Mətbuata, jurnalistikaya həsr olunmuş şərəfli ömür

 

Çağdaş Azərbaycan mətbuatının görkəmli simalarından biri olan Ağababa Rzayev 72 illik ömrünü xalqa, jurnalistikaya xidmətdə keçirmişdir. Bu nəcib insan XX əsrdə ölkəmizdə mətbuatın formalaşıb inkişaf etməsinə böyük əmək sərf etmişdir. Keçən əsrin 60-70-ci illərində Azərbaycan Jurnalistlər İttifaqının sədri işləyərkən Ağababa Rzayev mətbuat, poliqrafiya sahəsində çalışanların, xüsusilə əyalətlərdə fəaliyyət göstərən jurnalistlərin etibarlı dostu, prinsipial müdafiəçisi olmuşdur.

 

"Xalq mətbuat mərkəzi"ndə unudulmaz mətbuat fədaisi Ağababa Rzayevin anadan olmasının 90 illiyi həmkarları tərəfindən təntənəli surətdə qeyd edildi. "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov mərasim iştirakçılarını salamlayaraq, yubilyar haqqında ürək sözlərini söylədi.

Baş redaktor bildirdi ki, 1921-ci il aprel ayının 28-də Bakı şəhərində, neftçi Səməd kişinin ailəsində dünyaya göz açan Ağababa Rzayev ibrətamiz, olduqca şərəfli bir ziyalı ömrü yaşamışdır. O, 16 yaşında Bakı Sənaye Texnikumunun poliqrafiya şöbəsini bitirərək "Kommunist" qəzetində (indiki "Xalq qəzeti") texniki işçi kimi əmək fəaliyyətinə başlamışdır. Redaksiyada adi korrektor işləyən Ağababa Rzayev tezliklə özünü savadlı və çevik qələm sahibi kimi tanıtdıra bilmiş, "Azərbaycan pioneri", "Gənc işçi" qəzetlərində jurnalist sınağından keçərək yenidən "Kommunist" qəzetinə qayıtmış və müxbir vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən müharibəsi başlayanda könüllü surətdə cəbhəyə getmiş Ağababa müəllim istehkamçılar bölməsinin tərkibində döyüşərək, ölüm-dirim mübarizəsində böyük rəşadət göstərmiş, Pribaltika respublikalarının, Polşanın və Almaniyanın faşizmdən təmizlənməsində xüsusi fəallığı ilə seçilmiş, Reyxstaqın divarına - "İz Baku Ağababa Rzaev" avtoqrafını yazmışdır.

Taleyini həmişəlik mətbuata bağlayan Ağababa Rzayev müəyyən fasilələrlə beş dəfə "Kommunist" qəzetində işləmiş, ömrünün 30 ilini bu qocaman mətbuat orqanının inkişafına sərf etmişdir. O, üçüncü dəfə qəzetə əsgər paltarında birbaşa cəbhədən qayıtmış, on il məsul katib müavini, şöbə müdiri, məsul katib vəzifələrində çalışaraq respublikamızın tanınan, sayılıb-seçilən jurnalistləri cərgəsinə çıxmışdır. Sonra o, üç il Moskvada ali jurnalistika kursunda təhsil alaraq qəzetə redaktor müavini vəzifəsinə qayıtmışdır. Bir müddət mətbuat sahəsində, mühüm partiya və dövlət vəzifələrində çalışan Ağababa Rzayev 1963-cü ilin sonlarına yaxın "Kommunist" qəzetinə redaktor təyin olunmuşdur.

Təcrübəli mətbuat xadiminin redaktorluğu ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünə təsadüf etdiyinə görə, yaddaqalan hadisələrlə zəngin olmuşdur. Məhz həmin dövrdə ulu öndərimiz Heydər Əliyev "Kommunist" mənim qəzetimdir" - deyərək ölkədə böyük yenidənqurma işlərinə başlamışdır. 1970-ci illərdə qəzetin hər bir tənqidi çıxışı respublikada geniş əks-səda doğurmuş, rəhbərlik tərəfindən təqdir olunaraq, ciddi tədbirlər görülmüşdür.

