Oğuzhan Dəmirbaş: Serj Sarkisyanın ifadə etdiyi fikirlər bir dövlət xadiminə yaraşan ifadə tərzi, yanaşma forması deyildir

 

Son vaxtlar baş verən hadisələr göstərir ki, Ermənistan beynəlxalq ictimaiyyətin ciddi səylərinə baxmayaraq işğalçılıq siyasətindən əl çəkməyəcək. Rəsmi İrəvanın hələ də ətrafdakı bütün qonşu dövlətlərə, o cümlədən qardaş Türkiyəyə qarşı torpaq iddiasında olduğu və bu iddianı həyata keçirmək üçün sistemli bir şəkildə dövlət siyasəti həyata keçirdiyi də, artıq ən yüksək səviyyədə bəyan edilib. 

Bu günlərdə ölkə prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin ona ünvanladığı suala cavab verərkən bu həqiqəti bir daha dilə gətirib. O, tələbənin "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəklərmi?"- sualına cavab olaraq deyib: - "Qərbdən torpaqları Ağrı dağı ilə birlikdə geri almaq sizdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizlə bağlıdır".

Erməni prezidentin açıqlamaları təbii ki, həm Azərbaycanda, həm də Türkiyədə ciddi etirazlara səbəb olub. Hər iki ölkənin bir sıra siyasətşünasları dövlətlərin ərazi bütövlüyünə hörmət bəsləməyən və ağzına gələni danışan Serj Sarkisyanı prezident yox, küçə təfəkkürünə sahib insan hesab edirlər. Cənubi Qafqazda gedən prosesləri yaxından izləyən türkiyəli siyasətşünas Oğuzhan Dəmirbaş isə belə bir açıqlama verən şəxsin əqli çatışmazlıqdan əziyyət çəkdiyini ehtimal edir. O, S. Sarkisyana ən gözəl cavabı Azərbaycan Prezidenti İlham Əliyevin verdiyini bildirərək dedi:

- Türkiyənin Baş naziri sayın Rəcəb Tayyib Ərdoğanın qardaş ölkə Azərbaycana səfəri zamanı keçirilən birgə mətbuat konfransında sayın Cümhurbaşkanım İlham Əliyevin söylədikləri fikirlər hər kəs tərəfindən alqışlandı. Sayın Cümhurbaşkanım dedi ki, Sarkisyanın düşüncə tərzinə yaxşı bələddir və əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Azərbaycan Cümhurbaşkanı Sarkisyanın açıq şəkildə Türkiyəyə torpaq iddiası ilə çıxış etməsinə isə möhtəşəm bir cavab verdi. O dedi: "Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz".

Azərbaycan Cümhurbaşkanının vurğuladığı kimi, Ermənistan Türkiyənin yanında qarışqaya bənzəyir. Bu ölkənin ərazisi hətta Türkiyənin bəzi vilayətlərindən belə kiçikdir. Əhalisinin sayı süni sürətdə şişirdilsə də, beynəlxalq təşkilatların dəqiq məlumtalarına görə, əslində orada təxminən 1 milyon 800 min nəfərədək insan yaşayır. Bu isə İstanbul şəhərinin bəzi rayonlarının əhalisinin sayından belə azdır. Bizdə hər il 2 milyondan çox uşaq təkcə ibtidai məktəbin birinci sinifinə gedir. Yeri gəlmişkən, 1991-ci ildən 2010-cu ilədək faktiki olaraq ölkəni 1,5 milyon erməni tərk edib. Ötən il isə bu rəqəm daha da sürətlə artıb. Bəzi məlumatlara görə, onların 70 min nəfəri Türkiyəyə pənah gətirib. Digər bir qismi isə həmişəki kimi, yenə də dünyanın müxtəlif ölkələrinə səpələnib.

Ermənistan ilə Türkiyənin iqtisadiyyatını, hərbi qüdrətini isə müqayisə etmək belə gülüncdür. Bu gün Türkiyə dünyanın 16-cı ən böyük iqtisadiyyatına malik ölkədir. Ermənistan isə bu siyahıda ən axırıncı yerdə qərar tutub. İstanbulun bir neçə günlük mal dövriyyəsi Ermənistanın bir ildə formalaşan dövlət büdcəsinin həcmindən daha çoxdur. Erməni ordusunu isə Türkiyə Silahlı Qüvvələrinin kiçik bölükləri ilə müqayisə etmək olardı. Bizim ordumuz hərbçilərin sayına, hərbi əməliyyatlarda fəal iştirak imkanlarına və yüksək səviyyəli döyüş hazırlığına görə NATO-da ABŞ-dan sonra ikinci yerdədir. Ermənistanın belə bir orduya sahib olan ölkədən torpaq qoparmaq istəyi gülünc deyilmi? Azərbaycan Cümhurbaşkanı sayın İlham Əliyevin dediyi kimi, Sarkisyanın son açıqlaması qarışqanın filə hərbə-zorba gəlməsinə bənzəyir. Bu da bir daha göstərir ki, həqiqətən də bu insanların başında nəsə çatmır. Əgər Türkiyə hərbçisi Cənubi Qafqaza doğru bir addım atsa, necə deyərlər, Ermənistan onun çəkməsinin altında qalıb əziləcək.

