Prezident İlham Əliyev: Dağlıq Qarabağa müstəqillik verilməsi, yaxud da Ermənistana birləşdirilməsi heç vaxt danışıqların mövzusu olmayıb və olmayacaqdır

 

Beynəlxalq təşkilatlar bu problemin həll edilməmiş qalmasından böyük narahatlıq ifadə edirlər

 

Dünyanın müxtəlif qütblərini təmsil edən konfliktoloq və ekspertlər Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu il iyulun 17-də Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı söylədiyi bir ifadəni dönə-dönə yada salır və yeni-yeni mülahizələr irəli sürürlər.

Rusiyalı nazir görüşdə demişdi: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiya üçün prioritet məsələdir". Politoloqlar sual verirlər ki, bu münaqişənin mövcud olduğu 20 ildə daim barışdırıcı mövqe tutan Rusiya rəsmiləri nədən indi məsələni bu qədər konkretləşdirmək istəyirlər? Axı Rusiya daim bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədrlərindən biri olub və təxminən 2008-ci ilə qədər bu istiqamətdə heç bir xüsusi fəallığı ilə seçilməyib. Son üç ildə isə Kremlin həyata keçirdiyi tədbirlər açıq-açığına göstərir ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə çalışır. Özü də bir çox məqamlarda aydın şəkildə vurğulayırlar ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində həll olunmalıdır. Ekspertlər bu sualı verirlər və cavabı da özləri tapırlar.

Cavab ondan ibarətdir ki, münaqişənin mövcud olduğu əvvəlki illərdə Azərbaycan öz torpaqlarını hərb yolu ilə işğaldan azad etmək iqtidarında deyildi. Ona görə də regionda öz nüfuzunu qorumağa çalışan ölkələr elə də ciddi narahatlıq hiss etmirdilər. Üstəlik, beynəlxalq təşkilatlar da bu məsələdə ikili standartlardan əl çəkə bilmirdilər. İndi isə Azərbaycan istənilən anda öz torpaqlarını hərb yolu ilə azad etmək gücünə malikdir və beynəlxalq təşkilatların mövcud qərar və qətnamələri rəsmi Bakıya belə bir addımı atmaq hüququ verir. Yəni bu gün Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün əsaslara malikdir. Bu əsaslar güclü iqtisadiyyat, qüdrətli ordu, maksimum beynəlxalq dəstək, beynəlxalq hüququn verdiyi imkanlar, xalqın dövlətə və Ali Baş Komandana olan inamı və nəhayət, qaçqın və köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaq istəyinin qarşısıalınmazlığından ibarətdir. Azərbaycanda bu imkanların hansının nə səviyyədə olduğu hamıya gün kimi aydındır. Ona görə də heç kəs yeni müharibə ocağının başlanmasını istəmir.

Əvvəla, Avropa Azərbaycanın hərb yolunu seçməsini arzulamır. Çünki Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən ölkəyə çevrilmişdir və burada baş verəcək istənilən münaqişə və ya müharibə birbaşa Avropanın maraqlarına zərbə olacaq. Qafqazda barıt tüstüsünün qalxması Birləşmiş Ştatlar üçün də kifayət qədər xoşagəlməz bir hal olardı. Çünki Qafqazda, Xəzər hövzəsində və ətraf regionlarda Vaşinqtonun xüsusi maraqları vardır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə deyil, sülh və danışıqlar yolu ilə həll edilməsi Vaşinqtonun əsas istəklərindən biridir. Münaqişənin həlli üçün seçiləcək yola Rusiyanın münasibətinə gəlincə isə bir neçə xüsusi məqam vardır. Belə ki, Rusiyanın xarici siyasəti nəinki 20-30 il və ya 100 il əvvəlki siyasət deyil, hətta, üç-beş il əvvəlki siyasətə nisbətən də kifayət qədər dəyişib. İndi artıq Rusiya öz sərhədlərində və həmsərhəd ölkələrində istənilən münaqişənin qarşısını danışıqlar, diplomatiya yolu ilə almağa çalışır və buna nail olur. Yəni Rusiya rəhbəri Dmitri Medvedevin son illər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səylər iki mənbədən qaynaqlanır: Azərbaycanın hərtərəfli qüdrətinin artması ilə bağlı Moskva İlham Əliyevin "biz öz torpaqlarımızı istənilən yolla işğaldan azad edəcəyik" - bəyanatını ciddi qəbul edir və Rusiyanın xarici siyasəti əsrin tələblərinə uyğun olaraq mülayimləşir. Hər iki amil region ölkələrinin hamısının xeyrinədir.

Yeri gəlmişkən, bu il iyulun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov xüsusi məqsədlə Bakıya gəlmiş, Kreml rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məktubunu Azərbaycan Prezidentinə çatdırmışdı. Cənab Medvedevin təklifləri Ermənistan prezidenti Serj Sarkisyana da çatdırılmışdır. Bu, prezidentlərin Kazan görüşündən bir neçə gün sonraya təsadüf edirdi və faktın özü göstərirdi ki, cənab Medvedev İrəvan rəhbərlərinin şıltaqlığına və riyakarlığına baxmayaraq münaqişənin həllinə çalışır.

Rusiya Prezidentinin ötən ilin sentyabrında Bakıya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmalar və qəbul edilmiş qərarlar Moskvada məmnunluq hissi yaradır. İrəvan rəhbərliyi isə nəinki Moskva ilə, hətta BMT, ATƏT, Avropa Şurası ilə əldə edilmiş razılaşmaların heç birini axıradək yerinə yetirmir. Çünki dövlətin konkret siyasi kursu yoxdur, müstəqil xarici siyasəti mövcud deyil. Nə qədər ki, Ermənistana quldurlar rəhbərlik edirlər, həmin ölkədə hansısa siyasətin formalaşacağı qətiyyən mümkün deyil.

Bu gün Azərbaycanın xarici siyasətinin əsas məqsədi dünyanın bütün ölkələri ilə qarşılıqlı maraqlar əsasında formalaşdırılan dostluq və əməkdaşlıq edilməsi və bu siyasət nəticəsində də ölkənin ərazi bütövlüyünün bərpasına nail olunmasıdır. Bir neçə il əvvələ qədər həmin məqsədlə daha çox diplomatiyadan və ölkənin təbii sərvətlərindən istifadə olunurdu. İndi isə bu arsenal daha geniş miqyası əhatə edir. Siyasətçilər, diplomatlar, diaspor qurumları, iş adamları, yaradıcı ziyalılar, elm, incəsənət, mədəniyyət xadimləri, kütləvi informasiya vasitələri və nəhayət, beynəlxalq aləmdəki ədalətli, obyektiv qüvvələr bu istiqamətdə səfərbər olunublar. Məhz həmin səfərbərliyin nəticəsidir ki, bu gün BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Konfransı Təşkilatı, TÜRKPA, MDB, GUAM, QİƏT və ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar vahid mövqedən çıxış edirlər: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında, ölkələrin ərazi bütövlüyünün bərpası şərtiylə həll olunmalıdır. İşğalçı ölkənin prezidenti isə gah 9 yaşlı azərbaycanlı uşağı öldürtdürür, gah 19 yaşlı erməni gəncini Türkiyəyə qarşı nifrətlə "silahlandırır", gah da Gorusda saxta tarix üstündə gülünc teatr tamaşası çıxarır. Unudur ki, artıq bütün dünya onun həyasızlığından bezib və zamanın hər kəsə öz yerini göstərəcəyi gün uzaqda deyil. Həmin günü Azərbaycan Prezidentinin siyasəti daha da yaxınlaşdırır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 2 avqust.- S. 1.