Ordu xalqımızın qürur mənbəyidir

 

Qısa zaman kəsiyində istər regionda, istərsə də beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanan Azərbaycan Ordusu bu gün ölkənin milli maraqlarından irəli gələn problemlərin həllində öz sözünü deməyə qadirdir. Son illər hərbçilərimizin ixtiyarına verilən, müasir texnologiyalar əsasında hazırlanmış silah-sursat və hərbi texnika xüsusilə döyüş hazırlığı sahəsində yeni keyfiyyət göstəricilərinin əldə olunmasına əsaslı zəmin yaratmışdır.

Ordumuzun şəxsi heyəti ölkənin müdafiə qüdrətini artırmaq və əgər lazım gələrsə, düşmənə həlledici zərbə endirmək üçün istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından daim ciddi irəliləyişlərə imza atır, bununla da, dövlətin və xalqın etimadını doğrultmağa çalışır. Bu il Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümü münasibəti ilə keçirilən təntənəli hərbi parad ordumuzda əldə olunan uğurların nümayişi kimi yadda qaldı. Bu təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir daha ordu quruculuğu məsələlərinə toxunaraq dedi:

"Bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir".

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ideya və prinsiplərin davamlı şəkildə tətbiqi, şübhə yoxdur ki, müvafiq istiqamətdə əldə olunan uğurların miqyasını bundan sonra da artıracaqdır. Təsadüfi deyil ki, Silahlı Qüvvələrin 93-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu mühümvacib məsələdən bəhs edərək demişdir: "Hazırda ölkəmizdə ordu quruculuğu dahi rəhbərin layiqli yetirməsi olan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Hərbi qulluqçuların maddi rifah halının və sosial müdafiəsinin ildən-ilə gücləndirilməsi hərbi peşə sahiblərinin mənəvi-psixoloji hazırlığının və döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynayan amillərdəndir. Bu gün Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq aləmdə də ölkəmizi şərəflə təmsil edir. Azərbaycan dünyanın 28 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən sazişmemorandumlar imzalayıb. Daha 28 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir. İl ərzində Azərbaycanda və xaricdə keçirilən 300-dək beynəlxalq tədbirə 1300-dən çox hərbi qulluqçumuz qatılıb. Sülhməramlı əməliyyatlarda iştirakımız və hərbiçilərimizin sərgilədiyi döyüş hazırlığı da beynəlxalq ekspertlər tərəfindən daim yüksək qiymətləndirilir. Müdafiə Nazirliyi rəhbərliyinin ünvanına beynəlxalq koalisiya qüvvələrinin ayrı-ayrı komandanlıqları adından göndərilən təşəkkür məktubları, o cümlədən sülhməramlı əsgər və zabitlərimizə verilən ordenmedallar dediklərimizə əyani sübutdur.

Bununla belə, bəzi kütləvi informasiya vasitələrində müvafiq istiqamətdə əldə olunan uğurlara kölgə salmağa hesablanan materialların çapı narahatlıq doğurur. Etiraf edək ki, ordu quruculuğu fasiləsiz islahat və davamlı fəaliyyət tələb edən ağır sahələrdəndir və Azərbaycan müvafiq yöndə qısa zaman kəsiyində yüksək uğurlara imza atan az-az ölkələrdəndir. Ümumiyyətlə, cəmiyyətin bütün cəhətlərini ordu qədər özündə əks etdirən ikinci bir qurum tapmaq, əlbəttə, çətindir. Bu güc strukturu ölkənin bütün əyalətlərindən tutmuş paytaxta qədər az qala hər evdən, hər ailədən kimisə özündə birləşdirən çoxcəhətli bir institutdur. Təsadüfi deyil ki, bu institututu xarakterlər ensiklopediyası adlandıranlar ilk növbədə ayrı-ayrı fərdlərdə müxtəlif şəraitlərə uyğun olaraq təzahür edən rəngarəng cəhətləri nəzərdə tuturlar. Bu mənada, insan psixologiyasının ən dərin qatlarını belə özündə əks etdirən ordu haqqında yalnız geniş dünyagörüşünə, dərin biliyə və hərtərəfli analiz qabiliyyətinə malik insanlar danışa bilərlər. Təəssüf ki, bir sıra məqamlarda bu normativlərin pozulması cəmiyyətin müxtəlif təbəqələrində ordu ilə bağlı yaranan təəssüratlara mənfi təsir göstərir. Nəticədə hadisələrin ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ifrat dərəcədə qabardılmasından ayrı-ayrı tərəflərdən çox cəmiyyətimiz itirir. Ölkədə, xüsusilə gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında ciddi fəsadlar ortaya çıxır. Bu mənada dövlətin və xalqın ən böyük istinad nöqtəsi və qürur mənbəyi sayılan Silahlı Qüvvələrin son dərəcə ciddi münasibət və obyektiv yanaşma tələb etməsi də təbii qarşılanmalıdır. Günün reallığı bizdən vahid mərkəzdə bir yumruq kimi sıx birləşməyi, dövlət rəhbərinin daim prioritet məsələ kimi dəyərləndirdiyi ordu quruculuğu işinə dəstək verməyi tələb edir. Əsas vəzifəmiz Azərbaycan dövlətçiliyinin milli və strateji gücünə dayaq olan yeni nəsil formalaşdırmaqdan ibarətdir. Bunun üçün ölkəmizdə insan resursları kifayət qədərdir. Əhalinin yüksək mentaliteti, etnokulturoloji, etnopsixolojisosial dəyərləri də zəngindir. Bu gün Silahlı Qüvvələrimizin sıralarında yüz minlərlə həqiqi vətənpərvərlər xidmət edir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Fərid Əhmədov, Əhməd Abdullayev kimi cəsur əsgər və zabitlərimiz Vətənə xidməti özlərinin həyat amalı, vəzifə borcu kimi dəyərləndirirlər. Onların dövlət və xalq qarşısındakı xidmətlərini aşağılamaq, ordunu şəxsi münasibətlər poliqonuna çevirmək olmaz. Ən azı ona görə ki, Silahlı Qüvvələrimiz dövlətin və xalqın döyünən ürəyi, vuran əli, şərəf və qürür mənbəyidir.

 

 

İbrahim RÜSTƏMOV,

əməkdar jurnalist

 

Xalq qəzeti.- 2011.- 3 avqust.- S. 5.