Azərbaycan
dövləti müharibə və əmək
veteranlarının qarantıdır
1941-ci
il iyun ayının 22-də alman faşistlərinin SSRİ-yə
hücumu ilə bəşər tarixinin ən qanlı və
dəhşətli müharibəsi başlandı. Beş il
davam edən bu müharibədə 25 milyondan çox sovet vətəndaşı
həlak oldu, minlərlə şəhər və kənd
dağıdılıb xarabazara çevrildi, 10 minlərlə
zavod, fabrik və sənaye müəssisəsi yer üzündən
silindi.
Ancaq
bütün bunlara baxmayaraq, keçmiş Sovet
İttifaqının bütün xalqları vahid bir ailə
kimi birləşərək ilk dəfə Moskva altında
alman faşistlərini məğlubiyyətə
uğratdılar. Sonralar Stalinqrad və Kursk döyüşlərində
müharibənin gedişində əsaslı dönüş
yarandı. Berlinə gedən Qələbə yolu da, demək
olar ki, məhz bu döyüşlərdən başlandı.
Faşist
Almaniyası üzərində tarixi qələbədə Azərbaycan
xalqının da özünəməxsus payı vardır. Bir
tərəfdən, Azərbaycanın oğul və
qızları Moskvanın, Leninqradın, Stalinqradın, Kiyevin,
Odessanın, Sevastopolun, Minskin, Novorossiyskin azad edilməsində
qəhrəmanlıqla vuruşurdular. Digər tərəfdən
isə, arxa cəbhədə çalışan Azərbaycan
vətəndaşları əsl əmək rəşadəti
göstərib cəbhəni neftlə, benzinlə, kənd təsərrüfatı
məhsulları ilə, isti pal-paltarla təmin edirdilər. Eyni
zamanda, müharibədə yaralanan minlərlə
döyüşçü Azərbaycanda müalicə olunub təzədən
cəbhəyə qayıdırdı. Bir sözlə, həmin
qanlı-qadalı illərdə bütün Azərbaycan
ön və arxa cəbhəni özündə cəmləşdirən
operativ qərargaha bənzəyirdi.
Azərbaycan xalqının alman faşizmi üzərindəki qələbənin qazanılmasında oynadığı misilsiz rolu aşağıdakı faktlar da təsdiqləyir. Belə ki, arxa cəbhədə göstərdikləri fədakarlığa görə Azərbaycanın yüzdən çox müəssisəsi, zavod, kolxoz və sovxozu, Ali Baş Komandan Stalinin təşəkkürünə layiq görülmüşdü. Onlarla sənaye və kənd təsərrüfatı qabaqcıllarına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. On minlərlə sadə zəhmətkeş SSRİ-nin orden və medalları ilə təltif olunmuş, müxtəlif fəxri adlar almışdır.
Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunmuşdu. 145 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilmişdi.
Müharibə illərində Azərbaycanın qəhrəman övladları öz hünər və cəsarətləri ilə seçilirdilər. Belələrindən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədovun, Ziya Bünyadovun, Aslan Vəzirovun, Mehdi Hüseynzadənin, Adil Quliyevin, Məlik Məhərrəmovun, Müseyib Allahverdiyevin, Mirzə Cəbiyevin və başqalarının adını fəxrlə çəkmək olar. Elə Xanlar Babanlı, Tahir İsayev, Əhmədiyyə Cəbrayılov, Əli Babayev, Əkbər Ağayev kimi partizanların qəhrəmanlığı da Azərbaycan xalqının qəlbində əbədi yaşayır.
Böyük Vətən vüharibəsində Azərbaycan qadınları da əsl hünər göstərmişlər. Züleyxa Seyidməmmədova (ilk hərbi təyyarəçi kapitan), Şövkət Səlimova (ilk gəmi kapitanı), Böyükxanım Mircavadova (tibb xidməti kapitanı), snayper qadınlar - Ziba Qəniyeva, Səkinə Məmmədova, Ədilə Dadaşova, Şura Əlizadə və başqaları düşmənə qarşı amansız döyüşlərdə xüsusilə seçilmişlər.
Azərbaycanın təkcə sənaye və kənd təsərrüfatı sahəsində işləyən zəhmətkeş insanları yox, mədəniyyət, elm, incəsənət, ədəbiyyat xadimləri də faşizm üzərindəki qələbəni yaxınlaşdırmaq üçün öz sözlərini deyirdilər.
