Görkəmli alim, gözəl insan...
Akademik Zərifə Əliyeva
adına Zaqatala şəhər
texniki fənlər təmayüllü
liseydə görkəmli oftalmoloq alimin anadan olmasının
88-ci ildönümünə həsr olunmuş
"Azərbaycan qadınının
tərənnümü" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə, rayon ictimaiyyətinin nümayəndələri,
ziyalılar və gənclər iştirak etmişlər.
İlk
öncə tədbir iştirakçıları lisey
şagirdlərinin əl işlərindən ibarət sərgiyə
baxış keçirmişlər.
Tədbirdə
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının
müavini Zümrüd Ağakişiyevanın "Xeyirxah
insan, fədakar ana" mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi akademik Zərifə xanım Əliyevanın
mənalı həyatı və yorulmaz fəaliyyəti , onun
Azərbaycanda oftalmologiya elminin inkişafı
üçün göstərdiyi səylər barədə məlumat
vermiş, onun Azərbaycan xanımlarının bütün
gözəl xüsusiyyətlərini özündə birləşdirmiş
insanlıq, qadınlıq meyarı olduğunu qeyd etmişdir.
Məruzəçi
ömürlərə sevinc, gözlərə nur bəxş
etmiş görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın
xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini
xüsusi vurğulamışdır.
Tədbirdə
"Qoşa ömür yolu", "İşgüzar
qadın" və "Örnək ana" adlı şagird
təqdimatları nümayiş etdirilmiş, məktəblilərin
ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
Daha
sonra rayon icra hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə akademik Zərifə Əliyevanın 88-ci
ildönümü ilə əlaqədar liseydə
keçirilmiş bilik və idman yarışlarının, əl
işləri və inşa müsabiqələrinin qaliblərinə
fəxri fərman və qiymətli hədiyyələr təqdim
etmişdir.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 6.