Hər səsə
bu qədər məhəbbət olmur
Dünyaya gəlməmişdən valideynləri
körpəni bibisinə verəcəklərini qət
etmişdilər. Nədən sonbeşiyi ata-anasından
ayırmalı, taleyini dəyişməliydilər? Onu
heç kim bilmədi. İllər keçdikcə, körpə
yaşa dolduqca hər şeyi anlayacaq, taleyinin doğmaları
tərəfindən deyil, Tanrı tərəfindən dəyişdiyini,
alın yazısının belə olduğunu anlayacaq. Və
yazıya pozu olmadığını anlayıb qisməti ilə
barışacaq. Bu ömürdə
acılı-ağrılı günlərlə yanaşı,
xoşbəxt, şirin anlar, xatirələr də öz yerini
tapacaq. Tanrı ona hər kəsə nəsib olmayan məlahətli
səs verib xalqa sevdirəcək, Vətənin yüksək fəxri
adlarına layiq görüləcək. Dünyanın mötəbər
konsert salonlarından səsi gələcək. Azərbaycan
incəsənətini, ulu muğam sənətini layiqincə təmsil
edib Vətənin adını, xalqın etimadını
doğruldacaqdır. Bütün bunlar çox-çox sonralar
olacaq.
Hələlik isə...
Şamaxıda aşıq Məzahiri tanımayan adam tapılmazdı. Şirin və məlahətli səsi olduğu qədər də gözəl toy aparmağı ilə ad çıxarmışdı. Aşıq Məzahirin vədəsini almaq üçün toy sahibləri bəzən iki-üç ay gözləməli olurdular. Onu təkcə doğulub boya-başa çatdığı Şamaxıda deyil, respublikanın hər yerində tanıyır, adını hörmətlə çəkirdilər. Ölkənin bir çox tanınmış aşıq və xanəndələri onun evinin, çal-çağırlı məclislərinin qonağı olmuşdular. Yeddi övlad atası olan aşıq həlim və xoşxasiyyət idi. Övladlarının nazını çəkər, hər bir istəklərini yerinə yetirməyə çalışardı. Uşaqların hər birinin musiqiyə həvəsi, qabiliyyəti olsa da, nə biləydi ki, Tanrı bu yolu davam etdirməyi evin sonbeşik qızına, məlahətli səsiylə ürəkləri riqqətə gətirən, çoxsaylı sənət pərəstişkarlarının rəğbətini qazanan respublikanın xalq artisti Mələkxanım Əyyubovaya qismət edəcəkdir.
- Məni övladlığa götürən bibim daha Şamaxıda qala bilmədi. Üç yaşımdaykən Bakıya köçməli olduq. Musiqiyə olan həvəsimi görüncə məni Sabunçu rayon mədəniyyət evi nəzdində fəaliyyət göstərən qarmon dərnəyinə yazdırdılar. Beş il qarmon sinfində dərs aldım. Oxuduğum 155 nömrəli orta məktəbin əksər tədbirlərində çıxış etsəm də hiss edirdim ki, oxumağa meylim daha çoxdur. Bunu məktəb müəllimlərim də hiss etmişdilər. Sevimli müğənnimiz Zeynəb Xanlarovanın əksər mahnıların əzbər bilirdim. Hər istəyimin həyata keçməsində mənə yardımçı olan bibim məni Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xoruna yazdırdı. Təəssüf ki, yolum uzaq olduğundan bir ildən sonra bu gözəl kollektivi tərk etməli oldum. Bir ildə çox mahnılarla canlı olaraq efirdə çıxış etsəm də, radionun fonduna bir mahnı belə yazdıra bilmədim. Lakin bu az vaxtda öyrəndiyim və hər zaman sevə-sevə oxuduğum mahnılar məni