Heydər Əliyev
elm və təhsilin, milli-mənəvi dəyərlərin
himayədarı idi
Azərbaycanda
elm və təhsilin inkişafı ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz
ölkəyə rəhbərliyinin bütün dövrlərində
bu sahəyə böyük diqqət və qayğı
göstərmiş, xalqın intellektual səviyyəsinin
yüksəldilməsinə mühüm önəm
vermişdir. Dahi şəxsiyyət Azərbaycanda rəhbərliyə
başladığı ilk günlərdən təhsilin
inkişafına mane olan amilləri aradan qaldırmaq
üçün ciddi mübarizə tədbirlərinə
başlamış, ölkəmiz üçün layiqli vətəndaşların
yetişdirilməsini günün başlıca vəzifəsi
hesab etmişdir. Ulu öndərimiz o illərdə ali və
orta ixtisas müəssisələri üçün yeni
binaların tikintisini diqqət mərkəzində
saxlamış, təhsilin müasir standartlar səviyyəsində
yenidən qurulmasını zəruri saymışdır. Bunlarla
yanaşı, elmdə-təhsildə qazanılan
uğurların iqtisadiyyatın ən müxtəlif sahələrində
tətbiqini respublikamızın güclənməsində,
tanınmasında əsas şərt kimi irəli
sürmüşdür.
Ulu
öndərimiz elmə, təhsilə qayğını, diqqəti
müstəqil Azərbaycan Respublikasına rəhbərliyi
dövründə də əsirgəməmişdir. Dövlət
müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinin
biganə münasibəti nəticəsində
acınacaqlı vəziyyətə düşən bu sahələr
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra böhrandan
çıxmışdır. Xatırladım ki, 1993-cü
ilin iyununda yenidən hakimiyyətə qayıdan ümummilli
liderimiz ictimaiyyət nümayəndələri ilə Elmlər
Akademiyasında keçirdiyi görüşdə
ziyalıların, alimlərin cəmiyyətdəki roluna
böyük önəm verdiyini xüsusi vurğulamış,
elmin, təhsilin inkişafı üçün əlindən
gələn səyi əsirgəməyəcəyini
bildirmişdir.
Yeri
gəlmişkən, burada diqqəti bir məqama da yönəltmək
istərdim. Dahi rəhbərimiz ölkəmizə rəhbərliyinin
bütün dövrlərində alimlərimizə aktual
mövzularda tədqiqat aparmalarını tövsiyə
etmiş, elmi işlərində dövlət, xalq
üçün son dərəcə gərəkli strateji məsələlərin
önə çəkilməsinin zəruriliyini
bildirmişdir.
Ümummilli liderimiz çıxışlarında daim humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu göstərmiş, ədəbiyyat, mədəniyyət tarixinin yazılmasının vacibliyinə toxunmuş, çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır: "Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır".
Heydər Əliyev müstəqillik dövründə Azərbaycan təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi qarşıya qoymuşdur . Buna görə də o dövrdə elm-təhsil sahəsində islahatların ilk növbədə reallaşdırılmasına başlanması təsadüfi deyildi. Nəticədə ölkənin sosial-iqtisadi inkişafında təhsilin aparıcı amil kimi önə çıxarılmasına nail olundu. Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir ölkə vətəndaşının pulsuz icbari ümumi orta təhsil almaq hüququ təmin edildi. Eyni zamanda, milli təhsilin alternativ əsaslar üzrə yüksəlişini təmin etmək, daha səviyyəli təhsil uğrunda rəqabətə nail olmaq məqsədilə bu sahədə özəl sektorun inkişafına da şərait yaradıldı.
Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 30 mart 1998-ci ildə imzaladığı sərəncam, həmçinin 15 iyun 1999-cu il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" Azərbaycanda təhsil standartlarının yeni dövrün şərtlərinə uyğunlaşdırılması prosesinə böyük təkan verdi. Adı çəkilən sənədlərdə irəli sürülən vəzifələrə uyğun milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin olundu, müasir tədris proqramları, dərsliklər hazırlandı, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edildi.
