Elnur Aslanov: 2011-ci il Ermənistan üçün çoxsaylı problemlər ili olacaq, çünki ölkə defolta doğru gedir

 

Trend-in Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi

 

- Ermənistandakı iqtisadi vəziyyəti necə şərh edərdiniz?

- Ermənistandakı həm siyasi, həm də iqtisadi vəziyyəti bir sözlə - tənəzzül kimi xarakterizə etmək olar. Bu, Ermənistanın son onillik ərzində olduğu durğunluqdan kənara çıxmış bir şeydir. Buna ölkədə gündən-günə pisləşən demoqrafik statistikanı və sosial-iqtisadi vəziyyəti də əlavə edək. "Forbes"in bildirdiyinə görə, bu gün Ermənistan iqtisadiyyatı dünyanın ikinci pis iqtisadiyyatıdır. Ölkədə qiymətlərin 50 faizdən çox artımı qeydə alınıb, 2011-ci ildə xarici borclar ÜDM-in 44 faizdən çoxunu təşkil edir. Bu rəqəm daim artır, çünki idxal Ermənistan iqtisadiyyatının əsasını təşkil edərək ixracı üstələyir, borcun artmasına səbəb olur. Ümumilikdə Ermənistanda son 10 ildə sənaye artımı 5 faizi keçmir. Bu, istehsalın ümumi geriliyinin və bütövlükdə iqtisadiyyatın faciəvi vəziyyətinin göstəricisidir.

Ölkə həm diaspordan, həm də müxtəlif maliyyə proqramları timsalında tamamilə xarici donorlardan asılıdır. Real işsizliyin səviyyəsi 30 faizi üstələyir. Bu, daha çox mühacirətlə əlaqədardır, çünki Ermənistan vətəndaşlarının kütləvi şəkildə getməsi səbəbindən ölkədə yaşlı insanların sayı artır və hazırda mövcud standartlara görə erməni milləti qocalan millət hesab edilir. Ermənistanda demoqrafik böhran əhəmiyyətli dərəcədə doğum səviyyəsinin azalması ilə də əlaqədardır. Bu, birmənalı olaraq aşağı həyat səviyyəsi və dərin iqtisadi problemlərlə bağlıdır.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2010-cu ildə doğum əmsalı 1,38 təşkil edib. Sadə təkrar istehsal üçün isə 2,11 əmsalı lazımdır. Müxtəlif xidmətlərin qiymətləndirmələrinə görə, Ermənistan əhalisinin artımı hər il 13-14 min nəfər təşkil edir. 2008-ci ildə 23 min, 2009-cu ildə 25 min, 2010-cu ildə 29,8 min nəfər təşkil edən miqrasiyanın mənfi saldosu nəzərə alınmaqla, Ermənistanda demoqrafik tənəzzül daha aydındır.

Çexiyanın "People in Need" təşkilatının Ermənistan filialının və BMT-nin Ermənistandakı nümayəndəliyinin "Ermənistanda miqrasiya axınlarının idarə edilməsinin gücləndirilməsi" proqramı çərçivəsində yuxarı sinif şagirdləri arasında aparılan sorğu həm iqtisadi, həm də siyasi xarakterli çətinliklər haqqında danışmağa əsas verir. Sorğu göstərir ki, gənclərin 70 faizi Ermənistanı tərk etmək və xaricdə məskunlaşmaq arzusundadır. Vəziyyət belə olan halda, rəsmi statistika nəzərə alınmaqla, 2050-ci ilə Ermənistan əhalisi 2,33 milyon nəfərədək azalacaq. Lakin bu rəqəmlər müstəsna olaraq rəsmi təbliğatın istinad etdiyi rəsmi statistikaya aiddir. Real göstəricilər isə belə nəticəyə gəlməyə imkan verir ki, 2050-ci ilə, bəlkə də bir az daha əvvələ ölkədə 1 milyondan çox adam qalmayacaq.

