Cəfər Cabbarlı milli istiqlalçılıq prizmasında

 

Yeni kitablar

 

Milli müstəqilliyə qovuşduğumuz son iki onilliyin əsas estetik tələblərindən biri milli-mənəvi sərvətlərə və ədəbi-tarixi şəxsiyyətlərə yeni baxış bucağından, obyektiv meyarlar və məfkurə işığında yanaşmanın ön mövqedə dayanmasıdır.

 

Ədəbi-ictimai fəaliyyəti milli istiqlal düşüncəsindən qaynaqlanmış nadir qələm sahibi Cəfər Cabbarlının şəxsiyyətinə, onun yetişdiyi tarixi mühitə, müasiri olduğu dövrün siyasi mənzərəsinə aydınlıq gətirilməsi də bu baxımdan istisna deyil.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmli Cəfər Cabbarlını yetirən dövrün xarakterik məqamlarının aşkarlanmasında, diqqətdən kənarda qalan gizli imzalarının müəyyənləşdirilməsində, ədəbi mübadiləyə cəlb edilməyən əsərlərinin arxivlərdən tapılaraq üzə çıxarılması, nəşri və təbliğində ardıcıl və məhsuldar fəaliyyət göstərən tədqiqatçılardan biridir.

Alimin "Cəfər Cabbarlı : həyatı və mühiti" monoqrafiyası ədibin həyatını, yaradıcılıq mühitini, təhsil illərini, ədəbi-ictimai fəaliyyətinin Azərbaycan Xalq Cümhuriyyət dönəmini, "Müsavat" firqəsində siyasi mücadiləsini yeni faktlar və zəngin sənədlər əsasında araşdırmaya cəlb edən tədqiqat əsəri kimi mühüm əhəmiyyət doğurur.

Cəfər Cabbarlının ömür yolunun, tərcümeyi-halının çözülməsində son vaxtlara kimi qaranlıq mətləblərin qalmadığı söylənsə də monoqrafiyada ədibin uşaqlıq və yeniyetməlik dövrünün bir çox gizli (qəsdən gizli saxlanılan) səhifələrinə yenidən ekskurs uzun müddət yasaq olunmuş arxiv materiallarına istinadən aparılmış, bir çox həqiqəti üzə çıxarmışdır. "Cəfər Cabbarlı: yaradıcılığın sübh çağı" bölməsi sənətkarın yaşayıb-yaratdığı dövrün və mühitin səciyyəvi mənzərəsinə aydınlıq gətirir. İctimai-siyasi, sosial-iqtisadi, ədəbi-mədəni sferaların hər birinə tədqiqatçı tərəfindən gətirilən açıqlamalar, verilən izah və şərhlər "Əsrin oğlu"nu (Məmməd Arif) yetirən zamanın təzad və ziddiyyətləri barədə əyani təsəvvür yaratmağa xidmət edir. Müəllif Cəfər Cabbarlının həyatı, uşaqlıq və gənclik illərilə bağlı yeni fakt və materialları ümumiləşdirmə yolu ilə gedərək ədibin Xızı və Bakının "Dağlı məhəlləsi"ndə keçirdiyi unudulmaz anların müfəssəl və yaddaqalan tarixcəsini bədiiliklə elmiliyin üzvi vəhdətində canlandırır. Belə təsvir və xronoloji ardıcıllıq həyat və tərcümeyi-halla bağlı bir çox həqiqətlərin müəyyənliyinə stimul yaradır.

Asif Rüstəmli tədqiqat boyu Cəfər Cabbarlının dünyagörüşünün formalaşnmasına bu və ya digər dərəcədə təsir göstərən bir çox ictimai-siyasi, inqilabi-hərbi olaylar sırasına rus çarizminin müstəmləkə siyasətini, Birinci Dünya müharibəsini, 1917-ci ilin fevral və oktyabr inqilablarını, ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri "qanlı sənələr"i (M.S.Ordubadi), Azərbaycan Xalq Cümhuriyyəti dönəmində milli müstəqillik uğrunda aparılan mübarizələri xatırlatmaqla, əslində, bir yaradıcı şəxsiyyətin həyatla, zamanla, insan taleləri ilə bağlı keçirdiyi hiss və həyəcanların nəticəsi kimi yaranan əsərlərinin məğzində, alt qatlarındakı mətləblərə aydınlıq gətirir.

