Mötəbər
və vicdanlı sözün ucalığı
Ağababa Rzayev -
90
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda
milli mətbuatın 125 illiyi münasibətilə 22 iyul
2000-ci ildə jurnalistlərlə görüşündə
demişdir: "Mənim xatirimdədir, 1970-ci illərdə
"Kommunist" qəzeti "Lənkəran hadisələri"
haqqında bir səhifə material yazmışdı. O vaxt
"Kommunist" qəzetinin redaktoru Ağababa Rzayev idi. Bəli,
"Kommunist" qəzeti "Lənkəran hadisələri"
haqqında yazı vermişdi. Mən həmin yazını
oxudum, gördüm ki, dəhşətli bir vəziyyətdir.
O vaxt bu məsələləri Mərkəzi Komitənin
bürosu həll edirdi. Mən həmin məsələni on
gündən sonra büroya çıxardım, müzakirə
etdim, rayonun bütün rəhbərlərini işdən
çıxardım və Kommunist Partiyasından xaric etdim. Bu
da ölümə bərabər bir iş idi.
"Kommunist" qəzeti ruhlandı, sonra gedib Göyçay
rayonunda və başqa yerlərdə belə hadisələri
açdılar..."
Ümummilli liderin adını hörmətlə xatırladığı Ağababa Rzayevin bu gün anadan olmasının 90 illiyi tamam olur. Ağababa müəllim uzun illər dövlət vəzifələrində çalışaraq xalqın, onu tanıyanların dərin hörmətini, ehtiramını qazanmış bir ziyalı idi. 72 il yaşadığı həyatda təmiz adı, prinsipiallığı, səmimiyyəti və mehribanlığı ilə seçilib. Bir əsrə yaxın fasiləsiz çıxan anadilli "Kommunist" qəzetinə (indiki "Xalq qəzeti") uzun illər redaktorluq edən Ağababa müəllim kimi sözü, əqidəsi və əməli bütöv olan vəzifə sahibinə az-az rast gəlmək olar.
On altı yaşından əmək fəaliyyətinə başlayan Ağababa Rzayev bütün həyatını mətbuatımıza, xalqın maariflənməsinə, gənclərin əqidəcə sağlam tərbiyə olunmasına sərf etmişdir. Ötən əsrin 30-cu illərində Bakı Sənaye Texnikumunda poliqrafçı ixtisasına yiyələnən Ağababa müəllim taleyini həmişəlik mətbuata bağlamış, sonrakı illərdə bu sahədə yüksək pillələrə qalxa bilmişdir. Onun qəzetimizə redaktorluq etməsi ulu öndərimiz Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsi dövründə olmuşdur. Ümummilli liderimiz məhz o vaxt "Kommunist" mənim qəzetimdir", - deyərək ölkədə iqtisadi və sosial sahələrdə geniş quruculuq işlərinə başlamışdır.
Ağababa Rzayev hərtərəfli inkişaf etmiş kamil bir qəzetçi kimi həmişə cəsarətli olmağı, insanların dərdinə-sərinə qayğı ilə yanaşmağı, rəhbər vəzifəli məmurların özbaşınalığına qarşı barışmaz mövqe tutmağı, haqqı, ədaləti qorumağı həmkarlarına dönə-dönə tövsiyə edirdi. Onun fəaliyyəti, imzaladığı qəzetin nömrələri başqalarına nümunə göstərilirdi. Redaksiyanın qaldırdığı problemlər ölkə rəhbərliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, qəzetin tənqidi çıxışlarında toxunulan məsələlərin həlli üçün təsirli tədbirlər görülmüşdür. A.Rzayevin redaktorluğu dövründə qəzet populyarlığına görə özünün ən yüksək zirvəsinə çatmışdır. Qəzetin tirajı ilbəil artaraq yarım milyon nüsxəni keçmişdir. Adamlar redaksiyaya son ümid yeri kimi baxırdılar. Bunu hər gün qəzetə ünvanlanan yüzlərlə oxucu məktubu da sübut edirdi. Ağababa müəllimin tapşırığına görə hər ay redaksiyaya daxil olan oxucu məktublarının xülasəsi verilirdi. Vəzifə borcuna belə həssas münasibət insanları düşündürən məsələlərin nədən ibarət olduğunu müəyyənləşdirməkdə rəhbər təşkilatlara kömək edirdi.
