Xoşbəxt taleli sənətkar

 

Hüseyn Əliyev – 100

 

Hər gün səmimi dost kimi görüşdüyümüz, həvəslə oxuduğumuz "Xalq qəzeti" Azərbaycanın son bir əsrlik tarixində xüsusi rola malik olan ana dilli mətbuat orqanıdır. Ölkəmizdə jurnalistikanın, redaktə təcrübəsi və nəzəriyyəsinin inkişafında bu qəzetin böyük xidmətləri olmuşdur. Mədəni quruculuğun bütün sahələrində ardıcıl mübarizə aparan qəzetin səhifələrindən doğan hər hansı təşəbbüs tez bir zamanda geniş yayılır, hadisəyə çevrilirdi. Yarandığı gündən bəri Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizə aparan bu qəzetin fəaliyyəti təqdirəlayiqdir.

 

70 il "Kommunist" adı altında çıxan "Xalq qəzeti" nəşrə başladığı ilk günlərdən öz ətrafına respublikanın tanınmış yazıçılarını, jurnalistlərini və ziyalılarını toplamışdı. Məmməd Səid Ordubadi, Tağı Şahbazi, Cəfər Cabbarlı, Seyid Hüseyn, Məmmədli Sidqi, Mir Cəlal Paşayev, Əli Vəliyev, Süleyman Məlikov, Şəmsəddin Abbasov, Xəlil İbrahimov, Nəsir İmanquliyev və başqa təcrübəli qələm sahibləri uzun illər ərzində bu qəzetlə əməkdaşlıq etmişlər. 1922-ci ildən başlayaraq görkəmli sənət ustası Əzim Əzimzadə "Kommunist"in baş rəssamı olmuşdur. 1935-ci il oktyabr ayının 4-dən isə onu gənc və istedadlı rəssam Hüseyn Əliyev əvəz etmişdir. Hüseyn Əliyev yarım əsrdən çox "Xalq qəzeti"nin bədii tərtibat şöbəsinin müdiri işləmişdir.

Orta boylu, pəhləvan cüssəli, gümüşü rəngə çalan gur saçlı Hüseyn müəllimlə 25 il bir redaksiyada işləmək səadəti mənə də nəsib olmuşdur. Ciddi, təmkinli, mehriban adam idi. Doğulduğu kəndin adına uyğun comərdliyi vardı. Haqqı, ədaləti sevirdi, kimisə nahaqdan tənqid edəndə dözüm göstərə bilmirdi, etiraz səsini qaldırırdı. İncə, kövrək qəlbi vardı. Heç kimə pislik etməzdi, yıxılana dayaq durardı. Gənclərlə ünsiyyətdə olmağı, onlarla durub-oturmağı çox sevirdi. Onun məsləhətləri qəzetçilik kimi çətin, mürəkkəb işdə gənclərin karına gəlirdi. Onlar Hüseyn müəllimin hər sözünü dəyərli bir nəsihət kimi qəbul edirdilər.

İstedadlı rəssam Hüseyn Əliyev yaradıcılığında portret və təbiət mənzərələrinə daha çox üstünlük verirdi. Təsadüfi deyil ki, hələ lap gənc vaxtlarında çəkdiyi dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin portretinə görə o, respublika müsabiqəsində birinci yerə layiq görülmüş və üç min manat mükafat almışdır. Hüseyn müəllim sərbəst və cəld işləməyin ustası idi. Hələ tələbəlik illərində yaratdığı sənət əsərləri elə ilk baxışdan diqqəti cəlb edirdi. O öz iş yoldaşlarının, ailə üzvlərinin, onda maraq doğuran adamların portretini qısa müddət ərzində çəkə bilirdi. Vaxtilə onunla birgə çalışan redaksiya əməkdaşlarının çoxunda Hüseyn Əliyevin karandaşla işlədiyi portret cizgiləri qiymətli hədiyyə kimi saxlanılır.