Şübhəsiz ki, milli istiqlal düşüncəsinin formalaşmasında Cəfər Cabbarlının iştirakının monoqrafiyada iki mühüm istiqamətdən nəzərdən keçirilməsi bu mənada təbii görünür. Tədqiqatçı araşdırma boyu Cəfər Cabbarlının "Müsavat" firqəsində fəaliyyəti barədə yeni məlumatlar əsasında geniş təsəvvür yaratmağa çalışır, onun mücadiləçi və hərəkatçı obrazının cizgilərini və təfərrüatlarını diqqət mərkəzinə çəkir. Belə bir mübarizə meydanında böyük ədibin istiqlalı tərənnüm edən poeziyasında milli hiss və duyğuların aparıcı mövqe qazanmasını müəllif əməl və mübarizə ruhunun yenilməz xarakteri və əks-sədası kimi mənalandırır, sözlə fikrin, şəxsiyyətlə cəmiyyətin qarşılıqlı münasibətlərində təzadlı və ziddiyyətli məqamları aydın tədqiqatçı mövqeyindən qiymətləndirir.

Cəfər Cabbarlının gizli istiqlalçılarla birgə fəaliyyəti, bu fəaliyyətin bir çox gizli səhifələrinin dövrün mənzərəsi fonunda açılması, geniş təhlil və izah edilməsi ictimai- siyasi mətləblər üzərində şərh edilməsinə baxmayaraq, burada Mirzə Bala Məmmədzadə (Məhəmmədzadə), Əbdül Vahab Yurdsevər, Məmməd Sadıq Quluzadə, Seyid Hüseyn Sadıq, Rəhim Vəkilov, Kərbəlayi Vəli Mikayılzadə, Həmid Qarayev, Novruz Ağazadə, Nəriman bəy Nərimanbəyli, Əli Əfsər Nəcəfzadə, Məhəmməd Səid Axundzadə, Əli Əkbər Süleymanzadə kimi istiqlal aşiqləri ilə birgə siyasi firqədə iş birliyi, milli müstəqillik uğrunda aparılan mübarizə məqamlarının son dərəcə əhəmiyyət doğuran xarakterik anları təfərrüatlı sübut və dəlillərlə üzə çıxarılır, əldə edilən arxiv materiallarının "ənənəvi tədqıqatlar"la səsləşən və səsləşməyən cəhətləri yeni məfkurə işığında sərf-nəzər edilir.

Müəllif monoqrafiyanın ayrı-ayrı fəsil və bölmələrində əldə etdiyi yeni fakt və materialları yeri gəldikcə müqayisəli şəkildə nəzərdən keçirir, onun arxivlərdən üzə çıxardığı zəngin sənədlər Cəfər Cabbarlının gizli istiqlalçılarla birgə mübarizə və məsləkdaşlığını, "İstiqlal" adlı eyni məfkurəyə xidmət edən qəzetin və mətbu orqanın işıq üzü görməsində fəal iştirakını təsdiqləyir. Bu həqiqətlərin müəyyənləşdirilməsi, çox güman ki, Azərbaycan oxucusu və bütövlükdə ədəbi-elmi ictimayyəti üçün də yeni tarixi məlumat və faktlar kimi mühüm əhəmiyyət daşıyır. Cəfər Cabbarlının istiqlal mücadiləsində iştirakının və "Azçeka" tərəfindən "Müsavat" firqəsinə mənsubluğunun üzə çıxarılması, Azərbaycan istiqlalını bəyan edən "Bəyannamə"yə imza atanlardan biri kimi iki dəfə həbsə məhkum edilməsi də belə önəmli açıqlamalar sırasındadır.

Bu hadisələr Cəfər Cabbarlının tərcümeyi-halında, yaşayıb yaratdığı mühitdə adi olaylar və faktlar olaraq qalmır, müəllif yeri gəldikcə, ədibin bu faktlardan yaradıcı şəkildə bəhrələndiyini, şəxsi həyatındakı bu ağrılı məqamların daha sonralar ciddi əks-səda doğurduğunu da diqqət önünə çəkir.

Tamamilə yeni faktlar, sənədlər və arxiv materialları əsasında qələmə alınan monoqrafiya Cəfər Cabbarlını dövrün, zamanın ziddiyyətləri fonunda təqdim etməyə geniş imkanlar açır, bir yaradıcı şəxsiyyət kimi, onun həyat həqiqətləri ilə əlaqə və münasibətlərini açmaqda zəngin bir məxəz rolunu oynayır. Belə bir istinad və yanaşma üsulunda Cəfər Cabbarlının "Müsavat" ideologiyasından terror və repressiyaya əsaslanan sovet platformasına "keçid"inin zərurəti də kifayət qədər açılır, onun zəngin ədəbi irsində mövcud cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi problemlərinə münasibətin özündə belə kəskin eyham və ittihamların yer alması, şübhəsiz ki, adi yaradıcılıq prosesi kimi üstündən sükutla keçilən bir məqam deyil. Bu xüsusiyyəti də monoqrafiyanın Cəfər Cabbarlının yaradıcılığı ilə sıx bağlı olan, onun mövzu və sənətkarlıq məsələləri ilə daxili vəhdətdə izah və şərh edilən səhifələrində görmək olar.

