İnkişafın
yeni mərhələsi
2 avqust Milli Kino
Günüdür
Milli
kinomuzun 113 yaşı tamam olur. 1996-cı ildə
kinoşünas Aydın Kazımzadənin ciddi
araşdırmaları nəticəsində Azərbaycan kino
tarixinin 1898-ci ildən başlandığı sübut olundu.
Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi ilk
film - "Balaxanıda neft fontanı" Bakıda
nümayiş etdirilmişdi. İlk Azərbaycan bədii filmi
isə 1916-cı ildə çəkilən "Neft və
milyonlar səltənətində" filmi oldu.
1916-cı
ildə həmçinin Ü. Hacıbəyovun
"Arşın mal alan" operettası ekranlaşdırılmış
və 1917-ci il yanvarın 3-də "Forum" kinoteatrında
nümayiş olunmuşdur. Bu, Üzeyir bəy
yaradıcılığına Azərbaycan kinosunun ilk
müraciəti idi. 1945-ci ildə çəkilmiş
"Arşın mal alan" isə ilk milli filmimizdir ki,
SSRİ dövründə Dövlət mükafatına layiq
görülüb. Sonrakı illərdə Üzeyir bəy
yaradıcılığının ən gözəl
nümunələrindən olan "O olmasın, bu olsun"
operettası (1956), "Leyli və Məcnun" operası
ekranlaşdırıldı. Sonra isə yazıçı
Anarın öz ssenarisi əsasında çəkdiyi dahi bəstəkarın
həyat və yaradıcılığından bəhs edən
"Üzeyir Hacıbəyov: "Uzun ömrün
akkordları - Üzeyir ömrü" filmi Azərbaycan musiqi
tarixinin böyük bir salnaməsinə çevrildi. Azərbaycan
müstəqillik qazanana qədər ölkəmizin
kinematoqrafçıları milli ənənələrə
söykənərək kino salnaməmizi xeyli zənginləşdirmişlər.
Sovet filmləri sırasında çox qiymətli Azərbaycan
filmləri də vardır.
Müstəqil
Azərbaycanın kino sənəti 1993-cü ildən
formalaşmağa başladı. Həmin illərdə incəsənətin
bu vacib sahəsi, sözün əsl mənasında, məhv
olmaq təhlükəsi ilə üzləşmişdi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə incəsənətə diqqət
artırıldı. Milli kinematoqrafiyanın
qazandığı ən mühüm uğurlardan biri
"Kino haqqında Qanun"un qəbul edilməsi oldu. Bununla
dövlət kinematoqrafın hüquqi bazasını
yaratmış oldu. Qeyd edək ki, MDB ölkələri
arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun
qəbul edilib.
Azərbaycanda
kino çəkilişlərinə dövlətin qoyduğu vəsait
ilbəil artırılır. Belə ki, bu sahəyə 2000-ci
ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon
400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon
300 min manat vəsait ayrılmışdır. Bu vəsaitə
uyğun olaraq əvvəllər 3-4 ildə cəmi 1-2 bədii
film çəkilirdisə və ya heç çəkilmirdisə,
son 5-6 il ərzində "Ovsunçu", "Hacı
Qara", "Küçələrə su səpmişəm",
"Arxada qalmış gələcək", "Girov",
"Əlvida", "Cənub şəhəri",
"Cavid ömrü", "Hökmdarın taleyi",
"Cavadxan", "Manifest", "Biz
qayıdacağıq" kimi 15 bədii film, habelə bir
neçə sənədli və cizgi filmləri çəkilmişdir.
Bu gün Azərbaycan filmləri beynəlxalq müsabiqələrdə
iştirak edir,müxtəlif səviyyəli mükafatlar
qazanırlar. Bu inkişaf 1990-cı illərin əvvəllərində
bəzi bədxahlarımızın Azərbaycan kinosunun getdikcə
məhv olacağı barədə fikirlərini tamamilə
alt-üst etdi. Bütün sahələrdə olduğu kimi
kinoda da durğunluq dövrü aradan qaldırıldı.
Göründüyü kimi, hazırda bu sahəyə dövlət
qayğısı sayəsində milli kinomuz inkişaf
dövrünü yaşayır.
