Onlar əsl qəhrəmanlıq nümunəsi göstəriblər

 

Dinc məqsədlərə xidmət edən atom da 1986-cı il aprelin 25-də Çernobılda bütün bəşəriyyətə böyük faciə yaşatdı. Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı blokunda baş vermiş qəza milyonlarla insanın öz doğma yurdundan didərgin düşməsinə, on minlərlə insanın ömürlük şikəst olmasına və neçə-neçə nəslin bu fəlakətin bəlalarından əzab çəkməsinə gətirib çıxarmışdır.

 

25 il əvvəl bəşəriyyəti xilas etmək naminə özünü qəza yerinə çatdıran, qəzanın nəticələrini aradan qaldırmaqda yaxından iştirak edən nə az - nə çox, düz 7 min Azərbaycan oğlu da var idi. Yüksək şüalanmaya məruz qalmış bu insanların 2650 nəfəri artıq dünyasını dəyişmiş, qalanları isə o ağrı və acıları hələ də canında yaşadan əlilə çevrilmişdir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov dünən bu dəhşətli faciəni yaşamış rayon sakinləri - Çernobıl əlillərinin böyük bir hissəsilə görüşdü. Onların əsl qəhrəmanlıq nümunəsi göstərib, qəzanı aradan qaldırmaq üçün canlarını belə əsirgəmədiklərini yüksək dəyərləndirən R.Məmmədov Azərbaycan dövlətinin bu insanlara qayğısının kökündə ulu öndər Heydər Əliyev siyasətinin dayandığını qeyd etdi:

- Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra, onun təşəbbüsü ilə 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi" haqqında Qanun qəbul edildi. Bu zümrədən olan insanlara diqqət və qayğının Heydər Əliyev nümunəsi bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Sonra Çernobıl əlillərinə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsindən konkret rəqəmlər və faktları sadaladı. Qeyd olundu ki, Xətai Rayon İcra Hakimiyyəti də respublika Prezidentinin və hökumətinin bu istiqamətdə siyasətinin həyata keçməsində yaxından iştirak etmiş və bu zümrədən olan insanların sosial-iqtisadi ehtiyaclarına diqqət və qayğı ilə yanaşmışdır.

Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqının prezidenti Mirhəsən Həsənov çıxış edərək, 25 ildə Çernobıl faciəsi qurbanlarının yaşam tərzinə, onlara olan münasibətə, 1993-cü ildən başlayaraq onlara olan dövlət qayğısına və bugünkü durumlarına nəzər saldı. Xüsusi qeyd olundu ki, Çernobıl əlillərinin yaşadığı faciənin ağrı-acısını bəlkə də ümummilli lider Heydər Əliyev qədər başa düşən ikinci bir dövlət adamı olmayıb. O səbəbdən də ulu öndər bu insanlara çox böyük sayğı və qayğı ilə yanaşırdı. Təbii ki, bu iş bu gün onun varisi Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

Tədbirdə çıxış edən millət vəkili Hüseynbala Mirələmov da bu insanların hər birinin həqiqi qəhrəman olduğunu və onlara məhz belə yanaşmağı doğru hesab etdi.

Sonda RİH başçısı Razim Məmmədov Çernobıl əlillərinə göstərdiyi diqqət və qayğıya görə" Çernobıl Əlilləri İttifaqının Fəxri diplomuna layiq görüldü.

Xətai Rayon İcra Hakimiyyəti də öz növbəsində, həmişə olduğu kimi Çernobıl əlili olan 171 sakininə maddi yardım göstərdi, ictimai işlərdə fəal olduqları üçün 5 nəfəri fəxri fərmanla təltif etdi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 26 aprel.- S. 5.