Sumqayıt: sabaha boylanan şəhər

 

Sosial və demoqrafik mənzərəsinə görə "kiçik Azərbaycan" adlandırılan Sumqayıt qədim tarixə malik olmasa da, ötən əsrin ikinci yarısında keçmiş SSRİ-nin iqtisadi xəritəsində layiqli yer tutmuş iri sənaye mərkəzlərindən biri sayılırdı. Onilliklər ərzində burada sosial, mədəni-məişət sferası da inkişaf etmişdir. Lakin sovetlər birliyinin süqutu, ictimai-siyasi formasiyanın dəyişməsi nəticəsində zəncirvari iqtisadi bağlılıq qırıldığına görə Sumqayıt da bir müddət özünün böhran mərhələsini yaşamalı olmuşdur. Müstəqillik illərində isə ulu öndərin işləyib hazırladığı inkişaf konsepsiyası zəminində gənclik şəhəri yenidən dirçəlməyə başlayıb. Hazırda Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində Sumqayıtın infrastrukturu dinamik inkişaf etməkdədir. Azərbaycan sənayesinin tərəqqisində unikal əhəmiyyəti artan şəhər bir növ özünün ikinci gəncliyinə qovuşur.

 

İlin ilk rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş fəallar yığıncağının nikbin ruhda keçməsi də ilk növbədə məhz bu amillə izah edilməlidir.

Sözügedən yığıncağı, əslində, Sumqayıtın yeni rəhbərliyinin ictimaiyyət nümayəndələri ilə növbəti işgüzar görüşü də adlandırmaq olar. Bundan əvvəl iştirak etdiyim illik hesabat iclası və Corat qəsəbəsinin sakinləri ilə görüş də eyni formada - birbaşa ünsiyyət, açıq diskussiya şəraitində keçmiş və demək olar ki, özünü doğrultmuşdur. Bu arada təşkil olunan çoxsaylı qəbullar və səyyar görüşlər isə rəhbərliklə sakinlər arasında açıq dialoqların aparılması, idarəetmə ilə bağlı problemlərin üzə çıxması və konkret vəzifələrin müəyyənləşdirilməsi baxımından faydalı olub.

İcra hakimiyyətinin başçısı Eldar Əzizov fəallar yığıncağını açaraq aprelin 12-də Nazirlər Kabinetində rübün yekunlarının müzakirəsi zamanı diqqətə çatdırılan aspektlərə toxundu. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində qeyri-neft sektorunun inkişaf tempinə görə neft sektorunu üstələməsini böyük nailiyyət adlandırdı. Dedi ki, bu gün artıq Azərbaycanda dinamik inkişaf və sürətli tərəqqi meyilləri adi normaya çevrilibdir. Təkcə Sumqayıt şəhəri üzrə rüblük makroiqtisadi göstəricilər orta respublika səviyyəsindən yüksək olub.

Hesabat məruzəsinin çap variantı artıq yığıncaq iştirakçılarında olduğu üçün icra hakimiyyəti başçısının müavini Sahib Quliyev onun qısa icmalını təqdim etdi. O, bildirdi ki, rüb ərzində Sumqayıtın şəhər həyatının bütün sahələrində uğurlar qazanılıb, əhalinin rifah halının daha da yaxşılaşmasına yönəldilmiş bir çox infrastruktur layihələr, abadlıq və quruculuq işləri həyata keçirilib. Ümumi məhsul buraxılışı 150 milyon manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 20 faiz olub. Bu dinamika sənayedə 22 faizə çatıb və 77 milyon manatdan çox olub. Ümumi daxili məhsulun 63,4 faizi qeyri-dövlət bölməsinin payına düşüb. Şəhərdə orta aylıq əməkhaqqı 215 manatdan 315 manata yüksəlib. Kimya sənayesi və metallurgiyada məhsul istehsalı iki dəfə, yüngül sənayedə isə iki dəfə yarım artıb. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 25 milyon manatdan çox investisiya qoyulub. İnamla demək olar ki, "Azərikimya" İstehsalat Birliyi əsl dirçəliş dövrünü yaşayır. Digər sənaye müəssisələrində istehsal qaydaya salınır. Yeni istehsal sahələrinin inşası davam edir. Sahibkarlığın inkişafına dövlət qayğısının gücləndirilməsi hesabına Sumqayıtda müasir standartlara cavab verən bir sıra sahələr yaradılıb. Bu sahələrdə yüksək keyfiyyətli yeyinti məhsulları, məişət malları, elektroenergetika məhsulları, inşaat materialları buraxılır.

