Tələbə
aviator Beynəlxalq Olimpiadanın qalibidir
Milli
Aviasiya Akademiyasının tələbəsi Emil Vahablı
A.F.Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadasından zəngin
"qənimətlərlə" qayıdıb. Təxminən
40 ölkənin gənc aviasiya tədqiqatçılarının qoşulduğu bu intellekt yarışında
Emil birinci yeri tutaraq, "Olimpiadanın qalibi" diplomuna, onun qələbəsini təsdiq edən sertifikata, habelə
"A.F. Mojayski" medalına
layiq görülüb.
Bundan əlavə, münsiflər heyətinin
hədiyyəsi olan "İPAD" markalı mikro- kompyuter də həmyerlimizə
qismət olub...
Qeyri-adi
yarışın qalibinə bir neçə sualla müraciət
etdik. Aldığımız cavablar Emili bizə daha
yaxından tanıtdırdı.
-
Emil, səni Aviasiya Akademiyasına qovuşduran yolun ən
yığcam "xəritəsini" necə təsvir edərdin?
- Səfalı
Qax şəhərində doğulmuşam. Bakıdakı 257
saylı məktəbi bitirmişəm. Uşaqlıqdan
aviasiya sahəsinə, aviatorluq peşəsinə böyük
marağım olub. Orta məktəbin sonuncu sinfindən indiyədək
aviamodelçilik dərnəyinə gedirəm. 2009-cu ildə
yüksək balla (604) Akademiyanın hava nəqliyyatının
uçuş texniki istismarı fakültəsinin rus bölməsinə
daxil olmuşam. Hazırda ikinci kursda oxuyuram, aviasiya
texnikası avadanlıqlarının istismarı üzrə
mühəndis-mexanik ixtisasına yiyələnirəm. Əlaçıyam,
əlaçı təqaüdü alıram...
- Belə
nüfuzlu Beynəlxalq Olimpiadaya necə qatıla bildin? Bu
çətin yarşda birinci yer tutmağının sirri nədədir?
- A.F. Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadası səkkizinci dəfədir ki, hər tədris ilində Moskva şəhərində keçirilir. İştirak etmək istəyənlər internet vasitəsilə Təşkilat Komitəsinin ilkin test suallarını cavablandıraraq, növbəti tura vəsiqə alırlar. Mən ilkin 15 suala düzgün cavab göndərdiyim üçün əsas tədqiqat işimi təqdim etmək hüququ qazandım. Elmi-tədqiqat işim təyyarələrdə güc qurğularının analizi mövzusunda idi. İşimin bəyənildiyi və Beynəlxalq Olimpiadanın yekun turuna dəvət olunmağım barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məktub daxil oldu. Bundan sonra Milli Aviasiya Akademiyasının rektoru, akademik A.M. Paşayevin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti C.C. Əsgərovun xeyir-duası ilə Moskva şəhərinə ezam olundum. Yekun turu aprelin 21-də və 22-də keçirildi. Mən apardığım elmi-tədqiqat işi ilə əlaqədar geniş məruzə etdim, təyyarələrdə müxtəlif təyinatlı konstruksiyalı güc qurğularının tətbiqi üzrə elmi arqumentlərimi müdafiə etdim. Münsiflər heyəti yekdilliklə mənim işimi və test suallarına cavablarımı birinci yerə layiq gördülər... Onu da deyim ki, bu olimpiadada ikinci yerə Ukraynanın, üçüncü yerə Rusiyanın təmsilçiləri çıxdılar.
Aviasiya sahəsində intellekt yarışının qəhrəmanı Emil Vahablının dediklərinə əlavə olaraq qeyd edək ki, onun uğuru təkcə təhsil aldığı ali məktəbə deyil, bütün Azərbaycana başucalığı gətirir.
Y. KƏRİMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 27 aprel.- S. 11.