Gənclərimizin
dövlət başçısı ilə görüşü
böyük razılıqla
qarşılanmışdır
Elə bir sahə
yoxdur ki, Azərbaycan gəncləri
orada uğur
qazanmasın. Həqiqətən də yüksək
dünyagörüşünə, elmi və fiziki potensiala malik, istedadlı
gənclərimizin ölkə və ölkədən kənarda
beynəlxalq tədbirlərdə qazandığı uğurlar, aldıqları
mükafatlar dövlətimizin gənclər
siyasətinə diqqətlə yanaşdığının və
bu sahəyə xüsusi önəm verməsinin nəticəsidir.
Təsadüfi deyil ki, dövlətin müəyyən dövrləri
əhatə edən gənclər siyasəti ilə
bağlı qəbul etdiyi dövlət
proqramlarında gənclərin hərtərəfli
inkişafına şərait və imkanların
yaradılması məqsədilə bir sıra aktual məsələlər
nəzərə alınır.
Bu
günlərdə Prezident İlham Əliyevin müxtəlif
sahələrdə uğur qazanmış bir qrup gəncin və
tələbə gənclər təşkilatlarının
nümayəndələri ilə görüşməsi və
gəncləri düşündürən məsələləri
onlarla müzakirə etməsi bir daha onu göstərdi ki,
dövlət hər zaman gənclərin təşkilatlanmasında
və onların fəaliyyətinin səmərəli istiqamətə
yönəlməsində maraqlıdır və onları narahat
edən problemlərin aradan qaldırılmasına səy
göstərir.
Gənclərlə
görüşündə onların ölkəmizin
ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal rol
oynadıqlarını vurğulayan Prezident İlham Əliyev gənc
nəslin vətənpərvərlik ruhunda böyüməsinin
vacibliyini qeyd etdi. Bu ayın əvvəlində "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə Dövlət
Proqramı" ilə bağlı sərəncam verdiyini
xatırladan ölkə başçısı həmçinin
bununla əlaqədar gənclərin fikir və təkliflərini
də dinləyib. Onlar görüşdə səsləndirilən
və müzakirə olunan məsələlərə öz
fikir və təkliflərini bildiriblər. Azərbaycan gənclərinin
fəal nümayəndələrinin bir neçəsi öz
fikir və təəssüratlarını "Xalq qəzeti"
ilə bölüşdülər.
Həmin
görüşdə iştirak etmiş Azərbaycan Gənclər
Təşkilatları Milli Şurasının sədri, millət
vəkili Fuad Muradov müzakirə olunan məsələləri
bu cür qiymətləndirdi:
-Cənab
Prezidentlə görüş çox səmimi və
faydalı şəraitdə keçdi. Görüşdə
Azərbaycan gənclərinin fikir və təklifləri, bu
istiqamətdə ölkə başçısının
imzaladığı sərəncamlar, dövlət proqramları
geniş müzakirə edildi. 2011-2015-ci illəri əhatə
edən Dövlət Proqramının hazırlanmasına
başlanıb. Bir sıra məsələlər, eləcə
də sosial ipoteka kreditləri ilə bağlı mövzu da
müzakirə olundu. Cənab Prezidentin fikri belə oldu ki, biz
mütləq bu sahədə ciddi dəyişikliklər həyata
keçirməli, səmərəli işlər görməliyik.
Sosial ipoteka şərtləri, eləcə də ilkin ödəniş
məbləği dəyişməli, daha münasib
olmalıdır. Çünki yüksək infrastruktura malik
ölkəmizdə gənclərin həmin şərtlərlə
mənzilə sahib olması çox çətindir. Biz cənab
Prezidentdən xahiş etdik ki, bu məsələyə
baxılsın. Çünki gənc elmi işçilərin,
hərbçilərin məvacibi həmin ilkin ödənişi
ödəməyə imkan vermir. Hesab edirəm ki, yaxın
vaxtlarda bu məsələlərin həllini görəcəyik.
Gənc ailələrə müvəqqəti mənzillərin
verilməsi məsələsinə də toxunuldu. Hesab edirəm
ki, bu məsələdə Skandinaviya modeli bizə daha
uyğundur.
Azərbaycan
Gənclərinin Avropaya İnteqrasiyası təşkilatının
rəhbəri Gülsel Səfərova:
- Gənclərin
Prezidentlə bu tipli görüşü ilk dəfə idi ki,
keçirilirdi. Ölkə başçısı ilə belə
bir yaxın dialoqun olması biz gənclərdə həqiqətən
fərəh hissi doğurdu. Çünki bu görüşdə
gəncləri narahat edən və maraqlandıran mövzular
müzakirə edildi. Müxtəlif sahələri əhatə
edən nümayəndələr tam demokratik şəraitdə,
səmimi şəkildə öz fikir və təkliflərini
cənab Prezidentə çatdırdı. Gənclərin
problemlərinin həlli istiqamətində səsləndirilən
fikirlər Prezident tərəfindən bəyənildi.