Son illər
dövlətimiz milli kinomuzun tərəqqisinə,onun
maddi-texniki bazasının möhkəmləndirilməsinə
böyük qayğı göstərir. 2007-ci il fevralın
20-də Prezident İlham Əliyev "Azərbaycanda kino sənətinin
inkişaf etdirilməsi haqqında" sərəncam
imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki
bazasının möhkəmləndirilməsinə yeni bir təkan
verdi. Etiraf etmək lazımdır ki, hələ respublikamızda
kinonun maddi-texniki bazası aşağı səviyyədədir.
1976-cı ildə ulu öndərimiz Heydər Əliyev
"Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında" sərəncam imzalamışdı. Bu sərəncama
əsasən o zaman xarici valyuta hesabına kino avadanlıqları
alındı və hazırda kinostudiyada istifadə olunan
avadanlıqlar məhz o dövrdə alınanlardır.
Prezident İlham Əliyevin imzaladığı sərəncamda
isə kino sahəsində məsələlərin həlli
kompleks şəkildə qoyulur. Yəni kinostudiyanın
binasının ən müasir tələblərə cavab verən
formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz
edilməsi, kadr siyasətinin həyata keçirilməsi və
digər bu kimi mühüm məsələlər həmin sənəddə
öz əksini tapmışdır. Bundan sonra xarici
kinorejissorların respublikamızda kino çəkilişləri
aparmaları və digər məsələlər öz həllini
tapacaqdır.
1996-cı
ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı.
Hazırda bu fondda 10 mindən artıq milli və xarici film
saxlanır. Həmin filmlərin yüksək səviyyədə
qorunmasını təmin etmək məqsədilə Dövlət
Film Fondu üçün dünya standartlarına cavab verən
beşmərtəbəli bina inşa edilib.
Azərbaycanda
yeni,yüksək ixtisasli kinematoqrafçı kadrların
hazırlanmasına xüsusi diqqət yetirilir. SSRİ-nin
dağılması ilə əlaqədar kino sahəsində
kadrlar dağılmış, pərən-pərən
düşmüşdülər. Respublikamızda milli
kinematoqrafçı kadrların hazırlanması məsələsi
Prezidentin sərəncamında öz əksini
tapmışdır. Yerli və xarici filmlərin yüksək
səviyyədə nümayiş etdirilməsi
üçün kinoteatrların dünya standartlarına
uyğun yenidən qurulması əsas vəzifə kimi
qarşıya qoyulmuşdur. Hazırda təmirdə olan
"Nizami" kinoteatrı yalnız kinoteatr kimi deyil, həm də
tarixi abidə kimi qorunaraq ən müasir tələblərə
cavab verən formada yenidən bərpa ediləcək, ən
müasir texniki avadanlıqlarla təchiz olunacaqdır.Bununla
yanaşı, paytaxtın bir sıra kinoteatrları da təmir
edilərək tamaşaçıların ixtiyarına veriləcəkdir.
Milli kino
sahəsində bəzi çətinliklər hələ də
qalmaqdadır. Çəkilən filmlərimizi dünya
ekranlarına çıxararaq nümayiş etdirmək
imkanlarımız məhduddur. Bu məsələni həll etmək
məqsədilə Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin kino şöbəsində filmlərin çəkilişlərinin
və nümayişinin prodüser mərkəzlərinə həvalə
edilməsi ilə bağlı layihə həyata
keçirilir.
Kino sahəsində
əsas problemlərimizdən biri də dublyaj işi ilə
bağlıdır. Ona görə də dublyajın mərkəzləşdirilmiş
qaydada və ixtisaslı kadrlar tərəfindən həyata
keçirilməsi məsələsi gündəmdədir. Digər
problem isə prokat məsələsidir. Çəkilən
filmlərin prokatı yoxdur. Yəni milli və xaricdən
alınan filmlər kinoteatrlarda və lisenziyası olan
telekanallar vasitəsilə nümayiş etdirilməlidir. Lakin
hazırda həmin filmlər piratçılıq yolu ilə əldə
edilərək evlərdə baxıldığına görə
kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda
pirat filmlərin baxılmasına da qadağa qoyulub. İnanmaq
istərdik ki, dövlət başçısı İlham Əliyevin
rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi,
sosial və mədəni inkişafı kino sənətinin də
böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan
kinosu layiq olduğu yüksək sənət zirvələrinə
ucalacaqdır.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 2 avqust.- S. 5.