Qloballaşma
dövründə milli ideya və dövlətçilik
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından ötən
20 il müddətində dövlətçiliyin möhkəmləndirilməsi,
ölkənin siyasi, iqtisadi, hərbi qüdrətinin yüksəlməsi
gerçəkliyə qovuşmuş, beynəlxalq aləmdə
demokratik dövlət imici formalaşmışdır. Ötən
illərin hadisələrinin əsl mahiyyətinin dəyərləndirilməsi,
heç şübhəsiz, yüksək elmi-analitik təhlil,
siyasi, sosial, mədəni müstəvidə çoxvektorlu
baxışlar tələb edir. Bu baxımdan görkəmli
filosof alim, akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli
ideyanın təcəssümü kimi" adlı məqaləsi
("Xalq qəzeti", 26 may 2011-ci il) Azərbaycan ictimaiyyətinə
olduqca dəyərli bir töhfədir. Çox geniş planda
müəllif milli ideyanın formalaşması istiqamətində
atılan addımların, görülən işlərin və
aparılan siyasətin aydın mənzərəsini
yaratmağa nail olmuşdur. Müəllif "Müstəqil
Azərbaycan Respublikası" adlı şah əsərin
müəllifinin XX əsrin sonu - XXI əsrin əvvəllərində
parlaq zəkası ilə xalqının, millətinin və
dövlətinin taleyinə nur çiləyən dahi şəxsiyyət
Heydər Əliyev olduğunu təsdiqləyir.
Milli
ideya xalqın özünəməxsusluğudur. Bu mənada
Azərbaycan xalqının seçimi hansısa yad
düşüncələrin təsirindən tamamilə uzaq
imperativləri əks etdirir. Milli ideyanın tarixən təşəkkülünü
qeyd edən müəlllif Şərqdə ilk qəzetin
("Əkinçi") Azərbaycanda nəşr
olunduğunu, ilk teatrın Azərbaycanda fəaliyyətə
başladığını, ilk demokratik dövlətin Azərbaycanda
qurulduğunu xüsusi rəğbət hissi ilə
vurğulayır. Zirvəyə aparan yol çətin olur. Əsərin
məhz bu epiqrafla başlaması təsadüfi deyildir.
Artıq
XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü
milli inkişafın "türkləşmə, islamlaşma,
avropalaşma" prioritetlərini əks etdirən formulu
yaratmışdır. O dövrün tarixi zaman kəsiyində
A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazımbəy, C.Məmmədquluzadə,
M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov,
Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə
və digər milli klassiklər və görkəmli
maarifçilər azərbaycanlıların milli mənlik
şüurunun oyanışında başlıca rol oynamışlar.
Məhz mütəfəkkir-ziyalıların xidmətlərinin nəticəsi idi ki, xalqın düşüncəsində Azərbaycan yalnız coğrafi məkan deyil, bir düşüncə formasında təcəssüm olmuşdur. Akademik Ramiz Mehdiyev bu məqaləsində milli mücadilə yolunda xalqımızın keçdiyi tarixi dövrə ekskurs etmiş, bu dövrdə xalqımızın istiqlalı yolundakı problemləri tarixi müqayisəli üsulla təhlil etmişdir. Müəllif XIX əsrin ikinci yarısından etibarən Şimali Azərbaycanda gedən proseslər içərisində dini identiklikdən Azərbaycan milli ideologiyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçidi aydın təhlil edir və o zaman baş qaldıran milli ideyanın məntiqi sonluq kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnməsini vurğulayır.
Akademik Ramiz Mehdiyev yazır ki, milli ideya bir insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli dövlətdə ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını nəzərə almalıdır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır.
Akademik Ramiz Mehdiyev milli ideya fenomenini mistik və mücərrəd simvollar aləminə bağlayan baxışlardan tamamilə fərqli olaraq, problemə elmi-rasional, fəlsəfi, real siyasi-hüquqi, praqmatik nöqteyi-nəzərdən yanaşır. Müəllifin başlıca qənaəti belədir: milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir.
Millətin indi və gələcəkdə salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx birləşdirir, onu möhkəmləndirir, millətin vahid tam kimi fəaliyyət göstərməsinə şərait yaradır, bütövlükdə cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız "Mən"inin qorunub saxlanmasına imkan yaradır.
Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi çıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaradıcısı və qorunub saxlanmasının təminatçısının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir. Əgər milli ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə və ənənələrə əsaslanmırsa, o, həyat qabiliyyətli ola bilməz.
Məqalədə görkəmli filosof onu da bildirir ki, milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz: "Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.
Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi meyarlarına uyğun olmalıdır. Lakin əgər milli şüura tətbiq edilmiş həqiqilik meyarı surroqat həqiqətlə əvəz edilirsə, onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum olur".
Akademik Ramiz Mehdiyevə görə, son 20 ildəki siyasi inkişaf göstərib ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyil, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır: "Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, "azərbaycançılıq" ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürüb. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcək.
Milli ideyanın və azərbaycançılıq ideologiyasının reallaşdırılması yalnız o halda uğurlu hesab edilə bilər ki, onlar əhalinin sosial aktiv təbəqələrinin səfərbər edilməsi, inkişaf və modernləşdirmə strategiyası, ölkənin qarşısında duran məsələlərin həlli ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin təmin olunması vasitəsinə çevrilsin".
Akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər.
Milli ideyadan milli ideologiyaya doğru istiqamət alan yolun bütün mərhələlərində məqsədlər aydın müəyyənləşmiş və düzgün strategiya uğurlara təminat yaratmışdır. Təbii ki, xalqın və hakimiyyətin qol-qola, çiyin-çiyinə addımlaması qısa zaman kəsiyində inkişafı şərtləndirən ən vacib amil olmuşdur.
Akademik Ramiz Mehdiyevin fəlsəfi düşüncəsi belə bir qənaət formalaşdırır ki, milli ideya çoxsaylı tələbləri ödəməlidir. Xalqın vahid məqsəd naminə birliyinə nail olmaq, xalqın gücünü səfərbər etmək, onun dəyərlərini qorumaq və inkişaf etdirmək, cəmiyyətə və şəxsiyyətə xidmət etmək kimi meyarlar daha çox diqqəti çəkir.
Müəllif göstərir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çoxlu görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bu günü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir.
Bir çox xalqların tarixi təcrübəsi milli tarixin böhranlı zaman kəsiyində məhz müəyyən şəxsiyyətin sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə, həyati əhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin və onun ən yaxşı nümayəndələrinin sıx birləşməsinə dair parlaq misallarla zəngindir. Bu baxımdan nisbətən yaxın tarixdən misallar göstərmək olar: Mustafa Kamal Atatürk və 1920-ci illərdə müasir Türkiyə Cümhuriyyətinin yaradılması; Konrad Adenauer və müharibə nəticəsində dağıdılmış AFR-in 1950-ci illərdə bərpası; Şarl de Qoll və 1960-cı illərdəki narahat Fransa; Li Kuan Yu və 1965-ci ildə Sinqapurun yaranması; Franklin Ruzvelt və 1930-1940-cı illərdə ABŞ-ın timsalında dünya hegemonunun formalaşması.
Azərbaycan xalqının ən yeni tarixində belə bir şəxsiyyət ümummilli lider Heydər Əliyev - sözün həqiqi mənasında millətin və dövlətçiliyin xilaskarı olan insan öz bəsirəti, təcrübəsi və işləri ilə indiyəqədərki bütün dəyərlər və siyasi oriyentirlər sisteminin fövqünə ucalmış şəxsiyyət olmuşdur. Heydər Əliyevin onu tarixi şəxsiyyətlər sırasına çıxaran vətəndaş və siyasi hünəri müxtəlif təhdidlərə və təqiblərə rəğmən siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq qətiyyətindən ibarət idi.
Müasir dövrün siyasət dahisi, ümummilli lider Heydər Əliyev milli ideyanı tarixin verdiyi çox qısa və çətin zamanda milli varlığın təcəssümünə çevirməyə nail oldu. Proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və ya parçalanmaq təhlükəsindən yalnız, sözün həqiqi mənasında, tarixi miqyaslı, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas edə bilər. Yalnız böyük dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata keçirə bilər.