Böyük Vətən müharibəsi iştirakçılarına və arxa cəbhədə çalışan əmək qəhrəmanlarına Azərbaycanın da daxil olduğu keçmiş Sovetlər İttifaqında böyük hörmət və ehtiramla yanaşırdılar. Bu qayğı və diqqət Azərbaycanda daha çox hiss olunurdu. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi işlədiyi dövrlərdə müharibə və arxa cəbhənin veteranlarına göstərilən qayğını həmişə diqqət mərkəzində saxlamış, onların bütün sosial, məişət, səhiyyə, mənzil problemlərini həll etmişdir. Keçmiş SSRİ-də ilk dəfə olaraq Qəhrəmanlar evi də məhz Bakıda inşa olunmuşdur.
Sovetlər İttifaqı dağılandan sonra Azərbaycanda hakimiyyətə gəlmiş şəxslərin siyasi naşılığı nəticəsində Böyük Vətən müharibəsi iştirakçılarına, Sovet İttifaqı qəhrəmanlarına və arxa cəbhədə çalışan veteranlara qarşı biganə, laqeyd münasibət yarandı. Ancaq xoşbəxtlikdən bu hakimiyyətin ömrü uzun sürmədi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Böyük Vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları əsl dövlət qayğısı ilə əhatə olundular. Onların hüquqları qanun çərçivəsində qorunmağa başlandı. İlk növbədə, Böyük Vətən müharibəsi və arxa cəbhə veteranlarına göstərilən sosial, məişət, mənzil və digər xidmətlər 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi altında ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Konstitusiyasında öz əksini tapdı. Bu qayğıların konstitusion həlli Əsas Qanunumuzun 6 maddəsində təsbit olundu.
Müharibə və arxa cəbhə veteranlarının sosial, məişət, mənzil və pensiya məsələlərini həll etmək üçün ümummilli liderimiz Heydər Əliyev 1993-2003-cü illərdə 70-dən çox sərəncam imzalamışdır. Bu sərəncamlarda ulu öndərimiz xüsusilə Böyük Vətən müharibəsi iştirakçısı olan əlillərə qayğı göstərilməsini, onların bütün problemlərinin yerindəcə, süründürməçiliyə yol vermədən həll edilməsini bütün dövlət, icra, sosial orqanlar və ictimai təşkilatlar qarşısında bir vəzifə kimi qoymuşdur. Dövlət başçısının belə qayğısı nəticəsində minlərlə müharibə və arxa cəbhə veteranının sosial rifahı kompleks şəkildə təmin olunmuşdur.
Azərbaycanda müharibə və arxa cəbhə veteranlarına dövlət qayğısı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Belə ki, Bakı şəhərində və Azərbaycanın ayrı-ayrı bölgələrində Böyük Vətən müharibəsi, arxa cəbhə veteranlarının və Qarabağ müharibəsi iştirakçılarının sosial şəraitini yaxşılaşdırmaq üçün onlara mənzillər, torpaq sahələri verilmiş, nəqliyyat vasitələri ilə təmin olunmuşlar. Prezident İlham Əliyev tərəfindən veteranların problemlərini tənzimləyən çoxsaylı sərəncam və göstərişlər imzalanmışdır.