Bu gün yüz illik yubileyini təntənə ilə qeyd etdiyimiz Hüseyn Əliyev yaddaqalan, mənalı, şərəfli həyat yolu keçmişdir. Düz 70 il bundan əvvəl, onun öz dəsti-xəttilə yazılmış və bu günə kimi redaksiyada saxlanılan şəxsi işindəki tərcümeyi-halında oxuyuruq: "Mən, Hüseyn Əliyev Əlirza oğlu 1911-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşam. 7 yaşına qədər ev tərbiyəsi almışam. (Birinci Dünya müharibəsi vaxtı azğınlaşmış erməni quldurlarının əlindən yaxa qurtarmaq üçün ailəliklə Naxçıvana qaçmışıq). 1923-cü ildə məktəbə getmişəm. Sonra məni Bakıya - rəssamlıq texnikumuna göndəriblər. 1932-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə qurtardığıma görə Azərbaycan Xalq Maarif Komissarlığı məni öz hesabına Leninqrad Rəssamlıq Akademiyasına göndərib. Orada 3 il təhsil alıb Bakıya qayıtmışam. 1935-ci ilin oktyabr ayından "Kommunist" qəzeti redaksiyasında rəssam vəzifəsində işləyirəm. 1929-1938-ci illərdə komsomolda olmuşam. 1938-ci ildə redaksiyada partiyaya qəbul edilmişəm. Hazırda AK (b) P-nin üzvüyəm. Atam və böyük qardaşım da partiya üzvü olub. Atam Naxçıvanda dəmir yolunda fəhlədir, qardaşım isə hələlik Qızıl Orduda xidmət edir".

İkinci Dünya müharibəsi başlayanda Hüseyn Əliyev könüllü surətdə orduya yazılıb. Daxili İşlər Nazirliyinin tabeliyindəki 48 saylı bədii təşviqat polkunda rəssam işləyib. Musiqiçilər bölməsinin üzvləri ilə birlikdə dəfələrlə ön cəbhədə olub, neçə-neçə igid döyüşçünün portretini yaradıb, müharibə mövzusunda plakatlar hazırlayıb, qəsbkarlıq məqsədi güdən hitlerçilərin karikaturasını çəkib.Yeri gəlmişkən onu da qeyd edək ki, Hüseyn Əliyev karikatura janrına hələ "Molla Nəsrəddin" jurnalının banisi Cəlil Məmmədquluzadə və Əzim Əzimzadə ilə əməkdaşlıq dövründən meyil göstərib. Onun jurnalda dərc olunan karikaturaları oxucuları düşünməyə, nəticə çıxarmağa vadar edib.

1944-cü ilin avqust ayında qəzetin redaktoru, görkəmli yazıçı Əli Vəliyevin SSRİ Müdafiə Nazirliyinə göndərdiyi tələbnamə əsasında ordudan tərxis olunan Hüseyn Əliyev redaksiyaya qayıdaraq öz sevimli peşəsi ilə məşğul olmağa başladı. Özünün yazdığı kimi, "Xalq qəzeti"ndəki 52 illik fəaliyyətində 15-dən çox redaktorla işləyib. Qəzetin maraqlı, nəfis şəkildə çıxması üçün var qüvvəsini əsirgəməyib. Şəkillərdə nəzərə çarpan qüsurları öz fırçasının sehri ilə aradan qaldırıb, qəzetin tərtibatını daha gözəgəlimli edib.

Hüseyn Əliyev fiziki cəhətdən sağlam və güclü insan idi. Yarım əsrdən çox sürən əmək fəaliyyətində cəmi iki dəfə xəstələnib. 1986-cı ilin mart və aprel aylarında Moskvadakı mərkəzi kliniki xəstəxanada əməliyyat olunduqdan sonra sağlamlığını tam bərpa edə bilmədiyi üçün 1987-ci ilin iyul ayında öz xahişi ilə doğma kollektivdən ayrılıb. Hüseyn Əliyevin uzun illər davam edən qüsursuz əməyi xalq və dövlət tərəfindən yüksək qiymətləndirilib. O, "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illərdə arxa cəbhədə şərəfli əməyə görə", "Böyük Vətən müharibəsinin 30 illiyi" medalları və "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuş, üç dəfə Azərbaycan Ali Sovetinin, bir dəfə isə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülmüşdür. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1976-cı ildə Azərbaycan Respublikasının əməkdar və 1982-ci ildə xalq rəssamı fəxri adını almışdır.

