayrılaraq müstəqil dövlət olmasında Rusyanın böyük rolu olmuşdur.
Rusiya Qərbdə Balkan ölkələrinə, Şərqdə isə Qafqaza doğru irəliləyirdi. Qafqazdakı Eçmiədzin kilsəsi ruslara dəstək verirdi. Hətta, erməni katolikosu Nerses Aratarakes 60 min nəfərlik erməni ordusu ilə 1827-1828-ci illərdə baş verən rus - İran savaşında ruslar tərəfdən müharibəyə qoşuldu. Rusların Osmanlı ermənilərini ələ alması da Eçmiədzin kilsəsinin çağırışı ilə olmuşdu.
Osmanlı torpaqlarında İngiltərə və Fransanın da gözü vardı və onlar da burada yaşayan xristianların "hamisi" olmağa çalışırdılar. Buna görə də vaxt itirmədən Osmanlıda yaşayan protestant və katolik ermənilərini icma olaraq bir yerə yığmaq üçün fəaliyyətə başladılar. 1830-cu ildə İstanbulda erməni katolik kilsəsi, 1847-ci ildə isə protestant kilsəsi quruldu. Yenə qeyd edək ki, 1856-cı ildə imzalanan "İslahat fərmanı" ermənilərin fəallaşmasında mühüm rol oynadı. Osmanlı cəmiyyətinin Qərb modelində yenidən formalaşması baxımından həyata keçirilən "İslahat fərmanı" müsəlman və qeyri-müsəlmanlar arasındakı hüquqi ayrı-seçkiliyi ortadan qaldırırdı. Fərmanın qüvvəyə minməsindən qısa bir müddət sonra erməni kilsəsi tərəfindən hazırlanan "Erməni millətinin nizamnaməsi" Osmanlı hökumətinə təqdim edildi və 1862-ci il martın 29-da qəbul edildi. Nizamnaməyə görə, erməni xalqının problemlərini həll etmək üçün 140 nəfərdən ibarət bir məclis qurulmalıydı. Məclis üzvlərindən 20-si İstanbul kilsəsi işçilərindən, 80-i İstanbul kilsəsi icması üzvlərindən, 40-ı isə bölgələrdə yaşayan ermənilər arasından seçilməliydi. "İslahat fərmanı"nın imzalanmasından sonra Rusya, İngiltərə və Fransa ermənilərə daha ciddi və açıq şəkildə diqqət ayırmağa başladılar.
Osmanlı dövlətində "sadiqi millət" adlandırılan və hörmət göstərilərək, mühüm vəzifələrə təyin olunan ermənilər, qeyd etdiyimiz kimi, əsl simalarını 1877-1878-ci il Osmanlı-rus müharibəsi dövründə və Osmanlının bu müharibəni uduzmasından sonra göstərdilər. Müharibə qurtardıqdan sonra İstanbul ermənilərinin keşişi Nerses Varjabedyan Eçmiədzin kilsə rəhbərliyi vasitəsilə rus çarından Rusiyanın Şərqi Anadoluda işğal etdiyi Osmanlı torpaqlarını geri verməməsini xahiş edir, daha sonra isə Ayastefanos (Yeşilköy) rus qərargahına gedərək rus təmsilçisindən Şərqi Anadoludan çıxmamalarını, bu, mümkün olmadıqda isə Bolqarıstanda bolqarlara olduğu kimi, ermənilərə də bu bölgədə muxtariyyət verilməsini, bu da mümkün olmadıqda həmin bölgələrdə ən azı ermənilərin xeyrinə islahatlar həyata keçirməyi və islahat başa çatana qədər rus ordusunun orada qalmasını istəyir.
Keşişin son istəyi ruslar tərəfından müsbət qarşılanmış və Ayastefanos müqaviləsində ayrıca bir maddədə əks olunmuşdur. Şərqi Anadolunun ruslar tərəfindən işğalı onların Osmanlı erməniləri üzərindəki təsirini daha da artırdı, erməniləri böyük iddialara sövq etdi. Ruslar ermənilərə Balkan ölkələrindəki xristianlar kimi, müstəqil dövlətlərini qurmağa söz verərək, Osmanlı dövlətinə qarşı üsyan və təxribatlara başlamağı tövsiyə etdi və hər cür yardıma hazır olduqlarını bildirdilər. Ancaq Şərqi Anadoluda rus himayəsində qurulacaq Ermənistan dövləti İngiltərənin Fars körfəzi və Hindistan yolunu təhlükə altına salırdı. Bunun üçün ingilislər Ayastefanos müqaviləsinə qarşı çıxdılar. Bunun qarşılığında İngiltərə Osmanlıdan Kipri qopartdı və Ayastefanos müqaviləsinin şərtlərini dəyişdirdi. Berlin konfransında Rusiyanın Qars, Ərdəhan və Batumi ətrafında işğal etdiyi torpaqlardan geri çəkilməsi qərara alındı. "Erməni islahatları"nın bundan sonra 5 böyük dövlətin nəzarətində həyata keçirilməsi qərarlaşdırıldı.
Berlin konfransında İstanbul erməni kilsəsindən də bir heyət iştirak edirdi. İstəklərini tam olaraq qəbul etdirə bilməyən erməni heyəti geri qayıdanda üsyan və qırğınlar olmasa xəyallarını gerçəkləşdirə bilməyəcəkləri qərarına gəldilər. Ayastefanos müqaviləsi ilə qazandığı siyasi qələbəni Berlin konfransında itirən, eyni zamanda, Yunanıstan və Bolqarıstanın İngiltərənin təsiri altında qalması ilə razılaşmağa məcbur olan Çar Rusyası Şərqi Anadolunu tamamilə işğal etmək planı hazırlayırdı və bu zaman yenə ermənilərdən alət kimi istifadə etmək qərarı qüvvədə qalmışdı.
