Masallı: nəticələr fərəhli, proqnozlar nikbindir

 

Cənub bölgəsinin ən böyük rayonlarından olan Masallı özünün intibah dövrünü yaşayır. Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə növbəti səfərinin xoş təəssüratları rayon ictimaiyyətini hələ də tərk etməyib. Burada görülmüş işlərlə tanış olan dövlət başçısı rayonun inkişafından razılığını bildirmişdir: "Çox sevinirəm ki, Masallıda abadlıq-quruculuq işləri aparılır". 

 

İlin ilk rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı da elə bu nikbin notlar üzərində qurulmuşdu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ötən il və bu ilin əvvəlindən ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qazanılan uğurların geniş icmalını verdikdən sonra ümumi nailiyyətlərin bölgələrin də göstəricilərinə müsbət təsir etdiyini konkret faktlarla əsaslandırdı. Natiq bildirdi ki, rayon üzrə ümumi məhsulun və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz, əhalinin pul gəlirləri 12,7 faiz, orta aylıq əmək haqqı isə 14,3 faiz artmışdır. Bununla yanaşı, rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra obyektlərin tikintisi davam etdirilir. O, xüsusi vurğuladı ki, aprelin 14-də möhtərəm Prezidentimiz İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı açılışı reallaşan Nizami parkı əsaslı təmir olunaraq yenidən qurulmuş, dahi Nizaminin abidəsi qoyulmuşdur.

Hesabat dövründə rayon ərazisindən keçən respublika və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılmışdır. Qarşıdakı dövrdə Masallı səhərinin mərkəzi küçələrində və bəzi kənd yollarında əsaslı təmir işlərinə başlanacaq. Ölkə rəhbəri rayona səfəri zamanı respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun Masallıdan keçən hissəsində görülmüş hazırlıq işləri ilə tanış olmuş və bununla da yolun tikintisinə start verilmişdir.

Rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Sahibkarlıq fəaliyyətinə mane olan müdaxilələrin qarşısı alınır və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından köməklik göstərilir. Cənab Prezidentin öz çıxışında qeyd etdiyi kimi, bu il də sahibkarlara verilən kreditlər hesabına yeni müəssisələr, iş yerləri yaradılacaq.

Ərzaq təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə ölkənin aqrar sektoruna xüsusi diqqət yetirilir. Dünyanın ərzaq qıtlığı təhlükəsi ilə üzləşdiyi bir vaxtda torpağa münasibət tamamilə dəyişməli, əkinə yararlı sahələr boş qalmamalıdır. Bu istiqamətdə aparılan təbliğatın və görülən tədbirlərin nəticəsində Masallıda əkin sahələri əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Belə ki, cari ilin məhsulu üçün 10941 hektar taxıl, 2685 hektar tərəvəz, 2224 hektar kartof əkini aparılmışdır. Hazırda kütləvi əkin kampaniyası davam edir.

İstehlak qiymətlərinə nəzarət olunması, süni qiymət artımının qarşısının alınması məqsədilə Novruz bayramı ərəfəsində rayonda kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir. Bundan başqa, Bakı şəhərində təşkil olunan satış-yarmarkalara da rayondan davamlı surətdə kənd təsərrüfatı məhsulları tədarük olunur.

Ünvanlı dövlət sosial yardımı almaq məqsədilə Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 2011-ci ilin 3 ayı ərzində 1100 ailə müraciət etmiş, onlardan 1093 ailə üçün yardım təyinatı aparılmışdır.

Regionların sürətli inkişafı yeni iş yerlərinin açılmasına da təsir göstərmiş və ümumilikdə rayonda 17635 yeni iş yeri yaradılmışdır. Cari ilin 3 ayı ərzində isə 437 yeni iş yeri açılmışdır.

Dövlət Proqramına uyğun olaraq elektrik xətti təsərrüfatının yenidən qurulması ilə əlaqədar Masallı şəhərinin SİP kabelləşdirilməsinə başlanmışdır. Bütün bu işlər əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Lakin hələ də enerji haqlarının ödənilməsində problemlər qalır. Əlaqədar təşkilatlar və hər bir abonent bu məsələyə ciddi yanaşmalı, enerji haqlarını vaxtında ödəməlidir. Hesabat dövründə rayonun qazlaşdırılması sahəsində də bir sıra işlər görülmüşdür. Rayon mərkəzinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə 2010-cu ilin mart ayından başlayaraq yeni qaz xətləri çəkilmiş, mindən artıq abonentin mavi yanacaqla təchizatı bərpa olunmuşdur. Hazırda şəhərin müxtəlif istiqamətlərində yeni qaz xətlərinin çəkilişi davam etdirilir. Eyni zamanda, Qızılavar kəndində yeni qaz xətti istifadəyə verilmişdir. Bu prosesin davamı olaraq rayonun Muğan zonasında yerləşən 22 yaşayış məntəqəsi üzrə 6176 abonentin təbii qaz alması məqsədilə layihə-smeta sənədləri hazırlanmışdır. 2012-ci ilin sonuna qədər rayon ərazisinin tam qazlaşdırılması nəzərdə tutulmuşdur.

Bu ilin fevralında Rayon Telekommunikasiya Qovşağında baş vermiş faciəli hadisədən dərhal sonra mərkəzdə qısa vaxt ərzində görülmüş tədbirlər nəticəsində rabitə bərpa edilmişdir. Masallı TKQ-nin yeni inzibati binasının tikintisinə başlanmışdır.

