Cəlilabad:
qarşıda duran vəzifələr uğurla icra edilir
Muğan düzündə, Mişarçayın sahilində yerləşən Cəlilabada yayın bu qızmarında ezamiyyətə getmək asan olmasa da, dostlarla görüşmək və rayonun yenilikləri ilə tanış olmaq istəyi ilə yola çıxdım. Oğluna toy eləmək üçün kəndə gedən bir nəfəri də Ələt tərəfdə maşına götürdüm ki, yola "nərdivan" qoyaq. Sözarası ondan Cəlilabadın hazırkı vəziyyətini soruşdum. "Vallah, beş-on il əvvəlki Cəlilabaddan əsər-əlamət qalmayıb", -dedi. Sonra da əlavə elədi: "Təmizlik, abadlıq, səliqə-sahman ürək açır. Vaxt vardı ki, Cəlilabadın mərkəzinin tozu göyə, palçığı dizə çatırdı. İndi isə, maşallah, hər tərəf güllük-çiçəklikdir. Rayonun rəhbərliyi abadlıq-quruculuq işlərinə, camaatın qayğılarına gündəlik diqqət yetirməsi ilə seçilir. Deyirlər, Əziz müəllim günün əksər hissəsini çöldə-bayırda olur, bütün işləri şəxsən ciddi nəzarətində saxlayır. Başqaları da öz işlərini onun idarəetmə prinsipinə uyğunlaşdırıblar"...
Rayonun girişində ucaldılmış ünvan abidəsinin yanından keçəndən sonra gördüklərim deyilənlərin həqiqət olduğuna dəlalət edirdi. Kənd təsərrüfatı əkinlərinin cərgəsi, yeni salınan üzüm bağları, yaşıllıq zolağı, böyük mebel satışı mərkəzi, Allar kəndinin mərkəzi küçəsi, buradakı akademik Zərifə Əliyeva adına məktəb, məscid, ticarət obyektləri, müasir yanacaqdoldurma məntəqələri, sonra yolun sapına düzülmüş digər kəndlərin səliqə-sahmanı diqqət çəkirdi. Şəhərə çatanda yeniliklərin daha böyük bolluğuna şahid oldum.
Mən səfər yoldaşımı dinləyə-dinləyə bir neçə il öncə, Əziz Əzizovun rayona yenicə təyin olunduğu vaxtlar ştat ixtisarına görə işdən çıxmış bir bağbanın dediklərini xatırladım. Əslində, narazılığını bildirməli olan həmin bağban da yeni rəhbərliyin fəaliyyətindən razılıqla danışmışdı. Yox, yol yoldaşım kimi, o da mənim jurnalist olduğumdan xəbərsiz idi. Məsələyə sadəcə öz problemindən deyil, doğma rayonun, el-obanın mənafeyi prizmasından yanaşmışdı. O zaman mən bu barədə Əziz müəllimə danışanda gülərək cavab vermişdi ki, əslində, həmin bağbandan fərqli, narazılar da ola bilər. Təbiidir. Amma biz hər addımı maksimum ümumi işin xeyrinə atmağa çalışırıq. Adətən belədə uğurlar ard-arda gəlir.
Elə də oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayona səfərlərində görülən işləri bir qayda olaraq yüksək dəyərləndirdi. Ötən ilin aprelində Cəlilabada səfəri zamanı da dövlət başçısı reallaşdırılan tədbirləri təqdir elədi: "Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür... Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir".
Rayonda abadlıq-quruculuq tədbirləri sürətlə davam edir. Yaşayış məntəqələrinin qaz, işıq, su ilə tam təchizatı üçün əməli işlər görülür. Yeni park və xiyabanlar salınır, yollar təmir edilir, yaşıllıqlar artırılır. Təkcə bu ilin əvvəlindən şəhərdə Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi, Dövlət Bayrağı Meydanı, regional gübrə bazası, taxıl anbarı, un dəyirmanı, saxlama-soyutma kameraları, qaz istismarı idarəsinin və hərbi məhkəmənin inzibati binaları tikilərək istifadəyə verilib. Hazırda Olimpiya İdman Kompleksi, baytarlıq idarəsi, Göytəpə yanğın xidməti bölməsi üçün inzibati binalar, ayrı-ayrı sahələr üzrə çoxlu özəl istehsal və xidmət müəssisələri inşa olunur.