Şübhəsiz ki, Ermənistan rəhbərliyi istənilən rəqəmlərlə özünü iddialı göstərə bilər və əksini sübut etməyə çalışar, lakin ikinci uşağın nadir hallarda doğulduğu erməni ailələrində doğumun səviyyəsi Ermənistan dövlətinin real tənəzzülünün aydın nümunəsidir.

Beləliklə, 2011-ci il Ermənistan üçün çoxsaylı problemlər ili olacaq, çünki ölkə defolta doğru gedir. Ölkədə inflyasiya tənzimlənmir və rəsmi ritorikaya baxmayaraq, 2011-ci ilin yekunları üzrə inflyasiyanın göstəricisi ikirəqəmli və 2010-cu ildə qeyd edilən 9,4 faizlik inflyasiyadan daha çox olacaq.

Bir şey aydındır ki, Ermənistan dövlət kimi effektivkonstruktiv addımlar atmağın lazım olduğu ən ağır dövrünü yaşayır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, ondan hakimiyyətin məhdud maraqları deyil, Ermənistan cəmiyyətinin həyati tələbatları asılıdır. Ermənistan rəhbərlərinin bu gün öz xalqına qarşı yönəlmiş hərəkətləri tarix və gələcək nəsillərin mühakimə edəcəyi cinayətdir.

- İqtisadi sahədəki vəziyyət Ermənistanın daxili siyasi məkanına təsir göstəribmi?

- Ermənistanın dövlət kimi onu dünyanın digər ölkələrindən fərqləndirən bir sıra spesifik əlamətləri var. Birincisi, Ermənistanın ön siyasi səhnəsində öz sıralarında Ermənistanın daxilindən daha çox ondan kənarda üzvləri olan təşkilatlar var. "Daşnaksütyun", "İrs" və "Ramkavar Azatakan" kimi siyasi platformalar Ermənistanın özündən daha çox erməni diasporu mühitində böyük dəstəyə malikdir, onların parlamentdə olması isə müəyyən dekorasiyadır, necə deyərlər, hakim qrupun diaspora jestidir.

Hakim koalisiya asanlıqla öz rəhbərlərini dəyişən partiya məmurlarından ibarətdir. Bu, keçmiş baş nazir Andranik Marqaryanın gözlənilməz ölümündən sonra olubRobert Koçaryanın gedişi ilə təkrarlanıb. Yəni simasını itirmiş ideyasız və vicdansız partiyalar koalisiyasına indiki prezident Serj Sarkisyan güvənə bilmir.

Digər tərəfdən, iqtisadiyyat kimi Ermənistanın siyasi məkanı da siyasətdə öz mövcudluqları ilə öz mülkiyyətlərinin qorunması funksiyasını, buya digər sahədə inhisarçı statusunu yerinə yetirən, eləcə də yuxarı siyasi hakimiyyətə təsir göstərən qondarma "yarıkriminal oliqarxlar"la zəngindir. Məhz bu qrup hazırda Ermənistan iqtisadiyyatının gəlir gətirən az sayda olan sahələrini tənzimləyir. Halbuki bu şəxslərin fəaliyyət sahəsinə gözucu baxış "erməni oliqarxlar"ın biznesinin nə dərəcədə primitivelementar olduğunu göstərir.

Ermənistanda oliqopoliyanın olmasını Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumlar, hətta ABŞ-ın Ermənistandakı keçmiş səfiri xanım Mari Yovanoviçetiraf edir.

- Son hadisələr hakimiyyət və Ermənistan müxalifəti arasında münasibətlərdə dəyişikliklərin olduğunu göstərib. Fikrinizcə, buna səbəb nədir?

- Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın ilk prezident Levon Ter-Petrosyanın timsalında müxalifətə qarşı nümunəvi zəifliyi son altı ayda təsadüfi deyil. Seçildikdən sonra 3 il ərzində Serj Sarkisyan Ermənistan Milli Konqresinə (EMK) əhəmiyyət verməyib, onun tələblərini rədd edib. Belə ki, kürəyinin arxasında, öz komandasında təhlükə hiss etməyib. Teatrlaşdırılmış "futbol diplomatiyası" tamaşasından, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Sürix protokolları imzalandıqdan sonra 10 nəfər Ermənistan vətəndaşının öldürüldüyü mitinqi dağıdan Qarabağda quldur dəstəsinin iştirakçısı Sarkisyanda Qərbin ona qarşı münasibətini dəyişdirmək istəyi yaranıb.