Qəzənfər Ağayev sonra dedi ki, hesabat dövründə rayonun təhsil sahəsində islahatlar davam etdirilmişdir. Ümumtəhsil məktəblərində davamiyyətin və ciddi nizam-intizamın bərpası üçün daim lazımi tədbirlər həyata keçirilir. Rayondakı təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə ardıcıl işlər aparılır. Hazırda Yolağac və Hüseynhacılı kəndlərinin hər birində 180 şagird yerlik əsas məktəb binalarının tikintisi davam etdirilir, Masallı Uşaq Gənclər Şahmat Məktəbində əsaslı təmir işləri aparılır. Cari ildə rayonda qəzalı vəziyyətdə olan daha iki məktəb üçün yeni bina tikintisi nəzərdə tutulmuşdur. Qəzalı vəziyyətdə olan digər məktəblər üçün də yaxın vaxtlarda yeni binaların inşasına başlanılacaq.

Birinci rübdə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi-texniki bazasını möhkəmləndirmək üçün müəyyən işlər görülmüşdür. Mərkəzi Xəstəxananın poliklinika şöbəsində və bir neçə kabinetdə təmir işləri aparılmışdır. Hazırda Kubin və Şıxlar kəndlərində tibb məntəqələrinin tikintisi davam etdirilir, Həsənli kənd həkim məntəqəsində isə əsaslı təmir işləri görülür.

Azərbaycan Prezidenti tərəfindən 2011-ci ilin "Turizm ili" elan olunması Masallıda sevinclə qarşılanmışdır. Çünki rayonun yerləşdiyi coğrafi mövqe burada turizmin inkişafına geniş imkanlar açır. Məruzəçi qeyd etdi ki, rayonda mövcud olan turizm potensialını artırmaq, buraya daha çox turist cəlb etmək məqsədilə istirahət mərkəzlərində yüksək səviyyədə yenidənqurma işləri aparılmalı və xidmətin keyfiyyəti yüksəldilməlidir. Eyni zamanda, peşəkar kadrlar işə cəlb edilməli, turistlərə maraqlı proqramlar və marşrutlar təklif olunmalıdır. Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsi bu sahəyə xüsusi diqqət göstərməli, sahibkarlarla mütəmadi görüşlər keçirməli, yeni layihələrin həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.

Daha sonra Qəzənfər Ağayev dedi:

-Bildiyiniz kimi, aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza növbəti dəfə səfər etmiş, burada aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuşdur. Cənab Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq. Çünki Masallıda gedən işlər, bu gün mənə göstərilən layihələr, təqdimat yaxın zamanlarda rayonda, demək olar ki, əsas sosial problemlərin həllinə gətirib çıxaracaqdır". Möhtərəm Prezidentimiz tərəfindən işimizə verilən bu yüksək qiymət bizi arxayınlaşdırmamalı, tam əksinə, daha məsuliyyətlə və əzmlə işləməyə sövq etməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 aprel 2011-ci il tarixli sərəncamı ilə Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsaitin ayrılması qarşımıza daha böyük vəzifələr qoyur.

Cənab Prezidentin tapşırığı ilə Masallı şəhərinə içməli su və kanalizasiya xəttinin çəkilməsi işlərinə yaxın günlərdə başlamaq nəzərdə tutulur. Bu problem uzun illər idi ki, Masallı şəhər sakinlərini ciddi narahat edirdi. Eyni zamanda, şəhərin küçə və prospektlərində yenidənqurma-abadlıq işlərinin aparılması, müasir işıqlandırma sisteminin qurulması, şəhərin və kəndlərimizin qazlaşdırılması, yeni yolların çəkilməsi, təhsil və səhiyyə müəssisələrinin tikilməsi, Masallı Şəhər Mədəniyyət Evinin binasının əsaslı təmir edilməsi kimi bir çox işlərin 2011-ci ildə həll edilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Ona görə də bütün idarə, müəssisə rəhbərləri öz işlərinə daha ciddi yanaşmalı, verilən tapşırıqlara vaxtında və yüksək səviyyədə əməl etməlidirlər.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər görülən işlərdən danışmaqla bərabər, dövlət başçısının Masallının inkişafına xüsusi önəm verməsindən hədsiz razılıqlarını çatdırdılar və mövcud potensialın bütünlüklə hərəkətə gətirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söylədilər.

Yığıncağın sonunda Azərbaycan Prezidentinə müraciət qəbul edildi. Müraciətdə vurğulandı ki, dövlət başçısının bölgələrə vaxtaşırı səfərləri, regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə ciddi nəzarəti sayəsində ölkəmiz gündən-günə gözəlləşir və qüdrətlənir. Respublikanın hər yerində olduğu kimi, Masallıda da abadlıq-quruculuq işləri böyük vüsət almışdır. Burada Olimpiya İdman Kompleksinin tikilməsi, Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzi Masallı filialının açılması, onlarca təhsil və səhiyyə ocağının inşası, müasir elektron tipli telefon stansiyalarının quraşdırılması, park və xiyabanların salınması, işıq, qaz və içməli su problemlərinin ardıcıl həlli, imtiyazlı şəxslərin sosial qayğılarına diqqət böyük nikbinlik yaratmaqla bərabər, adamların sabaha inam hissini xeyli gücləndirir. Xüsusən də bir neçə gün öncə Masallı rayonunun sosial-iqtisadi inkişafı üçün iki milyon manat vəsait ayrılması möhtərəm Prezidentin rayona qayğısının parlaq nəticəsidir. Bundan sonra da ölkəmizin və rayonumuzun inkişafı naminə əzmlə çalışacaq, dövlət başçısının apardığı uğurlu siyasətin həyata keçməsinə dəstək verəcəyik.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 24 aprel.- S. 4.