Çernobıl
qəzasından 25 il ötür
Hər il aprel aynın 26-da MDB, həmçinin
Şərqi Avropanın bir sıra ölkələrində
20-ci əsrin ən dəhşətli qəzalarından olan
Ukraynanın Pripyat şəhərindəki Çernobıl
Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın
ildönümü qeyd olunur. 25 il əvvəl stansiyada baş
vermiş partlayış və yanğın nəticəsində
yaranmış radiasiya buludu Şərqi Avropanın
böyük bir hissəsini bürümüş, həmçinin
cənub istiqamətində hərəkət edərək
böyük bir ərazini çirkləndirmişdir.
Bütün dünya üçün ən dəhşətli
texnogen faciələrdən biri olan Çernobıl qəzasının
ildönümü ilə bağlı Səbail Rayon İcra
Hakimiyyətində qəzanın aradan
qaldırılmasının iştirakçıları
olmuş rayon sakinləri ilə görüşdə bu barədə
söhbət açılmışdır.
Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, bu dəhşətli qəza o zaman bütün dünyada əks-səda doğurmuşdu. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusiyada 300 min nəfər öz yaşayış yerlərini tərk etmişdilər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarkofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdu. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşdülər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdur.
Görüşdə bildirildi ki, hadisədən 25 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər. Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini yaxşı bilən Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamışdı. Bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdı.
Toplantıda qeyd olundu ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 52-i müxtəlif dərəcəli əlildir. Onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanatoriya müalicəsi ilə təmin olunurlar. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması nəzərdə tutulur. Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olundu.
R.TAHİR
Xalq qəzeti.- 2011.- 26 aprel.- S. 6.