Məqalənin müəllifi paradiqmaların dinamik dəyişikliklərlə müşayiət oldunduğuna baxmayaraq Heydər Əliyevin milli ideya, milli şüur, milil mədəniyyət fəlsəfəsinin zaman və məkan daxilində əbədilik qazandığını xüsusi vurğulayır.
Məqalədə Heydər Əlievin onillik prezidentliyinin əsas, uzunmüddətli hədəfləri sadalanaraq şərh edilmiş, müstəqilliyin dönməzliyi yolunda onun tarixi xidmətləri siyasi-sosioloji təhlilini tapmışdır.
2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi Heydər Əliyev siyasətinin dönməzliyini və alternativsizliyini bir daha təsdiqlədi. Bu, əslində, məntiqi siyasətin məntiqi davamından doğan bir nəticədir. Bu məqamlarla bağlı müəllifin: "...əgər bu seçimə Azərbaycan milləti və dövlətçiliyinin bütün tarixi təcrübəsi prizmasından nəzər salsaq, o, mahiyyət etibarilə reallıq olan tarixi dövlət layihəsinin legitimləşməsi idi" fikirləri maraqlı və düşündürücüdür.
Hakimiyyətinin elə ilk ilində böyük cəsarətlə regionların sosial-iqtisadi inkişafı proqramına imza atan Prezidentin çiynini necə ağır bir yükün altına verdiyi bizim hər birimizə aydın idi. Bircə o aydın deyildi ki, bu nəhənglikdə layihəni yerinə yetirmək üçün nədən və necə başlamaq lazımdır.
Cavab özünü çox gözlətmədi. Prezident İlham Əliyevin xarakterinə o qədər də yaxından bələd olmayan insanlar tez bir zamanda onun bütün addımlarında sözlə əməlin qırılmaz vəhdətinin şahidi oldular. Məhz bu cür qətiyyətlilik, dönməzlik və düzgün qərar qəbul etmək keyfiyyətləri onu xalqın sevimlisinə, hər bir azərbaycanlı ailəsinin doğma övladına çevirdi. Ən ümdəsi odur ki, Prezidentin yüksək işgüzarlığı ətrafındakılara da örnək oldu. Dövlət başçısı seçildiyi gündən ölkə daxilində 58 rayon və şəhərə 195 dəfə səfər edən Prezident ona göstərilən etimadı doğrultmaq üçün qüvvə və bacarığını əsirgəmir, ən ucqar kəndlərdə belə əhalini narahat edən problemlərin həll olunmasını özünə borc bilir.
Müşahidələr göstərir ki, dövlət başçısı üçün xırda olan heç nə yoxdur. O, eyni dərəcədə ölkənin taleyüklü problemləri ilə məşğul olur, eyni dərəcədə insanların rifahı, həyat şəraitinin yaxşılaşması üçün lazım olan hər şeyi vaxtında görür və həll etməyə çalışır. Biz iftixarla regionun ən inkişaf etmiş dövləti olmağımızla, Azərbaycanın iqtisadi baxımdan rəqabət gücünə görə dünyanın ilk əlli ölkəsi arasında yer alması ilə öyünməyə haqlıyıq. Bir çox layihələrin həllində artıq Azərbaycan öz resurslarından istifadə edir, vaxtı yetişmiş problemləri böyük müdrikliklə aradan qaldırır.
Ölkə daxilindəki vəziyyəti yüksək peşəkarlıqla dəyərləndirən dövlət başçısı sahibkarlığın inkişafı, aqrar sahədə çox uğurlu siyasət yürütməklə əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına, ümumiyyətlə, ərzaq təhlükəsizliyinə etibarlı zəmin yaratdı. Unikal iqlim göstəricilərinə malik olan Azərbaycan torpağı uzun illərdən sonra əsl diqqət və qayğı gördü. Bu gün ölkənin taxıl tələbatı ödənilir, üzümçülük, pambıqçılıq, çayçılıq kimi ənənəvi təsərrüfat sahələri çiçəklənmə dövrünü yaşayır. Bu isə əhalinin aqrar sahədə məşğulluğunu təmin edir, yeni iş yerləri açılır, sosial problemlərin həllinə müsbət təsir göstərir.
