Xalq rəssamı
Hüseyn Əliyevin xatirəsi dərin hörmət və
ehtiramla anıldı
Doxsan iki il bundan əvvəl nəşrə
başlamış "Kommunist"- "Xalq qəzeti" ilk
gündən öz ətrafına ölkəmizin
tanınmış ziyalılarını,
yazıçılarını, jurnalistlərini
toplamışdı. Qəzetdə Məmməd Səid
Ordubadi, Tağı Şahbazi, Cəfər Cabbarlı, Seyid
Hüseyn, Məmmədəli Sidqi, Mir Cəlal Paşayev, Əli
Vəliyev, Süleyman Məlikov, Şəmsəddin Abbasov, Xəlil
İbrahimov, Nəsir İmanquliyev və başqa təcrübəli
qələm sahibləri əməkdaşlıq etmişlər.
Görkəmli sənət ustası Əzim Əzimzadə
uzun müddət bu qəzetin baş rəssamı işləmişdir.
Belə tarixi şəxsiyyətlərlə birlikdə
çalışmaq səadəti görkəmli
fırça ustası Hüseyn Əliyevə də nəsib
olmuşdur. 52 il redaksiyanın bədii tərtibat şöbəsinə
başçılıq edən Hüseyn müəllim qəzetin
gözəgəlimli, oxunaqlı, səliqəli
çıxmasına böyük əmək sərf
etmişdir.
Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Bakı Rəssamlıq Texnikumunu və Leninqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən üçillik xüsusi kursu müvəffəqiyyətlə bitirən Hüseyn Əliyev 1935-ci il oktyabr ayının 4-dən "Xalq qəzeti"ndə əmək fəaliyyətinə başlamışdır. İkinci Dünya müharibəsi başlayanda könüllü surətdə cəbhəyə gedən Hüseyn müəllim şərəfli döyüş yolu keçmişdir. O, 1944-cü ilin avqust ayında qəzetin redaktoru Əli Vəliyevin SSRİ Müdafiə Nazirliyinə göndərdiyi tələbnamə əsasında yenidən redaksiyaya qayıtmış və pensiyaya çıxana qədər burada qüsursuz əmək fəaliyyətini davam etdirmişdir. Səmərəli yaradıcılıq fəaliyyətinə görə Hüseyn Əliyevə 1976-cı ildə Azərbaycan Respublikasının əməkdar, 1982-ci ildə isə xalq rəssamı fəxri adı verilmişdir. O, üç dəfə Azərbaycan Respudlikası Ali Sovetinin, bir dəfə isə Ukrayna Ali Sovetinin fəxri fərmanını almışdır. Müharibədə iştirakına görə bir neçə medala layiq görülən Hüseyn Əliyev dinc quruculuq illərində "Xalqlar dostluğu" ordeni ilə təltif edilmişdir.
Şərəfli və mənalı ömür sürmüş Hüseyn Əliyev 20 ildir ki, haqq dünyasına qovuşub. Lakin onun qoyub getdiyi sənət əsərləri - təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də xalqımız tərəfindən rəğbətlə qarşılanır. Dünən isə Hüseyn Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə "Xalq" Mətbuat mərkəzində unudulmaz sənətkarın anım günü keçirildi. "Xalq qəzeti"nin hazırda təqaüddə olan veteran əməkdaşlarının da qatıldığı tədbirdə görkəmli xalq rəssamının işıqlı və mənalı ömür yolu bir daha xatırlandı, onunla birgə işləmiş həmkarları Hüseyn müəllim haqqında xatirələr söylədilər.
Tədbiri giriş sözü ilə açan "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov Hüseyn Əliyevin həyat və yaradıcılığı barədə geniş məlumat verdi, onun Azərbaycan mətbuatında və rəssamlıq sahəsində oynadığı roldan söz açdı. Hüseyn Əliyevin istedadlı rəssam olduğunu vurğulayan natiq onun həm də "Kommunist" qəzetində çalışdığı illərdə kollektivdə mehriban və təvazökar insan kimi xüsusi nüfuz qazandığını diqqətə çatdırdı.
Tədbirdə çıxış edən qocaman jurnalist, "Kommunist" qəzetində şöbə müdiri işləmiş Firudin Rəsulov xalq rəssamının yüksək mənəvi keyfiyyətlərindən və zəhmətsevərliyindən söz açdı. Qeyd etdi ki, daim yaradıcılıq axtarışlarında olan Hüseyn Əliyev bu axtarışların nəticəsi olaraq bir-birindən fərqli və maraqlı əsərlər yarada bilib.
"Kommunist" qəzetində şöbə müdiri işləmiş Tamara Əliyeva həmkarının öz işinə sevgi ilə yanaşmasından, səmimi yoldaşlığından, təvazökar insanlığından söz açdı. Bildirdi ki, qəzetdə çalışdığı illərdə öz işinə məsuliyyət və diqqətlə yanaşan Hüseyn müəllim çəkdiyi rəsm əsərləri, təbiət mənzərələri və karikaturaları ilə oxucuları düşündürməklə yanaşı, onların mənəvi zövqünü oxşamağa çalışıb. O, daim zamanın səsinə səs verən, cəmiyyətin problemlərinə biganə qala bilməyən sənətkar idi. Daim yeni-yeni əsərlər barədə düşünür, yeni mövzular tapırdı.
Tədbirdə Hacı Mehman Fərzullayev, "Xalq qəzeti"nin əməkdaşları Telman Əliyev, Tahir Aydınoğlu, on il Hüseyn Əliyevin şöbəsində çalışmış foto-müxbir Fərman Bağırov və başqaları çıxış edərək Hüseyn Əliyevin yaradıcılığını yüksək qiymətləndirmiş, onun yaradıcılıq özəlliklərini daha geniş öyrənməyə ehtiyac olduğunu bildirmişlər. Qeyd edilmişdir ki, öz şərəfli fəaliyyəti ilə daim seçilən və mətbuat tariximizdə yer alan Hüseyn Əliyev kimi ziyalılar yetişməkdə olan gənc jurnalistlərə örnəkdir.
Tədbirdə həmçinin Azərbaycan mətbuat tarixində peşəkar jurnalist kadrlarının yetişməsində və milli jurnalistika ənənələrinin formalaşmasında "Xalq qəzeti"nin oynadığı rol barədə söz açılmışdır. Qeyd edilmişdir ki, ölkə ziyalılarının böyük bir ordusunu əhatə edən "Xalq qəzeti"nin veteranları və qəzetin keçdiyi yol barədə xüsusi kitab tərtib olunacaq.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 23 aprel.- S. 7.