Ümummilli liderimizin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2003-cü il tarixli fərmanı, habelə "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli sərəncamı təhsil sisteminin müasirləşdirilməsi prosesini sürətləndirdi, təhsil işçilərinin sosial problemlərinin həllinə müsbət təsir göstərdi. Ulu öndərimiz gənc nəslin təlim-tərbiyəsinə həmişə xüsusi həssaslıqla yanaşmışdır. Çıxışlarında təhsilin mürəkkəb bir sahə olduğunu daim vurğulamış, bildirmişdir ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatı, nə ticarət. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Ona görə də hələ ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" və 1973-cü ildə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qəbul edilmiş qərarları təhsil sahəsində ciddi dönüş yaratmışdır.
Hamımız yaxşı xatırlayırıq: ötən əsrin 70-ci illərinin əvvəllərinə qədər respublikada orta ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı zəif idi. Ümummilli liderin təşəbbüsü və səyi ilə bu problem də qısa müddətdə həll olundu - 1978-ci ildən etibarən şagirdlərin dərsliklərlə pulsuz təminatı ənənəsinin əsası qoyuldu. Respublika rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət yeni orta ümumtəhsil məktəblərinin tikintisində də öz təsdiqini tapdı. Həmin illər ərzində 350 mindən çox şagird yeri olan 849 məktəb inşa edilib istifadəyə verilmişdi. 1980-ci ildə respublikada ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sayı 710 minə çatmışdı ki, bu da 1970-ci illə müqayisədə təxminən iki dəfə artıq idi.
Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Böyük rəhbər keçmiş ittifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Heydər Əliyevin təşəbbüsü və himayəsi ilə SSRİ-nin 50-dən çox böyük şəhərinin 170-dən artıq ali məktəbində 80-ə yaxın ixtisas üzrə 15 min azərbaycanlı gənc təhsil almışdır. Halbuki 1969-cu ilə qədər bu rəqəm hər il 40-50 nəfər olmuşdur.
Ulu öndər Heydər Əliyev azərbaycançılığın əsası olan ana dilinin də inkişaf etdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimiz yaxşı bilirdi ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qaytarmaq və sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına baxmayaraq, ulu öndər həmin dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bu, bütün rəhbər vəzifəlilərdən də tələb olunurdu. Hələ 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin bu ali sənəddə ana dili kimi təsbitlənməsi və qorunub saxlanılması məhz dahi şəxsiyyətin milli məfkurəyə sadiqliyindən irəli gəlirdi. Onu da unutmayaq ki, bu fakt, eyni zamanda totalitar ideologiyanın təzyiqi altında ulu öndərimizin böyük cəsarətindən xəbər verirdi. Bu hadisədən 23 il keçəndən sonra, yəni 2001-ci ilin oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə dahi şəxsiyyət nitqində bildirəcəkdi: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".
Heydər Əliyevin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik "Müasir Azərbaycan dili" dərsliyinə dövlət mükafatı verməsi, ana dilində elmi nəşrlərin sayının çoxalması, elmi tədqiqatların və araşdırmaların məhz bu dildə aparılmasının dəstəklənməsi də qeyd edilən məqamla - milli müəyyənliyin əsas məsələsi ilə bağlı idi.
Bəli, ötən əsrin 70-ci illərinin əvvəllərində
azərbaycançılığın ən mühüm
komponenti olan ana dilinin inkişaf etdirilməsi ulu öndərimizin
fəaliyyətində özünü qabarıq büruzə
vermişdir. Bu, eyni
zamanda dahi şəxsiyyətin - millətin milliliyini saxlayan
onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat
da, ayrı-ayrı tarixi abidələr də millətin
milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq
edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan
dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı
bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət
dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf
etməsi də bizim ən böyük nailiyyətlərimizdən
biridir. Bu, təkcə dil məsələsi deyil, həm də
azərbaycançılıq məsələsidir - qiymətli
fikirlərində öz ifadəsini tapmışdır.
Ulu
öndərimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" 18 iyul 2001-ci il tarixli və "Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında" 9 avqust 2001-ci il tarixli fərmanları
böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər
idi. Bu tarixi sənədlər görkəmli dövlət
xadiminin ana dilinə, ədəbiyyatına, mədəniyyətinə,
bir sözlə, mənəviyyatına böyük sevgisindən
xəbər verirdi. Bu sənədlər azərbaycançılıq
strategiyasının təməl prinsipləri idi...