Prezidentin strateji baxışları çərçivəsində qarşıya qoyulmuş iqtisadi xarakterli vəzifələr iqtisadiyyatın müxtəlif sahələrində mövcud istehsal güclərinin modernləşdirilməsini davam etdirməyə, müəyyən edilmiş müddətlərdə iqtisadiyyatın strukturunu şaxələndirməyə imkan vermişdir. Ümumilikdə, 2003-2011-ci illərdə milli iqtisadiyyat 4 dəfə, büdcə xərcləri 12 dəfə, hərbi xərclər 20 dəfə, valyuta ehtiyatları 20 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi cəmi 1,2 milyard manat idisə, büdcədə edilmiş dəqiqləşdirmələrdən sonra bu rəqəm 15554,2 milyon manat təşkil edir. Bu, təsdiq edilmiş proqnoza nisbətən 29 faiz, 2010-cu ilin faktiki icra göstəricilərinə nisbətən 4151,2 milyon manat çoxdur. İlk dəfə olaraq Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 20 milyard ABŞ dollarına yüksəlməsi də ölkənin ən yeni tarixinin əlamətdar hadisələrindən biridir. Son 8 ildə Azərbaycanda maaş və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 4 dəfədən çox azalaraq 49 faizdən 9,1 faizə enmiş, 2004-2011-ci illərdə ölkənin dövlət büdcəsinin mədaxil hissəsi 7,6 dəfə artmışdır. Həmin dövrdə 900 minə yaxın iş yeri, o cümlədən 700 min daimi iş yeri açılmışdır.
İqtisadi sahədə keçid dövrünün başa çatması ilə yanaşı, Azərbaycanın dünyada böyük maraqla qarşılanan milli iqtisadi inkişaf modelinin formalaşması da son illərin mühüm nailiyyətləri sırasında xüsusi vurğulanmalıdır. 2008-2010-cu illərdə əksər dünya ölkələrini iflic duruma salan qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirlərinin qabarıq hiss olunmaması, eyni zamanda, iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması bu modelin dayanıqlılığını bir daha təsdiqləyir. Akademik Ramiz Mehdiyev bununla bağlı yazır: "Azərbaycan iqtisadiyyatı, ölkənin bank sistemi, real sektorun sistemyaradan müəssisələri dünya maliyyə böhranını sənaye cəhətdən inkişaf etmiş bir sıra ölkələrdə və yeni müstəqil dövlətlərdə olduğu dərəcədə hiss etməmişdir. Hətta böhran dövründə Azərbaycan iqtisadiyyatının artım sürəti isə dünya ekspertləri arasında uğurlu strategiya nümunəsi kimi diskussiya mövzusuna çevrilmişdir. 2008-2009-cu illərdə - böhranın ən şiddətli dövründə belə, Azərbaycan iqtisadiyyatı 9 faiz artmışdı. Özü də ÜDM-in strukturunda istehsal sektorunun üstünlüyü qorunub saxlanmış, yəni, iqtisadi artımın 64 faizi real sektorun, istehsal sahəsinin hesabına təmin edilmişdi. Qonşu Ermənistanda isə 2009-cu ilin yekunlarına görə, ÜDM-in həcmi dram ilə götürdükdə 14,4 faiz, dollar ifadəsində 30 faizdən çox aşağı düşmüşdü. Böhranlı 2009-cu ildə Gürcüstanda da ÜDM 3,9 faiz azalmışdı".
Ümumilikdə, 2008-2010-cu illərdə bank sisteminin dəstəklənməsi də daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə yatırımlarının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi qlobal böhrana qarşı effektiv tədbirlər sisteminin yalnız müəyyən qismidir. 2008-2010-cu illərdə əsas səylər ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devolvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verilməmişdir. Bütün dünyada böhranın əsasən banklardan başladığı, nəticədə işgüzar maddi fəallığın azalması, istehlak, biznes kreditləşməsində ciddi problemlərin yaranması, istehlak tələbinin enməsi və digər amillər nəzərə alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir.
2009-cu ilin əvvəllərindən maliyyə böhranının ilk simptomlarını nəzərə alan Mərkəzi Bank respublika banklarının xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanılması üzrə konkret addımlar atmış və səmərəli nəticələr əldə etmişdir. Manatın sabitliyini qorumaq üçün valyuta bazarında tələb və təklif vaxtında tarazlaşdırılmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır. Həyata keçirilən preventiv tədbirlər nəticəsində respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmişdir. 2009-cu ildə bankların aktivləri 14 faiz, kreditlər 17 faiz, əmanətlər 23 faiz, bankların kapitalı 18 faiz artmışdır.
