Mədəniyyətlər
və dinlərarası dialoqun möhtəşəm
ünvanı - Bakı
Dünya
dini liderlərinin Bakı Sammitindən bir il
keçir.
Güclü
iradə olan yerdə mədəniyyətlərarası dialoqun
məzmunu da dolğun olur.... Biz istəyirik ki,
bütün xalqlar, bütün dinlərin nümayəndələri
bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri
açıq şəkildə müzakirə etsinlər,
öz fikirlərini bildirsinlər.
Bakı, Azərbaycan belə mötəbər tədbirlərin
keçirilməsi üçün artıq ənənəvi
bir məkana çevrilmişdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEVİN
Bakı Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun açılış sessiyasındakı nitqindən
Azərbaycanın
paytaxtı Bakı şəhəri bu günlərdə
möhtəşəm bir beynəlxalq tədbirə -
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna
ev sahibliyi etdi. Dünya
ictimaiyyətini narahat edən problemlərin cövhərində
daha çox mədəni-mənəvi qatda mövcud ziddiyyətlərin
durduğu, mənəvi aspektin qabardığı müasir
dönəmdə belə bir tədbirin düzənlənməsi
və ümumən belə bir şərəfə layiq
görülmənin özü olduqca dəyərli və əlamətdar
haldır. Bu tədbir dünya mətbuatında,
mediada, beynəlxalq əhəmiyyətli tribunalarda hələ
uzun illər xatırlanacaq, burada səsləndirilmiş
ideyalar və gəlinmiş qənaətlər müxtəlif
kuluarlarda müzakirə olunacaq. Lakin elə
bu forumda adı xüsusi vurğulanmış daha bir önəmli
tədbiri də xatırlatmaq yerinə düşür.
Bir
çox tarixi əhəmiyyətli ilklərə imza atan,
önəmli hadisələrin ünvanı olan Bakı şəhəri
bir il əvvəl də olduqca vacib və
beynəlxalq miqyasda böyük rezonans doğurmuş bir tədbirə
ev sahibliyi etmişdir. Söhbət
dünyanın mənəvi mərkəzlərinin ən
yüksək təmsilçilərinin - dini liderlərin,
tanınmış ictimaiyyət nümayəndələrinin təşrif
buyurduğu Dünya Dini Liderlərinin Bakı Sammitindən
gedir.
Bakı Sammitinə gedən yol
Sivilizasiyalararası münasibətlərin xüsusi əhəmiyyət
kəsb etməsi yaşadığımız dövrün
mühüm trendlərindən biridir. Belə ki, soyuq
müharibə dönəmi aradan qalxdıqdan sonra ideoloji
mübarizə daha çox məhz bu müstəviyə
transfer etdi. Son onillik ərzində
"sivilizasiyaların labüd toqquşması" və bu
toqquşmanın, əsasən, dini müstəvidə baş
verəcəyinə dair bədnam proqnozun təhlili
dünyanın müxtəlif qitə və ölkələrində
onlarla lokal və beynəlxalq miqyaslı forumların əsas
mövzusuna çevrildi. Bu qəbildən
olan tədbirlərdə nüfuzlu dövlət, elm və din
xadimlərinin gəldiyi qənaət belə olmuşdur ki, bəşəriyyətin
xilası, habelə qloballaşma dövrünün təhdidlərindən
hifz olunması sivilizasiyalar, mədəniyyətlər və
dinlərarası dialoqdan keçir. Söhbət,
qloballaşmanın milli və dini-mənəvi dəyərlərə
savaş açdığı bir zamanda bəşəriyyətin
fiziki xilasından heç də az əhəmiyyət
kəsb etməyən identikliyin qorunmasından gedir.
Dinlərarası dialoqa dair irimiqyaslı tədbirlərin
düzənlənməsi bu zərurətin qəbul
olunmasından irəli gəlir. Belə ki,
dünyanın dini mərkəzləri bu istiqamətdə fəaliyyətlərini
genişləndirməklə bəşəriyyətin dinc
sabahının, sabit gələcəyinin təmini işinə
öz töhfələrini verməkdə israrlıdırlar.