Ermənistan prezidentinin sərgilədiyi heç bir davranış, ifadə etdiyi fikirlər bir dövlət xadiminə və ya bir prezidentə yaraşan ifadə tərzi, yanaşma forması deyildir. Gələcək nəsillərə kin və nifrət aşılamaq dövlət xadiminə yaraşmaz. Bu, Serj Sarkisyanın etdiyi bir təhrikdir, öz gəncliyinə kin və nifrət hissi aşılamağa səy göstərməkdir. Bununla Ermənistan gəncliyinin gələcəyi nə olacaqdır? Bu gedişlə qaranlıq olacaqdır, bu hadisələrə hər zaman qara eynəklə baxacaqdır. Bunu mütləq bilməlidirlər.

Hazırda Dağlıq Qarabağ ərazisi işğal edilib və işğalçılar məlumdur. Bunu yalnız biz demirik, bunu BMT də deyir. Bu, sübut olunmuşdur. Bu, həll edilməlidir. Bunun həllinə indiyə qədər mənfi yanaşma Ermənistan tərəfindədir. Azərbaycan hər zaman müsbət yanaşma ortaya qoymuşdur. "Siz hazırda Dağlıq Qarabağı bizdən təhvil aldınız, biz ölüb gedəcəyik, Ağrını da siz alacaqsınız" - belə bir məntiq olarmı? Belə bir anlayış olarmı? Gəncliyə belə bir istiqamət, belə bir üfüq verilərmi? Bu deməkdir? Belə bir dövlət xadimi, belə bir diplomatiya olmaz. Sarkisyan burada necə deyərlər, başından böyük səhv etmişdir bu səhvinə görə, həm Azərbaycandan, həm Türkiyədən üzr istəməlidir.

- Ermənistan prezidenti açıqlamasında əminliklə "Dağlıq Qarabağı aldıq"-dedi. Bununla da sülh danışıqlarının üzərinə xətt çəkmiş oldu. Onun sözlərindən həm belə çıxır ki, sanki bundan sonra heç bir proses baş verməyəcək Azərbaycanın bu dilbər guşəsinə daim Ermənistan silahlı qüvvələri nəzarət edəcək.

- Sarkisyan onun başında dayandığı qondarma Ermənistan dövlətinin digər rəsmiləri bunu ancaq yuxularında görə bilərlər. Dağlıq Qarabağ torpağı əzəli oğuz yurdudur. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bu torpaqlar qardaş Azərbaycanın ayrılmaz tərkib hissəsidir gec-tez işğaldan azad olunacaqdır. Bu, ya hərbi yolla, ya da sülh yolu ilə olacaq. Seçim Ermənistanındır. Görünən odur ki, erməni tərəfi bəzi dövlətlərə arxalanaraq işğalçılıq siyasətindən əl çəkmək niyyətində deyil. Ancaq, yenə deyirəm, səhv edirlər. Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Öz ərazisinə nəzarəti bərpa etmək rəsmi Bakının ən təbii hüququdur. Azərbaycan Ordusuna bu tapşırıq verilsə, əminəm ki, ermənilər peşman olacaqlar.

Bu il iyun ayında Bakıda keçirilən hərbi paradı mən televiziyalardan izlədim. Azərbaycan ordu quruculuğunda, hərbi sənayenin inkişafında çox böyük tarixi nailiyyətlər əldə edib. Ölkənizin hərbi büdcəsi artıq Ermənistanın dövlət büdcəsini geridə qoymuşdur. Azərbaycanın dövlət büdcəsi müstəqilliyinin 20-ci ilində 20 milyard dollara çatıb. Bunun demək olduğunu ermənilər yalnız müharibə başlayanda anlayacaqlar. Əgər indi anlamırlarsa hansısa dövlətə arxalanırlarsa, onda bilməlidirlər ki, Azərbaycanın arxasında da Türkiyə kimi qüdrətli ölkə dayanıb.

- Sizcə, beynəlxalq hüquqdan, sülhdən, ölkələrin ərazi bütövlüyündən dəm vuran dünyanın aparıcı dövlətlərinin bu açıqlamalara heç bir reaksiya verməməsi mənaya gəlir?

-Bu, birmənalı şəkildə ikili standartlardan xəbər verir. Təsəvvür edin ki, belə bir bəyanat Türkiyədə səslənsəydi nələr olardı? Avropa Birliyi ölkələri, ABŞ, Rusiya dərhal reaksiya verərdi. Bəyanatların ardı-arası kəsilməzdi. Görünən odur ki, həmin dövlətlər Ermənistanın əməllərini görməzliyə vurmağa adət etmişlər. Yəni Ermənistanı şıltaq uşaq, Serj Sarkisyanı isə dəli hesab edirlər. Fikirləşirlər ki, dəlidir, etsə yeridir. Ancaq sonsuzadək belə gedə bilməz. Onlar yanlış mövqelərindən əl çəkməsələr regionda çox təhlükəli proseslər baş verə bilər.

Təsəvvür edin ki, müharibə başlayıb. Ermənistan edəcək? Bu ölkə onsuz da problemlər içindədir. Bu ölkədən qaçanların sayı bu gün on minlərlədir. Ölkə iqtisadiyyatı tam böhran içindədir. Əhalisi yoxsulluqdan, səfalətdən, ümidsizlikdən səfil duruma düşüb. Ermənistanda bir dənə olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Bəs belə olan halda Ermənistan qüdrətli orduya güclü iqtisadiyyata malik olan Azərbaycan qarşısında duruş gətirə biləcəkmi? Əlbəttə, yox. Bunu bəzi dövlətlər dünya gücləri yaxşı bilməlidirlər.

 

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 4 avqust.- S. 3.