Qlobal maliyyə-iqtisadi böhran şəraitində milli bank sektorunun 1,2 milyard xarici borcunu qaytarması da antiböhran tədbirlərinin nəticəsi kimi diqqəti çəkir. Eyni zamanda, kredit üzrə uçot dərəcələrinin aşağı salınması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənmiş addım olaraq maliyyə böhranının respublikanın bank sektoruna ciddi təsir göstərməsinin qarşısını almışdır. Mərkəzi Bank kommersiya bankları üçün maliyyə vəsaitlərinin ucuzlaşdırılması, habelə ehtiyatların azaldılması siyasətini irəli sürərək likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur. 2008-ci ilin oktyabrından Mərkəzi Bankın uçot dərəcəsini 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirilməsi nəticəsində bank sektoruna 1,8 milyard manat həcmində likvidlik dəstəyi vermişdir. Real sektora dəstək olaraq 2009-cu ildən bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsi də vergidən azad edilmişdir.
Azərbaycanın qlobal böhrana qarşı əzmkar müqaviməti həm də onunla şərtlənir ki, respublikamız bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün tərəflərindən biri də sərbəst inkişaf etmək iqtidarında olmasıdır. Respublikada daxili investisiyalar xarici sərmayə qoyuluşlarını üstələyir, qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Zəngin təbii sərvətlərə malik olması Azərbaycan iqtisadiyyatının sərbəst inkişaf etmək imkanlarını təmin edir. Bu cəhətdən respublikamız hətta Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra başqa inkişaf etmiş ölkələrinə nisbətən daha dayanıqlı iqtisadi sistemə malikdir. Məsələ ondadır ki, hazırda dünyanın bir sıra nüfuzlu ölkələrinin iqtisadiyyatı möhkəm təməli olmayan dayaqlar üzərində qurulmuşdur. Həmin ölkələrin istehsal sahələri əsasən başqa yerlərdən gətirilən enerji-xammal əsasında inkişaf edir. Ölkələr arasında münasibətlərin hər hansı bir səbəbdən pozulması isə onların iqtisadiyyatını iflic vəziyyətinə salır. Qlobal iqtisadi böhranın əksər dünya ölkələrini çətin vəziyyətə salması da, əslində, bu bağlılığın nəticəsi idi. Azərbaycanda istehsal edilən məhsullar isə əsasən daxili istehlak tələbini ödəməyə xidmət edir. Bu da kəskin dünya maliyyə böhranı fəsadlarının mənfi nəticələrinin Azərbaycan iqtisadiyyatına kəskin təsirini minimuma endirir.
Böhran illərində Azərbaycanın dinamik inkişafının ən qabarıq göstəricisi ölkənin strateji valyuta ehtiyatlarının 27 milyard ABŞ dolları artaraq 38 milyard dollara çatmasıdır. Valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətdə 60 faizdən çox olması da diqqətəlayiq faktdır. Dünyada ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır. Bütövlükdə strateji valyuta ehtiyatları özəl sektorun və dövlətin borcu da daxil olmaqla, ölkənin ümumi borclarını 3 dəfədən çox üstələyir. Bu da böhran kontekstində Azərbaycanda makroiqtisadi dayanıqlılığın ən mühüm göstəricilərindən biridir.
"Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" məqaləsində həmçinin vurğulanır ki, Prezident İlham Əliyev müasir cəmiyyətin, müasir infrastrukturun yaradılmasını və müasir insanın formalaşdırılmasını modernləşmə sahəsində ölkə qarşısında duran əsas vəzifələr kimi müəyyən etmişdir. Akademik Ramiz Mehdiyev modernləşməni müasir dövlətin zəruri funksiyalarından biri kimi səciyyələndirir, eyni zamanda, Azərbaycanın innovasiya modernləşməsində maraqlı olduğunu xüsusi vurğulayır.