Dialoqun, sadəcə dialoq xatirinə deyil, real nəticə
əldə etmək məramı ilə aparılması ən
mühüm hədəfdir. Dini liderlərin əlahiddə
deyil, birlikdə hərəkət etmələrinin səmərəli
ola biləcəyi ilə bağlı əminlikləri
onların bir araya gələrək dinindən, milli mənsubiyyətindən,
irqindən asılı olmayaraq bəşər övladına
Yaradan tərəfindən bəxş olunmuş müqəddəs
dəyər - həyat nemətini qorumaq yönündə
öz töhfəsini vermək məramını gündəmə
gətirdi. Dünya dini liderlərinin ümumi hərəkət
prioritetlərini və vəzifələrini müəyyən
etmək məqsədilə zirvə görüşləri
keçirmək praktikası belə yarandı.
Hal-hazırda
dünyada "Böyük səkkizlik dövlətləri"nin (G-8) ənənəvi sammitləri öncəsi
dini liderlərin də zirvə görüşləri
keçirməsi praktikası mövcuddur. Bu təcrübə
dünyanın aparıcı dövlət rəhbərlərinin
beynəlxalq əhəmiyyətli qərarlar qəbul edərkən
din xadimlərinin rəyini, mənəvi aspektləri nəzərə
almalarını təmin etmək məqsədi
daşıyır. Bu sahədə Rus Pravoslav
Kilsəsinin təşəbbüsləri xüsusi əhəmiyyət
kəsb edir. Mərhum Patriarx II Aleksinin
zamanından başlayaraq Moskva Patriarxlığının həyata
keçirdiyi təşəbbüslər dünya
miqyasında din xadimlərinin səylərinin inteqrasiyasına
verilən önəmin göstəricisi sayıla bilər.
İlk öncə, MDB miqyasında din xadimlərinin
bir araya gətirilməsi, səylərinin birləşdirilməsi
postsovet məkanında dini-mənəvi inteqrasiyanın
başlanğıcını qoydu. 2002-ci
ildə MDB Dinlərarası Şurasının
yaradılması ilə uzun illər ortaq tarixi-coğrafi məkanda
yaşamış ənənəvi din
ardıcıllarının maraq və mənafelərinin beynəlxalq
müstəvidə təmsil və təmin olunması
yönündə önəmli addım atılmış oldu.
MDB məkanının ənənəvi din
liderlərinin təsisçiliyi ilə yaradılmış bu
mötəbər şuraya həmsədrlər olaraq yekdilliklə
Moskva və bütün Rusiya Patriarxı II Aleksi və Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) sədri
Şeyxülislam Allahşükür Paşazadə
seçildilər. Şuranın müsəlman həmsədri
olaraq məhz QMİ sədrinin seçilməsi A. Paşazadənin
şəxsiyyətinə verilən dəyərdən, uzun illər
müsəlman konfessiyasını ən yüksək səviyyədə
təmsil etmək yönündə fəaliyyətinə
etimaddan, beynəlxalq miqyasda tanınmış dini lider
nüfuzundan və eyni zamanda, Azərbaycana ehtiramdan irəli gəlirdi.
MDB Dinlərarası Şurası fəaliyyəti
dövründə birlik ölkələrində tarixən
mövcud olmuş mənəvi əlaqələrin nəinki
qorunub saxlanmasını, habelə inkişaf etdirilərək
yeni keyfiyyət müstəvisinə
çıxarılması yönündə uğurlu nəticələrə
nail oldu. 2004-cü ildə Dinlərarası Sülhyaratma
Forumunun, 2006-cı ildə isə Dünya Dini Liderlərinin
Moskva Sammitinin keçirilməsi MDB Dinlərarası
Şurasının uğurlarından sayıla bilər.
