Elm və mənəviyyat
milli sərvətin tərkib hissəsidir
Dövləti, cəmiyyəti irəliyə aparan, onu inkişaf etdirən ilk növbədə onun ziyalıları, alimləridir. Tarixin ən qədim dövrlərindən etibərən Qədim Şərq və Avropa elminin nailiyyətlərindən bəhrələnən Azərbaycan elmi də əsrlər boyu maraqlı inkişaf yolu keçmişdir. Əsas elm ocağımız olan, Azərbaycan Milli Elmlər Akademiyası yarandığı gündən əsl tarixi missiya yerinə yetirmiş və bu gün də həmin şərəfli vəzifəni layiqincə davam etdirir. Xeyli müddətdir ki, bu sahə ilə məşğul olduğum üçün qürurla deyə bilərəm ki, AMEA nəinki Azərbaycan, eləcə də bütün Şərq və Avropa elminə dünya şöhrətli akademiklər, elm adamları və ziyalılar bəxş edib.
1945-ci ildən fəaliyyət göstərən akademiyamızın alimləri bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına dəyərli töhfələr vermişlər. Müstəqilliyimizin inkişafı və möhkəmləndirilməsi şəraitində təbii ki, elmi potensialın güclənməsinə böyük ehtiyac vardır. Alimlərimiz müxtəlif sahələrdə öz sözünü demişlər. Azərbaycanda dünya səviyyəsində aparılan araşdırmalar da öz müsbət təsirini göstərmişdir. Geoloq alimlərimiz ölkəmizin təbii sərvətləri ilə bağlı əvəzolunmaz xidmətlər göstərmişlər. Məhz bu sərvətlərin üzə çıxarılması və elmi əsaslarla rasional istifadəsi ölkəmizin müstəqilliyini gücləndirir, müstəqil siyasət aparmaq imkanlarımızı artırır. XX əsrin ortalarında Xəzər dənizində dünyada ilk dəfə neft hasilatına başlanılması bu gün müstəqil Azərbaycanımızı iqtisadi cəhətdən gücləndirir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və inkişaf etdirilən Azərbaycanın neft strategiyasının uğurla reallaşdırılması nəticəsində bu gün müstəqil dövlətimiz enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişdir. Yəqin ki, əgər vaxtilə alimlərimiz böyük neft-qaz yataqlarını kəşf etməsəydilər və bu təbii resurslar olmasaydı, ölkənin həyat axarı başqa istiqamətdə davam edərdi.
Yarandığı gündən qarşısına Azərbaycanda elmi inkişaf etdirmək, müxtəlif sahələrdə elmi kəşflərə, yeniliklərə imza atmaq kimi məqsədlər qoyan akademiya çox böyük nailiyyətlər qazanıb. Təmir və bərpa işləri ilə əlaqədar olaraq bir müddət işini məhdudlaşdırsa da, elmi axtarışlar öz davamlılığını itirməmişdir. Aprelin 26-da Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı elm adamlarına, ölkədə elmin inkişafına xüsusi diqqətin nümunəsi kimi dəyərləndirilməlidir. Dövlət başçısı akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, iş otaqlarının zəruri avadanlıqlarla təchiz olunması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində də mühüm addımlar atıldığını xatırlatmaqla əsas diqqətin insan, elmi kadr resurslarına yönəltməyin vacibliyini vurğulamışdır. Şübhəsiz ki, Milli Elmlər Akademiyası kimi böyük elm ocağının təmir olunması, yeniləşməsi Azərbaycan dövlətinin elmə olan qayğı və diqqətinin bariz sübutudur. Bununla yanaşı, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin, Tarix Muzeyinin də yenidən qurulması üçün ölkə prezidenti sərəncam imzalamış və vəsait ayrılmışdır.
Alimlərlə görüşdə möhtərəm Prezidentimiz bildirmişdir ki, ana dilimiz və ədəbiyyatımızla, milli mənəvi dəyərlərimizin öyrənilməsi və qorunması, eləcə də tariximizlə bağlı araşdırmaların aparılması daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Dövlətimizin rəhbəri vurğulamışdır ki, ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq.
Azərbaycanda elmin inkişafı ilə bağlı atılan daha bir addım Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun yaradılması olmuşdur. Bundan məqsəd fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasının təmin edilməsidir. Fond yarandığı gündən Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramları, habelə digər elmi tədbirlər həyata keçirir. Adı çəkilən qurum həmçinin Amerika Birləşmiiş Ştatları, Böyük Britaniya kimi inkişaf etmiş dövlətlərlə elmi mübadilələr aparır.
Azərbaycanın sosial inkişafında dövlətə və cəmiyyətə dəstək olan Heydər Əliyev Fondunun gördüyü işləri xüsüsi qeyd etmək istəyirəm. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən hazırlanmış "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən, respublikamızda təhsil sahəsində böyük nailiyyətlər əldə olunub. Təhsil sistemində baş verən dönüş məhz Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Azərbaycanın gənc nəsli biliyə, müasir texnologiyalara, elmə yiyələnərək, dünya təhsil sisteminə inteqrasiya olunur.
