Mədəniyyət
xalqları yaxınlaşdırır
Bakıda
keçirilən Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu Azərbaycan mədəniyyətinin dünyaya
inteqrasiyasında yeni mərhələnin
başlanğıcını qoydu
İndi
dünyanın nüfuzlu beynəlxalq mətbuat orqanları bu
mühüm tədbirin əhəmiyyətindən
danışır, onun nəticələrini təhlil edir, bu
forumun bəşər mədəniyyətinə verdiyi
töhfələrdən söz açırlar. Doğrudan da,
Bakı Mədəniyyətlərarası Dialoq Forumu
dünyanın çox əhəmiyyətli mədəniyyət
tədbirlərindən biri idi və yəqin ki, onun nəticələri
hələ uzun müddət müzakirə mövzusu olaraq
qalacaq.
Belə bir forumun Azərbaycanda, onun paytaxtı Bakı şəhərində keçirilməsi təsadüfi deyildi. Bunun bir çox obyektiv səbəbləri var. Əvvəla, Azərbaycanda bütün xalqlar və bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Prezident İlham Əliyev forumun açılış mərasimindəki nitqində haqlı olaraq demişdir ki, "ictimai-siyasi quruluşdan asılı olmayaraq heç vaxt Azərbaycanda milli, ya dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır". Doğrudan da, bu gün Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır, bütün tarixi və dini abidələr qorunur. Məhz bu amillər Azərbaycanda belə beynəlxalq mədəni tədbirlərin keçirilməsi üçün zəmin yaratmışdır. "Bakı prosesi"nin başlaması və uğurla davam etdirilməsi onu göstərir ki, cənab Prezidentin sözləri ilə desək: "biz ortaya siyasi iradə qoyduqda, məqsədə nail ola bilirik".
Mədəniyyətlərarası Dialoq Forumu XXI əsrin böyük tarixi əhəmiyyətə malik hadisələrindən idi. Qloballaşan dünyamızda istənilən yerdə deyilən söz dərhal dünyaya yayılır, düşünülməmiş, yaxud təxribat xarakterli hər hansı bir addım dərhal adekvat reaksiya ilə üzləşir. Həmin məsələlərlə bağlı məsuliyyət, xoş niyyət və müsbət təcrübə əsasında aparılan siyasət xüsusi əhəmiyyət daşıyır.
Haqlı olaraq forumun gedişi zamanı mətbuatda yazırdılar ki, Bakı dünya mədəniyyətlərini qovuşdurdu. Bu forumda dünyanın 80-dən çox ölkəsinin nümayəndələri iştirak edirdi. Çox maraqlı faktdır ki, onların arasında 20-dək ölkənin mədəniyyət naziri var idi. Bu da dünya dövlətlərinin bu Forumu çox ciddi, dövlət əhəmiyyətli hadisə kimi dəyərləndirməsindən irəli gələn amildir. Prezident İlham Əliyev demişdir: "Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmlənməsi bizim maraqlarımıza cavab verir. Çünki əlaqələr nə qədər çox olsa, nə qədər çox qarşılıqlı anlaşma olsa, uğurlar da bir o qədər çox olacaq".
Azərbaycanın bu təşəbbüsündə başlıca məqsəd dünyada sülhün bərqərar olması, sivilizasiyalar arasında dialoqun daha da möhkəmlənməsindən ibarətdir. Forumun ilkin nəticələri də bunu təsdiq edir. Tədbirin Bakıda keçirilməsinin obyektiv səbəblərindən biri də Azərbaycanda həyata keçirilən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mədəniyyət siyasətidir. Bu günün reallıqları mədəniyyətin daha çox siyasi potensialına müraciəti aktuallaşdırır. Ölkə rəhbərliyinin bilavasitə diqqəti və qayğısı sayəsində mədəniyyət siyasəti öz inkişafının ən parlaq mərhələsini yaşayaraq, iqtisadi, sosial və xarici siyasət kimi istiqamətlərlə yanaşı, dövlətimizin inkişafında, onun tanınmasında mühüm əhəmiyyət kəsb edir. Biz mədəniyyət siyasətimizin düzgün istiqamətdə olduğunu, Azərbaycanın gələcək inkişafına istiqamətləndiyini bu forumun nəticələrindən daha aydın hiss etdik.
Mədəniyyətlərarası Dialoq Forumu böyük beynəlxalq əhəmiyyətə malik bir tədbir idi. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin dediyi kimi: "Bakıda təşkil olunan forum müasir dövrdə dünya üçün çox zəruri olan pozitiv humanitar impulslar verəcək mötəbər bir tədbir kimi qəbul olunur". Bu, həqiqətən belədir və forumun gedişində biz bunun şahidi olduq. Həmin günlər dünyanın nəzəri məhz Bakıya yönəltmişdi. Burada keçirilən konfranslar, sessiyalar, görüşlər sivilizasiyaların yaxınlaşmasının əhəmiyyətini bir daha nümayiş etdirdi.