Ağababa Rzayevin redaktorluq fəaliyyəti ötən əsrin 60-70-ci illərində bir çox nəşrlərin rəhbərləri üçün məktəb və nümunə sayılmışdır. Onun qayğıkeşliyi, kollektivlə birgə nəfəs almaq bacarığı, yaradıcılıq qabiliyyəti indinin özündə də çoxlarına nümunə ola bilər. Son dərəcə sadə, olduqca prinsipial, həddən ziyadə gözütox insan olan Ağababa müəllim mətbuatı sözün həqiqi mənasında vicdan tərəzisi, həyat aynası, ictimai rəy yönəldicisi hesab edirdi. Rəhbərlik etdiyi kollektivin üzvlərinə də həmişə bu duyğuları aşılamağa çalışırdı. Azərbaycan jurnalistlərinin bir neçə nəsli onun təcrübə məktəbindən bəhrələnmişdir.

Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən Ağababa Rzayev ardıcıl surətdə üç çağırış Respublika Ali Sovetinin deputatı olmuş, xalq elçisi kimi mətbuatımızın inkişafı və insanların problemlərinin həlli üçün yorulmadan çalışmışdır. Vətən və xalq qarşısındakı xidmətləri iki orden və bir neçə medalla qiymətləndirilmiş, mətbuata, jurnalistikaya verdiyi əvəzsiz töhfələrə görə "Qızıl qələm" mükafatına layiq görülmüş, "Əməkdar mədəniyyət işçisi" fəxri adını almışdır.

Həsən Həsənov sonda qeyd etdi ki, Ağababa Rzayev şərəfli, hamıya nümunə olası ömür yaşamışdır. Onun "Kommunist" qəzetindəki 17 illik redaktorluq fəaliyyəti Azərbaycan jurnalistikasında silinməz iz qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edən ötən əsrin 70-ci illəri ölkə həyatında əsl dirçəliş, ədəbiyyat, incəsənət, mədəniyyət və başqa sahələrdə böyük nailiyyətlər ilə müşahidə olunmuşdur. Həmin illərdə Azərbaycanda Jurnalistlər İttifaqının sədri, eyni zamanda qəzetimizin redaktoru işləyən Ağababa Rzayevin rəhbərliyi altında respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazası xeyli möhkəmlənmiş, istedadlı, peşəkar jurnalistlər ordusu yaranmış, mətbuatımız intibah dövrünü yaşamışdır.

"Xalq qəzeti"nin şöbə müdiri Telman Heydərov Ağababa Rzayevin insani keyfiyyətlərini xüsusi vurğulayaraq qeyd etdi ki, bu adam həyata xeyirxahlıq üçün gəlmişdi. Mən və mənim kimi bir çox jurnalistlər bunun canlı şahidi olmuşlar. Ağababa müəllim yaşamağı və yaşatmağı bacaran rəhbər idi.

Yazıçı Əfqan Əsgərov çıxışında Ağababa Rzayevin redaktorluq məharətindən, dostluqda sədaqətliliyindən ibrətamiz misallar gətirdi. Respublikanın əməkdar jurnalisti Oqtay Cəfərov isə bu mətbuat cəfakeşinin cəsarətindən, 1970-ci ilin ikinci yarısında Göyçay rayonunda baş verən haqsızlıqlara qarşı qətiyyətli mövqeyindən, əməkdar jurnalist Yusif Kərimov onun humanistliyindən söz açdılar. "Kommunist" qəzetində vaxtilə şöbə müdiri işləmiş Tamara Əliyeva A.Rzayevin alicənablığından, xüsusi müxbir Rafiq Həsənov prinsipiallığından danışdılar, real hadisələrə söykənən faktları yada saldılar.

Unudulmaz Ağababa Rzayevin xatirəsinə toplaşan mərasim iştirakçılarına yubilyarın qızı Əminə xanım Əhmədli öz dərin təşəkkürünü bildirdi, ailəsi, qohum-əqrəbası adından minnətdarlıq etdi.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 30 aprel.- S. 7.