Ulu
öndərimiz Heydər Əliyev hələ gənclik illərindən
bədii ədəbiyyata böyük maraq göstərirdi, Azərbaycan
və dünya klassiklərinin, müasir şair və
yazıçıların yaradıcılığını
həvəslə mütaliə edirdi. Buna görə də
insan dünyagörüşünün formalaşmasında bədii
əsərlərin mühüm rol oynadığını
daim vurğulayırdı. Dahi şəxsiyyətin 1997-ci ildə
Azərbaycan yazıçılarının onuncu qurultayında
nitqində dediyi sözlər də həmin fikrin bariz
nümunəsidir: "Şəxsən mən ədəbiyyatı
çox sevən adamam və gənc vaxtlarımdan, hətta
uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat
nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm...
mənim bir insan kimi formalaşmağımda, təhsilimdə,
əxlaqımda, mənəviyyatımda ədəbiyyatın,
mədəniyyətin çox böyük rolu olmuşdur. Mən
orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin,
yazıçılarının bütün əsərlərini
sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq
və gənclik illərində onlar mənə o qədər
təsir edib ki, mən onları unutmamışam. Bu
"oxumuşam, unutmamışam" sözləri sadəcə
bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən
onlardan bəhrələnmişəm, mənəvi qida
almışam".
Dahi rəhbər
Azərbaycan klassiklərindən Nizami Gəncəvi, Məhəmməd
Füzuli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov,
Hüseyn Cavid, eyni zamanda dövrümüzün görkəmli
şair və yazıçılarından Səməd
Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, İlyas Əfəndiyev,
Süleyman Rüstəm, Qabil, Məmməd Araz, Mirvarid Dilbazi
və başqalarının dövlət səviyyəsində
yubileylərinin keçirilməsinə xüsusi həssaslıqla
yanaşmış, həmin sənətkarların xalqa daha
yaxından tanıdılması üçün onlarla
bağlı elmi-tədqiqat işlərinin
aparılmasının zəruriliyini daim
vurğulamışdır. Dahi Məhəmməd Füzulinin
anadan olmasının 500 illiyi münasibətilə Heydər Əliyev
yubileyi keçirən Təşkilat Komitəsinin 1 avqust
1994-cü il tarixli yığıncağındakı nitqində
demişdir: "Bu yubileyi keçirərkən biz
xalqımızın özünü tanımasını təmin
edəcəyik və etməliyik. Xalq gərək daim öz
kökünü xatırlasın, tarixini öyrənsin, milli
mədəniyyətindən, elmindən heç vaxt
ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi
indiki nəslin... tariximizin nə qədər zəngin
olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə
necə töhfələr verdiyini dərk etməsinə şərait
yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə,
gənc nəsildə milli iftixar, vətənpərvərlik
hisslərini daha da yüksəldəcəkdir. Bunun özü
müstəqil Azərbaycanda bizim üçün çox gərəkli
bir amildir".
Heydər
Əliyev Azərbaycan klassiklərinin əsərlərinin
dünya miqyasında təbliğinə xüsusi əhəmiyyət
verirdi. Bu, təsadüfi deyildi.Çünki belə halda Azərbaycan
da , xalqımız da dünyada tanınır, eyni zamanda ədəbiyyatımıza,
mədəniyyətimizə maraq güclənirdi. Nizami Gəncəvi,
Məhəmməd Füzuli kimi qüdrətli sənətkarların
yubileylərinin, "Kitabi-Dədə Qorqud"
dastanının yaranmasının 1300 illiyinin beynəlxalq
miqyasda keçirilməsi bu baxımdan mühüm önəm
daşıyırdı.
Ümummilli
liderimizin ədəbiyyat konsepsiyasının əsasında
tarixilik və müasirliyin vəhdəti dayanırdı. Dahi
rəhbər bu vəhdəti özündə təcəssüm
etdirən əsərlərin yazılmasını
qarşıya mühüm vəzifə kimi qoyurdu. Heydər Əliyevin
Azərbaycan yazıçılarının VII
qurultayındakı tarixi nitqinə diqqət yetirsək, bunu
aydın görə bilərik: "Yazıçı
sözü xalqın ənənələrinə uyğun gəlməlidir.
Gerçəkliyin bədii inikasının başlıca
obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri
bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir...
