Elm sahəsində çalışan gənclərə diqqət artırılır

 

Prezident İlham Əliyevin bir qrup gənci qəbul etməsi və onları maraqlandıran mövzularda müzakirə aparması cəmiyyət tərəfindən maraqla izlənilmiş, səsləndirilən fikirlər razılıqla qarşılanmışdır. Artıq neçə gündür ki, gənclər təşkilatları həmin tarixi görüşdə səsləndirilən məsələləri müzakirə edir, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanmasında öz ideya və təkliflərini də səsləndirirlər.

 

Azərbaycan Milli Elmlər Akademiyası Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri İlqar Orucov Prezident İlham Əliyevin bir qrup gənclə görüşünü və AMEA-nın illik hesabatındakı nitqini yüksək dəyərləndirdi, bunlarla bağlı fikir və təkliflərini söylədi:

- Ölkəmizin XXI əsrdəki inkişaf perspektivləri, beynəlxalq sistemdə öz layiqli yerini tutması bugünkü gəncliyin dünyanın qlobal tələblərinə uyğun formalaşmasından asılıdır. Lakin bu gün dünyada gedən qlobal proseslər fonunda gənclərin milli məfkurə və dövlətçilik ruhunda tərbiyə edilməsi xüsusən vacibdir.

Bu baxımdan da bir qrup gəncin ölkə başçısı ilə görüşündə bu və digər aktual məsələlərin müzakirəsini yüksək qiymətləndirirəm. Elm sahəsində fəaliyyət göstərən gənclərlə işlədiyimizdən deyə bilərəm ki, onların müxtəlif elm sahələrinə marağı artmaqdadır. Bir çox gənc bu sahədə uğurlar qazanır.

Dövlətin bu sahəni diqqətdə saxlamasına baxmayaraq, gənc alimlər bir sıra çətinliklərlə üzləşməkdədirlər. Bu və digər məsələləri nəzərə alaraq AMEA-nın Gənclərin İntellektual İnkişafı Mərkəzi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və ADPU- nun kompyuter mərkəzi "Elektron Gənclik" layihəsi, eləcə də bir sıra təkliflər hazırlamışdır. Hesab edirik ki, "Elektron Gənclik" layihəsinin əsas istiqamətləri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapa bilər. Cənab Plezident Milli Elmlər Akademiyasındakı çıxışında bu proqramın elmin inkişafı ilə bağlı qəbul ediləcək proqramla əlaqələndirilməsinin vacibliyini vurğuladı. Onun elmi potensialımızı yüksək qiymətləndirməsi dövlətin elmə göstərdiyi diqqətin nəticəsidir.

Gənclər Fondunun yaradılması ideyası, eləcə də digər təkliflər çox diqqətəlayiqdir. Hesab edirəm ki, gənc alimlərə güzəştli şərtlərlə mənzillərin tikilməsi, sosial təminatın yaxşılaşdırılması, onların innovativ işlərinin, səmərələşdirici təkliflərinin, ixtiralarının tətbiqi ilə bağlı mexanizmin yaradılması, dünyanın aparıcı elmi mərkəzlərinə ixtisas artırmağa, həmçinin, doktorantura pilləsinə təhsil almağa göndərilməsi elmin inkişafına stimul vermiş olar. İstərdik ki, gənc alimlərin nüfuzlu beynəlxalq elmi toplantı və simpoziumlarda iştirakı daim diqqətdə saxlanılsın. Bu gün informasiya cəmiyyətində yaşayırıq. Gənclərin İKT-nin imkanlarından istifadə edərək öz elmi dünyagörüşü və potensialını artırması aktual məsələdir. İşçi qrupuna təqdim etməyə hazırlaşdığımız layihədə gənclərin İKT bacarığının artırılması, bir sıra zəruri internet resurslarının hazırlanması da öz əksini tapıb.

Prezident İlham Əliyevin gənclər siyasətini diqqətdə saxlaması və onların fəaliyyətini yaxşılaşdırmağa yönələn addımları, eləcə də elmin inkişafı ilə bağlı qərarları biz gənclərdə böyük həvəs və enerji oyadır. İnanırıq ki, qəbul olunacaq növbəti dövlət proqramının müsbət nəticələrini qarşıdakı illərdə görəcəyik.

 

 

Söhbət yazdı: Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 28 aprel.- S. 5.