Prezidentin mövqeyi onun gənclərə daim qayğı və
diqqətlə yanaşmasını bir daha nümayiş
etdirdi. Gənclərin asudə vaxtının təşkili məsələsinin
həllində irəliləyişə nail olundu. Gənclər
Mərkəzinin açılması, intellektual potensialın
daha da inkişaf etdirilməsi, Gənclər Fondunun
yaradılması ideyaları yüksək qiymətləndirildi,
ölkə başçısı bunları təqdir etdi. AGAT
olaraq biz görüşdə gənclərin intellektual təhlükəsizliyi
və keyfiyyətli düşünmənin vacibliyini
vurğuladım. Güclü potensiala malik Azərbaycan gəncliyi
öz iqtisadi, sosial və digər göstəriciləri ilə
regionda fərqlənən və öndə gedən ölkədə
yaşayır. Məqsədimiz yaxın gələcəkdə
ölkəmizin Şərqdə düşünmə mərkəzi
kimi tanınmasına nail olmaqdır. Bunu reallaşdrmaq isə
yüksək intellektuala və potensiala malik gənclərin əlindədir.
Ona görə də növbəti Dövlət Proqramına
daxil edilməsi üçün İxtiraçılıq Mərkəzinin
yaradılmasını təklif etdim. Həmin məktəb bu
sahədə ilk addım olacaq. Cənab Prezident də bu fikrimi
bəyəndiyini və nəzərə
alınacağını söylədi. Region gənclərinin
fəallığının daha da artırılmasına və
onların forumunun keçirilə biləcəyinə toxundum.
Mənim fikrimcə, bu da müsbət hal ola bilər.
2011-2015-ci illəri əhatə edən Azərbaycan Gəncliyi
Dövlət Proqramının hazırlanması
üçün işçi qrupunun nümayəndələri
təyin edilib, mən də həmin qrupa daxiləm. İşçi
qrupu olaraq Azərbaycan gənclərinin bundan sonrakı
dövrdə daha da inkişafı, fəaliyyətinin güclənməsi
üçün müzakirə olunan məsələlərə
diqqətlə yanaşacaq, çalışacağıq ki,
proqram gəncləri maraqlandıran bütün aktual sahələri
əhatə etsin. Azərbayan gəncliyinin məşğulluq
məsələsi, onların dövlətçilik və vətənpərvərlik
ruhunda fəaliyyəti kimi məsələlər də nəzərə
alınacaq.
"Gənc
Liderlər" təşkilatının sədri Fərid
Şahbazlı:
-Cənab
Prezident İlham Əliyevin gənclərin bir qrup nümayəndəsini
qəbul etməsi və onları maraqlandıran məsələlərlə
müzakirə aparması bizi çox sevindirdi. Həmin görüşdə
maraqlı və aktual məsələlər
qaldırıldı. Əvvəlki illərdə "Gənclər
ili"nin elan edilməsi, Azərbaycan Gəncliyi Dövlət
Proqramının qəbulu, istedadlı uşaq və gənclərin
diqqətdə saxlanılması bir daha dövlətin gənclər
siyasətinə xüsusi önəm verdiyini göstərir. Odur
ki, Azərbaycan gəncləri dövlətin onlar
üçün yaratdığı bu etimad mühiti və
şəraitindən yararlanaraq, öz potensial və qabiliyyətlərini
göstərməli, harada olmasından asılı olmayaraq,
dövlətçilik prinsiplərinə sadiq qalaraq xalqa və
dövlətə xidmət etməlidirlər. Bu gün
idmançılarımızın nüfuzlu yarışlarda
uğur qazanması, bayrağımızı ən yüksək
arenalarda dalğalandırması bizi həm sevindirir, həm də
yetişməkdə olan gənc nəslin idmana
marağının artmasına səbəb olur. Prezident də
öz çıxışında gənclərin fiziki
hazırlığının vacibliyinə toxundu və
müharibə şəraitində
yaşadığımızı xatırladaraq qeyd etdi ki, qəbul
ediləcək Dövlət Proqramında hərbi
hazırlıq məsələsinə xüsusi yer
ayrılmalıdır. Əlbəttə, biz bu təklifi
alqışlayır, səsləndirilən təklif və
fikirləri yüksək qiymətləndiririk. Təşkilat
olaraq "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı" ilə bağlı bizim də
işçi qrupuna öz təkliflərimiz var. İstərdik
ki, gənclərin sağlam həyat tərzi keçirməsi
üçün regionlardakı gənclərə daha səmərəli
şərait yaradılsın. Bölgələrdə idman mərkəzlərinin
sayı daha da artırılsın və orada gənclərin
idmanla təmənnasız məşğul olması məsələsi
nəzərdə tutulsun. İstərdik ki, maddi təminatı
aşağı olan ailələrin övladlarının mərkəzlərdə
idmanla məşğul olması ödənişsiz həyata
keçsin. Belə olarsa, cəmiyyətin hər bir təbəqəsindən
olan gənclərimiz bacarıqlarını nümayiş etdirə
bilər. İnanıram ki, növbəti illərdə qəbul
olunacaq Dövlət Proqramı hər birimiz üçün
uğurlu olacaq.
Qələmə aldı: Əfsanə
BAYRAMQIZI
Xalq
qəzeti.-2011.- 24 aprel.- 2.