İkinci regional inkişaf Dövlət Proqramı üzrə Sumqayıtda 6 istiqamətdə 15 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Şəhərin böyük, müasir sənaye mərkəzinə çevrilməsi məqsədilə aparılan işlərin tərkib hissəsi olacaq bu vəzifələrin icrası üçün kompleks tədbirlər planı hazırlanıb, müvafiq komissiya və işçi qruplar yaradılıb. Rüb ərzində həyata keçirilən tədbirlər nəticəsində hamısı daimi olmaqla 650-dən artıq yeni iş yeri açılıb. Eldar Əzizov məruzəçinin dediklərinə əlavə olaraq bildirdi ki, Sumqayıtın sənaye mərkəzinə çevrilməsi ideyası ilə əlaqədar bu ilin sonuna kimi Bakıdan 10 iri müəssisə buraya köçürüləcək. Texnologiyalar Parkının nəzdində daha 4 zavod tikiləcək, istehsal artırılacaq. Lakin məhsulun satışına nail olmaqdan ötrü bazara çıxış təmin edilməlidir. Buna görə də Sumqayıtın nəqliyyat infrastrukturunu sürətlə genişləndirmək, burada sənaye limanı, yeni avtovağzal tikmək, müəssisələrdə çalışacaq gənclər üçün texniki peşə məktəbi yaratmaq nəzərdə tutulur.

Fəallar yığıncağında tikinti və quraşdırma sahəsində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin işindən də danışıldı. Bunların bir çoxunun ağır iqtisadi durumda, tənəzzüldə olduğu açıqlandı. Həmin səbəbdən mənzil-tikinti kooperativləri uca binalar tikintisini bəzən yarımçıq qoyur ki, bu da şəhərin ümumi görünüşünə xələl gətirir. İcra başçısı dövlətin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına daimi qayğı göstərdiyini xüsusi qeyd edərək bildirdi ki, bu məqsədlə "İnşaatçılar" massivində 50-60 il əvvəl tikilmiş və artıq istifadəyə yararlı olmayan "fin" evlərinin yerində yeni göydələnlər ucaldılacaq. Köhnə mənzillərin sahibləri isə dövlətin köməyi ilə təzə evlərə köçürüləcək. Ümumiyyətlə, torpaq və mənzil fondundan səmərəli istifadə edilməsi üçün Sumqayıtda təsirli tədbirlər həyata keçiriləcəkdir.

Eldar Əzizov sonra dedi:

-Möhtərəm Prezidentimiz Sumqayıta, onun sadə, əməksevər insanlarına daim qayğı göstərir, şəhərin inkişaf perspektivlərini diqqətdə saxlayır. Yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri üçün bu günlərdə şəhər icra hakimiyyətinə 5 milyon manat vəsait ayrılması da məhz sumqayıtlılara olan böyük diqqət və qayğıdan xəbər verir. Bütün bunlara görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk!

Hazırda şəhərə dəvət olunmuş bir neçə qrup yüksək ixtisaslı memarların iştirakı ilə Heydər Parkının, ölkə rəhbərinin bilavasitə nəzarətində olan ölkə əhəmiyyətli tarixi və mədəniyyət abidələri siyahısına salınmış Nəsimi adına istirahət parkının, şəhərin girişi - "Sülh" küçəsinin abadlaşdırılaraq yenidən qurulması məqsədilə layihələndirmə işləri başa çatmaqdadır. Artıq bu işlərə start verilib. Küçələrə səki daşları qoyulur, yaşıllıq sahələri salınır. Şəhərin estetik görkəminə xələl gətirən müxtəlif ölçülü yöndəmsiz köşk və quraşdırma obyektlərin köçürülməsi üzrə fəaliyyət gücləndirilib.

