Azərbaycanda elmin inkişafına diqqət artmaqdadır

 

Son illər elmin inkişafına çox ciddi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda elmin inkişafına güclü stimul yaratdı. Ulu öndər Azərbaycan Milli Elmlər Akademiyasını dağılmaqdan xilas etdi. Ümummilli lider akademiya işçiləri ilə görüşlərində elmin inkişafı üçün öz təklif və tövsiyələrini verdi. Sonrakı illərdə akademiya işçilərinin sosial vəziyyəti tədricən yaxşılaşdı, həyata keçirilən davamlı tədbirlər alimləri elmi axtarışları sürətləndirməyə həvəsləndirdi.

 

Ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev akademiyanın fəaliyyətinin genişlənməsi, alimlərin sosial durumunun yaxşılaşdırılması üçün bir sıra uğurlu tədbirlərin reallaşmasını təmin etdi. Cənab Prezidentin Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirakı və orada çox geniş və məzmunlu nitqi alimlərimizə və elmimizin inkişafına böyük qayğı kimi qiymətləndirilməlidir. Cənab Prezidentin hakimiyyətdə olduğu illər ərzində Azərbaycanda elmin inkişafı ilə bağlı həyata keçirilən islahat öz nəticələrini vermişdir. Bir vaxtlar bərbad vəziyyətə düşmüş akademiyanın binası artıq tanınmaz dərəcədə yeniləşmiş, onun institutlarında əsaslı təmir işləri aparılmış və ətrafı abadlaşdırılmış, müvafiq avadanlıqlarla təchiz olunmuşdur. Cənab Prezident çıxışında bu məsələni xüsusi olaraq vurğuladı: "Burada yaradılan şərait artıq ən yüksək səviyyəyə cavab verir. Bütövlükdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi işində konkret addımlar atılır. Bu siyasət bundan sonra da davam etdiriləcək. Elə etməliyik ki, akademiyanın bütün ehtiyacları təmin olunsun. Və maddi - texniki bazası daha da gücləndirilsin." -deyən Prezident elmimizin inkişafının gələcəkdə də diqqət mərkəzində olacağına bir növ zəmanət verdi.

Cənab Prezident Azərbaycan alimlərinin qazandıqları nailiyyətləri yüksək qiymətləndirdi. Xüsusilə Azərbaycanın dünya siyasətində aparılan araşdırmalara müsbət təsir göstərdiyini deyən Prezident İlham Əliyev öz çıxışında alimlərimizin ölkəmizin təbii resurslarının kəşfi və istifadəsi ilə bağlı əvəzolunmaz xidmətlər göstərdiklərini də diqqətə çatdırmışdır.

Dövlət başçısı bir məsələyə xüsusi diqqət yönəltdi.Belə ki, Azərbaycan iqtisadiyyatının inkişafının elmlə bilavasitə bağlılığının bu gün böyük əhəmiyyəti olduğu məruzədə öz əksini tapmışdır. Cənab Prezident bildirdi ki, Azərbaycanda böyük neft-kimya kompleksinin tikintisi üzərində iş gedir. Neft-kimya sahəsində böyük perspektivlər vardır. "Alimlər öz işlərini bu sahə üzrə müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə aparmalıdırlar."-deyən cənab Prezident öz tapşırığını verdi. Cənab Prezidentin proqram xarakterli bu çıxışı akademiyanın alimləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Elmin bütün sahələrində sürətli inkişafın təmin olunmasının zəruriliyini vurğulayan cənab İlham Əliyev yaxın gələcəkdə Milli Elmlər Akademiyasının fəaliyyətinin genişlənməsi, əməkdaşların sosial vəziyyətinin yaxşılaşması üçün əhəmiyyətli tədbirlərin reallaşacağını diqqətə çatdırdı.

Cənab Prezidentin çıxışında çox maraqlı məqamlardan biri də gənc alimlər üçün fondun yaradılması idi. Dövlət başçısı çıxışında Azərbaycan gəncliyi və elmin inkişafı ilə bağlı qəbul olunacaq dövlət proqramlarının bir-biri ilə əlaqələndirilməsinin vacibliyini nəzərə çatdırdı.

Əlbəttə, bu çox əhəmiyyətli, proqram xarakterli məruzə idi. Azərbaycan alimləri, akademiya sistemində çalışan bütün əməkdaşlar bu çıxışı böyük məmnunluqla qarşıladılar.

Azərbaycan alimləri cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün bütün səyləri birləşdirəcək və elmimizin gələcək inkişafına öz layiqli töhfələrini verəcəklər.

 

 

Musa RÜSTƏMOV,

akademik

 

Xalq qəzeti.-28 aprel.- S. 4