Rusiya, İngiltərə və Fransa 1880-ci ildən etibarən Şərqi Anadoluda qurulan təşkilat, komitə və cəmiyyətlərlə xalqı hökumətdən narazı salmağa və üsyanlara sövq etməyə çalışdı, ancaq ciddi bir iş görə bilmədilər. Odur ki, xaricdə erməni cəmiyyətləri qurmaq qərarına gəldilər. Beləliklə, 1887-ci ildə Cenevrədə "Hncaq", 1890-cı ildə Tiflisdə "Daşnaksütyun" təşkilatı qurulmuşdu. Həmin dövlətlər Osmanlı imperiyasındakı etnikləri aldadıb imperiya əleyhinə mübarizəyə cəlb edirdilər.
Ermənilərin bundan sonrakı separatçı fəaliyyətləri aşağıdakı ardıcıllıqla davam edir: 1890-cı il iyunun 20-də Ərzurum üsyanı, iyul ayında İstanbul Qumqapı nümayişi və Birinci Sason üsyanı, 1892-1893-cü illərdə Merzifon, Kayseri, Yozqat üsyanları, 1895-ci ildə Maraşda üsyan təşəbbüsü, 1896-cı ildə Van üsyanı, 1904-cü ildə İkinci Sason üsyanı, 1905-ci ildə Yıldız Məscidində Sultan II Əbdülhəmidə sui-qəsd, 1909-cu ildə Adana üsyanı. Ancaq bütün üsyanların yatırılması o qədər də çətin olmadı. Erməni üsyanlarının nəticəsiz qalmasına səbəb o idi ki, sözügedən bölgələrdə onların sayı çox az idi. Buna görə də belə qərara gəldilər ki, nə olursa-olsun, bu bölgələrdən türkləri və müsəlman xalqlarını kütləvi şəkildə qovmaq, yox etmək lazımdır.
Birinci Dünya müharibəsinin başlanması və Osmanlı dövlətinin 1914-cü il noyabrın 1-dən İngiltərə, Fransa, İtaliya və Rusiyaya qarşı almanlar tərəfindən müharibəyə qoşulması ermənilər üçün bir ümid işığı yandırdı. Ermənilər türkləri Anadoludan təmizləmək üçün Osmanlının müharibəyə qoşulmasını böyük fürsət kimi qiymətləndirdilər. 1915 ci ilin mart ayında ruslar Van istiqamətində hücuma keçdilər. Aprelin 11-də Vanda böyük erməni üsyanı başlandı. Ermənilər Vanın türk əhalisini tamam qırdı və Van rusların əlinə keçdi. Rus çarı Vandakı Erməni Komitəsinə 1915-ci il aprelin 21-də teleqraf göndərərək, ruslara göstərdiyi köməyə görə təşəkkürünü bildirdi. Osmanlı ordusu bir cəbhədə ruslarla, digər cəbhələrdə isə ingilis, fransız və italyanlarla ağır döyüşlər aparır, daxildə isə ermənilər üsyan edərək, dövləti içəridən sarsıdırdılar.
Türkiyənin tanınmış
tarixçi-alimi, ordinarius-professor Türkkaya Ataöv bildirir
ki, ermənilərin Anadolunun cənub-şərqində
törətdikləri çaxnaşmalar o dövrdə
Türkiyədə olan ABŞ rəsmiləri tərəfindən
də təsdiq olunub. Amerikanın İstanbuldakı səfiri
Henri Morgenthau yazırdı: "1915-ci il aprelin 15-də 25 min
silahlı erməni Osmanlı şəhəri olan Vanı ələ
keçirdi və buranın imperiyadan ayrı müstəqil
bir ərazi olduğunu elan etdi". Diqqət yetirsəniz,
görərsiniz ki, Osmanlı İmperiyasının Daxili
İşlər Nazirliyi məhz səfirin qeyd etdiyi tarixdən
sonra təhcir barədə (təhcir sözü ərəbcə
olub insanların bir yerdən başqa bir yerə
köçürülməsi, yer dəyişdirilməsi deməkdir
- R.Ə.) qərar qəbul edib. Sonrakı illərdə ermənilərin
çap etdirdikləri jurnallarda və kitablarda bu məsələlərə
geniş yer verilmişdi. Həmin kitablarda qeyd edilirdi ki, ermənilər
200 mindən çox silahlı dəstənin köməyi ilə
türk ordusuna ağır zərbə vurmağa nail olublar.
Vaxtilə Osmanlı Məclisi- Məbusanının
üzvü olmuş general Qaro Pasdırmacıyan isə
yazırdı ki, müttəfiqlər türkləri məğlub
etmək məsələsində erməni silahlı dəstələrinə
borcludurlar. O, rus çarının, ingilis və fransız
generallarının da vaxtilə ermənilərə
ünvanladıqları məktublarda və təbrik
mesajlarında onlara sıx-sıx təşəkkür etdiklərini
xatırladır. Maraqlıdır ki, hətta qeyri-obyektiv
olmaları ilə seçilən Ermənistan tarixçiləri
də bu faktları təsdiq edirlər. Ancaq bəzi maraqlı
dövlətlər atdığı addımlarla
reallıqları qəbul etmədiklərini göstərirlər.
(ardı var)
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 22 aprel.- S. 5.