İş otağının qapısı heç vaxt bağlı olmazdı, hamının üzünə açıq idi. Son dərəcə sadəliyi ilə seçilən Ağababa Rzayevlə söhbət etmək, məsləhətlərinə qulaq asmaq insanda xoş ovqat yaradırdı. Onun dinləmək mədəniyyətinə söz ola bilməzdi. İlk tanışlıq zamanı ürəyəyatımlı davranışı ilə tərəfmüqabilində unudulmaz təəssürat yaradan Ağababa müəllim, əvvəldə qeyd etdiyimiz kimi, həm də olduqca prinsipial adam idi. Rəhbərlik etdiyi kollektivin üzvləri həmişə ondan diqqət və qayğı görmüşlər. Bu günlərdə yüz illik yubileyini təntənəli şəraitdə qeyd etdiyimiz Azərbaycanın xalq rəssamı Hüseyn Əliyev məhz Ağababa müəllimin diqqətcilliyi və qayğıkeşliyi sayəsində mənzil şəraitini yaxşılaşdırmış, yüksək fəxri adlara, dövlət mükafatlarına layiq görülmüşdür. Redaksiya əməkdaşlarının demək olar ki, hamısı onun xeyirxah əməllərindən yararlanmışdır.
Ağababa Rzayev redaksiyanın nüfuzunu hər şeydən üstün tuturdu. Geniş imkanlara malik yüksək vəzifəli bir şəxs tərəfindən təqib olunan qəzetin xüsusi müxbiri onun prinsipiallığı sayəsində yenidən Sov.İKP sıralarına bərpa olundu. Ağababa Rzayev bu hərəkəti ilə nəinki həmkarları arasında, eləcə də geniş ictimaiyyət tərəfindən böyük hörmət və ehtiram qazanmışdı.
Onun 17 illik redaktorluğu dövründə (qəzetin nəşrə başladığı 1919-cu ilin avqust ayından indiyədək heç kəs bu qədər redaktor işləməmişdir - T.Ə.) iqtisadiyyatın sürətlə inkişafı, sosial-mədəni həyatda baş verən müsbət dəyişikliklər, adamların güzəranının, yaşayış səviyyəsinin getdikcə yaxşılaşması jurnalistlərə daha maraqlı, zəngin faktlara əsaslanan oxunaqlı materiallar hazırlamağa imkan verirdi. Bununla yanaşı, inkişafımıza mane olan mənfi halların tənqidinə məhdudiyyət qoyulmurdu, əksinə, belə məqalələrə geniş meydan açılmışdı.
Azərbaycan Jurnalistlər Birliyinin sədri kimi Ağababa Rzayev respublikada kütləvi informasiya vasitələrinin inkişafına, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, qələm sahiblərinin, xüsusilə əyalətlərdə çalışan mətbuat işçilərinin sosial problemlərinin həll olunmasına böyük əmək sərf etmişdir. XX əsr Azərbaycan mətbuatının tarixində onun xüsusi yeri var. Ömrünü qəzet işi kimi çətin, mürəkkəb bir peşəyə həsr edən Ağababa müəllimin hərtərəfli biliyə malik kamil jurnalistlər ordusunun yaranmasında böyük rolu olmuşdur. Keçən əsrin 70-ci illərində Azərbaycan mətbuatı da özünün intibah dövrünü yaşayırdı. Həmin illərdə məmur özbaşınalığına məruz qalan Göyçay rayon qəzetinin redaktoru, əməkdar jurnalist Oqtay Cəfərov deyir ki, Ağababa müəllim kimi mötəbər, sözübütöv, prinsipial kişilər hər deyəndə ələ düşmür. Əyalətlərdə çalışan jurnalistlər onun simasında özlərinin etibarlı müdafiəçisini görmüşlər. Ağababa Rzayevin həyatı, fəaliyyəti, yaradıcılığı hamımıza, xüsusilə indiki çoxsaylı mətbuat işçilərinə nümunə olmalıdır.
