Heydər Əliyevin
gənclər siyasəti uğurla davam etdirilir
Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda ... proqram elə olmalıdır ki, orada hazırda gəncləri narahat edən məsələlər öz əksini, öz həllini tapsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
"Azərbaycan
gəncliyi Dövlət
Proqramı"nın hazırlanması haqqında
sərəncam böyük
məmnunluq və razılıqla qarşılandı
Tarixən bütün dövrlərdə
müdrik insanlar qarşıya qoyulan istənilən vəzifəni
reallaşdırmaq üçün
yaşlı nəslin
biliyindən, təcrübəsindən
və gənclərin
enerjisindən, gücündən,
yaradıcılıq imkanlarından
istifadə ediblər. Bu
amilin nəzərə
alınması böyük uğurların qazanılmasına
səbəb olub. Eyni zamanda, tarix bizə əsrlərdən
bəri başqa dərslər
də verib.
Belə
ki, gəncliyin imkanlarını nəzərə almayan
hansısa yaşlılar qrupunun həyata keçirmək istədiyi
layihələr uğursuzluqla nəticələnib,
yaşlıların, ağsaqqalların köməyindən
imtina edən gənclərdən ibarət dəstələr
isə daha mənfi nəticələrlə üzləşiblər.
Əbəs deyil ki, bir qədim hind məsəlində bu həqiqətləri
ifadə etmək üçün xüsusi obrazdan istifadə
edilir: "Yaşlılar dünyada bütün yolları
bilirlər, cavanlar isə həmin yolları getməyi
bacarırlar. Əgər yolgöstərən varsa". Deməli,
ulu öndər Heydər Əliyev həm 1969-82-ci illərdə
ölkəyə birinci dəfə rəhbərlik etdiyi
dövrdə, həm də 1993-2003-cü illərdə ölkə
gəncliyinin təşkilatlanması üçün
çoxsaylı layihə, plan və proqramları həyata
keçirərkən məhz Şərq müdrikliyinə
istinad edirmiş. Əlbəttə, ulu öndərin
özü Şərq tarixinin ən müdrik simalarından
biri idi.
Azərbaycan
gənclərinin təşkilatlanma prosesinin ikinci mərhələsi
- qeyd etdiyimiz kimi, birinci mərhələ 1993-cü ilin
yayından 2003-cü ilin payızına qədər olan
dövrü əhatə edirdi - 2003-cü ilin oktyabrından
başlansa da son üç-dörd ildə bu istiqamətdə
daha böyük işlər görülür. Prezident
İlham Əliyev təkcə təhsil sisteminin
inkişafı ilə bağlı 16 Dövlət Proqramı təsdiq
edib ki, bu proqramların hamısının icrası bilavasitə
ölkə gəncliyinin mənəvi və fiziki cəhətdən
sağlam böyüməsinə, əsl vətəndaş
kimi yetişməsinə, Azərbaycanı beynəlxalq aləmdə
yüksək səviyyədə təmsil edə biləcək
nüfuz qazanmasına xidmət edir. Azərbaycan gənclərinin
normal təhsil alması üçün 2000-ə qədər
yeni məktəb binası tikilib, gənc nəslin işlə
təmin edilməsini maksimuma çatdırmaq
üçün 900 mindən artıq yeni iş yeri
yaradılıb, bütün bölgələrdən olan gənclərin
idmanla məşğul olmasına zəmin yaratmaq
üçün 35 şəhər və rayonda Olimpiya
İdman Kompleksi tikilib, gənclərin xaricdə təhsil almasını
asanlaşdırmaq və həmin prosesin maliyyələşdirilməsini
təmin etmək üçün xüsusi Dövlət
Proqramı təsdiq olunub, müasir dünyanın ən
böyük tələbinə cavab olaraq "gənclərin
informasiya-kommunikasiya texnologiyalarından istifadəsini sürətləndirmək"
məqsədilə xüsusi proqram və layihələr icra
olunub və sair.
Bu
gün Prezident Administrasiyasında, Nazirlər Kabinetində,
Milli Məclisdə yüzlərlə gənc
çalışır. Parlament üzvləri arasında gənclərin
sayı ildən-ilə artır. Azərbaycan gənclərinin
100 minə qədəri tələbə kimi
sabahımızın daha yaxşı qurulmasını təmin
etməyə hazırlaşır. Bütün bunlar xoşdur
və sevindiricidir. Ancaq bu gün Azərbaycan gəncliyinin ən
böyük uğuru möhtəşəm hərbi vətənpərvərlik
tərbiyəsi ruhunda yetişməsidir. Fəxr və iftixar
etməli məqamdır ki, bu gün Azərbaycan Ordusu regionun ən
qüdrətli Silahlı Qüvvələri kimi ölkəmizin
ərazi bütövlüyünü bərpa etmək
iqtidarındadır. Ötən il iki azərbaycanlı gəncin
nümayiş etdirdiyi vətənpərvərlik nümunəsi
dünyanın bütün sülhsevər insanları
üçün örnək, dərs olacaq bir səviyyədə
dildən-dilə gəzdi. İdmançılarımızın
şanlı qələbələrinin durmadan artması da elə
vətənpərvərlik tərbiyəsinin yüksək səviyyəsindən
xəbər verir.