Yeri gəlmişkən, dünya din xadimlərinin zirvə
görüşlərinin Moskva və Bakıda keçirilməsi
ideyası hələ 2002-ci ildə, yəni MDB DŞ təsis
olunarkən yaranmışdı ki, bu preroqativ hüquq xeyli dərəcədə
şuranın həmsədrlərindən birinin məhz azərbaycanlı
olması faktından qaynaqlanmışdı. O zaman bu ideya ümummilli
lider Heydər Əliyevin xeyir-duasını almışdı:
müdrik dövlət başçımız bu dəyərli
təşəbbüsü dəstəkləyərək,
Bakının belə bir əhəmiyyətli beynəlxalq
foruma ev sahibliyi etmə perspektivini yüksək
qiymətləndirmişdi.
2006-cı ilin 3-5 iyulunda Moskvada dünyanın 49 ölkəsini
təmsil edən 200-ə yaxın din xadiminin iştirakı ilə
dini liderlərin Ümumdünya Moskva Sammiti keçirildi. Bu sammitin yekun
sənədində müasir dünyanı narahat edən ən
mühüm problemlərin həllinə dair dünyanın
dini liderlərinin ortaq mövqeyi öz əksini tapdı.
Məhz bu sənəddə, ilk dəfə
olaraq, bəşəriyyətin mənafeyi naminə ənənəvi
dinlərin beynəlxalq təşkilatlarla sistemli əməkdaşlıq
zamanının yetişdiyi xüsusi vurğulandı.
Dini liderlərin BMT-nin strukturu olan YUNESKO yanında din xadimlərinin
yüksək səviyyəli Məşvərət
Şurasının təsis edilməsi ideyası da bundan sonra
yarandı ki, bunun da əsas təşəbbüskarları
Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kiril və Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə oldular. Böyük beynəlxalq rezonans doğurmuş Moskva
Sammitinin gedişində növbəti zirvə
görüşünün Bakıda keçirilməsi qəti
qərarlaşdı. Bu qərarın qəbulunda
Azərbaycanın bütün dünyada
tolerantlığın gerçək ünvanı kimi qəbul
edilməsi amili, şübhəsiz, mühüm rol oynadı.
Bakı Sammiti - 2010.
"Qloballaşma, din, ənənəvi dəyərlər"
Prezident
İlham Əliyev milli və dini dözümlülüyə
böyük önəm verir: "Azərbaycanda milli və dini
dözümlülüyün, tolerantlığın yüksək
səviyyədə olması artıq faktdır və bu, bizim
güc mənbəyimizdir....Biz istəyirik ki, ölkəmizdə
yaranmış bu təcrübə həm öyrənilsin, həm
bəlkə başqa ölkələr üçün də
maraq doğursun. Çünki bu, həqiqətən, nadir bir
təcrübədir və "Bakı prosesi"nin başlanması və uğurla davam etdirilməsi
onu göstərir ki, biz ortaya siyasi iradə qoyduqda məqsədə
nail ola bilirik".
Beləliklə, ötən ilin 26-27 aprelində tarixi əhəmiyyətli
tədbir gerçəkləşdi. Son illər bir
çox mühüm siyasi, iqtisadi, mədəni, idmanla
bağlı nüfuzlu beynəlxalq tədbirlərin
keçirildiyi Bakı şəhəri ilk dəfə
dünyanın dini-mənəvi nəbzinin vurduğu məkana
çevrildi. Uzun əsrlər boyu müxtəlif
sivilizasiya nümayəndələrinin tolerantlıq şəraitində
yanaşı yaşadığı Vətənimiz Azərbaycan
sammit günləri ərzində dünyanın mənəvi
mərkəzi titulunu daşımaq şərəfinə nail
oldu. Dünyanın 32 ölkəsindən Bakıya təşrif
buyurmuş 250-dən artıq nümayəndənin, 18 beynəlxalq
təşkilat təmsilçisinin iştirak etdiyi Bakı
Sammitinin lGülüstan" sarayında
açılış mərasiminə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin şəxsən
qatılması bu tədbirə dövlət səviyyəsində
verilən ali dəyər və dəstəyin
göstəricisi oldu.
