Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya iclasında
2011-ci ilin birinci rübünün yekunları müzakirə
olunmuşdur
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyində (RİTN) 2011-ci ilin I rübünün
yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
kollegiya iclasına ölkə başçısının
Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasındakı çıxışında
"Bu ilin birinci rübündə informasiya-kommunikasiya
sektorunda çox böyük artım qeydə
alınmışdır. Bu sektor çox dinamik inkişaf
edir" fikirləri ilə başlayıb.
Nazir
ölkə başçısının Nazirlər Kabinetinin
geniş iclasındakı proqram xarakterli
çıxışından irəli gələn vəzifələr
və gələcək perspektivlər barədə
danışaraq, informasiya-kommunikasiya texnologiyalarının
böyük kommersiya əhəmiyyəti daşıması,
sektorun yeni gəlir mənbəyinə çevrilməsi və
gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin
ölkə iqtisadiyyatının inkişafına güclü
təsir göstərəcəyini qeyd edib.
2011-ci ilin I rübü ərzində sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 24,7 faiz, o cümlədən telekommunikasiya sektorunda 19,2 faiz, İT sektorunda 2,3 dəfə, informasiya sektorunda isə 1,6 dəfə təşkil edib. Eyni zamanda, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib. Hesabat dövründə mobil abunəçilərin sayı 9 446 400 nəfər, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15 ədəd, internet istifadəçilərinin sayı 50-yə bərabər olub.
Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər. Kollegiyaya yekun vuran nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafını yüksək qiymətləndirdiyini bir daha vurğulayaraq, qəbul olunmuş dövlət proqramlarının icrası, kosmik peykin orbitə çıxarılması, Azərbaycan və eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edəcək "Trans-Avrasiya Super İnformasiya Magistralı", "Elektron-hökümət" layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi məsələlərini xüsusi olaraq qeyd edib. Nazir regional informasiya xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verib.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 20 aprel.- S. 6.