musiqi aləminə daha sıx bağladı. Tez-tez "Bənövşə" ilə televiziya verilişlərində çıxış etməyimi izləyən Şamaxı rayon mədəniyyət işçiləri artıq məni mədəniyyət evi bədii özfəaliyyət kollektivinin üzvü kimi qəbul etmişdilər. Bəlkə, elə bu səbəbdən də 1976-cı ildə Moskvada keçiriləcək "Azərbaycan Mədəniyyəti və İncəsənəti" ongünlüyündə iştirak edən respublikanın bir çox tanınmış incəsənət ustalarıyla yanaşı, Şamaxı rayon bədii özfəaliyyət kollektivi tərkibində mənə də yer ayrıldı. Belə bir mötəbər konsert siyahısına 14 yaşlı bir qızcığazın adının daxil edilməsi bir yandan böyük fəxarət, digər tərəfdən isə etimad idi. Kollektivlərə baxış keçirən münsiflər heyətinə bəstəkar Ramiz Mirişli, rəqqasə Roza Cəlilova, eləcə də bu kollektivlərə rəhbərlik edən rejissor və bədii rəhbər Ağakişi Kazımov daxil idi. Münsiflər hər bir musiqi nömrəsini diqqətlə dinləyib öz irad və tövsiyələrin bildirdilər. Sevimli müğənnimiz Zeynəb Xanlarovanın o illərdə çox məşhur, beynəlmiləl ruhda oxuduğu "Kalinka", moldav mahnısı "Mioritsa" mənim ifamda münsiflərin çox xoşuna gəldi. Moskva tamaşaçıları tərəfindən də bu mahnılar çox razılıqla qarşılandı. Konsertlər Ümumittifaq Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində (VDNX) keçirilirdi. Bu mənim sənətdə yenicə kövrək addımlarını atan həyatımda 14 yaşlı qızcığazın ilk qastrol səfəri, qazandğım diplom, fəxri fərman, təşəkkürnamələr ilk uğurum, sənət zirvəsinə gedən yolun başlanğıcı idi - deyə Mələkxanım Əyyubova üstündən 35 il ötməsinə baxmayaraq şirin xatirələrin hələ də yaddan çıxmadığını dedi.
- Moskva səfəri yenicə tanınmaqda olan gənc müğənniyə baş ucalığı gətirsə də, sənətində arxayınçılığa yol vermədi. Azərbaycan musiqisini, ulu muğam sənətini daha dərindən öyrənmək, ustad xanəndələrdən dərs almaq, peşəkar ansambllarda çalışmaq həvəsi ona bir an rahatlıq vermir. İllərlə arzusunda olduğu Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbinə daxil olmaq istərkən yaşının az olduğunu deyərək sənədlərini qəbul etmirlər. 1979-cu ildə sənədlərini M.A.Əliyev adına İncəsənət İnstitutuna verib müsiqili komediya aktyorluğu fakültəsinə daxil olur. Vokal sənətini öyrənməyə çalışır. Ara-sıra xırda rollar, hətta "Arşın mal alan"da Telli, "O olmasın, bu olsun"da Gülnaz rollarını oynayır. Gözəl səsi, aktyorluq bacarığı rejissor və müəllimlər tərəfindən razılıqla qarşılansa da hiss edir ki, bu, onun istəyi deyil. Qiyabi oxuyan tələbələrə o dövrdə Qulu Əsgərov, Arif Babayev, Canəli Əkbərov kimi ustad xanəndələrin dərs deməyindən xəbəri olsa da, onun üçün bu, əlçatmaz bir arzu olaraq qalacaqdı. Əgər xoş bir təsadüf olmasaydı...
