Ordu gəncləri Vətənə və dövlətə sadiqdir

 

Silahlı Qüvvələrimizin aparıcı hissəsini, heç şübhəsiz, gənclik təşkil edir. Bu mənada onların əsl vətənpərvər kimi yetişməsi və öz üzərlərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirməsi müharibə şəraitində yaşayan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Əlbəttə, gənclik ardıcıl diqqət və qayğı tələb edən qüvvədir. Ölkəmizdə bununla bağlı həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərin həm keyfiyyət, həm də miqyas baxımından gündən-günə genişlənməsi gənclərin həyatda prinsipial mövqe tutmasını əhəmiyyətli dərəcədə stimullaşdırır və bütövlükdə Vətənimizə dayaq ola biləcək yeni nəslin formalaşması sahəsində ciddi irəliləyişlərə rəvac verir.

 

Azərabycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də bir qrup gənci və tələbə-gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunaraq bildirmişdir ki, cəmiyyətimizin bütün üzvləri kimi Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc öz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır. Dövlət başçısının aprel ayının əvvəlində "Azərbaycan gəncliyi Dövlət Proqramı haqqında" imzaladığı sərəncam ölkədə hər şeydən çox insan kapitalına xüsusi diqqət və qayğı göstərilməsindən xəbər verir. Etiraf edək ki, bu gün ordu gəncləri də dövlətin bu diqqət və qayğısını öz həyatlarında gündən-günə daha çox hiss etməkdədirlər.

Ölkə rəhbərliyinin hərbçilərin sosial müdafiəsini daim diqqət mərkəzində saxlaması Silahlı Qüvvələrimizin döyüş hazırlığında yeni keyfiyyət göstəricilərinin əldə olunmasına əsaslı təkan verir. Təkcə onu demək kifayətdir ki, 2004-cü ildə müdafiə xərclərinə ümumi daxili məhsulun 2,3 faizi ayrılırdısa, sonrakı illərdə bu rəqəm mütəmadi olaraq ilbəil artırılmış, yalnız hərbi qulluqçulara deyil, həm də hərbi xidmətlə bağlı digər şəxslərə bir sıra imtiyaz və güzəştlər tətbiq edilmişdir. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında" 23 yanvar 2006-cı il tarixli sərəncamı hərbi peşə sahiblərinə dövlət qayğısının əhəmiyyətli təzahürüdür. Bu sərəncamla Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbə maaşı 2006-cı il 1 yanvar tarixindən iki dəfə artırıldı. Bundan bir il sonra ölkə başçısı hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsi haqqında fərman imzaladı. Bu fərmana görə hərbçilərə verilən ipoteka kreditlərinin illik ödənişli faizi çox olmamalıdır. 2006-cı ilin iyul ayında ölkə Prezidentinin təşəbbüsü ilə hərbi qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər də ordu mənsubları tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Belə ki, bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsini, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizin müəyyən edilməsini nəzərdə tutur. Ümumiyyətlə, ölkə başçısının müvafiq sərəncamları ilə son illər hərbi qulluqçuların aylıq vəzifə maaşları, o cümlədən hərbi məktəblərdə təhsil alan kursantların pul təminatı bir neçə dəfə, 2008-ci ildə isə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyanın məbləği iki dəfə artırılmışdır.

Bildiyimiz kimi, hərbi qanunvericilik aktlarına 2006-cı ildə edilən əlavə və dəyişikliklərdə xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb. Ümumiyyətlə, son bir neçə ildə Silahlı Qüvvələrimizin hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderləri paylanılıb. Xüsusilə, son dövrlər Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində aparılan intensiv tikinti, yenidənqurma və təmir işləri hərbçilərimizin yüksək döyüş hazırlığına yiyələnməsində önəmli rol oynayıb. Belə ki, ümumi sahəsi 124.380 kvadratmetr olan bir neçə bina və məişət obyektləri tikilərək Vətən müdafiəçilərinin ixtiyarına verilib. Bu sırada yeni inşa olunan və ən müasir avadanlıqlarla təchiz edilən onlarla əsgər yeməkxana və yataqxanaları xüsusi qeyd olunmalıdır. Hal-hazırda ümumi sahəsi 158.570 kvadratmetr olan bina və məişət obyektlərinin tikintisi uğurla həyata keçirilir. Ümumi sahəsi 79.845 kvadratmetr olan bina və məişət obyektlərində aparılan əsaslı təmir işlərinin isə ən qısa müddətdə başa çatdırılması planlaşdırılır. O cümlədən ayrı-ayrı hərbi şəhərciklərimizdə ümumi sahəsi 922 kvadratmetr olan 15 qazanxana binası inşa edilmiş, müasir tipli texnoloji avadanlıqlarla təchiz olunmuş, ümumi uzunluğu 17.850 metr olan ərazidaxili istilik xətləri çəkilmiş və 52 binada daxili istilik sistemləri quraşdırılmış, 24 texniki binanın dam örtüyü tam təmir olunmuşdur. Bütün bunlar Müdafiə Nazirliyi sistemində aparılan quruculuq işlərinin yalnız müəyyən hissəsidir. Ümumi statistikada əsas yerlərdən birini də hərbi qulluqçular üçün nəzərdə tutulmuş yaşayış binaları tutur. Bu günlərdə Ağstafa bölgəsində yerləşən "N" hərbi hissəsində 40 mənzillik yeni yaşayış binasının istifadəyə verilməsi Azərbaycan dövlətinin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir. Sevindirici haldır ki, bu binadan mənzil alanların əsas hissəsini gənc hərbi qulluqçular təşkil edir. Yeri gəlmişkən, müvafiq istiqamətdə bu il növbəti dördmərtəbəli binanın istifadəyə verilməsi də nəzərdə tutulub. Hərbi qulluqçularımız bütün bunları Azərbaycan dövlətinin ordu gənclərinə inam və etimadının ifadəsi kimi qəbul edir və göstərilən qayğıya Vətənə, dövlətə sədaqətlə, yüksək döyüş hazırlığına yiyələnməklə cavab verirlər.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.-27 aprel.- S. 11.