Məqalədə XXI əsr Azərbaycanının yeni nəslinin, yeni mədəni-tarixi tipinin formalaşdığı hazırkı dövrün çağırışlarına dövlətimizin həssas münasibəti, gənclər siyasətinə önəm verilməsi, xüsusi dövlət proqramlarını qəbul etməsindən, onun ümummilli məsələ kimi əhəmiyyətli məsələlərinə də ətraflı təhlil verilmişdir. Xüsusi vurğulanmışdır ki, yeni nəslin möhkəm təməli, ilk növbədə, Azərbaycan dövlətinin milli sərvəti olan gənclərimizdir.
Prezident İlham Əliyev yeni dünya nizamının inkişaf meyillərini nəzərə alaraq neftdən qazanılan böyük vəsaitlərin ilk növbədə insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə inkişafın təmin edilməsini zəruri sayır. Respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması bu sahələrə diqqətin artırılmasını zərurətə çevirir. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: "İstənilən genişmiqyaslı sosial dəyişikliklər motivasiyalı sosial qrup olmasını tələb edir, bunsuz həmin dəyişiklikləri həyata keçirmək mümkün deyildir. Tədqiqatçıların fikrincə, "biliklər cəmiyyəti", "biliklər iqtisadiyyatı", "informasiya sivilizasiyası", "innovasiya modernləşməsi" trendinə keçid dövründə kreativ modernləşdirmə qrupu bu cür sosial komponent ola bilər. Məhz həmin qrup insan kapitalının təkrar istehsalının subyekti, mədəni resursların və informasiya resurslarının daşıyıcısı kimi innovasiyaların əsas generatorudur".
Məqalədə Prezident İlham Əliyevin xarici siyasət sahəsində atdığı addımlara da münasibət bildirilir. 2003-cü ildən indiki günə qədər dünyanın 45 ölkəsinə 146 rəsmi və dövlət səfərləri edən Prezident Azərbaycanın sivil dünyaya inteqrasiyasında, onun yeritdiyi xarici siyasətin dünya dövlətləri tərəfindən qəbul olunmasında, iqtisadi inkişafının dünyaya çatdırılmasında gərgin əmək sərf edir. Məhz bu dinamik siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri üçün cəlbedici olmuşdur. Azərbaycan dünya dövlətləri ilə qarşılıqlı zəmində əməkdaşlıq edən tərəf kimi öz suveren hüquqlarını müdafiə etmək qabiliyyətini nümayiş etdirir və xüsusilə işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşır. Təcavüzkarı doğru yola gətirmək üçün göstərilən səylər nəticəsiz qalmayacaq. Müəllif, hətta dünyanın böyük dövlətləri üçün ağrısız ötüşməyən iqtisadi böhran dövründə Azərbaycan iqtisadiyyatının inkişaf yolu keçdiyini və Azərbaycanın müdafiə qüdrətinin xeyli dərəcədə yüksəldiyini tutarlı dəlillərlə ortaya qoyur və hər bir yurdsevər insanda sabahkı günə inamı birə-beş artırır.
Siyasi leksikonda artıq təsdiqini tapmış "ikili standartlar" davranışına son qoyulmasına çağıran Prezident İlham Əliyev Azərbaycanın suveren dövlət olaraq hüquqlarından istifadə etməyin alternativsizliyini diqqətə çatdırmaqdan yan keçmir. "Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayacaq" ifadəsində dövlətimizin gücünü diplomatik ustalıqla bəyan etmişdir.
İlham Əliyev strategiyasının bütün detalları ilə ictimaiyyətə çatdırılması indiki şəraitdə böyük əhəmiyyət daşıyır. Böyük ideyalar yolunda yorulmaq bilmədən çalışan İlham Əliyev şəxsiyyəti, təbii ki, hərtərəfli qiymətləndirilməlidir. Vətən övladının azərbaycançılığa və həqiqi vətəndaşlığa səmtlənən yolunda akademik Ramiz Mehdiyevin bələdçilik missiyası mühüm təbliğat və tərbiyəvi əhəmiyyət daşıyır. Müəllif sabahı düşünərkən məhz bu istəyi reallaşdırmağa cəhd göstərmişdir.
Kamal ADIGÖZƏLOV
Xalq qəzeti.- 2011.- 3 avqust.- S. 3.