Musiqi dünyamızın
yeni pöhrəsi
Hər bir ölkə, hər
bir xalq mədəniyyəti,
sənətkarları ilə sayılıb seçilir.
Onu da qeyd
etmək lazımdır
ki, gənc sənət adamları mədəniyyətimizin
gələcəyinin təminatçılarıdır. Hər
bir yeniyetmənin uğuru, nailiyyəti, Vətənimizin çiçəklənməsinə
töhfədir. Azərbaycan Milli Konservatoriyası tərkibində
Respublika İncəsənət
Gimnaziyasının VIII sinif
şagirdi Minirə Nəcəfzadə
də belə istedadlı gənclərdən biridir.
Minirə
fortepiano ifaçılığının sirlərini dərindən
öyrənməyi qarşısına məqsəd
qoymuşdur. Orta məktəb fənlərini əla qiymətlərlə
oxumaqla bərabər, Minirə Azərbaycan və xarici ölkə
bəstəkarların yaradıcılığına
müraciət edərək onların əsərlərini
ustalıqla ifa edir. O, ölkəmizdə keçirilən bir
sıra konsert-müsabiqələrin fəxri fərman və diplomlarını
qazana bilmişdir.
Şagirdin fitri istedadı ilk dəfə I sinfi bitirərkən 2003-2004- tədris ili üzrə məktəbin yekun hesabat konsertində, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və respublikanın əməkdar incəsənət xadimi Azad Əliyevin dirijorluğu ilə səslənən "Fortepiano ilə simfonik orkestr üçün konsert" əsərinin ifası zamanı üzə çıxmışdır.
Minirə II sinifdə oxuyarkən "Fortepiano və orkestr üçün konsertlərinin ən yaxşı ifası" müsabiqənin ən gənc iştirakçısı və "Pyeslərin ən yaxşı ifası" müsabiqəsinin II dərəcəli diplomlarına layiq görülmüşdür.
Dünya şöhrətli violençel ifaçısı Yo-Yo Ma 2006-cı ilin may ayında Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri üçün verdiyi "master-klass"da III sinif şagirdi M.Nəcəfzadənin fortepianoda ifa etdiyi Niyazinin "Xoreoqrafik vals" əsərini respublikamızın görkəmli incəsənət xadimlərindən A.Məlikov, F.Əlizadə, S.Kərimi və başqaları ilə birgə dinləmiş və təqdir etmişdi.
Konsertin sonunda Yo-Yo Ma Minirə ilə bağlı fikirlərini belə ifadə etmişdir: "Bu istedadlı qızın ifasını dinləməklə belə qənaətə gəlirəm ki, əgər onun yaradıcılıq potensialı inkişaf etdirilərsə, gələcəkdə Azərbaycanın ümidverən musiqiçilərindən ola bilər".
V sinifdə oxuyarkən Minirəyə Dövlət Proqramı Çərçivəsində "Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması üzrə" keçirilən tədbirdə həmçinin Parisdə keçirilən N.Rubinşteyn adına IX beynəlxalq müsabiqədə 2-ci yer tutması münasibətilə Fəxri fərmanlara, VI sinifdə isə İtaliyada keçirilən müsabiqəyə görə "Pietro Argento" medalına layiq görülmüşdür.
VII sinifdə oxuyanda da bu istedadlı
qızın uğurları davam etmişdir. "Mysterous World of Young
Talents" adlı festivalda uğurlu çıxışına görə
"Azərsun" tədris mərkəzinin "Fəxri diplomuna" layiq görülmüşdür. Ardınca fortepiano musiqi festivalında I yerin qalibi olaraq
Fəxri fərmanın
sahibi olmuşdur.
Fərəhləndiricidir ki, 12 yaşlı M.Nəcəfzadə artıq
xarici ölkə pianoçular ictimaiyyəti
tərəfindən bəyənilərək,
digər müsabiqələr
üçün də
dəvət və təkliflər almışdır.
2008-ci ildə
Parisdə keçirilən Nikolay Rubinşteyn adına IX
müsabiqənin diplomuna, 2009-cu ildə İtaliyanın Bari
şəhərində keçirilən müsabiqədə
"Pietro Argento" medalına, XII Beynəlxalq musiqi
müsabiqəsinin qalibi olaraq II yer diplomuna layiq
görülmüşdür. 2010-cu ildə isə ölkəmizin
ilk dəfə qatıldığı İspaniyanın Palma de
Mallorca şəhərində keçirilən fortepiano
ifaçılarının XVII Beynəlxalq müsabiqəsinin
qran-pri mükafatını əldə etməklə dövlətimizin
adını və bayrağını ucaltmışdır. Həmin
ilin noyabr- dekabr aylarında İngiltərənin Nyukasl şəhərində
keçirilən gənc fortepiano ifaçılarının
Beynəlxalq müsabiqəsinin I dərəcəli diplomu ilə
də mükafatlandırılmışdır.
Azərbaycan
Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Səyavuş
Kərimi Minirə haqqında demişdir: "Zəngin
musiqimiz bu gün özünün yeni dövrünü
yaşayır. Biz ondan böyük qələbələr və
parlaq istedadlar gözləyirik. Belə istedadlar xarici ölkələrdə
Azərbaycanı uğurla, müvəffəqiyyətlə təmsil
edərək dövlətimizin adını,
bayrağını ucaldırlar".
"Azərbaycanda
gənc istedadlara dövlət qayğısı
haqqında" Fərmana uyğun olaraq, 17 sentyabr 2010-cu il
tarixdə Azərbaycan Respublikası Prezidentin sərəncamı
ilə Minirənin adı Azərbaycan istedadlarının
"Qızıl kitabı"na yazılaraq, Prezident təqaüdünə
layiq görülmüşdür.
Bu
istedadlı qızın musiqidən əlavə
xoşladığı məşğuliyyəti də
vardır. Gözəl rəsmlər çəkir.
Minirənin
nəaliyyətləri bizi çox sevindirir. Uca Tanrıdan bu
istedadlı və gözəl qızımızın xoşbəxtliyini
diləyirik.
İradə ZÜLFƏLİQIZI
Xalq qəzeti.-2011.- 24 aprel.- S. 8.