Hacıqabul:
birinci rübün yekunları ürəkaçandır
Ötən müddət ərzində
respublikamızın digər rayonları kimi, Hacıqabulda da
mühüm işlər görülmüşdür.
İqtisadi islahatlar və Dövlət Proqramının
icrası ilə bağlı 2011-ci ilin ilk rübündə
görülmüş işlər, həyata keçirilmiş
tədbirlər barədə yığıncaqda geniş
hesabat məruzəsi ilə məlumat verən rayon icra hakimiyyətinin
başçısı Əhməd Muxtarov bildirdi ki, 2011-ci
ilin birinci rübündə rayon üzrə ümumi məhsul
buraxılışının həcmi 22.6 milyon manat, sənaye
məhsulunun həcmi isə 847 min manat olmuşdur. Bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 61,5 faiz
çoxdur.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının dinamik inkişafına, qazanılan uğurların ilbəil artmasına zəmin yaradır.
Artıq rayonun təsərrüfatlarında bu ilin məhsulu üçün 11500 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 195 hektar çoxdur. Bu sahələrin 6150 hektarını buğda, 5350 hektarını isə arpa əkini təşkil edir. İndiyədək 359 hektarda tərəvəz, 647 hektarda bostan məhsulları əkilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 hektar tərəvəz və 2 hektar bostan məhsullarının artımı deməkdir. 25 hektar sahədə kartof əkini aparılmışdır.
Rayonda heyvandarlıq məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınmışdır. Bu ilin birinci rübündə süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 754 ton artaraq 4275 ton, ət istehsalı 129 ton artaraq 1380 ton, yumurta istehsalı 20,192 milyon ədəd olmuşdur.
Rayon üzrə qaramalın baş sayı bu ilin birinci rübündə 1579 baş artaraq 35 min 725 başa, davarların sayı isə 5303 baş artaraq 128 min 961 başa çatmışdır.
Dövlət başçısı İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23.1.2007-ci il tarixli sərəncamının icrası ilə bağlı rayon icra hakimiyyətinin müvafiq tədbirlər gördüyünü deyən RİH başçısı istehsalçılara əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verildiyini, həmçinin torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə mineral gübrələrin satıldığını qeyd etdi. O, bildirdi ki, "Aqrolizinq" vasitəsi ilə bu ilin birinci rübündə kənd əməkçilərinə 30 ton azot gübrəsi paylanmışdır. 2010-cu il üçün əkilmiş buğda məhsulunun istehsalçısı olan 821nəfərə 18112760 manat dövlət yardımı edilmişdir.
Dövlət proqramına əsasən, Ağsu rayonu ərazisindən başlayan və rayonun Padar, Qarasu və Muğan yaşayış məntəqələrini keçərək 55 kilometrlik Baş Şirvan kanalının çəkilişi və Pirsaat çayı üzərində yerləşən su anbarının lildən təmizlənməsi işləri bu ilin birinci rübündə də davam etdirilmişdir. Qeyd edilməlidir ki, bu istiqamətdə görülən işlər başa çatdırıldıqdan sonra rayonda 15 min hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil olacaqdır.
2011-ci ilin birinci rübündə rayonda tikinti, quruculuq, abadlaşdırma və yaşıllaşdırma işlərinin davam etdirildiyini xüsusi vurğulayan rayon rəhbərinin məlumatına əsasən, Kürçülü kənd daxili avtomobil yolunun 500 metrinə, Muğan-Udulu avtomobil yolunun 6,3 kilometrinə qum-çınqıl qarışığı döşənmiş, Navahı kənddaxili avtomobil yolunun 5 kilometri qreyderlə hamarlanmış,çala-çuxurlara qum-çınqıl qarışığından əsas qoyulmuşdur.
Bütün bu işlərə büdcədən kənar vəsait hesabına 73 min manat xərclənmişdir. Şəhərin dağüstü massivində "31 Mart Azərbaycanlıların soyqırımı" abidə kompleksinin açılışı olmuşdur.
