Soyad
sonluqlarının dəyişdirilməsinə texniki məsələ
kimi baxmaq olmaz
Bu, həm də milli və mənəvi
özünütəsdiqdir
Soyadların milliləşdirilməsi məsələsi son vaxtlar tez-tez müzakirə obyektinə çevrilir, hətta, bu barədə müvafiq qanun qəbul olunmasının vaxtı çatdığı da vurğulanır. Təəssüf ki, soyadlarının dəyişdirilməsinin qanun çərçivəsinə salınmasını insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirənlər də var. Buna baxmayaraq, bu məsələdə artıq hər kəsə tam sərbəstlik verilib. Kim istəyirsə, soyad sonluğunu dəyişib milli dəyərlərimizə uyğunlaşdıra bilər. Bu imkandan istifadə edib soyadını dəyişən xeyli insan var. Ancaq ata-baba soyadını dəyişmək istəməyənlər də var. Doğrudanmı bundan ötrü mütləq qanun qəbul olunmalıdır? Milli Məclisdə bu məsələ ilə əlaqədar hər hansı bir qanun layihəsi hazırlanırmı? Bu məsələ ilə əlaqədar Milli Məclisin mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərova müraciət etdik. Komitə sədri dedi:
- Soyadlarının dəyişdirilməsi cəmiyyətimizdə tez-tez müzakirə olunan mürəkkəb bir məsələdir. Hələlik Milli Məclisdə bu məsələ ilə əlaqədar heç bir layihə, heç bir sənəd yoxdur. O cümlədən, mədəniyyət məsələləri komitəsində də hər hansı bir sənəd hələ ki, hazırlanmayıb. Azərbaycan Milli Elmlər Akademiyasının adlar və soyadlar üzrə xüsusi komissiyası işlədi və müəyyən məsələləri təhlil etdi. Üzdə olan statistik məlumatlar budur ki, bu gün Azərbaycanda ov-yev soyad sonluğu təxminən 80 faiz təşkil edir. Lı, li, lu, lü ilə tamamlanan soyadlarımız təxminən 10 faizə qədərdir. Təxminən bu qədər də zadə sonluğu ilə bitən soyadlardır.
Digər formalar da var. Lakin həmin formalar bir o qədər
də geniş yayılmayıb. Zahirən şəkilçisiz
formada, məsələn, Səməd Vurğun, Mikayıl
Müşfiq, Əhməd Cavad - olanlar, demək olar ki,
heç bir faiz də təşkil etmir. Bunlar təxəllüs
kimi qəbul olunub, amma rəsmi qeydiyyata alınmayıb. Bunlar
da müəyyən mənada problem yaradır. Ancaq cəmiyyət
müzakirə edirsə, biz düşünürük ki,
ov-yev soyad formalarının bu gün 80 faizə qədər təşkil
etməsi hər halda yaxşı hal deyil. Bu məsələ
qanunla da tənzimlənə bilər, problem Nazirlər
Kabinetinin sərəncamı ilə, xüsusilə də Ailə
Məcəlləsinə dəyişiklik etməklə də
həllini tapar. Amma əsas məsələ ictimai müzakirələrdir.
Çünki bu qanun, deyək ki, qərar Azərbaycanda qəbul
olunsa, eyni zamanda, mənəvi baxımdan bütün dünya
azərbaycanlılarına aid olmalıdır. Əgər biz
xalqımızın eyni bir soyad forması ilə və yaxud
bir neçə soyad forması ilə
tanınmağını istəyiriksə, bu yalnız Azərbaycan
respublikası ilə məhdudlaşa bilməz. Ona görə
də istər-istəməz burada əsas diqqət müzakirəyə
verilməlidir. Sadəcə olaraq, belə düşünmək
olar ki, müəyyən prosedurlar sadələşdirilməlidir.
Bu, təbii ki, ilk növbədə yeni doğulan uşaqlara rəsmi
olaraq aid olmalıdır. Amma hər halda biz hamımız
çox yaxşı başa düşürük ki, 80 faiz
ov-yev özünü doğruldan bir şey deyil. Nəzərə
almalıyıq ki, bunların mütləq əksəriyyəti
artıq texniki şəkildə gedir. Yəni, insanlar sadəcə
əziyyət çəkmək istəmirlər.
Soyad
sonluqlarının dəyişdirilməsində mənəvi
məsələ və insan hüquqlarının qorunması
diqqətdə saxlanılmalıdır.
Elə
insanlar var ki, məsələn, Naxçıvanski,
Şıxlinski, Bakinski və digərləri öz
soyadlarını dəyişmək istəmirlər. Ov-yevi də
dəyişmək istəməyənlər var. Hətta, bəziləri
deyirlər ki, mənim ata-babalarım ov-yev formasını
30-cu illərdə yox, XIX əsrin sonlarında qəbul ediblər.
Yəni, kifayət qədər mədəni mühitin təsiri
ilə, daha repressiya yolu ilə yox. Əlbəttə, belələrinə
güzəşt olunmalıdır. Soyad forması nəsli
davam etdirən bir amildir. Mənə elə gəlir ki, burada
insan hüququ, güzəşt, eyni zamanda, millətin
bütövlüyünü təmin edəcək faktor
mütləq nəzərə alınmalıdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 3 avqust.- S. 4.