Çernobılçılara
diqqət və qayğı göstərilir
Çernobıl faciəsinin 25-ci
ildönümü ilə bağlı Binəqədi Rayon
İcra Hakimiyyətində çernobılçılarla
görüş keçirilmişdir.Görüşü
giriş sözü ilə açan rayon icra hakimiyyətinin
başçısı Alı Qocayev demişdir
ki,Çernobıl Atom Elektrik Stansiyasında on minlərlə
insanın faciəsi ilə nəticələnmiş hadisə
tarixin ən böyük texnogen qəzalarından
sayılır. Çernobıl qəzasının acı nəticələrinin
Azərbaycandan da yan keçmədiyini bildirən icra
başçısı vurğulamışdır ki, qəzanın
nəticələrinin aradan qaldırılmasında 7 mindən
çox həmvətənimiz iştirak etmiş,sonralar
onların xeyli hissəsi şüalanmanın təsirindən
dünyasını dəyişmişdir.
O,
çıxışında çernobılçılara
dövlət qayğısından ətraflı
danışmış, Prezident İlham Əliyevin bu istiqamətdə
həyata keçirdiyi tədbirlərin mühüm önəm
daşıdığını diqqətə
çatdırmışdır. Ölkə rəhbərinin bu
il aprelin 22-də imzaladığı sərəncamın bu
baxımdan mühüm əhəmiyyət kəsb etdiyini
vurğulamışdır.
A.Qocayev
çıxışının sonunda Çernobıl Əlilləri
İttifaqının Binəqədi rayon şöbəsinin sədri
M.Ağayevə rayonun sosial-iqtisadi həyatında fəal
iştirakına görə icra hakimiyyətinin Fəxri fərmanını
təqdim etmişdir.
Görüşdə Çernobıl Əlilləri İttifaqının Binəqədi rayon şöbəsinin sədri Məhərrəm Ağayev onlara göstərilən diqqət və qayğıdan, əlillərin dövlət tərəfindən himayə olunmasından, sosial problemlərinin həllinə həssaslıqla yanaşılmasından razılığını ifadə etmişdir. M.Ağayev göstərmişdir ki,sovet dövründə xilasetmə işlərində çalışan insanlar üçün müəyyən pulsuz müalicələr nəzərdə tutulsa da SSRİ dağıldıqdan sonra bu məsələlər arxa plana keçmiş və bu insanların çətin günləri başlamışdır. 1993-cü il dekabr ayının 6-da ümummilli lider Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşlarının statusu haqqında qanun imzalamışdır. Həmin vaxtdan başlayaraq çernobılçılara dövlət tərəfindən daimi qayğı göstərilir. Bu qayğı Azərbaycan Prezidenti İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başçısının 22 aprel 2011-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir.
Tədbirdə çernobılçılara göstərdiyi diqqət və qayğıya görə RİH başçısı A.Qocayevə respublika Çernobıl Əlilləri İttifaqının sədri tərəfindən imzalanan Fəxri fərman təqdim edilmişdir.
Sonda bir qrup çernobılçıya rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 26 aprel.- S. 6.