"Yeddi gözəl" baleti Rusiya kütləvi informasiya vasitələrində
Xəbər
verdiyimiz kimi Moskvada, Böyük Teatrın səhnəsində
görkəmli Azərbaycan bəstəkarı Qara
Qarayevin "Yeddi
gözəl" baleti Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrının balet
truppası artistlərinin ifasında yeni xoreoqrafik tərtibatda nümayiş olunub. Əsər
yeni tərtibatda ilk dəfə
2008-ci ilin sonunda Azərbaycan Opera və Balet Teatrında təqdim
olunmuşdu.
Balet tamaşasının
quruluşçu baletmeysteri Vasili Medvedev, quruluşçu-rəssamı
Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir
Tahirovdur. Tamaşada Bəhram şah rolunu Böyük
Teatrın aparıcı solisti Mixail Lobuxin oynayıb. Gözəllər
gözəli rolunda isə Azərbaycanın əməkdar
artisti Kamilla Hüseynova çıxış
edib.Tamaşanı İstanbul Dövlət Opera və Balet
Teatrının dirijoru Elşad Bağırovun rəhbərliyi
ilə Azərbaycan Opera və Balet Teatrının simfonik
orkestri müşayiət edib.
Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda
deyilir ki, Qara Qarayevin ölməz əsərinin Moskva
premyerası Rusiya mədəni ictimaiyyətində
böyük rezonans doğurub. "Yeddi gözəl"in
yaratdığı təəssürat Rusiyanın kütləvi
informasiya vasitələrində geniş
işıqlandırılıb. Baletin nümayişi
Rusiyanın mədəni həyatında, Azərbaycan-Rusiya mədəni
əməkdaşlığında əlamətdar hadisə
kimi qiymətləndirilib.
Rusiyanın "Mədəniyyət"
("Kultura") telekanalında tamaşa ilə bağlı
nümayiş etdirilən süjetdə əsərin tarixinə
toxunulur və bildirilir ki, orta əsr Azərbaycan
poeziyasının klassiki Nizami Gəncəvinin "Yeddi
gözəl" əsərinin motivləri və XX əsr Azərbaycan
bəstəkarı Qara Qarayevin musiqisi əsasında 1952-ci ildə
ərsəyə gələn bu balet sovet səhnəsində
böyük məşhurluq qazanıb.
"Mir" telekanalında "Azərbaycanın
əfsanəvi baleti "Yeddi gözəl" Rusiya
tamaşaçılarının qəlbini fəth etdi"
adlı süjet efirə gedib.
RBK agentliyi Qara Qarayevin "Yeddi gözəl"
baletinin Rusiyanın baş səhnəsində
nümayişini, Azərbaycanda olduğu kimi, Rusiyada da
böyük mədəniyyət hadisəsi olduğunu
vurğulayıb.
"Mədəniyyət xəbərləri"
televiziya proqramının "Xudsovet" rubrikasının
qonağı olan Azərbaycanın Rusiya Federasiyasındakı
səfiri Polad Bülbüloğlu ilə söhbətin
mövzusu da bu mədəniyyət hadisəsi ilə
bağlı olub.
Rusiyanın tanınmış nəşrlərindən
olan "Oqonyok" jurnalında qeyri-adi başlıqlı -
"Gözəllər və sosializm" adlı məqalədə
də maraqlı məqama toxunulub: "Müəllif balet əsərində
özünün poeziyaya vurğunluğunu ifadə edir. Qara
Qarayevin bu gözəl musiqisini sovet dövründə
heç kəs dəyişdirə bilməyib".
"Muzıkalnoye obozreniye" qəzetində
uzun müddət fasilədən sonra "Yeddi gözəl"
baletinin yenidən 2008-ci ildə Bakı səhnəsinə
qayıtmasından, 2011-ci ildə isə Moskvada
nümayişindən bəhs edilir.
"Veçernyaya Moskva" qəzetində
baletdən bəhs edən məqalənin sərlövhəsi
də diqqəti cəlb edir: "Kişilərin tərbiyə
olunması". Bu başlıqla rusiyalı müxbir baletin
mahiyyətini açıqlayır.
Vesti.ru saytında yer alan məqalənin
sonluğu da maraqlıdır: "Tamaşa bitdikdən sonra
onları (ifaçıları) uzun müddət səhnədən
buraxmadılar. Nəhayət, pərdə bağlanmağa
başlayanda onlar xatirə şəkli çəkdirdilər".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-
2011.- 23 aprel.- S. 8.