Azərbaycan dövlətinin və onun Prezidenti İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına daimi qayğısı alman faşizmi üzərində Qələbəmizin 65 illiyi ərəfəsində öz təsdiqini bir daha tapdı. Möhtərəm Prezidentimizin sərəncamı ilə Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi əlillərinə və iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım göstərildi. Bu isə MDB ölkələri arasında ən böyük məbləğdir. Bundan əlavə, ölkə başçısının sərəncamı ilə onlarca müharibə əlillinə və iştirakçısına maşınlar, yeni mənzillərin açarları təqdim olunmuşdur. Ölkə başçısının sərəncamı ilə bütün bölgələrdə Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr olunmuş abidələr ucaldılmışdır. Bu abidələrin abad və səliqəli saxlanması üçün dövlət büdcəsindən hər il lazımi vəsait ayrılır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü ildə Veteranlar haqqında Qanunun imzalamışdır. Bu qanun veteranların bütün sosial, mənzil, iş şəraitinin yaxşılaşdırılması üçün bütün təminatları müəyyənləşdirmişdir. Həm də nəzərə almaq lazımdır ki, həmin sənəddə müharibə veteranları ilə əlaqədar bütün beynəlxalq qanunların da tələbləri öz əksini tapmışdır. Qanunla veteran təşkilatlarının maddi bazasının yaradılması işinə nəzarət artırılmışdır. Belə ki, adı çəkilən qanunda göstərilir ki, dövlət orqanları öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada veteran təşkilatlarına maliyyə yardımı göstərə, onlara müvafiq büdcələrdən vəsait ayıra, həmçinin nizamnamə ilə onlara həvalə olunmuş vəzifələrini həyata keçirmək üçün binaları və başqa əmlakı güzəştli şərtlərlə onların istifadəsinə və ya mülkiyyətinə verə bilər. Veteranlar haqqında Qanunun 19-cu maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların pensiyalarına əlavələr ödəyə bilərlər. Müalicə olunmaq, veteranların mənzillərini təmir etdirmək və ya digər ehtiyaclarını ödəmək üçün yardım göstərə, hətta bundan ötrü əlavə fondlar da yarada bilərlər.
Eyni zamanda, adı çəkilən qanunla müharibə və əmək veteranlarının mənzil, kommunal, rabitə xidmətlərinin ödənilməsi, tibbi xidmətlərin göstərilməsi, dərman və müalicə vasitələri ilə təminat, protezləşdirmə xidməti, ictimai nəqliyyatdan güzəştli istifadələr, onların pansionatlar və internat evləri ilə təmin olunması tənzimlənmişdir.
Veteran şuralarının maliyyə vəziyyəti, gəlir mənbələri və onlardan qanunla müəyyənləşdirilmiş istifadə formaları adı çəkilən qurumların nizamnaməsində öz əksini tapmışdır. Eyni zamanda, qanuna əsasən Respublika Müharibə Veteranları Şurası ölkə ərazisinin müxtəlif yerlərində mini-istirahət zonaları yarada bilər. Həmin istirahət mərkəzlərindən müharibə veteranları özləri istifadə edə bilər və ya həmin obyektləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə vermək olar. Bundan əlavə, Veteranlar Şurasının mətbəəsinin, nəşriyyatının, mətbuat xidmətinin yaradılması da təşkilatın maliyyə vəziyyətinin yaxşılaşdırılmasına təkan olardı.
Yeri gəlmişkən, müharibə veteranlarına diqqət və qayğını artırmaq məqsədilə müəyyən təşkilati tədbirlər görmək, fikrimizcə, işin xeyrinə olardı. İlk növbədə, şəhər və rayon müharibə veteranları şuraları öz işlərində ulu öndər Heydər Əliyevin 28 iyun 1994-cü ildə və 2 may 1995-ci ildə imzaladığı fərmanların tələblərini rəhbər tutmalıdırlar və bu sənədləri öyrənməlidirlər. Həmin fərmanlarda müharibə, silahlı qüvvələr, əmək veteranlarının dəqiq statusu qanunla müəyyən edilmiş, onların icra mexanizminin hansı icra orqanları tərəfindən yerinə yetirilməsi tam dəqiqləşdirilmişdir. Həmin sənədlərə əsasən müharibə, əmək, silahlı qüvvələr veteranı adlarının verilməsi haqqında əsasnamə və müvafiq vəsiqələrin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Müharibə və silahlı qüvvələrin veteranlarına müvafiq veteran adları Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri tərəfindən verilir. Əmək veteranlarına isə veteran adını və sənədlərini Azərbaycan Respublikasının mərkəzi icra orqanları verirlər.
Ancaq əfsuslar olsun ki, son illərdə veteranlarla əlaqədar olan bu vacib iş diqqətdən yayınmış, hətta bəzi nazirliklərdə bu işlə bilavasitə məşğul olan komissiyalar belə, yaradılmamışdır. Həm də nəzərə alsaq ki, son illərdə Azərbaycanda Ədliyyə, Fövqəladə Hallar, Sərhəd Qoşunları, Miqrasiya Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Vergilər Nazirliyi kimi mühüm hüquq-mühafizə orqanları yaradılmışdır, onda bu məsələnin nə qədər çoxşaxəli bir iş olduğunu təsəvvür etmək çətin olmaz. Bununla yanaşı, əmək veteranlarına da veteran adlarının verilməsi işi mülki nazirliklərdə və digər təşkilatlarda lazımi səviyyədə təşkil olunmamışdır. Bu işdə isə dönüş yaratmaq üçün Azərbaycan Respublikası Müharibə Veteranları Şurası qanunla ona verilmiş səlahiyyətlərdən istifadə edərək respublikanın bütün hüquq-mühafizə orqanlarında və mülki nazirliklərdə aidiyyəti komissiyaların fəaliyyətinin bərpasına nail olmalı, veteran adlarının və sənədlərin verilməsini qanunla müəyyən edilmiş qaydada tənzimləməlidir.