Rayon ərazisində Statistika İdarəsinin, Polis Şöbəsinin, Yanğındam Nühafizə İdarəsinin, Bəyannamələrin Qəbulu üzrə Vergi Terminalı inzibati binalarının, 68 mənzilli yataqxananın tikintisi başa çatmaq üzrədir. Kafel-metlax zavodunda tikinti işləri davam edir.
Şəhərin Ə.Şıxlinski, Ə.Həşimov, Şəhriyar və Şirvan küçələrində təmir işləri davam edir.
Məlum olduğu kimi, 2009-cu ilin sentyabrında və 2010-cu ilin may ayında rayon ərazisində baş vermiş sel və daşqınlar nəticəsində ev və təsərrüfatlara külli miqdarda zərər dəymişdir. İnsanlara dəyən ziyanın aradan qaldırılması məqsədi ilə 2011-ci ilin yanvar ayına qədər rayon ərazisində 141 ev tikilərək sakinlərin istifadəsinə verilmişdir. Müraciətlərin davamlılığını nəzərə alaraq I rüb ərzində də Fövqəladə Hallar Nazirliyi ilə sıx əlaqə saxlanılıb və nazirliyin mütəxəssisləri rayona dəvət edilmişdir. Tədbirlərin davamı kimi daha 420 evə baxış keçirilmiş, vəziyyətləri barədə arayış hazırlanmış, keçirilən tədbirlərin nəticəsi yaxın gələcəkdə məlum olacaqdır.
Ötən dövr ərzində şəhərin elektrik təsərrüfatı yenidən qurulmuş və bunun nəticəsidir ki, şəhər əhalisi daimi elektrik enerjisi ilə təmin olunmuşdur. Bu işlər kəndlərdə də davam etdirilir. Belə ki, I rübdə 35 kv-luq Udullu hava xəttində təmir və bərpa işləri görülmüşdür.
Hacıqabul EŞ-nin balansında olan 30 ədəd 10/04, kv-luq güc transformatoru cari, 15 ədəd isə əsaslı təmir olunmuşdur.
Qarasu kəndində əhali üçün yeni 10 kv-luq EVX çəkilərək 1 ədəd 100 kv-luq transformator quraşdırılmışdır.
Şəbəkənin xidməti ərazisində olan 3,5 metr uzunluqda 6/10 kv-luq elektrikverici xətlərdə təmir işləri yerinə yetirilmişdir. Bundan əlavə, 19 yeni abonentə "SMART" kart tipli elektrik sayğacı quraşdırılmışdır. Rəncbər, Udullu Abdulabad, Atbulaq, Navahı, Muğan və Talış kəndlərində yanmış və sıradan çıxmış sayğaclar yenisi ilə əvəz olunmuşdur.
Rayonda baş vermiş təbii fəlakət nəticəsində, demək olar ki, şəhərin qaz təchizatında ciddi problemlər yaranmış, şəhərə mavi yanacağın verilməsi dayandırılmışdı. Lakin rayon icra hakimiyyətinin respublika rəhbərliyi qarşısında şəhərə yeni qaz xəttinin çəkilməsi ilə bağlı etdiyi müraciət nəticəsini verdi.
2011-ci ilin birinci rübündə Hacıqabul şəhərinin, Rəncbər, Qızılburun kəndlərinin və Muğan qəsəbəsinin qaz təminatı yenidən bərpa edildi. Bundan əlavə, Udullu massivində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Meyniman, Abdulabad, Talış və digər kəndlərdə qaz xətlərinin çəkilişi işləri davam etdirilir.
Əhalinin içməli su ilə təminatı sahəsində bir sıra işlər görülmüş, şəhərin Xilə massivinə 400 su sayğacı quraşdırılıb, çuqun xətlər, 12 siyirtmə təmir olunmuşdur. Rayonda su və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlərin görülməsi 2009-2013-cü illərin Dövlət Proqramına daxil edilmişdir.