Tarixi simaların obrazları yaradılan və tariximizin
çox mühüm dövrləri tərənnüm olunan ədəbi
əsərlər ən yüksək səviyyədə yazılmalıdır.
Bunlar çox mühüm, deyək ki, mürəkkəb
mövzulardır. Belə mövzuların öhdəsindən
yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar
gələ bilərlər. Buna görə də tarixi
mövzuda əsər yaratmağa girişməzdən əvvəl
ədib öz qüvvə və imkanlarını
götür-qoy etməli, böyük və ciddi
hazırlıq işi aparmalıdır".
Ulu
öndərimiz milli özünəməxsusluğumuzu daim
diqqət mərkəzində saxlayır, onun daha da zənginləşməsinə
xüsusi önəm verirdi. Başqa sözlə, ulu öndər
xalqımızın milli-mənəvi dəyərlərinin
qorunması, azərbaycançılıq ideologiyasının
cəmiyyətdə möhkəm sosial dayaqlar taparaq zehinlərdə
möhkəmlənməsi, davamlı inkişaf prosesində mənəvi
stimula çevrilməsi üçün bütün zəruri
tədbirləri həyata keçirirdi. 1997-ci ilin yanvarın
31-də Azərbaycan Elmlər Akademiyasının 50 illik
yubiley mərasimində nitq söyləyən Heydər Əliyev
bu sahənin inkişaf strategiyasını, gələcək hədəflərini
açıqlamışdır. Dahi rəhbər ictimai və
humanitar elm sahələrində yeni dövrün tələblərinə
uyğun yeniləşmənin, eləcə də sovetlər
birliyi dövründən qalmış, köhnəlmiş
stereotiplərdən, səmərəsiz tədqiqat
metodlarından uzaqlaşmağın vacibliyindən söhbət
açmış, xüsusən də tarixçiləri Azərbaycanın
keçmişi ilə bağlı həqiqətləri daha
obyektiv araşdırmağa
çağırmışdır. "Biz indi
xalqımızın tarixinin yaradılması işini gərək
diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz,
70-ci illərdə mən dəfələrlə Elmlər
Akademiyasının qarşısında vəzifə
qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır.
Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz
bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın
tarixi yazılmamışdır. Bizim tarixçilərimiz bir
tərəfdən çəkişmə ilə məşğul
oldular, hərə öz konsepsiyasını irəliyə
aparmağa çalışdı. Amma Azərbaycanın tarixi
yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin
günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri,
yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də,
şübhəsiz ki, indi bizi qane edə bilməz. Məktəbə
gedən gənc gərək Azərbaycanın tarixini bilsin,
oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən
bunu öyrənə bilməz. Dərsliyi də hərə
öz istədiyi kimi yazmamalıdır. Gərək bizim
xalqımızın tarixi yazılsın ki, onun əsasında
da gənclər üçün, orta və ali təhsil məktəbləri
üçün tarix dərslikləri yazılsın"...
Heydər
Əliyev eyni zamanda göstərirdi ki, Azərbaycanın
humanitar-ictimai və fundamental elm sahələri sürətlə
yeniləşərək yeni ictimai-iqtisadi formasiyanın
reallıqlarına cavab verməli, dövlət və dövlətçiliklə
bağlı praktiki məqsədlərin gerçəkləşməsində,
milli maraq və mənafelərin, ideologiyanın möhkəmlənməsində,
ümumən cəmiyyətin proqressiv dəyərlər əsasında
inkişafında lokomotivə çevrilməlidir.