Həyatın yazılmamış qanunları var. Nə qədər ki, insan yaşayır, onun ömür yolu, seçdiyi sənət, gördüyü iş adi hal kimi qəbul edilir. Amma bu cür yanaşma yaradıcı insanlara aid deyil. Belələri daim cəmiyyətin diqqət mərkəzində olur. Yazıçı, şair, rəssam, mədəniyyət və incəsənət xadimləri bütün dövrlərdə xalqın önündə gediblər, fitri istedad sahibi olduqları üçün cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. O sənətkarlar xoşbəxtdir ki, həm yaşadıqları dövrdə, həm də dünyalarını dəyişəndən sonrakı illərdə heç zaman yaddan çıxmırlar, daim xoş hisslərlə xatırlanır, yaradıcılıqları neçə-neçə tədqiqat əsərinin, sərgilərin mövzusuna çevrilir.

Belə sənətkarlardan biri olan Azərbaycanın xalq rəssamı Hüseyn Əliyev artıq 20 ildir haqq dünyasındadır. Cismani ayrılıq onun övladlarını, qohum-əqrəbasını nə qədər ağrıdırsa, xalqın Hüseyn Əliyev yaradıcılığına olan marağının, məhəbbətinin ildən-ilə artması onlara böyük təsəlli verir, iftixar, qürur hissi doğurur.

Hüseyn Əliyev böyük sənətkar, vətəndaş ömrü yaşayıb. Əmək fəaliyyəti yalnız bir ünvanda keçib - "Xalq qəzeti" redaksiyasında. Ailə səadətini də burada tapıb. Qəzetin əməkdaşı Ruqiyyə xanımla evlənərək, iki oğul və iki qız atası olub. Övladlarını Vətənə, cəmiyyətə layiqli vətəndaş kimi tərbiyə edib. Ali təhsilli həmin övladlar indi xalqa layiqincə xidmət edir, valideynlərinin adına şərəf gətirən işlər görürlər.

Sağlığında özünü reklam etdirməyi xoşlamayan Hüseyn Əliyevin əsərləri respublika, ittifaq və beynəlxalq sərgilərdə nümayiş etdirilirdi. Onun əsərlərinin çoxu ömrünün bəzəyinə çevrilsə də, onları xəsisliklə tamaşaçıların müzakirəsinə verirdi. Ümumiyyətlə, bir rəssam kimi onun yaradıcılığında plakat, karikatura, portret və təbiət təsvirləri üstünlük təşkil edirdi. Onun hələ 1944-cü ildə Göyçay çayının üzərindən salınan körpünün inşaatçılarına həsr etdiyi silsilə rəsm əsərləri sənətsevərlərin böyük marağına səbəb olmuşdu.

Hüseyn Əliyev yaradıcılığının ilk illərindən başlayaraq gözəl əsərləri ilə incəsənət həvəskarlarının diqqətini cəlb etmişdir. Yeni həyat quran insanların yaratmaq əzmi, gənclərin sadə və təmiz duyğuları rəssamı daim düşündürən və ona ilham verən mövzular idi. Onun rəngli boya ilə yaratdığı peyzajlar, tablolar, portretlər sevinc çiçəklərindən hörülmüş bir çələngi xatırladır. Rəssamın əsərlərində Azərbaycan təbiətinin gözəlliyi ilə insanın vüqarı, mənəviyyatı, ən müqəddəs hissləri bir-biri ilə vəhdət təşkil edir, sanki onun şair tərəfindən poetik tərənnümüdür.

İstedadlı rəssam 1973-cü ildə Göygöldə olarkən çəkdiyi lövhələrini "Göygöl mənzərələri" adlandırmışdır. O, təbiətin gözəlliyini rəssam dilinə çox ustalıqla çevirmişdir. Özü də həmin mənzərələr rəssamın tablolarında təbiətin donmuş bir parçası kimi qalmır. Bu mənzərələrdə insan görünməsə də, onun əməyi, sevinci bərəkətli torpağa, enişli-yoxuşlu dağ yollarına, yaşıl meşələrə həkk olunmuşdur. Rəssamın lirik mənzərə əsərlərində kompozisiya bağlılığı, koloritliliyi və rənglərin vəhdəti tamaşaçının diqqətini ilk baxışdan cəlb edir.

Hüseyn Əliyevin "Göygöl" mənzərələri silsiləsindən fotoaçıqca dəstinə daxil edilmiş əsərləri tamaşaçını təbiətin bu əsrarəngiz gözəli ilə bir daha görüşdürür. Həmin fotoaçıqca dəstindən birini qəzetimizin fotomüxbiri işləmiş Cahangir İbadova bağışlayan rəssam titul vərəqində bu sözləri yazmışdı: "Çox sağ ol ki, qəzetimizdə Azərbaycanın zəngin təbiətini əks etdirən şəkillər verirsən. Sənin "Göygöl"dən çəkdiyin şəkil bu fotoaçıqcanın yaranmasında əsas rol oynamışdır".