2011-ci ilin I rübündə Hacıqabul Telekommunikasiya Qovşağında da müəyyən işlər görülmüşdür. Belə ki, polis şöbəsinin yeni binasına 2420 metr məsafədən yeni fibro-optik kabel çəkilmiş, 50 ədəd quyu təmir olunmuş, 850 metr məsafədə yeni quyular tikilib istifadəyə verilmişdir. Eləcə də TKQ- da quraşdırma işləri aparılmışdır. Qarasu kəndində yeni 256 nömrə tutumlu EATS quraşdırılmışdır.
Rayonun təhsil müəssisələrində istedadlı gənclərlə məqsədyönlü işlər aparılmışdır. Şagirdlər arasında fənlər üzrə olimpiadanın rayon turu keçirilmiş, 9 şagird respublika turunda iştirak etmək üçün vəsiqə almış və mart ayında respublika turunda iştirak etmişdir. Bununla yanaşı, rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında sərbəst olimpiadalar keçirilmişdir. Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə keçirdiyi "Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsi çərçivəsində bütün nominasiyalar üzrə rayonun ümumtəhsil məktəblərinin şagirdləri fəal iştirak etmişlər. Rayonda istedadlı uşaqlarla aparılan işi nəzərə alan Təhsil Nazirliyi "Şagirdlərin elmi-texniki yaradıcılıq müsabiqəsi"nin zona mərhələsinin Hacıqabulda keçirilməsini qərara almış və 7 rayonun iştirakı ilə həmin müsabiqənin zona mərhələsi burada keçirilmişdir.
Təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Pirsaat kənd tam orta məktəbi üçün 180 yerlik məktəb binasının tikilməsi üçün rayon icra hakimiyyəti torpaq sahəsi ayırmış və tikintinin sənədləri hazırlanaraq Təhsil Nazirliyinə göndərilmişdir. Əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə əsaslı işlər görülmüşdür.
Ötən dövrdə hamilə qadınlara, uşaqlara, qaçqın və məcburi köçkünlərə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə həkim briqadalarının kəndlərə gedişi davam etdirilmişdir.
2011-ci ilin I rübündə rayonda malyariya, difteriya və poliomielit xəstəlikləri aşkar edilməmişdir. 2 nəfər brüsselyozlu xəstə aşkar edilmiş və müvafiq müalicə kursu təyin edilmişdir. 10 nəfərdə törədicisi məlum olmayan bağırsaq infeksiyaları aşkarlanmışdır. Quduzluğun peyvənd təqviminə uyğun olaraq profilaktik peyvəndlər aparılmış, quduzluq xəstəliyi baş verməmişdir.
2011-ci ilin birinci rübündə rayonun mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir.
Uşaq Musiqi Məktəbinin şagirdləri Bakı şəhərində keçirilən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsində iştirak etmiş və diplomlarla təltif edilmişdirlər.
Rayon icra hakimiyyətinə müraciət etmiş 24 nəfərə ümumilikdə 2400 manat maddi yardım göstərilmişdir.
Yanvar-aprel ayları ərzində rayonun idarə və müəssisələrində 84 iş yeri açılmışdır ki, bunların da böyük hissəsi daimi iş yerləridir.
Rayon icra hakimiyyətinin müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə səhiyyə xidmətinin göstərilməsi ilə bağlı problemləri daim diqqət mərkəzində saxladığını, onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət etdiyini qeyd edən icra başçısı bildirdi ki, ötən dövrdə 14 nəfər Qarabağ müharibəsi əlilinə 40 manat həcmində aylıq müavinətin verilməsi davam etdirilmiş, şəhid və digər imkansız ailələrə Novruz bayramı münasibətilə bayram sovqatı verilmişdir. Rayon ərazisində məskunlaşan 426 nəfər qaçqına və 1615 nəfər köçkünə RİH tərəfindən daim diqqət və qayğı göstərilmişdir.
Sonda yığıncaq iştirakçılarına müraciət edən rayon rəhbəri dedi:
- İcazə verin, sizin adınızdan respublika Prezidenti cənab İlham Əliyevi əmin edim ki, hacıqabullular rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində bundan sonra da fəallıq göstərəcəklər.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 24 aprel.- S. 4.