Dəhlizdə Qulu Əsgərovla rastlaşan Mələkxanım ondan muğam oxumasına qulaq asmasını xahiş edir. Qulu müəllim - "dərsdən sonra" deyib getmək istərkən birdən fikrini dəyişib - yaxşı, oxu görüm - deyə saatını da göstərib sanki bununla çox qısa oxumasına işarə edir. Elə dəhlizdəcə "Qatar" oxuyan Mələkxanımın səsini eşidib ayaq saxlayan institutun rektoru Aslan Aslanov "Ay qızım, sən muğam da oxuya bilirsən?" - deyə təəccübünü gizlətmir. Elə həmin andan Mələkxanımı vokal sinfindən ayırıb Qulu Əsgərova onunla ciddi məşğul olmağı tapşırır. Beş il Qulu Əsgərov ona muğam sənətinin incəliklərini həvəslə öyrədir. həyatda olduğu kimi sənətdə də öz yolunu tapmasına kömək edir. "İzlə gedənin izi qalmaz", sevgi ilə oxunmayan mahnı isə ürəklərdə yaşamaz" - deyir.
O dövrdə yeni yaradılan "İrs" folklor ansamblının rəhbəri bəstəkar Rəşid Nəsiboğlu Qulu Əsgərovun yaxın dostu olduğundan ansambla Mələkxanımı da qəbul etməyi tövsiyə edir. "Xınayaxdı", "Kaş ki, pis gün olmayaydı", "Cığey-Cığay", "Əylən gəlin", "Almanı alma, gəlin" gənc müğənniyə ən çox populyarlıq gətirən, onu xalqa sevdirən məhz bu mahnılar olur. Yeri gəlmişkən, onu da qeyd edim ki, əsrlərlə oxunan, yaddan çıxan bu unikal folklor nümunələrimizi üzə çıxaran Rəşid Nəsiboğlu olsa da, onlara yenidən can verən, xalqa sevdirən məhz Mələkxanım Əyyubova olur. "İrs"in gələcəyinə çox böyük önəm verən ulu öndər Heydər Əliyevin daimi diqqət və qayğısı sayəsində milli folklor musiqi nümunələrimiz, adət-ənənələrimiz olan "Xınayaxdı", Novruz mərasimləri, "kos-kosa" oyunları, toy adət-ənənələri "İrs"in sayəsində xalqa çatdırıldı. Bütün bu nailiyyətlərlə yanaşı, Qulu müəllimlə yaradıcılıq əlaqələrini pozmayan Mələkxanım məhz onun təkidi və köməkliyi sayəsində 1995-ci ildə Opera və Balet Teatrına "Leyli və Məcnun" operasında Leyli roluna dəvət alır. Bu xoş xəbər Mələkxanım üçün gözlənilməz olduğu qədər də böyük bir etimad idi. Alim Qasımov kimi tanınmış bir sənətçi ilə tərəf müqabili olmağın özü bir şərəf idi.
İlk tamaşa çox uğurlu keçdi. Tamaşanı izləyən Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti Nəriman Əzimov Mələkxanımın ifasın çox bəyənir. Onu orkestrə dəvət edir. Xalq artisti, professor Süleyman Ələsgərovun qayğısı və səyi nəticəsində az bir zamanda o, orkestrin solisti olur. Respublikanın xalq artistləri Şövkət Ələkbərova, Gülağa Məmmədov, İslam Rzayev, Yalçın Rzazadə və bir çox digər sənət adamlarıyla bir yerdə çalışmaq, yaradıcılıq əlaqələri saxlamaq onun sənətdə inkişafına kömək edir. Gənc müğənni bu orkestrlə təkcə doğma respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda belə Azərbaycan incəsənətini, ulu muğam sənətimizi layiqincə təmsil edir. Vətən təəssübü çəkən bir Azərbaycan vətəndaşı, sənət adamı olaraq tez-tez cəbhə bölgələrində, hərbi hissə və səngərlərdə igid döyüşçülər qarşısında çıxış edərək vətənpərvərlik ruhunda yazılmış mahnılarla onların ruh yüksəkliyini qaldırmağa çalışır. Bu fəaliyyətə görə qazandığı çoxsaylı tərifnamə və təşəkkürnamələr bu gün də xüsusi çərçivəyə alınaraq evinin ən görkəmli yerində asılmışdır.