Yüksək
təmsilçilik səviyyəsi ilə seçilən
Bakı Sammitinin işinə dünya miqyasında böyük
nüfuz sahibi olan şəxsiyyətlər - Rus Pravoslav Kilsəsinin
başçısı Patriarx Kiril, Vatikanın dinlərarası
dialoq üzrə Papa Şurasının sədri Kardinal Jan-Lui
Toran, Türkiyənin dini məsələlər naziri Əli
Bardakoğlu, Məzhəblərin Yaxınlaşması
üzrə Beynəlxalq Mərkəzin sədri Ayətullah Məhəmməd
Əli Təsxiri, Bütün ermənilərin Ali
Patriarx-Katolikosu II Qaregin, Küveytin vəqflər və islam
işləri üzrə nazirinin müavini Adil əl-Fəlah,
Gürcüstan Patriarxlığının Mitropoliti Gerasim
Şaraşinidze, "Dinlər sülh uğrunda"
Ümumdünya konfransının moderatoru Leonid Kişkovski
(ABŞ), ABŞ-dakı Tolerantlıq Muzeyinin direktoru Ravvin
Abraham Kuper, İslam Fiqhi Beynəlxalq Təşkilatının
Baş katibi Əbülqasim əl-Dibaci, Finlandiyanın
Yevangel-Lüteran kilsəsinin priması Arxiyepiskop Yukka Paarma,
Müqəddəs Egidiya İcmasının baş katibi
Adriano Rokkuççi, Əlcəzairin dini işlər və
vəqflər naziri Buabdulla Qulamulla, Avropa Yəhudiləri
Konqresinin sədri Pinxas Qoldşmidt, Türkiyə Cəfərilər
Birliyinin sədri Səlahəddin Özgündüz, İraq
şiə vəqflərinin sədri Saleh əl-Heydəri, MDB
ölkələrinin müsəlman, xristian, yəhudi dini rəhbərləri,
Şimali Qafqaz müftiləri, tanınmış buddist,
induist din xadimləri qatılmışdılar. Beynəlxalq Təşkilatlardan
İSESKO-nun Baş direktoru doktor Əbdüləziz Əl-Tüveycri,
İKT Baş katibinin müşaviri Sadəddin Tayib, YUNESKO-nun
regional təmsilçisi Dendev Badarç, habelə Avropa
Türk-İslam Birliyinin sədri Sərdar Çələbi,
"Mahmud-Xudayi" Vəqfinin Xeyriyyə Fondunun sədri Osman
Toppaş, Sivilizasiyaların Qarşılıqlı Əməkdaşlığı
Fondunun prezidenti Raxamim Emanuilov və b. Bakı Sammitinin fəxri
qonaqları idilər. Bakı Sammiti öz
proqramının zənginliyi və hətta
unikallığı ilə yadda qaldı. Belə
ki sammit çərçivəsində 2 mühüm
görüş reallaşdı ki, bunların hər birinin Azərbaycan
xalqı və dövləti üçün xüsusi əhəmiyəti
vardı. Bunlardan birincisi, Moskva və
bütün Rusiya Patriarxı Kirilin vasitəçiliyi ilə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə və
bütün ermənilərin Ali Patriarx-Katolikosu II Qareginin 3 tərəfli
görüşü oldu. Doğrudur,
Qarabağ müharibəsi başlanandan bəri
Ümumdünya Kilsələr Şurasının və Rus
Pravoslav Kilsəsinin vasitəçiliyi ilə bu səpgidə
Montre və Moskvada bir neçə analoji görüş
olmuşdu. Və bu görüşlər
münaqişənin dini müstəviyə keçməsinin
qarşısını almaq baxımından önəmli
olmuşdu. Lakin bu görüşü
özündən əvvəlki görüşlərdən fərqləndirən
əsas cəhət onun məhz elə Bakıda - Azərbaycan
torpağında baş tutması idi. İşğalçı
siyasətindən əl çəkməyən bir dövlətin
dini liderinin öz haqq işi uğrunda ədalətli
mübarizə aparan dövlətin paytaxtında tədbirə
qatılması nə qədər unikal və çoxları
üçün gözlənilməz idisə də, mahiyyət
etibarilə, haqqın qəbulu anlamına gələn məntiqi
bir addım idi. Sivil, çoxmillətli,
tolerant, həyatın bütün sahələrində
uğurlar qazanan dövlətin monoetnik dövlət olan
işğalçı qonşusundan nə dərəcədə
yüksəkdə durduğunu isbatlayan reallıq idi. Bu, Azərbaycan tərəfinin mənəvi qələbəsi
idi. Mənəvi qələbə isə
bütün qələbələrin rəhnidir.