Müharibə veteranlarının maliyyə vəziyyətinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli həmişə dövlətin və ictimaiyyətin diqqət mərkzəində olmuşdur. Lakin işə təkan vermək üçün Azərbaycan Respublikası Müharibə Veteranları Şurasında maliyyə mənbəyi ancaq könüllü ianələrdən ibarət olan Müharibə Veteranları Fondunun yaradılması daha məqsədəuyğun olardı. Bu işdə isə həm respublikamızda yaşayan, həm də xarici ölkələrdə, xüsusən də MDB ölkələrində yaşayan imkanlı, xeyriyyəçiliklə məşğul olan həmyerlilərimizin maddi yardımlarından istifadə etmək olar.
Təəssüf ki, bir sıra şəhər və rayon müharibə veteranları şuraları öz işlərini yalnız 9 May - Qələbə Günü ərəfəsində müharibə və arxa cəbhə veteranlarına dövlət tərəfindən ayrılmış yardımın verilmısi üçün siyahıları təzələməkdə görürlər. Belələri öz ərazilərində yaşayan gənclərin vətənpərvərlik tərbiyəsi ilə məşğul olmur, ərazilərindəki orta və ali məktəblərə müharibə veteranlarını, yüksək rütbəli zabit və generallarını təhkim etmirlər. Rayon miqyasında bu mövzuda "dəyirmi masa"lar, konfranslar, görüşlər keçirilmir, televiziya və dövri mətbuatın imkanlarından istifadə olunmur.
Yaxşı olardı ki, şəhər və rayon müharibə veteranları şuralarının sədrləri rayon icra hakimiyyətlərinin üzvü seçilsinlər, əhalinin qəbul günlərində onlar da iştirak etsinlər, veteranların da fikir və mülahizələri nəzərə alınsın. Eyni zamanda, çalışmaq lazımdır ki, şəhər və rayon müharibə veteranları şuralarında təşkil olunmuş müxtəlif komissiya sədrləri rayon icra hakimiyyətlərinin müvafiq komissiyalarının işinə cəlb olunsunlar. Bu işin canlanmasına səbəb olmaqla yanaşı, həm də yerlərdəki icra hakimiyyətləri nümayəndələri ilə şuraların ilk təşkilatlarının səmərəli fəaliyyətini artırardı.
Azərbaycanın Müharibə Veteranları Şurası bütün rayonlarda gənclərin hərbi və beynəlmiləl vətənpərvərlik tərbiyəsinə böyük diqqət yetirir, orta və ali məktəblərdə, müəssisələrdə iki nəslin görüşlərini keçirir. Qələbə Günü ərəfəsində "Veteranlar və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi" mövzusunda keçirilməsi nəzərdə tutulan respublika elmi-praktik konfransı buna əyani sübutdur.
Respublika Müharibə Veteranları Şurası son zamanlar müxalifətin keçirdiyi küçə yürüşlərinə də öz münasibətini bildirmişdir. Müharibə veteranları Azərbaycan dövlətçiliyinə, milli həmrəyliyimizə xələl gətirən müxalifətin belə destruktiv hərəkətlərini qətiyyətlə pisləyir və onların ciddi cəzalandırmasını tələb edir. Azərbaycan xalqını, xüsusilə gənclərimizi onların fitnə-fəsadlarına uymamağa, milli birlik və əmin-amanlıq naminə dövlət başçımızın ətrafında daha sıx birləşməyə çağırır.
Cabir KAZIMOV,
Azərbaycan
Respublikası Müharibə
Veteranları Şurasının təşkilati-metodiki
və veteran fəalları ilə
iş daimi komissiyasının
sədri, istefada olan polis polkovniki
Xalq qəzeti.- 2011.- 24 aprel.- S. 5.