Heydər
Əliyevin milli-mənəvi və ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil
quruculuğu sahəsində başladığı islahatlar bu
gün ulu öndərin siyasi kursunun layiqli
davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Yeni məktəblərin tikilib istifadəyə
verilməsi, köhnə məktəblərin yenidən
qurulması, təhsil ocaqlarının maddi-texniki
bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli
addımlar atılır. Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarında bölgələrdə müasir dövrün
tələbləri səviyyəsinə cavab verən təhsil
ocaqlarının yaradılmasına xüsusi diqqət
yetirilmişdir. Sürətli iqtisadi inkişaf
dövrünü yaşayan ölkəmizdə getdikcə təhsilə
ayrılan vəsaitlərin həcmi artırılır, bu sahədə
zamanın tələblərindən irəli gələn yeni
islahatların həyata keçirilməsi üçün zəmin
yaranır. Görülən işlərin real nəticələri
isə həqiqətən də ürəkaçandır. Məsələn,
Azərbaycanda təhsillə bağlı həyata keçirilən
ən böyük tədbirlərdən biri orta ümumtəhsil
məktəblərinin maddi-texniki bazasının yeniləşdirilməsi,
o cümlədən, müasir informasiya-kommunikasiya vasitələri
ilə təmin edilməsidir. Ölkə Prezidenti cənab
İlham Əliyevin orta ümumtəhsil məktəblərinin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatı
proqramı uğurla icra olunaraq artıq başa
çatdırılmışdır. Əsas məqsədi Azərbaycan
Respublikasında yeni informasiya texnologiyalarından istifadə
etməklə təhsilin keyfiyyətini yüksəltmək, vətəndaşlara
təhsil almaqla bərabər müasir İKT-yə
yaxından bələd olmaq və ölkə təhsil
sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən
vahid təhsil informasiya mühitini yaratmaq, əhalini
informasiyalaşdırılmış cəmiyyətə
hazırlamaq olan bu proqram çərçivəsində
bütün bölgələrdə orta tədris məktəblərinə
müasir kompyuter dəstləri verilmiş, onların internetə
çıxışı təmin edilmişdir.
Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasətinə Heydər Əliyev Fondu da özünün dəyərli töhfələrini verməkdədir. Heydər Əliyev Fondunun milli təhsilimizin inkişafı ilə bağlı həyata keçirdiyi layihələr nəinki təhsil işçilərinin və şagirdlərin, bütün ölkə ictimaiyyətinin dərin rəğbətinə səbəb olmuşdur. Heydər Əliyev Fondunun geniş spektri əhatə edən fəaliyyəti, həyata keçirdiyi çoxşaxəli layihələr hər bir azərbaycanlıya yaxşı məlumdur. Fondun məqsədi ulu öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin tədqiqinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi üçün Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqramları, o cümlədən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid layihələri gerçəkləşdirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, milli mədəniyyətimizi təbliğ etmək, mənəvi dəyərlərimizi yaşatmaqdır. Milli Məclisin deputatı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənmişdir. Heydər Əliyev Fondu ümummilli liderimizin ideyalarına sadiq qalaraq bu istiqamətlərdə ardıcıl və məqsədyönlü işləri davam etdirməkdədir. Zəngin mədəni irsimizin dünyada tanıdılması, təhsil, səhiyyə və mədəniyyət sahələrində əhəmiyyətli layihələri gerçəkləşdirməklə fond qısa müddətdə bütün cəmiyyətin diqqətini cəlb etmişdir.
Heydər Əliyev Fondunun fəaliyyətində əsas istiqamətlərdən biri də təhsilin inkişafına töhfələr verməkdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "dəyirmi masa"da çıxışında demişdir: "Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".
Bəli, ölkəmizin inkişafında, dünyaya inteqrasiyasında təhsilin rolunun əvəzsiz olduğunu nəzərə alan Heydər Əliyev Fondu bu sahədə bir neçə irimiqyaslı layihə hazırlamış və uğurla həyata keçirmişdir. Bunlardan ən mühümü ölkəmizdə çox böyük əks-səda doğurmuş "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Avropaya inteqrasiya yolunu tutmuş ölkəmizdə yeni təhsil sisteminin qurulmasının vacibliyini önə çəkən Mehriban xanım Əliyevanın müəllifi olduğu bu layihədə bölgələrimizdə yeni məktəblərin tikilib istifadəyə verilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, maddi bazanın yaxşılaşdırılması, tədris prosesinin səviyyəsinin yüksəldilməsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Layihə çərçivəsində tikilib istifadəyə verilən məktəblərin hər birində laboratoriya, kompyuter otaqları, idman salonu və meydançaları, kitabxana, yeməkxana, ayrıca istilik sistemi vardır. Xüsusən ucqar kəndlərdə yeni məktəb binalarının inşası Mehriban xanımın təhsilə göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi yüksək qiymətə layiqdir.
Məmməd ƏLİYEV,
Azərbaycan
Müəllimlər İnstitutu
Quba
filialının direktoru, filologiya
elmləri doktoru,
professor
Xalq qəzeti.- 2011.- 27 aprel.- S. 7.