26 aprel
2010-cu il tarixdə üçtərəfli
görüşün nəticələrinə dair Moskva və
bütün Rusiya Patriarxı Kirilin vasitəçiliyi ilə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə və
bütün ermənilərin Ali Patriarx-Katolikosu II Qaregin
arasında imzalanmış Bakı Bəyannaməsində
xüsusi vurğulandı ki, Azərbaycan və Ermənistanın
dini liderləri "münaqişənin nizamlanmasına dair
beynəlxalq səyləri dəstəkləyir, ... Azərbaycan
və Ermənistan prezidentlərinin səylərini dəstəkləməklə
onların təşəbbüslərinə yardım etmək
niyyətindədirlər". "Etibarlı
sülhün yalnız xoş məram və səmimi niyyət
olacağı təqdirdə mümkün olacağına"
diqqəti çəkən dini liderlər
"xalqlarımız arasında kin-küdurətin aradan
qaldırılması üçün əməkdaşlığın
mənəvi məhəklərinə əməl
olunmasını xüsusilə vacib saydıqlarını"
vurğuladılar. Vandalizm hallarını
qətiyyətlə pisləyən dini liderlər "dini abidələrin,
xalqlarımızın müqəddəs məbədlərinin
qorunub saxlanmasını vacib saydıqlarını" bəyan
etdilər (Bakının mərkəzində konservasiya
olunmuş erməni kilsəsini ziyarət edərkən, erməni
katalikosunun hansı hisslər keçirdiyini təsəvvür
etmək məntiqlə o qədər də çətin
deyil). "Vahid Yaradan qarşısında,
xalqlarımız qarşısında borc və məsuliyyətin
sülh, mərhəmət və mövcud problemlərin ədalətli
həlli naminə səy göstərməyə sövq
etdiyinə" istinad edən dini liderlər səyləri birləşdirməklə
nifrət və kini aradan qaldıra biləcəklərinə,
sülh və anlaşmaya nail olmaq yolunda uğur
qazanacaqlarına ümidlərinin son dərəcə
böyük olduğunu bəyan etdilər. Bakı Sammiti çərçivəsində YUNESKO
ilə əməkdaşlıqda din xadimlərinin yüksək
səviyyəli məşvərət qrupunun işçi
toplantısının keçirilməsi də vacib məqamlardan
biri oldu. Belə ki, mənəvi dəyərlərdən,
müqəddəs dini orientirlərdən uzaq düşməyin
ağır fəsadlara gətirib
çıxardığının fərqinə getdikcə
daha artıq varan sekulyar dünya bəşəri əhəmiyyətli
qərarların qəbulu zamanı din xadimlərinin məşvərətinə
ehtiyac duyulması zərurətini qəbul edir.
