Qusarı görən bir də görmək istəyir

 

Son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən tədbirlər sayəsində digər rayon və şəhərlərimiz kimi, Qusar da hərtərəfli dinamik inkişaf yoluna qədəm qoymuşdur. Turizmin inkişafı prioritet istiqamət elan olunması ilə yanaşı, iqtisadiyyat və sosial infrastrukturun inkişafı da diqqətdən yayınmamışdır. Məsələn, son bir ildə Qusarda sahibkarlar tərəfindən 186,3 hektar sahədə yeni bağlar salınmışdır ki, onun da əksəriyyətini alma, armud, gilas və fındıq bağları təşkil edir.

 

Bundan əlavə, 39 hektar sahədə yeni üzümlüklər salınmış, Samur qəsəbəsində 800 tonluq soyuducu anbar binası tikilmiş, Çubuqlu kəndində meyvə saxlamaq məqsədilə 4 min tonluq soyuducu anbar binasının 2 min tonluq hissəsi istismara hazır vəziyyətə gətirilmiş, digər hissəsinin isə cari ildə istifadəyə verilməsi üçün tikinti-quraşdırma işləri davam etdirilməkdədir.

Heyvandarlıq məhsulları istehsalı sahəsində də artım müşahidə olunmuşdur. Təkcə belə bir faktı yada salaq ki, 2010-cu il ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına Qusar fermerləri tərəfindən 352 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində Qusar rayonunda 2010-cu ildə 1909 yeni iş yeri açılmışdır ki, ondan 413-ü daimi iş yerləridir. Ümumilikdə 2003-2010-cu illər ərzində rayonda 16740 iş yeri açılmışdır ki, bunun da 5366-sı daimi iş yerləridir.

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev prospektindəki 144 saylı çoxmənzilli yaşayış binasının dam örtüyü və fasadı əsaslı təmir edilmiş, 166 və 168 saylı binaların həyətlərində abadlıq işləri görülmüş, yaşıllıqlar salınmış, həyətə asfalt döşənmiş, 90 kvadratmetr sahəyə üzlük plitə, 5625 metr uzunluğunda səki daşları düzülmüş, sakinlərin istirahəti üçün oturacaqlar, uşaqlar üçün yelləncəklər qoyulmuş, digər abadlıq işləri görülmüşdür.

Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində də bir sıra addımlar atılmışdır. Elektrik enerjisi təminatını yaxşılaşdırmaq məqsədilə hava elektrik verilişi xətlərində təmir işləri görülmüş, yararsız dayaqlardan 613 ədədi yenisi ilə əvəz edilmiş, 454 dayaq təmir edilmiş, 19250 metr yararsız naqil dəyişdirilmiş, Qalacıq, Balaqusar, Mucuq kəndlərində mövcud transformatorlar yeniləri ilə əvəz edilmiş, Qusar şəhərində və Cağar yarımstansiyasındakı mövcud transformatorlar daha güclüləri ilə əvəz edilmişdir.

Rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması və yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir. Şirvanovka, Üzdənoba, Salehoba, Zuxuloba, Mucuqoba və Aşağı İmamqulukənd kəndlərinin qazlaşdırılmasına başlanmış və hazırda digər kəndlərə də qaz xətlərinin çəkilişi ilə bağlı işlər davam etdirilir. "Şahdağ" Qış-Yay Turizm Kompleksinə çəkilən diametri 325 millimetr olan 36,8 kilometrlik qaz kəmərinin tikintisi də başa çatdırılmışdır. Gedəzeyxur-İmamqulukənd və Balaqusar - -Urva xətlərinin xeyli hissəsi iri diametrli borularla yenidən tikilmiş, Qusar şəhərinin Balaqusar və Aerodrom yaşayış massivlərində 10,7 kilometr yeni qaz xətləri çəkilmiş, N.Mirzəxanov, M.Sabir, F.Həsrətov, Muxtadır, Füzuli, B.Ağaverdiyev, A.Xammətov küçələrində və digər küçələrdə qaz xətləri iri diametrli borularla əvəz edilmişdir.

Xuray və İmamqulukənd kəndlərinə yeni qaz xətlərinin çəkilişi başa çatdırılmış, Qusar şəhərində 11 ədəd qaztənzimləyici şkaf quraşdırılmış, 108 şkaf isə təmir edilmişdir.

Əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün Qusar şəhərinin S.Səfərov, Füzuli, S.Vurğun, L.Nemət küçələrində, Ciləgir yolunda, hərbi hissənin ərazisində və digər yerlərdə ümumilikdə 963 kilometr yeni su xətləri, N.Şərifov, S.Səfərov, Müqtədir, M.Vəliyev, Bakıxanov və digər küçələrdə ümumilikdə 482 metr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, H.Əliyev prospektində, H.Aslanov. Nəsimi, S.Səfərov, İ.İlyasov küçələrində ümumilikdə 349 metr uzunluğunda su xətləri yeniləri ilə əvəz edilmiş, digər xətlərdə isə təmir işləri görülmüşdür. Samur qəsəbəsində Yuxarı Ləyər-Qusar su xəttinin sel suları nəticəsində dağılmış hissələri təmir edilmiş, Samur qəsəbəsində, Zindanmuruq, Mucuq, Hil və Piral kəndlərində ümumilikdə 31,5 kilometr uzunluğunda yeni su xətləri çəkilmiş, 4370 metr su xətləri təmir edilmiş, Ənig kəndində 13, Piral kəndində 12 bulaq tikilmişdir.

Rayonda tikinti-abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Xatirə Kompleksinin, "Şahdağ"Qış-Yay Turizm Kompleksinin, Düztahir, Əcəxur və Yuxarı Ləyər kəndlərində mərasim evlərinin tikintisi davam etdirilmiş, Samur gömrük buraxılış məntəqəsinin binası və , Samur-Həzrə yolu istifadəyə verilmişdir. Prezident İlham Əliyevin 21 oktyabr 2010-cu il tarixli sərəncamına əsasən, 22 kilometrlik Həzrə-Zulux yolunun yenidən qurulmasına başlanılmışdır.

Yük avtomobillərinin şəhərin mərkəzi küçələrinə daxil olmadan hərəkətini təmin etmək məqsədilə 1,2 kilometrlik yeni dairəvi asfalt yol salınmış, Qusarçayın üzərində 80 metrlik yeni, müasir körpü tikilərək istifadəyə verilmişdir.

Şəhərin Z.Tağıyev, H.Mirzəxanov və Sabir küçələrində ümumilikdə 16240 kilometrlik asfalt örtüyü qoyulmuş, Şarvili, Sahil, L.Nemət, A.Xammətov və A.Nüsrət küçələrinə çınqıl döşənmişdir. Q.Məhəmməd, A.Nüsrət, H.Mirzəxanov və Sabir küçələrində qaz və elektrik xətləri təmir edilmişdir. N.Nərimanov adına parkda, H.Əliyev və Gənclər bağlarında təmir işləri görülmüş, Müqtədir, N.Şərifov, M.Vəliyev, M.Əbilov küçələrində hasarlar tikilmiş, suvanmış, rənglənmiş, dekorativ plitə və üzlük daşları vurulmuş, dəmir məhəccərlər quraşdırılmış və digər abadlıq işləri görülmüşdür. Polis şöbəsi üçün inzibati bina tikilərək istifadəyə verilmiş, Statistika İdarəsi və Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi üçün yeni inzibati binaların tikintisinə başlanılmış, Qusar Bələdiyyəsi binasının fasadı təmir edilmişdir. "Aerodrom" adlanan yaşayış massivində inşa olunmuş müasir üslublu yeni məktəb binası istifadəyə verilmiş, beləliklə də şəhərin mərkəzində yerləşən və qəzalı vəziyyətdə olan 4 saylı məktəb yeni binaya köçürülmüşdür. Bundan əlavə Böyük Muruq kəndində yeni məktəb binasının tikintisinə başlanmış, yerli büdcə vəsaiti hesabına rayonun 10 məktəbində əsaslı təmir işləri həyata keçirilmişdir.

Qusar yenilikləri barədə çox danışmaq olar. Amma aqillərimiz demişkən, "yüz eşitməkdənsə bir dəfə görmək daha üstündür". Bu kəlamı yada salmaqla onu demək istəyirik ki, əziz oxucu, Qusar yenilikləri ilə daha yaxından tanış olmaq üçün yaxşı olar ki, özünüz yolunuzu bu tərəflərə salasınız. Təxirə salmayın bu səfəri! Əminəm ki, gedənlər, görənlər peşman olmayacaqlar.

 

 

Q.CƏFƏROĞLU

 

Mədəniyyət.- 2011.- 24 aprel.- S. 5.