Elmin inkişafına göstərilən qayğı və diqqət Azərbaycan dövlətini daha da qüdrətli edir

 

Budaq BUDAQOV, akademik

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak etməsi ölkənin elmi ictimaiyyətinin hər bir nümayəndəsinin məmnunluğuna səbəb oldu.

 

Çünki biz bu addımın nə ilə nəticələnəcəyini yaxşı bilirik. Ulu öndər Heydər Əliyevin də istənilən kollektivin nümayəndələri ilə görüşəndən sonra həmin sahənin inkişafı üçün növbəti addımlar atıldı. Mənim yaxşı yadımdadır. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edənlər Milli Elmlər Akademiyasını sovet cəmiyyətinin qalığı kimi ləğv etmək istəyirdilər. Tanrı üzümüzə baxdı ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı və həmin qayıdışla respublikamızın həyatında xüsusi xidmətləri olmuş Elmlər Akademiyası məhv olmaqdan qurtuldu. Heydər Əliyev Ali Sovetin sədri seçilən kimi Akademiyanın kollektivi ilə görüşmüşdü. Bu, siyasi addım idi, xəbərdarlıq idi ki, bütövlükdə bəşəriyyətin tərəqqisinə böyük töhfələr vermiş elm adamlarını incitmək, sarsıtmaq olmaz. Heydər Əliyev həmin naqis addımların atılmasına yol vermədi.

Son illər Azərbaycan Milli Elmlər Akademiyası bütün sahələrdə öz inkişafının yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi elm və təhsil sahəsində də böyük uğurlara imza atır. Dövlət başçımız ötən ilin fevralında "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi"ni təsdiq etmişdir. Həmin fondun fəaliyyətə başlaması elmi ictimaiyyətimiz üçün çox mühüm hadisədir. Prezidentin iştirakı ilə keçirilən iclasda Akademiyanın prezidenti söylədi ki, təkcə ötən il elm sahəsində təqdim olunan layihələrin həyata keçirilməsi üçün 6 milyon manat vəsait ayrılıb. Bu, kiçik rəqəm deyil. Əvvəllər biz nəinki elmi layihələrin icrası üçün, hətta, əməkdaşların maaşının ödənilməsi üçün vəsait tapa bilmirdik.

Mən bir məqamı da qeyd etmək istəyirəm. Dövlət və dövlət başçısı AMEA başda olmaqla bütün elm və təhsil müəssisələrinə misilsiz qayğı göstərir. Sevindirici haldır ki, elm ictimaiyyətimiz də bu qayğını cavabsız qoymur. Ötən il müstəqil dövlətimizin tarixində ilk dəfə verilən Azərbaycan Respublikasının Dövlət Mükafatını alanlar arasında elmin təmsilçiləri daha çox idi. Özü də həmin mükafatları bilavasitə dövlət başçısının özü təqdim etmişdi.

Prezident İlham Əliyevin iştirakı ilə keçirilən iclasda dövlətin AMEA-ya göstərdiyi qayğı və diqqətin bütün sahələri barədə maraqlı faktlar səsləndirildi. Akademiyanın bütün elmi-tədqiqat institutlarının binalarının təmir edilməsi, alimlərin sosial-rifah halının yaxşılaşdırılması, yuxarıda adını çəkdiyimiz fondun yaradılması və digər tədbirlər qayğı və diqqətin maddi tərəfini təşkil edir. Ancaq dövlət başçısının biz alimlərə qayğısının mənəvi tərəfləri daha zəngindir. Məsələn, AMEA Tarix Muzeyinin 90 illik, Ədəbiyyat Muzeyinin 70 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi elm adamlarının böyük məmnunluğuna səbəb olmuşdu. Akademiklər Şəfaət Mehdiyevin və İmam Mustafayevin 100 illik yubileylərinin keçirilməsi, akademik Fəraməz Maqsudovun xatirəsinin əbədiləşdirilməsi, xüsusi xidmətlərinə görə akademiklər Ziyad Səmədzadə, Bəkir Nəbiyev, Nailə Vəlixanlı, Siddiqə Məmmədova və başqalarının dövlət təltiflərinə layiq görülməsi bizim aldığımız mənəvi dəstəyin nümunələridir.

Bir sözlə, cənab Prezidentin elm adamları ilə görüşməsi, Akademiyamızın inkişafına yeni töhfələr verməsi son nəticədə müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsinə xidmət edir. Çünki elmi olmayan ölkənin inkişafı da olmaz..

 

 

Xalq qəzeti.- 2011.- 29 aprel.- S. 6.