Doğrudur, bunun reallaşma formaları hələ müzakirə
obyektidir, lakin BMT rəhbərliyi ilə aparılan davamlı
fikir mübadiləsi, 2008-ci ildə QMİ sədrinin də
iştirak etdiyi Moskvada BMT Baş katibi Pan Gi Munla məsləhətləşmələr
və bunun nəticəsi olaraq, din xadimlərinin yüksək
səviyyəli Məşvərət qrupunun təşəbbüskarı
olaraq müsəlman konfessiyası adından Şeyxülislam
Allahşükür Paşazadənin də
imzaladığı müraciət məktubunun sayəsində
bu ideya gerçəkləşmək üzrədir. BMT strukturu olan YUNESKO dinlərarası dialoqu mədəniyyətlərarası
dialoqun tərkib hissəsi kimi nəzərdən
keçirdiyindən, ilkin mərhələdə məhz
YUNESKO ilə əməkdaşlıqda fəaliyyətinə rəvac
verilmiş bu qrupun Moskvada təsis iclasından sonra ilk
işçi iclasının məhz Bakıda - sammit çərçivəsində
reallaşması həm simvolik, həm də əhəmiyyətli
oldu. Simvolik ona görə ki, toplantı dünyada
tolerantlıq ünvanı kimi tanınan bir məkanda baş
tuturdu, əhəmiyyətli ona görə ki, iclas
iştirakçıları qurumun effektiv iş mexanizminin
yaradılması yönündə, habelə qrupun nizamnaməsinə
dair bir sıra mühüm məqamların əks olunduğu
müraciət qəbul edərək, YUNESKO rəhbərinə
ünvanladılar.
Daha bir diqqətəlayiq məqam sammit öncəsi MDB
Dinlərarası Şurasının iclasının Bakıda
- Təzəpir məscid kompleksinin böyük konfrans
zalında keçirilməsi oldu. Azərbaycan dövlətinin maddi və
mənəvi yardımı sayəsində ən yüksək
səviyyədə ərsəyə gəlmiş bir məkanda
baş tutan toplantıda mərhum Patriarx II Aleksinin vəfatından
sonra boş qalmış MDB Dinlərarası
Şurasının həmsədri postuna Rus Pravoslav Kilsəsinin
yeni başçısı Kiril yekdilliklə seçildi. Prezident İlham Əliyevin şəxsi diqqət və
qayğısı sayəsində böyük bərpa və
yenidənqurma işlərinin reallaşdığı Təzəpir
məscidini ziyarət edən görkəmli din xadimi Kiril həzrətləri
burada müsəlmanlar qarşısında
çıxış etdi.
Qısa müddət içərisində ikinci dəfə
(ilk dəfə Patriarx Kiril Şeyxülislam A. Paşazadənin
60 illik yubileyi münasibətilə ölkəmizə təşrif
buyurmuşdu - R.D.) Azərbaycanı ziyarət edən Zati-müqəddəsləri
Kiril həzrətləri dövlət başçımız
İlham Əliyevlə görüşdə onu Azərbaycan
Respublikasında dinlərarası sülh və anlaşma
işinə əhəmiyyətli töhfəsinə görə
Rus Pravoslav Kilsəsinin ali mükafatı -
I dərəcəli "Şərəf və şöhrət"
ordeni ilə təltif etdi.
Şübhəsiz ki, Bakı Sammitinin yekun sənədi
diqqətəlayiq məqamları ilə nəinki
dünyanın dini cameəsində, habelə elmi və ictimai
kuluarlarında hələ uzun müddət xatırlanacaq. Bu, təbii
ki, yekun sənəddə dünyanı narahat edən əsas
problemlərin həlli yönündə konkret təkliflərin
yer almasından irəli gəlir. 32 ölkədən
olan xristian, müsəlman, yəhudi, buddist və induist dinlərinin
rəhbərləri və təmsilçilərinin
imzaladığı yekun sənəddə qloballaşmanın
fəsadları, yeni informasiya texnologiyalarından məkrli məqsədlər
üçün istifadə, iqtisadi böhranın mənəvi
aspektləri, ətraf mühitin qorunması, dünyanı lərzəyə
gətirən terrorizm və narkomaniya bəlası, din
adından sui-istifadə və s. kimi geniş spektrli məsələlərə
din xadimlərinin yanaşması öz əksini tapdı.