Xalq artisti Alim Qasımovla birgə duet oxuduqları "Arazbarı", Simayi Şəms", "Heyratı" zərb muğamlarına çox böyük qiymət verən bəstəkar, xalq artisti Ramiz Mirişli - təkcə bu ifaya görə Mələkxanım Əyyubova əməkdar artist adına layiq ola bilər, - deyir. Türkiyənin məşhur RAKS səsyazma studiyası Mələkxanımın ifasında bir sıra xalq və bəstəkar havalarını, eləcə də muğam dəsgahlarını lentə alaraq disk şəklində geniş musiqi ictimaiyyətinə təqdim edir. Xalq artisti professor Səyavuş Kərimi məxsusi olaraq Mələkxanımın ifası üçün "Şeyx sənan" operasından Kor Ərəbin mahnısını yenidən işləyərək yeni ruhda oranjiman edir. Və bu mahnıya klip çəkilir. Sənət aləmində yenicə tanınmaqda olan gənc müğənniyə bu klip təkcə gözəl melodiya və oranjimana görə deyil, həm də Mələkxanımın gözəl, məlahətli, bir az da yanıqlı səsinə görə başucalığı gətirir. Bu cür peşəkar yanaşma sayəsində unudulmaqda olan bir çox mahnılarımız Mələkxanım Əyyubova, Səyavuş Kərimi, Ağacəbrayıl Abbasəliyev kimi novator sənətkarlarımızın əməyi ilə yeni həyat vəsiqəsi alır.
Bəstəkar Adil Gərayın "İnsaf eylə" mahnısı, "Süsən sünbül", "Qadan alım", "Laylay, bala laylay", və s. mahnı və təsniflər, muğam nümunələrimiz Mələkxanım Əyyubova repertuarının əsasını təşkil edir. Bütün bu nailiyyətlərlə yanaşı, Mələkxanım sevimli müəllimi Qulu Əsgərovdan, eləcə də ustad xanəndə Nəriman Əliyevdən öyrəndiyi muğam dəsgahlarını dinləyicilərə təqdim etmək, arzularının reallaşması üçün yaxşı bir müşayiətedici tarzən və kamanzəminə ehtiyac duyur. Bu işdə tanınmış tarzən, xalq artisti Zamiq Əliyev ona yardımçı olaraq üçlük yaradır. Məhz bu üçlüklə bir çox çətin muğamları lentə aldırmağa müvəffəq olur. Bu günədək qadın xanəndələrdən yalnız Mübubət Məmmədovanın ifa etdiyi "Rahab" muğamını o, böyük şövqlə ifa etsə də, ona diqqətlə qulaq asan ustad xanəndə, xalq artisti Canəli Əkbərov bu ifada müəyyən qədər nöqsanlar olduğunu deyir. Ustad xanəndənin hər bir iradını qəbul edən müğənni Canəli Əkbərovun xüsusi səyi və köməkliyi sayəsində bu çətin muğamı, eləcə də "Şahnaz", "Bayatı-Şiraz", "Mirzə Hüseyn segahı", "Cahargah", "Rast" kimi muğamları hazırlayıb ifa edir.
Tale elə gətirir ki, Mələkxanım Əyyubova bir vaxt ustadlarından dərs aldığı sənət məbədgahında - Mədəniyyət və İncəsənət Universitetində bu gün özü dərs deyir. Musiqi kafedrasının professorudur. Çoxsaylı tələbələri var. Gözəl ailəsi, ən başlıcası isə sənəti sənətindən olmayan, lakin qəlbi həyat yoldaşının qəlbiylə bir döyünən və ona hər an dəstək olan güvənc yeri, arxa duran həyat yoldaşı var. Dörd övlad anası, işdə müəllim, həyatda xanım-xatın, öz və adı kimi mələk olan bir insanın yumruq boyda bir ürəyində bu qədər sevgi hardandır görəsən? Bu sevgidən hərəyə bir pay verməyə, hər kəsin çağırışına hay verməyə vaxtı necə tapır görəsən? Bu sualımı cavabsız qoydu. Görünür bu sualıma xeyli vaxt itirəcəyindən ehtiyat etdi.
