Azərbaycanda infrastruktur layihələri uğurla
həyata keçirilir
Bu
gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə
görə ən öndə gedən dövlətlər
sırasındadır. Ölkəmizdə həyata
keçirilən çoxşaxəli islahatlar dövlətin
sütunlarını gücləndirərək vətəndaşların
rifah halının daha da yaxşılaşdırılması
üçün əsaslı baza formalaşdırmış,
respublikamızın beynəlxalq münasibətlər sistemindəki
mövqeyi möhkəmlənmişdir. Görülən
işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq
qurumların hesabatlarında da islahatçı ölkə kimi
yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı
böyük uğurlara aparan ən doğru yoldur. Heç də
təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən
respublikamızda həyata keçirilən sosial-iqtisadi
islahatların sürətlənməsi bu ilin ötən
aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə
səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi
üçün əlverişli imkanlar
yaratmışdır.Bütün bu məsələlər barəsində
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında ətraflı məlumat verilmiş, ilin qalan
dövrü üçün qarşıda duran prioritet vəzifələr
müəyyənləşdirilmişdir.
İlin
əvvəllərindən başlayaraq Prezident İlham Əliyevin
bölgələrə müntəzəm səfərlərinin
və rayonlarda əhali ilə keçirilən
görüşlərinin intensiv xarakter alması, eləcə
də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli
tanış olması, regionların inkişafı,
yoxsulluğun azaldılması ilə bağlı müəyyən
edilmiş strateji proqramlar üzrə konkret
tapşırıqlar və göstərişlər verməsi
proqramın icrasının və əhatəliliyinin daha da
sürətlənməsinə səbəb olub.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strategiya nəticəsində 2011-ci ilin
birinci yarısında ölkəmizdə islahatların
davamlılığı təmin edilmişdir. Həyata
keçirilən düşünülmüş iqtisadi siyasət,
liberallaşmanın struktur və keyfiyyət baxımından
dərinləşməsi, dayanıqlı maliyyə
ehtiyatlarının yaradılması, investisiya siyasətinin
gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin
artırılması, sosial infrastrukturun yenidən qurulması
Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirmişdir.
Dövlət başçısının
vurğuladığı kimi, bütün bu
uğurlarımızın təməlində uzun illər
aparılan düşünülmüş iqtisadi siyasət,
iqtisadi islahatlar dayanır.
Bu ilin ilk yarısında infrastruktur sahəsində də mühüm irəliləyişlərə nail olunmuşdur. Sosial infrastruktur layihələri paytaxtı və iri şəhərləri əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir ki, son illər ölkəmizin maliyyə imkanlarının yaxşılaşması infrastruktur layihələrinin geniş vüsət almasına öz mühüm təsirini göstərir: "Hazırda ölkəmizdə bir neçə vacib, böyük infrastruktur layihələri həyata keçirilir. O layihələrin icrası ilə bağlı mütəmadi qaydada mənə məruzələr edilir... İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq".
İlin əvvəlindən inşaat kompleksində 4,5 milyard manat məbləğində vəsaitdən istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,2 faizi və ya 2,6 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2010-cu ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş vəsait qoyuluşunun həcmi 17,8 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 2,2 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 72,8 faizini və ya 3,3 milyard manatını daxili investisiyalar təşkil etmiş və 9 faiz artmışdır.
Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra infrastruktur layihələri reallaşdırılmışdır. Belə ki, Bakı şəhərində "Dərnəgül" metro stansiyası, Qazax-Gürcüstan dövlət sərhədi, Kürdəmir-Ucar, Tovuz-Böyük Qışlaq-Qaralar, Astara-Bala Şahağac, Ağcabədi-Qaradolaq-Kəbirli və İmişli-Qaravəlli-Mirili avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5959,9 milyon manat vəsaitin 1311,7 milyon manatından istifadə edilmişdir.
Respublikamızın maliyyə ehtiyatlarının həcminin artaraq 38 milyard dollara çatması, eləcə də, büdcə vəsaitlərinin 20 milyard dollar təşkil etməsi sosial infrastruktur sahələrində daha yeni layihələrə başlamağa əlverişli zəmin yaradır. Məlum olduğu kimi, hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir. Ötən dövr ərzində sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.
Hazırda büdcədən infrastruktur sahələrinə əlavə olaraq 1 milyard manata yaxın vəsaitin ayrılması, eləcə də, Prezidentin Ehtiyat Fondundan və Dövlət Neft Fondundan daimi olaraq vəsaitlərin yönəldilməsi hökumətin qeyd olunan sahəyə böyük diqqətinin nəticəsi hesab oluna bilər.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı növbəti yarımillikdə bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır: "Bu ilin sonuna qədər kənd yollarının tikintisinə böyük vəsait ayrılacaqdır. Dövlət büdcəsində bu vəsait nəzərdə tutulub və elə etməliyik ki, kənd yollarının tikintisi ilə daha da ciddi məşğul olaq. Əvvəlki dövrdə Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin hesabına bəzi rayonlarda kənd yolları tikilmişdir. Onların əksəriyyəti torpaq yolları idi, çox yararsız vəziyyətdə idi. İndi isə ilin sonuna qədər böyük kənd yolları layihəsi icra ediləcəkdir. Əlbəttə ki, gələn il də bu layihə icra ediləcək və biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun. Yəni, məqsəd bundan ibarətdir. Bu ilin sonuna qədər bir neçə rayonda bu layihələr icra olunacaqdır".
Xatırladaq ki, həyata keçirilən infrastruktur layihələri eyni zamanda vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması, normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Müvafiq proqramın uğurlu icrası sayəsində 2010-cu ildə ölkəmizin enerji infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. Bu baxımdan, 2010-cu ilin sonunda Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi əhalinin içməli suya olan tələbatının ödənilməsi baxımından olduqca mühüm hadisədir. Bu kəmərin istifadəyə verilməsi nəticəsində Bakı əhalisinin 75 faizi fasiləsiz, 25 faizi isə müddətli şəkildə içməli su ilə təmin edilir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 3 avqust.- S. 1.