Beynəlxalq münasibətlərdə qlobal siyasi və mədəni tendensiyaları müəyyən edən qurumların eyni zaman və məkanda vahid mövzuya həsr olunmuş tədbirdə iştirakı forumun siyasi çəkisini xeyli artırmış oldu və Azərbaycanın beynəlxalq imicinin əsaslı şəkildə artmasına öz töhfəsini verdi. Bu forum bir daha təsdiq etdi ki, Azərbaycanın xarici siyasəti regional çərçivədən qlobal çərçivəyə keçmişdir. Foruma olan beynəlxalq diqqət mədəniyyət və turizm nazirinin sözləri ilə desək, "Bakı şəhərinə mədəniyyətlərarası dialoq paytaxtı statusunun verilməsində önəmli rol oynayacaq".
Bir məsələni xüsusi olaraq qeyd etmək lazımdır. Forum çərçivəsində "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda keçirilən sessiyada Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çıxışı tədbirin əsl leytmotivinə çevrildi. Mehriban xanım öz çıxışında çox ciddi problemlərə toxundu. "Fikrimcə, bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normal, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır, - deyən Mehriban xanım dünyada həm siyasətdə həm iqtisadiyyatda hökm sürən qanunların ədalətdən və etik normalardan uzaq olduğunu diqqətə çatdırdı.
Ümumiyyətlə, forum çərçivəsində müxtəlif mövzularda keçirilən sessiyalarda belə bir fikir vurğulanmışdır ki, mədəniyyətlərarası dialoq xalqların, millətlərin, dövlətlərin bir-birinə daha da yaxınlaşmasına, dünyada möhkəm sülhün bərqərar olmasına xidmət göstərməlidir. Mədəniyyətlərarası sistemdə mədəni müxtəlifliyi tanımaq, qoruyub saxlamaqla zənginləşdirmək, eyni zamanda, universal dəyərlərin bölüşdürülməsi ilə inteqrasiyaya doğru getmək üçün forum çox uğurlu perspektivlər açır.
Forumda səslənən fikirlər arasında Azərbaycanın 20 faiz torpaqlarının işğalı, 1 milyon insanın öz yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə salınması, BMT-nin Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı qətnamələrinə Ermənistanın məhəl qoymaması kimi məsələlərə də xüsusi diqqət yetirilmişdir. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyçrinin çıxışından bu sözləri diqqətə çatdırmaq istərdik: "Ermənistan Azərbaycanın bu torpaqlardakı hüquqlarını tanımalıdır. Biz Ermənistanı bir daha işğala son verməyə və BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına riayət etməyə çağırırıq. Ümid edirik ki, Ermənistan hökuməti dünyanın bu çağırışlarına əməl edəcək və münaqişənin sülh yolu ilə həllinə yol açacaqdır"
Demək olar ki, bütün forum iştirakçılarına Azərbaycanın bu ağrılı problemi barədə məlumat verilmişdir.
Haqlı olaraq Bakını "Dünyanın mədəniyyət Davosu" adlandırmışlar. Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib: "Əgər Davos dünyada iqtisadi forumların keçirildiyi bir şəhər kimi tanınırsa, Bakı da artıq möhtəşəm mədəniyyət tədbirlərinə ev sahibliyi edən bir məkan kimi məşhurdur". Doğrudan da son illər Bakıda beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi artıq ənənə halını almışdır. Bu tədbiri keçirməklə də Azərbaycan dövləti dünyanı narahat edən məsələnin müzakirəsini öz üzərinə götürdü.
Tədbirdə iştirak edən nümayəndələr forum haqqında yüksək fikirlərini bildirməklə onun mədəniyyətlərarası dialoqun genişlənməsində mühüm rol oynayacağını bildirdilər. Elə Britaniya Şurasının mədəni əlaqələri üzrə "Counterpoint" Elmi Araşdırma Mərkəzinin direktoru Katrin Floski də forumun əhəmiyyətindən ürək dolusu danışdı. O dedi ki, "Azərbaycan Prezidentinin forumda səsləndirdiyi ideyalar, təşəbbüslər uzun müddət bu tipli tədbirlərin müzakirə mövzusu olacaq".
Məşhur qazax şairi Oljas Süleymenov isə bildirdi ki, "bu dialoq hətta özünü Bakının arxitekturasında da büruzə verir. Mən başqa şəhərlərə səfər edəndə həmin şəhərləri məhz Bakı ilə müqayisə edirəm".
Söz yox ki, hər bir işin əhəmiyyəti onun nəticəsi ilə ölçülür. Bu gün biz artıq tədbirin nəticələrindən danışırıq. Bəli, Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dünyaya inteqrasiyası istiqamətində həyata keçirilən ən önəmli tədbirlərdən biri oldu. Burada imzalanan sənədlərin mədəniyyət sahəsində əlaqələrə müsbət təsir edəcəyi şübhəsizdir. Bu forum ölkəmizin beynəlxalq qurumlarda mövqelərinin möhkəmləndirilməsinə və Dağlıq Qarabağla bağlı olan münaqişədə dövlətimizin tərəfdaşlarının sayının artırılmasına böyük töhfələr verdi.
Bu yazını mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin aşağıdakı sözləri ilə yekunlaşdırırıq: "Forumun keçirilməsinin əsas nəticəsi buradakı fikirlərin nəzər nöqtələrinin müxtəlifliyidir ki, bu da nəticədə elə dialoqun əsasını təşkil edir. Deməli, dialoq mövcuddur, buradakı ideyalar əminəm ki, daha yaxşı anlaşmaya xidmət edəcək".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.-24 aprel.- S. 7.