Şərəfli ömür yolu

 

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.

Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. 1950-ci ildə aspiranturaya daxil olmufş, aspiranturanı bitirəndən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.

Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirdi. O, tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, həmin dövr üçün yeni olan antibiotikdən-sintomisindən istifadə olunmasına həsr etdi. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik idi. Bu tədqiqatların nəticələri Z.Ə.Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etdi. Gənc alim Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi təyin olundu.

Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başladı. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona "oftalmologiya" ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Yeri gəlmişkən, bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə də pedaqoji iş aparır.

Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Z.Ə.Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verir. Həmin dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirir. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki,elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi.

1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Qeyd etmək lazımdır ki, bir sıra ciddi elmi məsələlərlə yanaşı, Zərifə xanım bütün ömrü boyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərmişdir. Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanına təsir edən amillərə əsas diqqət yetirmişdir.

Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Geniş miqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir. 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Elə ilk gündən Z.Ə.Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq, elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bildi. Amma kafedranın mövcud bazası elmi tədqiqatların müasir tələblərinə cavab vermirdi. Təşəbbüs göstərmək lazım gəlirdi və Zərifə xanım bu problemin həlli yolunda bir sıra konkret addımlar atdı. 1977-ci ildə professor Zərifə Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı və zəngin təcrübə tələb edirdi. Plenuma hazırlığın və onun keçirilməsinin bütün ağırlığı Zərifə xanımın üzərinə düşdü. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş İttifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynadı.

Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Z.Ə.Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyəndi. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıldı. Elmi araşdırmalar nəticəsində Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi.

1983-cü ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu böyük alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tədqiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn, "Herpetik göz xəstəliyi", "Ağır virus konyuktivləri" və s. məhz bu məsələlərə həsr olunmuşdur.

Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş bir sıra maraqlı tədqiqatlar aparmışdır. Gərgin və gərəkli tədqiqatlar nəticəsində o, bir sıra elmi məqalələr və iki monoqrafiya - "Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası" və "Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi" monoqrafiyalarını çap etdirmişdir.

Zərifə Əliyeva gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını da öyrənmişdir. Bir sıra elmi işlərində o, görmə orqanı zədələndikdə mövcud olan cərrahiyyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr işləyib hazırlanmışdır. Bu tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş görmə orqanının müalicəsini xeyli yüngülləşdirmişdir.

Alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Z.Ə.Əliyevanın daktriologiyadan bəhs edən "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların böyük marağına səbəb olmuşdur.

Zərifə xanım Əliyeva fundamental "Terapevtik oftalmologiya" kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.

Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını (gözün əlvan təbəqəsində dəyişikliyi, iridodiaqnostikanı) ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir. Bu kitab bu gün həkimlərin iş təcrübəsində əvəzolunmaz elmi vəsaitdir.

Alimin zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şuplina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.

Z.Ə.Əliyevanı həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad " kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Alim səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir.

Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və inamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində dünyasını dəyişmişdir.

 

 

Xalq qəzeti.- 2011.- 28 aprel.- S. 3.