"Müdriklik zirvəsi" kitabının təqdimatı
keçirilmişdir
Dünən Azərbaycan Müəllimlər İnstitutunda "Müdriklik
zirvəsi" kitabının təqdimatı keçirilmişdir.
Kitab xalqımızın böyük
oğlu, ulu öndər
Heydər Əliyevin anadan olmasının
88-ci ildönümünə həsr olunmuşdur.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin üzvləri,
tanınmış ictimai xadimlər və
ziyalılar iştirak etmişlər.
"Müdriklik zirvəsi" kitabını tərtib edən və ön sözün müəllifi Milli Məclisin deputatı, Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlıdır.
Təqdimat mərasimindən əvvəl qonaqlar institutda fəaliyyət göstərən Heydər Əliyev məktəbi ilə tanış olmuş, ulu öndərin şərəfli və hamıya örnək olan həyatı və fəaliyyətinə nəzər salmışlar. Onlar ölməz liderin xatirəsinə ehtiram və məhəbbətlərini bildirmişlər. Sonra tədbiri giriş sözü ilə açan Aqiyə Naxçıvavanlı bildirmişdir ki, kitabda 60-dan çox müəllifin məqaləsi toplanmışdır. Bu yazılarda ulu öndərin çətin və şərəfli həyat yolundan, istər ötən əsrin 70-ci illərində, istərsə də müstəqillik dövründə gördüyü tarixi işlərdən, xalqımız, Vətənimiz üçün həyata keçirdiyi taleyüklü tədbirlərdən, milli-mənəvi dəyərləri və dövlətçilik ideyalarını zənginləşdirməsindən bəhs olunur.
Bəşəriyyətin tarixinə diqqət etsək görərik ki, hər hansı xalqın sosial-iqtisadi durumunun mənzərəsini, milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi missiyanın ağırlığı onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin çiyinlərinə düşüb. Belə şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olublar, siyasi şanslarından xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrikliklə istifadə ediblər. Belə bənzərsiz şəxsiyyətlərin ön sırasında, şübhəsiz ki, Azərbaycanın böyük oğlu, unudulmaz siyasətçi və dövlət xadimi Heydər Əliyev durur. Ölkəmizin dünəni, bu günü və sabahı bu tarixi şəxsiyyətin adı ilə qırılmaz tellərlə bağlıdır.
A.Naxçıvanlı daha sonra demişdir ki, ötən əsrin altmışıncı illərinin sonunda respublikamıza rəhbər seçilən Heydər Əliyevin bu vəzifədə işlədiyi on üç il ərzində həyata keçirdiyi milli inkişaf strategiyasının uğurlu nəticələri sonralar xalqımızın müstəqil dövlətçiliyinin bərpasında və möhkəmlənməsində özünü göstərdi. Bir daha yəqin oldu ki, Azərbaycanın dövlət suverenliyi, siyasi-sosial müstəqilliyinin dirçəlişi, onun daxili və xarici siyasətinin formalaşması 1969-1982-ci illərdə məhz bu ulu şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə bütün sahələrdə bünövrəsi qoyulmuş güclü potensiala əsaslanır.
Müstəqil Azərbaycanda prezidentliyə başladığı ilk illərdən ulu öndərin ölkəmizin iqtisadi tərəqqisində strateji əhəmiyyət daşıyan neft siyasətinə üstünlük verməsi onun uzaqgörənliyinin parlaq nümayişinə çevrildi və tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş beynəlxalq müqavilə imzalandı.
Müəllifi ümummilli liderimiz olan Bakı - Tbilisi - Ceyhan neft kəməri və Bakı - Tbilisi - Ərzurum qaz kəməri Azərbaycanda iqtisadiyyatın böyük sürətlə inkişaf etməsinin konkret göstəricisidir.
1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli lider ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan elm adamlarının cəmiyyətdəki roluna böyük dəyər verdiyini göstərdi. Prezidentin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" 1998-ci ilin martında sərəncam imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Qısa müddətdə komissiyanın hazırladığı "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" geniş müzakirələrdən sonra 1999-cu ilin iyununda imzalanaraq qüvvəyə mindi.
Kitaba daxil edilmiş materiallar bir daha sübut edir ki, tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük milli-mənəvi sərvəti hesab edirdi. Mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncənin tələblərinə uyğun əsərlərin yaradılması üçün təsirli tədbirlər görürdü.
Heydər Əliyev, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı. Ulu öndər ölkəmizin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial-iqtisadi və siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirdi.
Natiq sonda bildirmişdir ki, ölkəmiz dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə hazırlaşır. Bu tarixi hadisə 2011-ci il oktyabrın 18-də dövlət səsiyyəsində təntənəli surətdə qeyd olunacaqdır.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Prezident İlham Əliyevin 21 yanvar 2011-ci ildə imzaladığı sərəncamda deyilir: "Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı". Doğrudan da, bugünkü möhtəşəm Azərbaycanımızın danılmaz tərəqqisinin banisi hamımız üçün doğma və unudulmaz olan dahi rəhbərimiz Heydər Əliyevdir.
"Müdriklik zirvəsi" kitabının təqdimat mərasimində Milli Məclisin deputatları Fəttah Heydərov, Mübariz Qurbanlı, Musa Qasımlı, AzərTAc-ın baş direktoru Aslan Aslanov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları bildirmişlər ki, ulu öndərin zəngin həyat və fəaliyyətinə işıq salan bu kitab xalqımızın böyük oğlu Heydər Əliyevin çoxcəhətli irsini, zəngin dövlətçilik təcrübəsini öyrənmək və ondan faydalanmaq baxımından çox əhəmiyyətlidir. Aylar, illər keçdikcə bu dahi insanı, müdrik və əvəzedilməz şəxsiyyəti daha yaxından tanıyır və sevirik.
Mərasimi yekunlaşdıran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, ulu öndərimizin qalib və həmişəyaşar ideyaları bu gün də yolumuza parlaq işıq saçır, ölkəmizi daha böyük qələbələrə aparır. Yeni kitabda bu həqiqət parlaq əksini tapmışdır.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 30 aprel.- S. 5.