Cəfər Cabbarlının təhsili ilə bağlı bir çox qaranlıq mətləblər onun ibtidai, orta texniki və ali məktəblərdə oxumaq istəyi kimi gündəmə gətirilmir. Monoqrafiyanın konkret bir bölümündə bu cəhət ictimai-siyasi fəaliyyət, siyasi mənsubiyyət, maddi durum və sosial güzəran qayğıları ilə əlaqəli şəkildə təhlil edilir. Bu baxış bucağından əsl həqiqət üzə çıxarılır, müəyyən edilən təfərrüatlar üzərində fikir və mülahizələr yürüdülür. Belə bir araşdırma və yanaşma üsulu, təbii ki, Cəfər Cabbarlının həyat və fəaliyyətinin müəyyən bir sahəsinə aydınlıq və dəqiqlik gətirilməsi ilə bərabər, həm də keçən əsrin 20-30-cu illərində bir çox ictimai-siyasi xadimlərin, ədəbi-elmi fikrin tanınmış nümayəndələrinin tərcümeyi-halındakı "yarımçıq təhsil" və "ali təhsilindən məhrumedilmə və kənarlaşdırılma"nın səbəb və nəticələri üzərində düşünüb-daşınmaq imkanlarını da zərurətə çevirir.

"Bədii həqiqətlər axtarışında" adlı bölmədə Cəfər Cabbarlı tərəfindən qələmə alınan, ancaq bir sıra tərtibçilərin səriştəsizliyi üzündən ayrı-ayrı müəlliflərin adına çıxılan və yaxud bunun əksi olan halların çağdaş mətnşünaslıq meyar və prinsiplərinə istinadən müəyyənləşdirilməsi həqiqətin üzə çıxarılmasına xidmət edir. Belə bir cəhəti Cəfər Cabbarlının gizli imazaları ilə bağlı hissədə də görmək mümkündür.

Monoqrafiya müəllifinin bir çox hallarda müxtəlif səbəblər ucbatından arxiv qaranlıqlarından çıxara bilmədiyi və yaxud əldə edilməsi mümkün olmayan sənədləri hafizə və yaddaşlarda "səhifələməsi", sorğu, təəssürat və xatirələr əsasında zəruri hesab oluna biləcək təfərrüatları qabartması perspektiv elmi istiqamət və axtarışlara rəvac verəcək çevrə və təyinatı dürüst müəyyən edir.

Cəfər Cabbarlının tərcüməçilik fəaliyyətinin başlıca məqsəd və vəzifələri, orijinalı dərindən duymaq məharəti, tərcümə sənətinin aktual problemlərini təhlil və ümumiləşdirmə predmetinə çevirən məqalələri, həyat və yaradıcılığının son mərhələləri sənətkarın şəxsi və yaradıcılıq tərcümeyi-halının diqqətəlayiq səhifələri barədə əyani təsəvvür formalaşdırır. Bu bölmələrdə də Asif Rüstəmli tədqiqat boyu seçdiyi meyar və müddəalara sadiq qalır, əldə etdiyi yeni fakt və sənədləri Cəfər Cabbarlının tərcümeyi-halının və yaradıcılıq stixiyasının "bərpa" və yeni baxış bucağından dərkinə istiqamətləndirir.

Asif Rüstəmlinin fərdi elmi üslubu, irəli sürdüyü qənaət və mülahizələrdəki fikir və düşüncə maksimalizmi orijinal təsir bağışlayır, bir tədqiqatçı kimi onun erudisiyasını, müxtəlif yaradıcılıq məsələlərinə özünəməxsus yanaşma tərzini və münasibətini aydın büruzə verir.

Bütövlükdə, "Cəfər Cabbarlı: həyatı və mühiti" monoqrafiyası yeni məfkurə işığında qələmə alınan, böyük ədibin şəxsi taleyi, yaradıcılıq fərdiyyəti barədə yekdil qənaət hasil edən, ayrıca bir elmi istiqamətə çevrilən müasir cabbarlışünaslığı zənginləşdirən bir tədqiqat əsəri kimi elmi-nəzəri fikrimizin yeni uğurudur.

 

 

Qürbət MİRZƏZADƏ,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2011.- 24 aprel.- S. 8.