Önəmli məqamlardan biri yekun sənəddə din xadimlərinin
dünyanın düzəni ilə bağlı fikirləri
oldu: "Biz elə bir dünya düzəninə səsləyirik
ki, hər bir ölkə öz ərazi
bütövlüyünü qorusun. Eyni zamanda, hər
bir xalq azad şəkildə, heç bir maneə olmadan
inkişaf etməli, öz taleyi ilə bağlı
bütün beynəlxalq qərarların qəbulunda adekvat
iştirak etməlidir. Meydana çıxan münaqişələr,
bu munaqişəyə cəlb olunmuş bütün tərəflərin
maraqları nəzərə alınmaqla, beynəlxalq birlik tərəfindən
qəbul olunan norma və prinsiplər əsasında
ədalətli həllini tapmalıdır" (Bakı Sammitinin
yekun sənədindən). Dinlərarası əməkdaşlığı
bütün səviyyələrdə və bütün
formatlarda inkişaf etdirməyə çağıran
dünyanın dini liderləri bu prosesin alternativi
olmadığını, dövlətlər və xalqlar
arasında sülhün dəstəklənməsi
üçün qüvvələri daxilində əllərindən
gələni etməyin zəruriliyini xüsusi
vurğuladılar.
Sammit iştirakçılarının bir qrupu Azərbaycan
Televiziyasında "Günün nəbzi" verilişində
Bakı Sammiti, onun əhəmiyyəti, qərarları ilə
bağlı dəyərli fikir və təəssüratlarını
bölüşdülər.
"Buta" sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
iştirakı ilə sammit iştirakçılarının
şərəfinə ziyafət verildi.
Tarixin yaddaşı - Bakı Sammiti
Bakı
Sammitinin açılış mərasimində
çıxış edən Prezident İlham Əliyev bu tədbirin
əhəmiyyətini xüsusi vurğuladı:
"Bu
gün bütün dini konfessiyaların nümayəndələrinin
bir masa arxasında oturması özlüyündə
böyük bir hadisədir....Mən ümid edirəm ki,
dünya dini liderlərinin birgə fəaliyyəti nəticəsində, ...qəbul olunacaq qərarların
icrası nəticəsində həm xalqlararası münasibətlər
daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda,
bölgəmiz və dünyamız daha da əmniyyətli
olacaqdır. Biz elə etməliyik ki,
bütün münaqişələr tezliklə öz həllini
tapsın. Elə etməliyik ki, insanlar
bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar.
Bu işdə təkcə siyasətçilərin fəaliyyəti
kifayət ola blməz. Cəmiyyətdə
yüksək hörmətə malik olan dini liderlərin
sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən
sözlər, verilən bəyənatlar, əlbəttə ki,
dünyada da geniş əks-səda yaratmışdır"
26-27 aprel
2010-cu il tarixdə "Qloballaşma, din, ənənəvi
dəyərlər" mövzusunda dini liderlərin
Ümumdünya Bakı Sammiti beynəlxalq miqyasda böyük əks-səda
doğurdu. Bakıda belə bir mötəbər
tədbirin keçirilməsi Azərbaycanımızın
şöhrətini daha da artırdı, iqtisadi uğurları
ilə yanaşı, sülhpərvərlik ruhurun, dinlərarası
dialoqun ön sıralarında layiqli yer tutduğunu bir daha
bariz şəkildə sübut etdi. Bu forum
dünya miqyasında dövlətimiz barədə yüksək
fikir formalaşdırılması, onun geosiyasi qüdrətinin
nümayiş etdirilməsi işinə xidmət etməklə
yanaşı, həm də Vətənimizin üzləşdiyi
Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin
bəyan olunduğu yüksək xitabət kürsüsü
oldu. Azərbaycana təcavüzünə dair əsl həqiqətlərə
dini don geyindirərək, xristian-müsəlman
qarşıdurması kimi təqdim etməklə xristian
dünyasından maddi-mənəvi yardıma, siyasi dəstəyə
nail olan bədxah qonşularımızın bilavasitə
yaxınlığında dünya dini liderlərinin
iştirakı ilə belə bir önəmli forumun məhzə
Bakıda baş tutması onların bədnam niyyətləri
qarşısına effektli ideoloji təbliğat səddi
çəkə bildi. Belə ki, Bakı
Sammitində dünya səviyyəsində böyük
nüfuz sahibləri, böyük bir kütləni mənəvi
cəhətdən ardınca aparmaq qüdrətində olan
dini liderlər, habelə ictimai xadimləri iştirak edirdi.