Bunu nəzərə alaraq, 3 il ötdükdən sonra Serj Sarkisyan öz tamaşasına başlayıb ki, "EMK ilə dialoq" da bunun nümunəsidir. Bu "serial"ın vəzifəsi - Ermənistanda bunu belə adlandırırlar - bir-birinin - Robert Koçaryan, "İrs" və "Daşnaksütyun" partiyalarının siyasi rəqiblərinin sıxışdırılması üzrə qarşılıqlı yardımın təşkilidir. Öz xalqına qarşı həm hakimiyyətin, həm də müxalifət blokunun riyakarlığı həmin EMK-nın müxalifət liderləri tərəfindən çox pis qarşılanıb. Güman edirəm ki, EMK-nın qərbmeyilli siyasətçi nümayəndələri əsasında "Azad demokratlar" yeni siyasi birliyinin yaradılması növbəti parlament seçkilərində geosiyasi qarşıdurmanın yeni siyasi ab-havasını yaradacaq.

Lakin dialoq prosesinin yubadılması göstərir ki, Ermənistanın indiki siyasi hakimiyyəti bu prosesi əhalinin narazılığının və "məxməri inqilab" təhlükəsinin tarazlaşdırılması üçün istifadə edir. Serj Sarkisyanın Türkiyəyə ərazi iddiaları təhdidi ilə bağlı məsuliyyətsiz bəyanatları və Azərbaycana qarşı əsassız hərbi ritorikası Ermənistanda "düşmən obrazı" yaratmağa yönəlib. Bu, Ermənistanı 2008-ci ildən idarə edən avantürizmin son sığınacağıdır.

- Qonşularla münasibətləri korlamaqda Ermənistanın xarici siyasət kursu da geri qalmır...

- Qonşularla münasibətdə Ermənistan "hamısı mənə - başqalarına heç nə" siyasətindən çıxış edən ölkəyə çevrilib. Qəribə odur ki, belə münasibəti o, təkcə ərazisini işğal etdiyivuruşduğu Azərbaycana qarşı deyil, həm də onun üçün həyati əhəmiyyət kəsb edən digər ölkələrə qarşı da göstərir. Ümumilikdə Ermənistan rəhbərliyinin yanaşmasının oxşarlığı və qeyri-ardıcıllığı bu ölkənin siyasi elitası arasında dərin ağıl çatışmazlığını nümayiş etdirir. Sarkisyanın gənclərə üzünü tutaraq Türkiyəyə qarşı səsləndirdiyi ərazi iddiası - Ermənistanın bütün qonşularına onun təcavüzkar mahiyyəti üçün siqnaldır və qonşuların ərazilərinə iddia edən Ermənistan rəhbərliyinin öz ölkəsini hazırda və gələcəkdə necə görməsinin və beləliklə, istənilən vaxtda həm daxili siyasi, həm də xarici siyasət ambisiyaları naminə münaqişə yaratmağa qadir konkret baxışıdır.

Elə təəssürat yaranır ki, Ermənistanın siyasi elitası Qafqazda Ermənistan dövlətinin yaranması ilə nəticələnmiş əlinə düşən tarixi imkanı sona qədər qiymətləndirməyib. Nəticədə bu gün Ermənistan geosiyasi baxımdan öz-özünü blokadaya alıb. Bir sıra regional dövlətlərlə mehriban qonşuluq münasibətlərinin olmaması, qonşulara qarşı daimi ərazi iddiaları, dini məsələləri alver obyektinə çevirməyə göstərilən cəhdlər Ermənistanı təkcə Cənubi Qafqaz regionunun zəif bəndinə deyil, həm də regionun qeyri-sabitliyinin amilinə çevirir.

 

 

Xalq qəzeti.- 2011.- 2 avqust.- S. 2.