Bütün
bunları nəzərə alan Prezident İlham Əliyev
aprelin 21-də müxtəlif sahələrdə uğurlar
qazanmış bir qrup gənci və tələbə-gənclər
təşkilatlarının nümayəndələrini qəbul
etmiş, gəncləri maraqlandıran məsələləri
və onları düşündürən problemləri
bilavasitə gənclərin öz dilindən eşitmişdir.
Dövlət başçısı qeyd etmişdir ki, onun iki
həftə əvvəl imzaladığı sərəncam əsasında
yaradılmış işçi qrup "Azərbaycan gəncliyi
Dövlət Proqramı"nı hazırlayır. Bu proqram
2011-2015-ci illəri əhatə edəcək. Prezident adı
çəkilən proqramın çox konkret olmasını,
dəqiq vəzifələrin qoyulması zərurətini
söyləmiş və demişdir ki, müəyyən
edilmiş vəzifələrin icra mexanizmləri də konkret
olaraq göstərilməlidir. Dövlət
başçısı qarşıya xüsusi olaraq bir vəzifə
qoyur ki, hazırlanan proqramda gəncləri narahat edən məsələlər
öz əksini tapmalıdır.
Prezidentin
gənclərlə görüşündə səsləndirilən
bütün fikirlər, bütün faktlar və arqumentlər
maraqlı idi. Ancaq dövlət başçımızın
müasir Azərbaycan gəncliyi barədə söylədikləri
daha diqqətçəkən idi: "Gənclərimiz
dövlətçiliyə sadiqdirlər, vətənpərvərlik
ruhunda tərbiyə alırlar, bu, çox vacibdir". Prezidentin
görüşdə səsləndirdiyi bu fikirləri sitat
kimi seçməyimiz təsadüfi deyil. Çünki təxminən
iki həftə əvvəl Ermənistan gənclərinin
ordudan yayınmasına, xüsusən, ölkəni tərk edən
gənclərin günü-gündən çoxalmasına
etiraz edən prezident Serj Sarkisyan böyük narahatlıqla
bildirmişdi ki, Ermənistan dövlətini qorumalı olan gənc
nəsil bu missiyanı yerinə yetirmir. Azərbaycan xalqı və
dövlətimiz isə bizim gənclər barədə
danışarkən Mübariz İbrahimov, Fərid Məmmədov
kimi qəhrəmanlıq nümunəsi olan gənclərimizdən
söz açırlar. Erməni əsgərləri hətta,
sərhədi keçib Azərbaycan vasitəsilə
üçüncü bir dövlətə getmək arzusunu
dilə gətirirlər.
Yuxarıda
qeyd etdik ki, dövlət başçısı aprelin 21-də
gənclərlə görüşərkən gənclərin
problemlərini də öyrənmək istəyirdi. Xatırladaq
ki, həmin problemlərdən biri də gündən-günə
inkişaf edən bölgələrimizdə
yaradılmış çoxsaylı müəssisə və
təşkilatlarda aparıcı mütəxəssislərin əcnəbilər
olmasıdır. Əcnəbilərin Azərbaycana gəlməsini
və bütün müəssisələrdə işləyə
bilməsini müsbət hal və təbii proses adlandıran
Prezident deyir: "Ancaq əlbəttə, mən çox istərdim
ki, bax bu mühüm vəzifələrdə yerli kadrlar
işləsinlər. Xüsusilə nəzərə alsaq ki,
yenə də deyirəm, ölkəmizin bugünkü iqtisadi
inkişafı və gələcək planlarımız bunu tələb
edir. Çünki burada ən müasir, qabaqcıl
texnologiyalar tətbiq olunmalıdır".
Azərbaycan
Tələbə Gənclər Təşkilatları
İttifaqının sədri Şahin İsmayılovun tələbələrə
iqtisadi güzəştlər edilməsi və tələbə
təqaüdünün artırılması barədə təkliflərinə
münasibət bildirən dövlət
başçısı tələbə gənclərin
sevincinə səbəb olacaq fikirlər söyləyir: "Əlbəttə,
elə etməliyik ki, tələbələrin həyatı həm
mənalı olsun, həm dolğun olsun, həm də iqtisadi cəhətdən
lazımi səviyyədə təmin edilsinlər. Tələbə
təqaüdlərinin qaldırılması bizim
planlarımızda var".
Yəni
aprelin 21-də keçirilən görüş bir daha
sübut etdi ki, Azərbaycan dövləti və şəxsən
Prezident İlham Əliyev Azərbaycan gənclərini
düşündürən və narahat edən bütün
problemlərin həlli üçün heç nəyi əsirgəmir.
Bu isə Heydər Əliyev gənclər siyasətinin uğurla
davam etdirilməsi deməkdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 24 aprel.- S. 1.