Cəlilabadda yol-təmir işlərinə xüsusi önəm verilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2008-ci ilin avqustunda Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə başlanılmış, lakin müəyyən səbəblərdən yarımçıq saxlanılmışdı. Rayon rəhbərliyinin ciddi səylərindən sonra, nəhayət, bu ilin may ayından yenidən yolun çəkilişinə başlanıb. Hazırda yolda torpağın bərkidilməsi və su ötürücülərinin quraşdırılması işləri aparılır. İlin sonuna kimi 15 kilometrədək yolun asfaltlaşdırılması nəzərdə tutulub. Smeta dəyəri təxminən 56 milyon manat, ümumi uzunluğu 71 kilometr olan Cəlilabad-Yardımlı yolu 67 kəndi əhatə edəcək ki, onun da 45-i Cəlilabadın, 22-si isə Yardımlının ərazisindədir. Yeni yolun bu rayonların iqtisadiyyatı və əhalinin rahatlığı üçün necə böyük önəm daşıyacağını izah etmək artıqdandır.
Eyni zamanda, kənddaxili yolların təmiri üçün tədbirlər görüləcək. Bu işdə bələdiyyələr də fəallıq göstərməlidir. Nazirlər Kabinetində cari ilin ilk yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "...biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun. Yəni məqsəd bundan ibarətdir".
Cari ilin əvvəlindən Cəlilabadda 80-dən çox fərdi ev inşa olunub. Tikinti-abadlıq işləri genişlənib. Əhalinin rifahının yaxşılaşması mühüm göstəricilərdəndir. Həm də indi tikilən evlər nəinki şəraiti baxımından, eyni zamanda arxitektura görünüşü ilə də 5-10 il əvvəl tikilmiş evlərdən xeyli fərqlənir. Bütün bunlar onu göstərir ki, müasirlik və yenilik hissləri artıq adi adamların da təfəkkürünə sirayət etmişdir.
Qeyd etdiyimiz kimi, Cəlilabadda tikinti-abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirlərinə ciddi fikir verilir. İlin ötən dövründə yaşayış məntəqələrində 18425, o cümlədən Ələt-Astara magistral yolunun kənarında 13475 ağac əkilib. Həmin ağacların suvarılmasından ötrü kanallar çəkilib, qorunması üçün gözətçilər təyin edilib. Ağac əkini kampaniyası payız mövsümündə də davam etdiriləcək.
Cəlilabadda görülən yaxşı işlərdən biri də şəhid ailələrinin və əlillərin lazımi həyat şəraitinin, rahatlığının təmin edilməsidir. Son beş ildə onların mənzil-məişət şəraiti üçün Cəlilabad şəhərində 36 mənzilli və iki 16 mənzilli yaşayış binaları tikilərək istifadəyə verilib. Bundan başqa, Qarabağ müharibəsində əlil olmuş 8 nəfər üçün yaşadıqları kəndlərdə fərdi evlər inşa olunub. Keçən il Azərbaycanın Milli Qəhrəmanı Arif Qubadovun doğulduğu Əliqasımlı kəndində abidə kompleksi, bu il isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Fərid Əhmədovun və Əhməd Abdullayevin təhsil aldıqları şəhər 1 saylı orta məktəbin həyətində barelyef tikilib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında əhalinin su təchizatının vacibliyini önə çəkmişdir: " Biz elə etməliyik ki, hər bir yaşayış məntəqəsində 24 saat təmiz içməli su olsun. Azərbaycanda içməli su problemi yaxın 4-5 il ərzində, bəlkə də ondan da tez birdəfəlik həll olunmalıdır". Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən, Cəlilabad rayonu da su və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulan rayonların sırasına daxil edilib. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Nazirlər Kabinetinin iclasındakı çıxışında 2011-ci ilin sonuna qədər Cəlilabad rayonunda da su və kanalizasiya sistemi tikintisinin başlanacağını bildirib. Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə qurumları arasında bağlanmış saziş əsasında həyata keçiriləcək bu mühüm tədbir nəticəsində 2013-cü ilədək Cəlilabad şəhərində yeni su və kanalizasiya şəbəkəsi çəkiləcək, bütün çirkab sular yeraltı borular vasitəsilə təmizləyici qurğuya axıdılacaq. Hər bir evə mərkəzləşdirilmiş anbardan təmiz içməli su veriləcək. Artıq mütəxəssislər şəhərin relyefi ilə tanış olub və texniki şərtlərin hazırlanmasına başlayıblar. Cəlilabad üçün içməli su Viləşçayın mənbəyindən götürüləcək ki, bu da bölgədə ən təmiz və ehtiyatı bol olan su hesab edilir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin fəaliyyətində mühüm önəm verilən məsələlərdən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının və digər tədbirlərin həyata keçirilməsi nəticəsində cari ilin birinci yarısında 137 yeni iş yeri açılıb ki, bu da ötən ilin müvafiq dövründəkindən çoxdur. Bundan başqa, soyuducu kameraların, taxıl və gübrə anbarlarının, Olimpiya İdman Kompleksinin, yaradıcılıq mərkəzinin, habelə özəl qurumlar tərəfindən inşa olunan obyektlərin tikintisində, üzüm, kartof, çiyələk və bostan bitkilərinin becərilməsində yüzlərlə cəlilabadlı mövsümi işlə təmin olunub. Hətta işçi qüvvəsi çatmadığına görə kənar rayonların sakinləri də həmin işlərin görülməsinə cəlb edilirlər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ən böyük sosial layihələrdən hesab olunan ünvanlı dövlət sosial yardımlarının verilməsi Cəlilabadda uğurla icra edilir. Hazırda bu proqram 3116 ailəni və ya 15768 nəfəri əhatə edərək onlara dövlətin qayğısından bəhrələnmək və yoxsulluğu azaltmaq imkanı verib. Bundan başqa, rayonda yaşayan 98 nəfər tək, kimsəsiz və ahıl vətəndaşa müxtəlif sosial xidmətlər göstərilir.
Sahibkarlığın inkişafında kreditlərin verilməsi mühüm rola malikdir. Cəlilabadda da bu yöndə önəmli addımlar atılır. Rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən bu ilin əvvəlindən hüquqi və fiziki şəxslərə 10 milyon 300 min manat məbləğində kredit verilib. Əsas hissəsini kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların götürdüyü həmin kreditlər istehsal və emal sahələrinin yaradılmasına, bitkiçiliyin və heyvandarlığın inkişafına yönəldilir.
Rayonda elektrik və qaz təchizatı, rabitə xidməti get-gedə yaxşılaşır. Məktəb tikintisi, təhsil ocaqlarının və səhiyyə müəssisələrinin maddi-texniki bazası genişlənir. Öyrəndiyimə görə, son yeddi ildə 29 məktəb binasının tikilib istifadəyə verilməsi, 34 əlavə sinif otağının inşa edilməsi, 10 məktəbin əsaslı təmiri təhsilə qayğının bariz nümunəsidir. Bu, fərəhli nəticələrə gətirib çıxarır. Ötən tədris ilində Cəlilabadın iki məktəb-liseyi respublika üzrə ən yaxşı məktəb adına layiq görülüb.
İyun ayında Cəlilabaddakı Müalicə-Diaqnostika Mərkəzində ölkənin ünlü kardioloqlarının təmənnasız açıq ürək əməliyyatları aparması, iyulun əvvəlində isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə kütləvi qanvermə aksiyasının keçirilməsi səhiyyədə atılan müsbət addımlardandır. Son beş ildə mərkəzi rayon xəstəxanası büdcəsinin 17 dəfə, tibb işçilərinin əməkhaqlarına ayrılan vəsaitinsə 20 dəfə artırılması fərəhli göstəricidir.
Bəli, Cəlilabadda ürək açan işlər, göz-könül sevindirən yeniliklər çoxdur. Hamısını bir yazıda əhatə eləmək mümkün deyil. Sağlıq olsun, yenə də yazacağıq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 3 avqust.- S. 4.