Sumqayıtda "Nümunəvi məhəllə"lərin yaradılması üzrə tədbirlər də nəzərdə tutulur. Hər bir MİS-in ərazisində olmaqla şəhərdə 23 belə məhəllə yaradılacaq. Artıq 13 və 18-ci mikrorayonlarda bu iş reallaşdırılır. Əhalinin asudə vaxtının təşkilinə, gənclərin pis vərdişlərdən yayınmasına xidmət edən müxtəlif idman qurğularının da olacağı bu məhəllələrin önəmi böyükdür.

İctimaiyyəti ciddi narahat edən narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi Sumqayıtda artıq özünü göstərir. Hüquq-mühafizə orqanlarının reallaşdırdığı tədbirlər səmərə verir. Lakin maarifləndirmə işi daha da genişləndirilməlidir.

Yığıncaqda vurğulandı ki, şəhər ərazilərində bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, küçə ticarətinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşımalı, səmərəli olmalıdır.

Sumqayıtda əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması, digər kommunal xidmətlərin göstərilməsi üzrə də müəyyən tədbirlər görülür. Lakin çatışmazlıqlar qalmaqdadır. Məsələn, rüb ərzində su satışı sahəsində heç bir sayğaclaşdırma aparılmayıb. Buna görə də ödəmə yalnız 61 faiz həddində qalır. Nəqliyyat xidməti, xüsusən də sərnişindaşıma günün tələbləri səviyyəsindən uzaqdır. Əhali ilə görüşlərdə bununla bağlı səslənən narazılıqlar üstünlük təşkil edir. Elə fəallar yığıncağının "açıq mikrofon"unda da bu barədə şikayətlər eşidildi.

Tədbirdə şəhərin memarlıq, təhsil və səhiyyə sahələrinin fəaliyyəti də ətraflı müzakirə olundu, həmin qurumların rəhbərlərinə ciddi tapşırıqlar verildi.

Yeri gəlmişkən, Sumqayıtın yeni rəhbərliyi fəaliyyətində "anonim sorğu" keçirilməsini məqbul sayır və bununla da neqativ halları, korrupsiya meyllərini asanlıqla aşkara çıxarır. Bu yaxınlarda şəhər rəhbərliyinin sahibkarlarla görüşü zamanı tətbiq edilən həmin sorğuda bəzi nəzarətedici qurumların fəaliyyətindəki yarıtmaz cəhətlər üzə çıxdı. Şəhər rəhbərliyi xoşagəlməz, bəzən də cinayət xarakterli meyillərə qarşı daha qətiyyətlə mübarizə aparmağa kömək edən bu vasitədən davamlı şəkildə istifadə etməkdə israrlıdır. Fəallar yığıncağında diqqət çəkən bir yenilik də ondan ibarət oldu ki, şəhər üzrə həyata keçirilən layihələrin, yeni gerb və simvollar üzrə elan edilmiş müsabiqəyə təqdim olunan eskizlərin slaydları monitorda canlandırılmaqla geniş müzakirəyə çıxarıldı.

Tədbirə yekun vuran icra hakimiyyətinin başçısı Eldar Əzizov diqqəti qarşıda duran mühüm vəzifələrə cəlb etdi. O, bir daha bildirdi ki, bu vəzifələrdən ən əsası Sumqayıtı tezliklə müasir sənaye mərkəzinə çevirmək, şəhərin ümumi görkəmini paytaxt Bakının standartlarına maksimum yaxınlaşdırmaq, sakinlərin rifah halını daha da yaxşılaşdırmaqdır.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 27 aprel.- S. 11.