Oqtay müəllimin sözünə qüvvət, gəlin Ağababa Rzayevin ömür kitabına daha ətraflı nəzər yetirək. Ağababa Rzayev 1921-ci il aprel ayının 28-də Bakı şəhərində anadan olub. Atası Səməd kişi neft mədənində işləmiş, anası evdar qadın olmuşdur. Üç qardaş idilər. Ortancıl qardaşı Cəmaləddin müxtəlif rəhbər vəzifələrdə çalışmışdı. Kiçik qardaşı Yaqub isə Ağababa müəllim kimi həyatını mətbuata, televiziya işinə həsr etmişdir.
Əmək fəaliyyətinə "Kommunist" qəzeti redaksiyasında texniki işçi kimi başlayan Ağababa Rzayev sonralar "Azərbaycan pioneri", "Gənc işçi" qəzetlərində jurnalist sınağından keçmişdir. Bir müddət sonra istedadı və bacarığı nəzərə alınaraq respublikanın ən mötəbər mətbuat orqanı olan "Kommunist"ə müxbir vəzifəsinə dəvət edilmişdir. Böyük Vətən müharibəsi başlananda cəbhəyə yola düşmüş, istehkamçılar bölməsinin tərkibində şərəfli döyüş yolu keçmiş, Pribaltika respublikalarının, Polşanın və Almaniyanın faşizmdən xilas olunmasında fəal iştirak etmiş, Berlin şəhərinin simvolu sayılan Reyxstaqın divarına öz imzasını atmışdır. Qələbə Günündən yadigar kimi saxlanılan - "İz Baku Aqababa Rzaev" avtoqrafı buraya gələnlərin nəzərini indi də özünə cəlb edir.
Müəyyən fasilələrlə beş dəfə bu redaksiyada işləyən Ağababa müəllim üst-üstə respublikanın bir nömrəli mətbuat orqanına 30 il əmək sərf etmişdir. Üçüncü dəfə o, redaksiyaya əsgər paltarında, 1945-ci ildə birbaşa cəbhədən gəlmişdi. On il burada məsul katib müavini, şöbə müdiri, məsul katib vəzifələrində çalışan A.Rzayev 1955-ci ildə Moskva ali siyasi jurnalistika kursuna oxumağa getmişdir. Üç ildən sonra təhsilini müvəffəqiyyətlə başa çatdıraraq Bakıya qayıdan Ağababa müəllim "Kommunist" qəzetinə redaktor müavini təyin edilmişdir. Mətbuat sahəsində rəhbər dövlət vəzifələrində işləyən Ağababa Rzayev 1963-cü ildə isə Kommunist qəzetinin redaktoru təyin olunmuşdur.
Respublikanın sayılıb-seçilən jurnalisti kimi Ağababa Rzayev redaktorluğu dövründə özünün bütün müsbət keyfiyyətlərini ortaya qoymuş, mübariz, sağlam bir kollektiv yaratmışdı. Məhz onun redaktorluğu zamanı bu qəzetdə Tamara Əliyeva, Məryəm Həsənzadə, Alp Ağamirov, Əli İldırımoğlu, Yusif Əhmədov, Hacı Həsənov, Ənvər Əmirəliyev, Firuzə Nağıyeva, Cahan Vəzirova, Telman Heydərov, Əhməd İsayev, Bariz Əsədov, İlham Rəhimli, Valeh Musayev, Sərdar Əliyev, Rafiq Həsənov, Firudin Rəsulov, Əlipənah Bayramov kimi tanınmış qələm sahibləri yetişmişdir. Ağababa müəllim gözütox, təmənnasız adam idi. Rəhbərlik etdiyi kollektivin üzvlərində də bu keyfiyyətlərin bərqərar olunmasına çalışırdı.