Bu sammitin
böyük dəyəri nəzərə alınaraq onunla
bağlı Azərbaycan hökumətinin xüsusi
tapşırığı ilə "Salnamə"
studiyası tərəfindən 4 dildə Bakı Sammiti, onun
tarixi qərarları, yüksək səviyyəli
görüşləri barədə müfəssəl məlumat
verən sənədli xronika - "Tarixin yaddaşı -
Bakı Sammiti" filmi ərsəyə gəldi.
Əminik
ki, Bakı gələcəkdə də çoxsaylı
möhtəşəm tədbirlərə ev
sahibliyi edəcəkdir və hər bir tədbirin özünəxas
əhəmiyyəti, özəl cəhətləri və
tarixi dəyəri olacaqdır. Azərbaycan xalqı bunu haqq
etmişdir: necə ki bu yaxınlarda Bakıda Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu ən yüksək
səviyyədə baş tutdu. Dövlət səviyyəsində
dəstəklənən mədəniyyətlərarası
dialoq, onun tərkib hissəsi olan dinlərarası dialoq
işinin Bakının adı ilə bağlanması hər
bir azərbaycanlı üçün fəxarət mənbəyi,
qürur doğuran haldır. Bu, bizim mənəvi
üstünlüyümüzdür, dünya müstəvisində
mədəniyyət və mənəviyyatımızın
yüksəkliyinə dəlalət edən və şəhadət
verən dəyərli amildir. Bu, müstəqil
dövlətimizi beynəlxalq aləmdə ən yüksək
mənəvi pyedestalda qərarlaşdıran məqamdır
ki, bütün qələbələrimizə açar
olacaqdır.
Dünya inkişaf etdikcə, prioritetlər dəyişir,
paradiqmalar əvəzlənir. Lakin dəyişməyən
yalnız əbədi mənəvi postulatlardır ki onlar
dünyamızı məhvərindən çıxmağa
qoymur. Bu baxımdan, dinlərin üzərinə
uca mənəvi missiya düşür. Bəşəriyyətin
sabahı naminə dinlərarası dialoq işinə məxsusi
töhfə vermək baxımından Bakı Sammiti heç
zaman xatirələrdən, silinməyəcəkdir. Uca Yaradanın buyurduğu müqəddəs
idealların gerçəkləşməsi məramına
xidmət edən Dini Liderlərin Ümumdünya Bakı
Sammiti tarixi əhəmiyyətli görüşləri və
qərarları ilə yaddaşlara həkk olunmuş, mənəviyyat
salnaməmizə daxil olmuşdur. Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin sözləri
ilə desək, "Azərbaycan dünyanın qloballaşan
xəritəsində qarşılıqlı dialoqa, iqtisadi əməkdaşlığa,
sülhməramlı layihələrə və dinc
yanaşı yaşama prinsiplərinə hazır olan bir
dövlətdir və inşallah, bu siyasi kursunu daima ləyaqətlə
davam etdirəcəkdir".
Rəhimə DADAŞOVA,
Qafqaz Müsəlmanları İdarəsi
mətbuat
xidmətinin rəhbəri, tarix üzrə fəlsəfə d
oktoru
Xalq qəzeti.- 2011.- 26 aprel.- S. 3.