Azərbaycan dövləti qüdrətləndikcə ölkənin təhsil sistemi də müasirləşir və inkişaf edir

 

Yeni hazırlanacaq "Təhsilin inkişafı üzrə Milli Strategiya" bu tendensiyanı daha da sürətləndirəcək

 

Müəllim bütün xalqın hörmət və ehtiramını qazanmış insandır. Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi kimi ən mühüm, ən vacib iş ona etibar edilmişdir... Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Tarixçilər sübut edirlər ki, təkcə Azərbaycan xalqının deyil, bütün xalqların firavan günləri, əmin-amanlığı, tərəqqisi daim elm və təhsillə bağlı olub. Bütün dövlət xadimləri, siyasi liderlər - din və məzhəb rəhbərləri daim elmi təbliğ edib, təhsilin vacibliyini söyləyiblər. Ancaq elmin ən doğru yol olduğunu söyləmək, təhsilin bütün insanlar üçün vacib olduğunu sübut etmək nə qədər ehtirama layiq əməldirsə, elmə, təhsilə qayğı göstərib onun inkişafına zəmin yaratmaq bir o qədər şərəflidir. Azərbaycan xalqının xoşbəxtliyidir ki, onun tarixən nümunə göstərilən maarifçiləri ilə yanaşı siyasət xadimləri də milli təhsilin inkişafını daim diqqət mərkəzində saxlayıblar. Ölkəmizdə bu tendensiya xüsusən 1969-cu ildən sonra daha geniş şəkildə vüsət almışdır. Ölkənin təhsil ictimaiyyətinin fikrincə bu gün Azərbaycan təhsilinin əldə etdiyi bütün nailiyyətlərin təməli məhz 1969-82-ci illərdə qoyulmuşdur.

Əslində 1969-cu ilin yayından sonra ölkəmizdə cəmiyyət həyatının bütün sahələri əsaslı şəkildə inkişaf etdirilmiş, respublikamız aqrar ölkə statusunu tərk edərək sənaye ölkəsinə çevrilmiş, elm, təhsil, mədəniyyət sahələrində möhtəşəm nailiyyətlər əldə edilmişdi. Bu sahələr arasında ən çox inkişaf edəni isə, bilavasitə təhsil sistemi idi. 1969-cu ildə respublikada hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəyə birinci rəhbərliyi dövründə 792 ümumtəhsil məktəbinin, 3 internat məktəbinin, 414 məktəbəqədər təhsil müəssisəsinin tikintisinə nail olmuşdu. 1970-80-ci illərdə respublikanın ali məktəblərində 100-dən artıq yeni kafedra, 40-dan çox yeni fakültələr açılmış, 100-ə yaxın yeni ixtisaslar üzrə ali təhsilli mütəxəssislərin hazırlanmasına başlanmışdı. Bu dövrdə respublikada 6 yeni ali məktəb və 12 texnikum yaradılmışdı. 1980-ci ildə SSRİ-nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə oxuyurdu. Təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800 nəfər azərbaycanlı gənc təhsil alırdı. Halbuki, 70-ci ildən əvvəl onların sayı barmaqla sayıla biləcək qədər az idi və göndərilənlərin də əksəriyyəti qeyri millətin nümayəndələri idi. Heydər Əliyev Azərbaycanın gələcəyi üçün lazım olan ixtisaslara bilavasitə azərbaycanlı gənclərin göndərilməsinə nail olmaqla çox böyük siyasi uzaqgörənlik nümayiş etdirmişdi.

Ulu öndər 1993-cü ilin yayında ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra da bu məsələni daim diqqət mərkəzində saxlamış, Azərbaycan təhsilinin yeni inkişaf yoluna çıxmasını təmin etmişdi. 1998-ci ildə məhz ulu öndərin sərəncamı ilə yaradılmış Dövlət Komissiyası "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nı işləyib hazırlamışdı. Yeni dərslik siyasəti reallaşdırılmış, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün o dövrün imkanları çərçivəsində kifayət qədər addımlar atılmışdır. Məhz ulu öndərin təşəbbüsü ilə ölkədə Müəllimlər İnstitutu təsis edilmişbu ali məktəbin 12 bölgədə filialı yaradılmışdı. 1995-2001-ci illərdə müəllimlərin əmək haqqının artırılması üçün 9 dəfə sərəncam imzalanmış, 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayı keçirilmiş, 6 aparıcı ali məktəbə maliyyə müstəqilliyi verilmiş, 2 yeni ali məktəb - Milli Konservatoriya və Rəssamlıq Akademiyası yaradılmış, 7 ali məktəbə universitet statusu verilmiş, 5 ali məktəbin yubileyi keçirilmiş, 300 nəfərdən artıq təhsil işçisi fəxri adlara layiq görülmüş, ordenmedallarla təltif olunmuşdu. Ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə Prezident təqaüdünün verilməsi, istedadlı uşaq və gənclərin maddi və mənəvi həvəsləndirilməsi üçün "Qızıl kitab"ın təsis edilməsi və başqa bir çox faktlar ulu öndərin Azərbaycan təhsilinə qayğısının təzahürü idi.