Proqram çərçivəsində qısa zaman ərzində Azərbaycanın kənd məktəblərinin maddi-texniki bazası yaxşılaşdırılıb, yeni təhsil ocaqları istifadəyə verilib. Bundan əlavə, köhnə, yararsız məktəblər bərpa olunaraq yenidən istifadəyə verilir... Ötən 5 ildə "Yeni məktəblərin tikintisi və fəaliyyətdə olan məktəblərin yenidən qurulması haqqında" Dövlət Proqramı çərçivəsində ölkədə 100-dən artıq yeni məktəb binası tikilib, 200-dən artıq məktəbdə isə yararsız sinif otaqları təmir olunmuşdur. Təhsil sahəsində əldə edilən nailiyyətlərdən biri də dərsliklərin dövlət hesabına nəşr olunaraq şagirdlərə pulsuz paylanmasıdır. Bu da təhsilə olan marağı artırır, şagirdlərin savadlanmasına şərait yaradır. Daha bir sevindirici məqam da ondan ibarətdir ki, artıq ali təhsil almış gənclərin bölgələrə cəlbi üçün səmərəli şərait yaradılır. Onların torpaq sahəsi və yüksək əmək haqqı ilə təmin olunması bölgələrdə elmin, təhsilin, səhiyyənin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
Azərbaycanda səhiyyənin də inkişafı daim diqqət mərkəzində saxlanılır. Ölkədə səhiyyə müəssisələrinin yenidən qurulması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanması Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Mehriban xanım Əliyeva tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə səhiyyə müəssisələrinin yenidən qurulması işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Ana və uşaq sağlamlığının qorunması Fondun diqqətdə saxladığı əsas sahədir. Bu baxımdan Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan proqramlar və layihələr Azərbaycanda tibb sahəsinin inkişafına əvəzsiz töhfələr verir.
Azərbaycanın dövlət müstəqillyi möhkəmləndikcə nəinki paytaxtda, bölgələrdə də iqtisadi və mədəni inkişafın səviyyəsi yüksəlir. Azərbaycan Respulikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı təsdiq olunmuşdur. Dövlət Proqramında 2009-2013-cü illərdə regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, kommunal xidmət və digər infrastruktur obyektlərinin, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən, müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Demokratik dövlət quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir. Regionlarda aqrar sahədə aparılan islahatlar və müasir tipli müəssisələrin tikilərək istifadəyə verilməsi işsizliyi aradan qaldırmağa başlamış, bu isə öz növbəsində yoxsulluğun azalmasına, əhalinin rifah halının yüksəlməsinə gətirib çıxarmışdır.
Gələcəyini düşünən və buna çalışan hər bir dövlət gənclərə olan diqqət və qayğısını əsirgəməməlidir. Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır. Bu gün ölkəmizdə əhalinin 60 faizdən çox hissəsini gənclər təşkil edir. Təbii ki, hər bir yerdə olduğu kimi, gənclər ən fəal təbəqə sayılır. Azərbaycanda da bu artıq həqiqətdir. Çünki bütün sahələrdə məhz gənclər proseslərin önündə gedir. Bu gün, hətta ictimai sektorda, vətəndaş cəmiyyətində ən aktiv hissəni məhz gənclər təşkil edir. Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən gənclərə dövlət qayğısı yüksək səviyyədə özünü göstərir. Bu, ulu öndərimizin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi əsas strateji xətlərdən biridir. Çox diqqətəlayiq haldır ki, digər sahələrdə olduğu kimi məhz gənclər siyasəti sahəsində də ölkədə bir varislik tamlığı özünü göstərir. Gəncliyə göstərilən diqqəti gələcəyə qoyulan sərmayə kimi qiymətləndirən cənab İlham Əliyev gənclərlə bütün görüşlərində daim vurğulayır ki, əsas məqsəd gələcəyin qurucusu olan gənclərin sağlam mühitdə böyüməsi, geniş dünyagörüşə malik olması, hər yerdə öz fikrini ifadə edə bilməsidir.
Bu gün Azərbaycan gəncləri dünyanın ən məşhur universitetlərində, akademiyalarında dövlət hesabına təhsil alır. Bundan əlavə, gənclərin vaxtının səmərəli keçməsi, istirahətlərinin tam şəkildə təmin olunması üçün hər cür şərait yaradılır. Bölgələrdə yay və qış məktəblərinin təşkili gənclərin həm savadlanması, dünyagörüşünün genişləndirilməsi, həm də istirahətlərinin səmərəli keçirilməsinə zəmin yaradır.
Bu gün Azərbaycan gənclərini hər sahədə (səhiyyə, təhsil, siyasət, iqtisadiyyat, mədəniyyət və s.) görmək mümkündür. Hərtərəfli inkişaf etmiş, savadlı Azərbaycan gəncliyi müstəqil Azərbaycanın qoruyucusu, keşikçisidir.
Sonda bir məqama
da toxunmaq istərdim. Bu da ölkəmizdə mövcud olan
milli və dini dözümlülüklə
bağlıdır. Xatırladım ki, Azərbaycanda dövlət
səviyyəsində dəstəklənən mədəniyyətlərarası
dialoq, onun tərkib hissəsi olan dinlərarası dialoq
işinin Bakının adı ilə bağlanması hər
bir azərbaycanlı üçün qürur doğuran bir
haldır. Ötən ilin 26-27 aprelində Bakıda gerçəkləşən
sammit bunun bariz nümunəsinə çevrildi. Bununla əlaqədar
dövlət başçımız İlham Əliyevin milli
və dini dözümlülüyə mühüm önəm
verməsi diqqəti cəlb edir. Cənab İlham Əliyevin
"Azərbaycanda milli və dini
dözümlülüyün, tolerantlığın yüksək
səviyyədə olması artıq faktdır və bu, bizim
güc mənbəyimizdir" sözləri də həmin
fikrin təsdiqi kimi böyük əhəmiyyət
daşıyır.
Xanəli BABAYEV,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 6.