İllər bir-birini əvəzlədikcə, Hüseyn Əliyevin yaradıcılığını xalqımız daha yaxından izləmək imkanı əldə edir. Bu işdə rəssamın nəvəsi, "Lider Media-Holdinq" şirkətinin prezidenti Ədalət Əliyev xüsusi fəallıq göstərir. O, babasının arxiv sənədlərini, uzun illər boyu çəkdiyi tabloları toplayaraq sistemləşdirmiş, sahmana salmışdır. Ədalət müəllimin təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyi Hüseyn Əliyevin Birləşmiş Ərəb Əmirliyində sərgisini təşkil etmişdir. Sonralar həmin sərgi Rəssamlar İttifaqının "Qız qalası" qalereyasında nümayiş olunmuşdur. Bir müddət keçəndən sonra isə yenə həmin qalereyada Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığından bəhs edən kitabın təqdimatı və fırça ustasının əsərlərindən ibarət yeni sərginin açılışı olmuşdur.

Ədalət Əliyevin yüksək zövqlə tərtib etdirdiyi kitabda xalq rəssamının əsərlərinin reproduksiyaları, habelə həyat və yaradıcılığı ilə bağlı fotoşəkillər toplanmışdır. Bu kitab xalq rəssamının yaradıcılıq yolunu izləməyə, əsərləri barədə dolğun təsəvvür almağa imkan verir. Kitabla tanışlıq bir daha göstərir ki, Hüseyn Əliyev doğma təbiətin vurğunu olub. Onun Azərbaycanın, demək olar ki, bütün bölgələrinə səyahətləri zamanı yaratdığı hər bir peyzaj bitkin kompozisiya olmaqla bərabər, respublikamızın füsunkar gözəlliyinin poetik ifadəsidir, hər bir peyzajı bitkin kompozisiyadır. Azərbaycan Kitabsevərlər Cəmiyyətinin sədri Zərifə Salahovanın Hüseyn Əliyev haqqında nəşr etdirdiyi miniatür kitab da son illərdə xalq rəssamının yaradıcılığına verilən layiqli töhfələrdən biridir.

Ustad sənətkarlar xalq rəssamının Azərbaycan təbiətinə özünəməxsus baxışını, əsərlərində milli koloritin qabarıqlığını, gənc nəsildə Vətənə, doğma təbiətə məhəbbət hisslərinin tərbiyəsində əhəmiyyətli rol oynadığını dəfələrlə qeyd etmişlər. Bu mənada YUNESKO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Rəssamlar Federasiyasının vitse-prezidenti, Azərbaycanın xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, akademik Tahir Salahovun söylədiyi fikirlər sənətkarın əməyinə verilən qiymət baxımından olduqca maraqlıdır .

- Qəlbimdə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycanın rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alaraq layiqincə davam etdirmişdir... Mən Azərbaycanı başdan-başa gəzmişəm. Hərdən belə gəzintilərə biz Hüseyn müəllimlə birlikdə gedirdik. Əcdadlarımızın torpağı ilə doğma təbiətin gözəl mənzərəsindən cuşa gəldiyini görmək mənim üçün olduqca sevindirici idi. O hey doğma respublikaya xeyir gətirmək, həmvətəndaşları tərəfindən başa düşülməsini istəyirdi..."

Sənətşünas Dilarə Babayeva isə xalq rəssamı Hüseyn Əliyevin həyat və sənət yoluna nəzər saldıqdan sonra belə qənaətə gəlir ki, hər rəssamın öz taleyi var. Bəzilərinin bəxti diri ikən gətirir, bəziləri ölümündən sonra tanınır. Lakin ən uğurlu olanlar da fəaliyyətinin heç də bütün səhifələri açılmamış həyatdan gedir. Biz həmin adam barədə onun qoyub getdiyi qeydlərdən, fotoşəkillərdən, məktublardan məlumat alırıq. Azərbaycanın xalq rəssamı Hüseyn Əliyev də belə xoşbəxt taleli sənətkarlardan olmuşdur.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 22 aprel.- S. 5.