Azərbaycan xalqının və xüsusən, təhsil ictimaiyyətimizin xoşbəxtliyidir ki, 2003-cü ilin oktyabrından etibarən ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev də təhsilə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Prezidentin bu sahəyə göstərdiyi qayğı və diqqətin miqyasını göstərəcək faktlar və rəqəmlər onlarladır. Onlardan cəmi 4-5-ni yada salsaq, bu qayğının əhatəsi barədə təsəvvür yaranar. Məsələn, bu gün Azərbaycanın dövlət büdcəsindən ən çox vəsait ayrılan ikinci sahə təhsil sistemidir. Birinci yerdə ordu quruculuğunun getdiyini nəzərə alsaq dövlətin təhsilə nə qədər əhəmiyyət verdiyinin təsdiqini görərik. Yaxud, bu gün Azərbaycanda cəmiyyət həyatının bütün sahələri elmi şəkildə əsaslandırılmış xüsusi dövlət proqramları ilə idarə olunurinkişaf etdirilir. Təhsil sistemi yeganə sahədir ki, Prezident İlham Əliyev bu sahənin inkişafı üçün 16 Dövlət Proqramı imzalamışdır. Başqa bir məqam. Bu gün Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi çərçivəsində məktəb tikintisinə ən çox vəsait ayıran ölkədir. 2003-cü ilin payızından sonra ölkəmizdə 1000-ə qədər yeni məktəb tikilmişbir o qədər də məktəb əsaslı şəkildə təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Bu gün Azərbaycan postsovet məkanında hər 1000 şagirdə düşən kompyuter nisbətinə görə ən öncül yerlərdən birini tutur. Prezident İlham Əliyevin təhsil sistemi ilə bağlı imzaladığı vacib sənədlərdən biri də 2007-2015-ci illərdə xaricdə təhsil alan tələbələrin təhsilinin maliyyələşdirilməsi üzrə Dövlət Proqramıdır ki, bu sahədə də Azərbaycanın özünəməxsus nümunəsi yaradılmışdır. 2010-cu ildə Milli Məclis tərəfindən qəbul edilmiş "Təhsil haqqında qanunu"muz bir çox nəzəri və hüquqi aspektlərdən Avropanın əksər analoji qanunlarından mükəmməldir. Maraqlıdır ki, bunu Avropa ekspertlərinin özləri etiraf edirlər.

Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli təhsilimizin daha da inkişaf etdirilməsi üçün bir addım atdı. İndi artıq söhbət hansısa konkret sahənin inkişafına aid Dövlət Proqramından deyil, bütövlükdə təhsil sisteminin on illik inkişafından gedir. "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması haqqında" Prezident sərəncamında qeyd edilir ki, respublikamızın mövcud potensialı müasirinnovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin etməlidir. Dövlət başçısının sərəncamında göstərilir ki, ölkəmizdə informasiya cəmiyyətinin qurulması və biliklərə əsaslanan iqtisadiyyata keçid yeni təhsil modelinə tələbat yaradır. Bunun üçün isə təhsilin inkişafı üzrə Milli Strategiya hazırlanmalıdır.

Prezidentin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına tapşırılır ki, adıçəkilən strategiyanın layihəsi üç ay müddətinə hazırlanaraq təsdiq olunmaq üçün dövlət başçısına təqdim edilsin. Bu isə o deməkdir ki, təxminən oktyabrın sonlarınadək biz təhsilin inkişafı üzrə Milli Strategiyamızla tanış olacağıq. Yaradılmış komissiyanın tərkibi belə deməyə imkan verir ki, bu sənəd də Avropada növbəti müsbət rezonans yaradacaq. Ən başlıcası isə Azərbaycan dövləti öz müstəqilliyinin 20-ci ildönümündə yeni cəmiyyətin və yeni iqtisadiyyatın tələbatından yaranan yeni təhsil modelinə keçəcək. Biz buna əminik. Çünki Azərbaycan dövləti öz qarşısına qoyduğu bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 4 avqust.- S. 2.