Bütün varlığı ilə mətbuata bağlı olan Ağababa müəllim pensiyaya çıxandan sonra da rahatlıq tapmadı. "Azərnəşr"də kitab redaktəsi ilə məşğul oldu. Çətin və şərəfli peşə sayılan qəzetçiliyin bütün acılarını və şirinliklərini dadmış, ibrətamiz həyat yolu keçən bu nurani ağsaqqal "Üç brilyant" adlı ömür kitabını yazaraq gənc nəslə ərməğan etdi. 1986-cı ildə 30 min tirajla nəşr olunan həmin kitabın bir nüsxəsi redaksiyamızın kitabxanasında qiymətli hədiyyə kimi saxlanılır. Dünya görmüş, yüksək səlahiyyətli vəziəfələrdə işləmiş Ağababa Rzayevin nə qədər sadə insan olduğunu 50 yaşını qeyd etdiyi məclisdə qələmə aldığı bir epizod aydın göstərir. "Üç brilyant" kitabında oxuyuruq:
"...Səhərisi, ad günündə iştirak etmiş yoldaşlarından Ədalətlə rastlaşanda qəribə bir eyham eşitdi:
- A
kişi, sən necə adamsan?! Axşam məclisə fikir
verirdim - yazıçılar, rəssamlar, jurnalistlər və
birdən də şofer Sabir. Heç tutmur axı, sən
özün intelligent adam, bütün məclisdəkilər
intelligent. Bu hara, şofer hara?!
- Ədalət,
sən səhv edirsən. Əvvəla, hökm deyil ki,
adamın özü intelligent isə bütün dostları və
tanışları hökmən intelligent olmalıdır.
İnsan gərək hamı ilə dil tapıb dost ola bilsin. Bəzən
elə adamlara rast gəlirsən ki, onunla heç adi söhbətin
belə tutmur... Məncə, alim olub öz qınında
qalmaqdansa, şofer olub ədəbiyyata, incəsənətə
həvəs göstərmək intellektuallığa daha
çox dəlalət edir".
Ağababa
müəllim sonuncu dəfə doğma redaksiyasına
1990-cı ildə qayıtdı - baş redaktorun məsləhətçisi
kimi. Onun hər bir təklifi, qeydi, məsləhəti qəzetin
çıxışlarında müsbət dəyişikliklərə
səbəb olurdu. Həmişə mətbuatın sərbəst,
qəyyumsuz fəaliyyətinə, prinsipial mövqeyinə və
professionallığına üstünlük verən
Ağababa Rzayev qəzet bolluğundakı
özbaşınalıqdan, məsuliyyətsizlikdən, səriştəsizlikdən
möhkəm narahatçılıq keçirirdi. O, mətbuatı
sözün həqiqi mənasında, vicdan tərəzisi, həyat
aynası, ictimai rəy formalaşdırıcısı hesab
etdiyindən qəzetlərdə baş alıb gedən yalana,
böhtana, təhqirə dözə bilmirdi. Bu mövzuya dair qəzetdə
dərc olunan materialları həvəslə oxunurdu.
Mənalı,
şərəfli həyat yolu keçən Ağababa Rzayevin
Vətən və xalq qarşısındakı xidmətləri
yüksək qiymətləndirilmişdir. O,
"Qırmızı ulduz", "Qırmızı Əmək
bayrağı" ordenlərinə, bir neçə medala
layiq görülmüş, üç
çağırış respublika Ali Sovetinə deputat
seçilmiş, milli mətbuatımıza verdiyi töhfələrə
görə "Qızıl qələm" mükafatı,
"Əməkdar mədəniyyət işçisi" fəxri
adını almışdır. Tələbkar və
qayğıkeş insan olan Ağababa Rzayevi unutmaq
mümkün deyil. Çünki onun adı Azərbaycan mətbuatının
tarixinə böyük hərflərlə yazılıb.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2011.- 28 aprel.- S. 5.