Ağsu rayonunda "Narkomaniyaya yox deyək!" mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

Konfransı giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vurğuladı ki, əsrin bəlasına çevrilmiş narkomaniya bu gün bəşəriyyəti narahat edən ən qlobal problemlərdən biridir.

 

İnsanları ölümə məhkum edən, genefonda sarsıdıcı zərbə vuran bu bəşəri bəla ilə mübarizə işi dünya dövlətlərinin daim diqqət mərkəzində saxlanılır, səmərəli və ardıcıl mübarizə aparılması məqsədilə səylər birləşdirilir. Bununla əlaqədar hazırda dünyada əhəmiyyətli proqramlar, konvensiyalar və sazişlər qəbul olunmaqla vəzifələr müəyyən edilir. Azərbaycan Respublikası da bu Proqramlara qoşulmaqla onun fəal iştirakçısına çevrilmişdir.

Natiq daha sonra bildirdi ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlətin daim diqqət mərkəzindədir. Bu işin səmərəliliyinin artırılması, profilaktikasının gücləndirilməsi məqsədilə ardıcıl, zəruri tədbirlər görülür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan, hazırda yeni müstəvidə davam etdirilən barışmaz mübarizə xətti dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir.

Bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı" təsdiq etmişdir.

Ənvər Seyidəliyev xüsusi narahatlıqla göstərdi ki, təhlillər sübut edir ki, dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər yaşanmaqdadır.

Narahatlıq doğuran hal odur ki, ilbəil dünyada narkomanlıq xəstəliyinə tutulanların sayı durmadan çoxalır, narkotika ilə bağlı olan cinayətlərin sayı artmaqda davam edir.

Narkomanlığa meyl edənlərin yeniyetmə və gənclər olduğunu nəzərə alsaq o zaman rayon əhalisinin 55 faizini təşkil edən gələcəyimizin taleyinə biganə qala bilmərik. Bu bizdə narahatlıq doğurmaya bilməz.

Odur ki, bu həyəcanı, narahatlığı nəzərə alaraq "Narkomaniyaya yox deyək!" mövzusunda elmi-praktik konfransın keçirilməsinin vacibliyini vurğulayaraq tədbir iştirakçılarını konfransın işində fəal olmağa dəvət edirəm.

Məruzə və çıxışlara başlamazdan öncə narkomaniyanın doğurduğu fəsadlardan bəhs edən filmə tamaşa edildi.

Sonra konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasını sədri Rasim Novruzov məruzə ilə çıxış etdi.

Məruzə ətrafında çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi A.Kərimli, rayon prokurorunun böyük köməkçisi Ç.Quliyev, rayon polis şöbəsi rəisinin müavini M.Məmmədov, rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Ə.Hüseynov və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı Rafiq Allahverdiyev narkomaniyanın cəmiyyətimizə gətirdiyi acı nəticələrdən danışdılar.

 

 

İlqar MUSAOĞLU

 

Xalq qəzeti.- 2011.- 23 aprel.- S. 6.