Masallıda akademik Zərifə xanım Əliyevaya həsr olunmuş elmi-praktik konfrans keçirilib

 

Azərbaycanın tanınmış elm xadimlərindən biri, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva xalqa xidməti ilə yaddaşlarda əbədi yaşayır. Oftalmologiya elminə aid bir sıra elmi əsərlərin və dərsliklərin yazılmasına, bu elm sahəsində çoxsaylı tədqiqatlarına görə yüksək mükafatlara layiq görülmüş akademikin elmi irsi bu gün minlərlə həkim tərəfindən öyrənilir.

 

Zərifə xanım Əliyevanın vaxtilə söylədiyi bir fikir indi də aktuallığını itirməyib: "Həkim cəmiyyətdə əxlaq etalonudur". Bütün həyatı boyu bu kredoya sadiqliyini nümayış etdirmiş akademikin bioetika, yəni həkim - xəstə münasibətləri ilə bağlı dəyərli fikirləri də tibb ictimaiyyətinin dilinin əzbərinə çevrilib.

Masallı Rayon Mərkəzi Xəstəxanasında "Akademik Zərifə Əliyeva və milli oftalmologiya" mövzusunda keçirilən elmi-praktik konfransda böyük alimin həyat və fəaliyyətindən geniş danışıldı. Qeyd edildi ki, 1923-cü ilin aprelində anadan olan və 1985-ci ilin aprelində dünyasını dəyişən Zərifə xanım yaddaşlarda həmişəbahar təravətli xoş xatirələrlə yaşayır.

Konfrans iştirakçıları akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzinin Masallı filialının vestibülündəki büstünün önünə tər çiçək dəstələri qoyaraq xatirəsi önündə baş əydikləri anlarda olduğu kimi, tədbir boyu xidmətləri yada salındıqca da sonsuz qürur hissləri keçirirdilər.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov akademik Zərifə xanım Əliyevanı böyük alim, dəyərli insan kimi maraqlı faktlarla səciyyləndirdi. Görkəmli alimin adını daşıyan Milli Oftalmologiya Mərkəzinin Masallı regional şöbəsində keçən il 500-ə qədər cərrahiyyə əməliyyatının aparıldığını, 2000-dən artıq insanın müalicə aldığını qeyd etdi.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı konfrans iştirakçılarını salamlayaraq, akademik Zərifə xanım Əliyevanın görkəmli alim olmaqla bərabər, həm də qayğıkeş ana, vəfalı ömür-gün dostu kimi Azərbaycan qadınının simvoluna döndüyünü və gözəl bir örnək olduğunu vurğuladı.

Oftalmoloq Hikmət Əzizli akademikin həyat və fəaliyyəti barədə məruzə etdi. O, qeyd elədi ki, geniş elmi fəaliyyət göstərməsi ilə bərabər, Zərifə xanım Əliyeva həkimlik etməyə, cərrahiyyə əməliyyatları aparmağa, xəstələrlə görüşüb onlara məsləhətlər verməyə də vaxt tapırdı. O, tez-tez Bakının və Sumqayıtın sənaye müəssisələrində olur, sexlərdə, laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Geniş miqyaslı klinik və təcrübi tədqiqatları sonrakı nəsillər üşün çox dəyərli mənbələr olmaqdadır.

MX-nın həmkarlar ittifaqı komitəsinin sədri Nazir Ruhullayev, oftalmoloqlar Yasər Əzizov, Yaşat Bağırov akademik Zərifə Əliyevanın adı ilə gözəl müəllim, böyük elm xadimi kimi fəxr etdiklərini söylədilər, onun tələbəsi olduqları illərin xatirələrini dilə gətirdilər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 6.