Sabirabad rayonunda Çernobıl əlillərinə xüsusi diqqət göstərilir
Bu
günlərdə Sabirabad rayonunda Çernobıl faciəsinin
25-ci ildönümü münasibətilə həmin faciənin
aradan qaldırılmasında iştirak etmiş vətəndaşlarla
görüş keçirildi.
Tədbir
iştirakçıları faciə qurbanlarının xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər. Rayon icra hakimiyyətinin
başçısı Nazim İsmayılov
çıxış edərək bildirdi ki, dünyanın ən
dəhşətli qəzası olan Çernobıl faciəsindən
25 il keçməsinə baxmayaraq, bu qəzanın fəsadları
hələ də qalmaqdadır. Həmin dövrdə
SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər
vəchlə qəzanın ağır nəticələrini
xalqdan gizlətməyə çalışırdı. Ümummilli
liderimiz Heydər Əliyev Siyasi Büronun yeganə
üzvü idi ki, faciənin gizlədilməsinə
qarşı çıxdı və baş vermiş hadisənin
xalqa doğru-dürüst çatdırılmasına təkid
etdi.
Qeyd
olundu ki, Çernobıl qəzasının nəticələri
Azərbaycandan da yan keçməmişdir. Qəzanın nəticələrinin
aradan qaldırılmasında 7 mindən çox həmvətənimiz
iştirak etmiş, Sabirabaddan da bu iş üçün
yüz nəfərdən çox insan səfərbər
olunmuşdu. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev
Çernobılda baş vermiş qəzanın nəticələrinin
aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının
statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan
insanlara diqqət və qayğısını bir daha
nümayiş etdirdi. Bu qayğı və diqqət ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən də
uğurla davam etdirilir. Çernobıl
iştirakçılarının müavinətləri dəfələrlə
artırılıb, onların sosial müdafiəsi gücləndirilib.
Bu il aprelin 22-də isə dövlət
başçısının növbəti sərəncamı
ilə Çernobol qəzasında zərər çəkimş
şəxslərə 200 manat məbləğində birdəfəlik
maddi yardım göstərilməsi qərara alınıb.
Çernobıl
əlillərindən Əzizağa Quliyev, Naib Nəcəfov,
Tahir Feyzullayev və başqaları çıxış edərək
onlara göstərilən diqqət və qayğıya görə,
ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirdilər. Onlara qarşı həssas münasibətə
görə rayon rəhbərliyinə də
razılıqlarını ifadə etdilər.
Tədbirdə
həmçinin xidmət təşkilatları rəhbərlərinin
məlumatları da dinlənildi və onlara əlillərin
qaldırdıqları məsələlərin ən qısa
müddətdə həlli tapşırıldı. Axırda
Çernobıl əlillərinə maddi yardım göstərildi.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2011.- 27 aprel.- S. 10.