Övladlarınızdan musiqi ilə məşğul olanı varmı? - sualına isə çox qısa və konkret cavab verdi. Xeyr. Bu təkcə mənim istəyim deyil. Əgər övladlarımda məndə olan qədər istək, musiqiyə həvəs olsaydı, heç bir qüvvə onları bu yoldan döndərə bilməzdi. Bu sənəti bu gün qardaşım və bacım övladları davam etdirirlər.
Mələkxanım Əyyubovanın Beynəlxalq Muğam Festivalında böyük ustalıqla ifa etdiyi "Bayatı-Şiraz" muğamını dünyanın bir çox tanınmış muğam ifaçılarının necə hərarətlə qarşıladıqlarının mən də şahidi olmuşam. Dünyanı öz səsiylə, yüksək səhnə mədəniyyətilə heyran qoyan Mələkxanım Əyyubova 1998-ci ildə respublikanın əməkdar, 2001-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Respublikanın bir çox tanınmış bəstəkar və şairləri məhz Mələkxanım Əyyubovanın ifasında əsərlərinin ifa olunması arzusunda olduqlarını gizlətmirlər. Azərbaycan incəsənətinin yaxın dostu, himayədarı nəğməkar şair Tağı Sadiqin sözlərinə Zamiq Əliyevin bəstələdiyi "İlham alıram", "Vurulmuşam", "Qısqanıram", "YAP partiyası", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" və s. kimi mahnıların çoxuna artıq klip çəkilib. Bir müəllifin sözlərinə yazılmış on iki mahnını ifa etmək ilk növbədə sözlə musiqinin bir-birini tamamlamasına və ifa edən muğənninin bu ahəngə olan mehr və rəğbətindən asılıdır. Mələkxanımın yüksək ifaçılıq məziyyətlərinə böyük dəyər verən xalq şairi Nəriman Həsənzadə "hər səsə bu qədər müştəri düşməz" şeirində xanəndə qızın muğam oxuduqca muğamlaşaraq millətə, Vətənə çevrildiyini, səsin sözü, sözün səsi ovsunladığını çox böyük sevgi ilə nəzmə çəkmişdir.
Şair Tağı Sadiq isə muğam və xalq havacatımızın ifaçılıq ənənələrinə sədaqətin təsadüfi olmadığını Mələkxanım Əyyubova və onlarca, bəlkə də yüzlərlə muğam ifaçılarının sayəsində xalqımızın min illərdən bəri yaddaşlara həkk olunmuş ulu muğam sənətimizin bir-birindən eşidə-eşidə, öyrənə-öyrənə zəmanəmizə qədər gətirib çıxardıqlarını qeyd etmişdir.
Əlbəttə, şöhrətli sənətçinin şəninə deyilən çoxsaylı xoş sözlər siyahısını daha da uzatmaq olardı. Lakin bir həqiqət də var ki, şöhrət naminə sənətə gələnlər heç vaxt uzağa gedə bilməyiblər. Vaxtilə böyük şairimiz S.Vurğun yazırdı, hər bir sənətkar anadan sənətkar kimi doğulmur. Onu yaşadan mühit, boya-başa çatdığı dövr tərbiyələndirir, istiqamətləndirir. Bu baxımdan bir qızılı payız günündə dünyaya göz açan, Tanrı tərəfindən ona iltifat edilən məlahətli səs sahibi Mələyin halal şöhrətini kimsə əlindən alıb taleyini dəyişə bilməzdi. Çünki bu ömrü o, özü yaşamalı, yaratmalıdır.
Ən vacibi isə yaddan çıxarmaq olmaz ki, mahnıların da insan kimi, qanunauyğun taleyi var. Heç kəsi təsadüfi unutmurlar, heç nəyi də elə-belə qəlblərdə saxlamırlar. Axı, hər səsə də bu qədər məhəbbət olmur. Səs Mələkxanımın olsa da, oxuduqları bizim milli sərvətimizdir.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 24 aprel.- S. 7.